Rus poeziyasından yeni tərcümələr - Azad Yaşarın təqdimatında

Aleksandr BLOK

(1880-1921)

Görkəmli rus şairi, nasiri, publisisti, dramaturqu, tərcüməçisi və ədəbi tənqidçisi. Rus ədəbiyyatında Simvolizm cərəyanının parlaq təmsilçilərindən biri

 

Gecə, küçə, fənər, aptek

 

Gecə, küçə, fənər, aptek,

Mənasız və solğun işıq.

Bir rüb daha yaşa - bunlar

Eynən qalar. Yox çıxışın.

 

Ölsən - yenidən başlanar,

Təkrarlanar hər şey yenə:

Gecə, buzlu sudakı bərq,

Aptek, küçə, bir də fənər.

 

Sənə rast gəlməkdən

qorxuram yaman...

 

Sənə rast gəlməkdən qorxuram yaman,

Sənlə rastlaşmamaq... daha betərdir.

Hər şeydə səndən bir nişanə tapmaq,

Buna heyrətlənmək... mənə yetərdi.

 

Küçədə dolaşan, gəzən kölgələr

Nə bilim - ayıqdır, ya yuxuludur?!

Kilsə pilləsinə sinərək indi

Geriyə qanrılmaq da qorxuludur.

 

Adları heç cürə qalmır yadımda,

Əllərin çiynimə qoysalar belə.

Ah-vayı getməyib qulaqlarımdan

O son, izdihamlı yasların hələ.     

 

Qaşqabaqlı səma enib yerəcən,

Az qala kilsəni əzir, hardasa.

Bilirəm - burdasan. Yaxınlıqdasan,

Həyatda deyilsən. Çünki - ordasan.  

 

Xalqın qarşısına

çıxan deyiləm

 

Xalqın qarşısına çıxan deyiləm,

Nə qınaq umuram, nə də ki tərif.

Susmaq səbəbimi bir ömür boyu

Hazıram, tək sənə açıb, göstərim.

 

Susqun duranları anlaram, mənə

Əzizdir o kəs ki, himə bənd durur:

Qərib uğultuda - sözlər ardında

Gec-tez oyanacaq o işıqlı ruh.

 

Dinməz qoşulacam bayrama mən də,

Görünməz gözünə üzüm heç kəsin.

Fəqət, daşıyaram içimdə sənə

O gizli, o sonsuz eşq nişanəsin.

 

Sən yolda ölməkdən

üşənmə, qorxma

 

Sən yolda ölməkdən üşənmə, qorxma,

Çəkingən yanaşma dosta, əğyara.

Qorxu divarını aşmağın sirrin

Kilsədə oxunan xütbədə ara.

 

Özü ayağına gəlincə sənin,

Qeyb olar o kasıb, o fağır halın.

Daha can atmazsan gün doğuşuna,

Zindanda çürüyən bir qul misalı.

 

O uca Tanrının iradəsidir

Sizin taleləri calaq edən də.

Axı əbədilik məhkum deyilsən

Əlacsız, ölümcül ağrıya sən də.

 

Nikolay QUMİLYOV

(1886-1921)

 

Rus şeirində "Gümüş əsr" dövrünü təmsil edən şair, nasir, tərcüməçi və ədəbi tənqidçi, Akmeizm məktəbinin qurucusu. Şairə Anna Axmatovanın ilk əri olub.

 

Mənim bağlarımda

güllər, çiçəklər

 

Mənim bağlarımda güllər, çiçəklər,

Sənin bağlarında qəm-qüssə bitir.

Ucu görünməyən bağlarıma sən

Qüssəni bir örpək misalı gətir.

 

Ağ İran gülünün ləçəyisən sən,

Dərd-qəmə batdığım bu bağa gəl, gir,

Gəl, bəlkə ram ola bu çılğın bədən,

Gəl, eşq rübabını özün dilləndir.

