"Deraviya: kvant sıçrayışı" 13 yaşlı ukraynalı müəllifin, Mixaylo Husyevin yazdığı bu əsər povest-antiutopiyadır, fentezi janrındadır həm də. Azərbaycan Yazıçılar Birliyində müəllifin icazəsi ilə, iş adamı Möhlət Hüseynovun dəstəyi sayəsində tərcümə edilib və nəşrə hazırlanıb, "Qanun" nəşriyyatında nəfis şəkildə çap edilib.
Mixaylo Husyev 2011-ci il mayın 1-də anadan olub. 2017-ci ildə 171 saylı "Lider" Kiyev-Peçero litseyinin birinci sinfinə daxil olub, 2019-2021-ci illərdə atasının işi ilə bağlı olaraq Xesrsonda yaşayıb və orada oxuyub. Hazırda "Lider" litseyində təhsilini davam etdirir. 2023-cü ilin 14 oktyabrında Kiyevdə, "Maydan"da, Müstəqilik meydanında yerləşən "Radovid" kitab mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Onun adı "fentezi janrında yazan ən gənc yazıçı" kimi rəsmi olaraq Ukrayna Rekordlar Reyestrinə daxil edilib və bu yaxınlarda Ukrayna yazıçı təşkilatlarından birinin də mükafatına layiq görülüb. Əsəri dilimizə Rəbiqə Nazimqızı tərcümə edib.
Müəllifin atası Yuri Qusevin kitaba giriş yazısında belə bir qeyd var: "Oğlumun əsərində ayrıca məkan və qədim qəsəbə kimi təsvir etdiyi Deraviya - gerçək yol və özünüaxtarışdır. Əminəm ki, hər kəsin öz "Deraviya"sı var və ona görə də, bu kitab özünü və kainatı kəşf etməkdə olan hər bir şəxsiyyəti düşünməyə, özünütəhlilə və müştərək yaradıcılığa yönləndirəcək..."
Nəşrin təşəbbüskarı Səlim Babullaoğlu əsər haqqında deyir: "Bir yeniyetməni düşündürən ailə, cəmiyyət münasibətləri və onların geniş, sonsuz təxəyyül vasitəsi ilə başqa müstəvilərdə həlli barədədir əsər. Dirəniş, mübarizə, sevgi, ağıl, dostluq və fədakarlıq barədə bir gəncin ilk əsəridir, uğurlu əsəri".
Kitabın dizaynerləri Kənan Eynullayev və Xəyalə Şirinli, korrektoru Məlahət Qənbərovadır. Üz qabığında Azərbaycan rəssamı Cavid Kişiyevin "Rədd edilmiş qəlb" əsərindən istifadə olunub.
Tanınmış Ukrayna ədəbiyyatşünası, filologiya elmləri doktoru, Ukrayna Yazıçılar İttifaqının katibi Dmitro Drozdovskinin kitaba yazdığı Ön sözü təqdim edirik.
Dünyaların kəsişməsindəki reallıq və təxəyyül barədə
Mixaylo Husyevin povest-nağılında baş personaj Sistemə qarşı olan üsyankarın, özünəməxsus mübarizin obrazını təcəssüm etdirir. Qəhrəmanın panoptikumla yarış motivi əsəri ənənəvi olaraq antiutopiya modeli janrına yaxınlaşdırır, bu janrda qarşıdurma əsas amildir.
Povest superxətti reallığın müasir elmi nəzəriyyələrini açır, bu nəzəriyyələr əsərdə qeyri-adi bədii interpretasiya qazanır. Söhbət, hər şeydən əvvəl Kainatın çoxqatlı təbiətindən, paralel məkanların mövcudluğundan gedir.
Qarşımızdakı əsər misteriya elementləri olan fantastik povestdir: sonuncu hissəyə qədər oxucular sirli halənin içərisində qalırlar. Müəllif əsər vasitəsi ilə müxtəlif hortopop elementləri olan tapmacanı ötürə bilir: Deraviyanın Bukovil yaxınlığında möcüzəvi şəkildə peyda olması və onun eynilə sirli qaydada qeybə çəkilməsi; baş personajın ailəsi ilə münasibətləri və itkin düşmüş, ölü sayılan anasının axtarışları. Əsərdə bir sıra intriqalar var ki, bu da onun landşaftını dinamik və innovasiyalı edir.
Uşaqlar arasındakı münasibət, yeniyetməlik aqressiyası (bullinqin təşəbbüskarına çevrilən Mudrenkoya qarşı), analığın anlayışsızlığı, ögey bacılarla münasibət sosial və psixoloji problemlərin ansamblını müəyyən edir. Povestdə gənclərin davranışlarının vacib kommunikativ aspektləri açılır: hətta münaqişəli situasiyalardan sonra belə ümumi diltapma bacarığı (əsərdə uşaqlar arasında dava düşür), ata ilə qarşılıqlı anlaşmanın vacibliyi və bu yolda ortaya çıxan problemlər, analıqla münaqişə.
