Adonis imzasıyla tanınan Əli Əhməd Səid İbsir 1930-cu ildə Suriyada, Kasabin kəndində doğulub. Dəməşq Universitetinin Fəlsəfə fakültəsini bitirib. Beyrutda "Məvakib" ("Mövqe") adlı ədəbi jurnal təsis edib və elitar ərəb şairlərini dərginin ətrafında cəmləyib. Uzun müddət UNESCO-da məsləhətçi işləyib.
94 yaşlı şair bir sıra beynəlxalq ədəbi mükafatlara - 1993-cü ildə Mallarme mükafatına, 1995-ci ildə Nazim Hikmət mükafatına, 1998-ci ildə "Qızıl tac" mükafatına, 2011-ci ildə Höte mükafatına layiq görülüb. Çağdaş ərəb poeziyasının inkişafında xidmətlərinə görə üç dəfə Nobel mükafatına namizədliyi irəli sürülüb.
Qadına
Bədən -
xəyalların yaşadığı
ən gözəl evi xatırladır hərdən.
Həzz -
bədənin dirilməsi,
başqa cür ola bilməz.
Sevən qadının göz yaşları
arzuların çağladığı çeşməyə bənzər.
Gəzər bədənim hər an -
o bədənin sahilində sərgərdan gəzər.
Gözəl qadın bədəni -
bir dəniz, bir okean.
Məni görcək
üzü alışıb-yanır gerçəkdən -
çünki bir atəşəm o qadının iç qatında.
Aşiqin ürəyi - dodaqların arasındadır,
Məşuqun ürəyi - göbəyin altında.
Yox, nə desən, əbəsdir,
nə söyləsən, havayı!
Baxdığı qızılgülün ləçəyində
özgə heç nəyi görməz kişi -
qadın bədənindən savayı.
Niyə gen dura bilmirəm,
unuda bilmirəm səni?
"Aşiqinəm, heyranınam" deyəndə
heç külək də eşitmədi səsimi.
Öz bədənində yuxudan ayılıb,
qadının bədənində yuxuya gedir -
çünki sevgidə düz xətt
kişidən ötrü çevrədir.
Kişi bir kitabdır qadından ötrü -
yalnız bədənlə oxuyacağı kitab.
Və qoxulayacağın ətir də
qadının geydiyi ən gözəl libas.
Di sakitləş, bir az,
toxta, bir qədər...
nədən narahatsan axı sən, nədən?
Onsuz da, onsuz da hər şeyi yazan
bədəndi, yalnız bədən.
"Sən arzulamağında ol" -
sozalan qızılgül pıçıldayır axırda.
Mənsə, bir qadın görmüşdüm -
eləcə dayanıb
baharı gətirən qaranquşa baxırdı.
...Və o qadın sən idin!
Dilimizə çevirdi: Mahir N.QARAYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!