 

Gəl, yenə yada sal Beatriçanı -

Onu xatırlayan varmı heç?! Hanı?!

Pərilərin deyil, qızların xoru

Vəsf etsin səndəki qəmli dəhanı.

 

Dəlitək sevirəm səni...

Bu üzdən...

 

Dəlitək sevirəm səni... Bu üzdən,

Nəğmələr qoşuram sənin şəninə.

Məni sevmədiyin bəllidir, ondan

Daim qüssəliyəm, qəmliyəm yenə.

 

Canıma qıysan da mənim, gözəl dost,

Səni əfv edərəm, bağışlayaram.

Özünü çırpdıqca tikana bülbül,

Ondan şux nəğmələr umar qızılgül.

 

Aşiq nalə çəkər, ağlar çarəsiz,

Gül isə yarpaqlar ardından baxar -

Eynilə sənintək - ey gözəl, şux dost,

Gülər ki, aşiqin necə edib xar.

 

Uzun illərdən sonra...

 

Uzun illərdən sonra

Qayıtmışam geriyə.

Hər addımım izlənir,

"Sürgündən dönüb" deyə.

 

- Yolunu çox gözlədim,

Hər gün il kimi keçdi.

Bu sevgi sınağında

Məsafələr bir heçdir. 

 

- Qürbət ellərdə ötdü

Ömrüm-günüm, həyatım.

Amma necə ötdüsə,

Bundan xəbər tutmadım.

 

- Şirindən də şirindir

Mənə yaşanmış ömrüm.

Çünki yuxuda belə

Umurdum səni görüm.

 

Evimizə çökübdür

"Ölüm" adlı əcinnə -

Baş-başa qalanların

Əcəl gəlməz vecinə.

 

Boris PASTERNAK

(1890-1960)

 

Məşhur rus şairi, nasiri və tərcüməçisidir. Ona dünya şöhrəti qazandıran "Doktor Jivaqo" (1955) romanına görə 1958-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

Nobel mükafatı

 

Qovğalar içində ömür yaşadım,

Bəxtimdə var imiş zülmət, köləlik.

Güdülür, izlənir hər söz, hər addım,

Bir çıxış yolu da yoxdur, hələlik.

 

O yan zülmət meşə, bu yansa, göldür,

Aşan küknar belə bağlayıb yolu.

Nə qədər bəla var, başıma gəldi,

Üzüldü hər yerdən qanadım, qolum.

 

Bəlkə başkəsənəm, yoxsa, zaliməm?!

Nə günah işlədim?! Kim deyər, axı?!

Bircə niyyət güddü hər şeirim, kəlməm -

Oxşasın hüsnünü ana torpağın.

 

Gözüm yol çəkəcək son nəfəsədək

Qoy olsun - nə vaxtsa, bir gün gələcək,

Çəkib qılıncını Xeyir təzədən

Zülmə də, Şərə də üstün gələcək.

 

Qış gecəsi

 

Durmadan yağan ağ qar

Bürüyübdür dörd yanı.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

Oda cumur böcəklər,

Eynən, yaydakı kimi.

Çöldə yağan lopa qar

Qapayır pəncərəmi.

 

Ağlım buz naxışları

Gah ox, gah çevrə sanır.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

İşıqlanan tavanda

Hey kölgələr gəzişir.

Əl-ayaqdır, nədir o?

Ya taleyin gərdişi?

 

Bir cüt başmaq zərb ilə

Yerə düşər bir anda.

Axan mum "göz yaşı"tək

İz salar paltarında.

 

Qar bəyaz yorğan kimi

Bürüyübdür dörd yanı.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 

Yel vurunca, alovun

Çarpaz qoşa dilimin

Şam xaç kimi düyünlər

Sayrışan mələk kimi.

 

Qar yağdı heç durmadan

Bütün fevral ayını.

Masa üstə şam yanır,

Yanırdı, hələ yanır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!