Husyevin povest-nağılında gənc insanın özünəməxsus psixoloji yetkinliyə doğru yolu göstərilir, bu yetkinlik hər yeni inisiasiyada müşayiət olunur. Faktiki olaraq, C.Kembelə görə, "Deraviya"da müxtəlif həyat kolliziyalarına düşmüş qəhrəmanın yolu təqdim olunub. Və artıq hansısa mərhələdə - bu istər fantastik reallıq olsun, istərsə də real dünya, tutalım, polis məntəqəsində baş verən gerçək hadisələr - məkanlar arasında sərhədlər silinir.
Əsərdə simvolizmin və romantizmin təsiri hiss olunur. Povestdə poeziya romantik amildir, o, təsvir olunan reallığı metafizik ümumiləşdirmələr məkanına aparır. Kanta görə də, poetik ekfzrazis burada transendental olanın təzahürüdür. Poeziya da, musiqi kimi, alman romantizmində reallığın fiziki məhdudiyyətlərinin fövqünə qalxma şəkli idi (Novalisin əsərlərindəki kimi). Bu povestdə, eyni zamanda landşaftın romantikləşdirilməsi də hiss olunur. Eyni zamanda müəllif psixoloji nüanslaşdırmalara, detallaşdırmalara və (post)ironik altmətnə müraciət edir. Bütün bunlar qarşımızda simvolik və romantik axtarışları özündə birləşdirən əsərin olduğundan xəbər verir.
Nağılvari povest müxtəlif ədəbi istiqamətlərin texnikasını özündə ehtiva edir, amma əsərdə autentik axtarışlar motivi əksini tapıb: ananın başına nə gəlib, nə üçün atası onun artıq həyatda olmadığını deyib? (amma personajın daxilində bunun belə olmadığı ilə bağlı duyuğu var.)
Bədii gerçəklik qavrayışını deavtomatlaşdırmaq üçün müəllifin əl atdığı üsullar maraqlıdır. Bu strategiyalar C.Sviftin "Qulliverin səyahəti" əsərini xatırladır. Doğrudan da, qarşımızdakı başqa kosmik-yer məkanına düşən gənc Qulliverlərin müasir səyahətləridir. Başqa bir reallıqda və Yerdə zamanın ölçülmə üsulu (zaman kəsiyinin mənası, tarixin təqvimləşdirilməsi) kimi detallar diqqət çəkir. Bəzən ironiyanın və postironiyanın bütün bu təzahürləri bizim başqa epoxada yaşadığımızı göstərməyə xidmət edir, bu epoxa personajının təfəkküründə ziddiyyətlər var: hələ dünən polyar və ya antiqonist hesab edilən şeylər burada bir araya gəlib.
Povestdə xoşbəxtlik axtarışları motivi əsas təyinedici məqamdır, demək, qarşımızda fəlsəfi-fantastik nağıl-alleqoriya, nağıl-antiutopiya dayanıb, onun personajları həyatın gerçəkliyini və xoşbəxtlik antologiyasını əldə etməyə can atırlar. Hansısa məqamda dünyalar arasında sərhəd silinir: yuxu, xəyal povest üçün əhəmiyyətli konseptdir. Eyni zamanda təxəyyül də az əhəmiyyətli deyil. Məhz bu elementlər romantik ədəbiyyatın mövzusunu müəyyən edir, bu ədəbiyyatda həmişə gerçəkliyin simvollaşdırılmasına yer qalır: dünyada irrasionallıq və intellektuallığın sərhədlərindən kənardakı şeylər də mövcuddur. Bəlkə də, bu povest hələ çox gənc müəllifin bitməz-tükənməz fentezi dünyasının qurulmasında yaratdığı bir mərhələ və ya komponentdir. Didaktika əsərə xas deyil: oxucunun qarşısında mütləq təxəyyül məkanı, qəhrəmanın öz içinə, sirrə vaqif olmağa yönələn səyahət dünyası açılır. Xronoloji zaman burada kayrosla, başqa sözlə, baş qəhrəman üçün xüsusi əhəmiyyət daşıyan zamanı müəyyən edən dəyərlə qovuşur.
"Deraviya" - Sistemin sındıra bilməyəcəyi qəlb saflığı barədə povestdir. Vətəndaş bacarıqlarının /civic skills inkişafı, vətəndaş cəmiyyətinin formalaşması planı baxımından əsərin dəyəri də elə bundadır, bu cür əsərlərin köməyi ilə gənclər həmin proseslərə qoşulacaq, bu povesti oxumaqla öz sevimli qəhrəmanlarına oxşamağa can atacaqlar. Baş qəhrəman isə, həqiqətən də, istedadlı və qeyri-adidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!