Yadımdan çıxdı Alyoşkadan soruşum ki... - Valentin Rasputinin hekayəsi

Biz şəhərə daxil olanda səhər açılmışdı. Şəhər sakit idi, yatıb yuxusunu almışdı, amma biz artıq heç nə hiss etmirdik, heç nə eşitmirdik, heç nə görmürdük. Yolun ortasıyla gedirdik, maşınlar yanımızdan keçib gedirdi, siqnal vermirdilər, yoldan çıxmağımızı tələb etmirdilər, rastımıza çıxan adamlar bizə baxırdı, bizi böyük bədbəxtliklə rastlaşmış adamlardakına bənzər nəzərləri ilə müşayiət edirdilər. Xərək daha bizə ağır görünmürdü, yatmaq istəmirdik, yorğunluq da hiss etmirdik - sadəcə etinasız idik, bu etinasızlıq fikrimizi və hisslərimizi çulğalamışdı. Əgər Andrey bu saat yerə yıxılıb vəhşi səslə qışqırsaydı və ya başını daşlara çırpsaydı, qətiyyən təəccüblənməzdim və gözləyərdim ki, görüm bunun axırı nəylə qurtaracaq.

Şəhər xəstəxanasının harda olduğunu bilmirdik, amma soruşmurduq da. Belə hallarda xəstəxana özü adama rast gəlməlidi. Tələsmirdik. Tələsmək üçün gec idi, gücümüz də qalmamışdı - hər şeyimizi uzun və soyuq yol və yolda baş verənlər öldürmüşdü.

Hələ bir il qabaq tez-tez qorxulu yuxular görürdüm. Yuxudan durub sağ-salamat olduğumu görəndə qəribə bir vərdişlə əlimi atıb havanı ovcumda sıxırdım, var olduğuna görə, yanımda olduğuna görə həyata minnətdarlıq edirdim. Bəlkə elə bu da yuxudur, həddindən artıq yorulduğum üçün hələ də davam edir, qurtarmaq bilmir. "Əgər bu yuxudursa, - fikirləşdim, - axırıncı sutka ərzində baş verənləri heç cür xatırlaya bilməyəcəyəm".

Yox, hər şey yadımdadır. Dünən də səhər açılmışdı, səhər qaranlıqda baxdığın işıq gələn pəncərə kimi parlaq və şəffaf idi. Saat səkkizdə yol xəttinin kəsildiyi yerə çatdıq, amma hələ bizdən başqa heç kim işə çıxmamışdı. Qar gözləyən qarılar kimi çöküb sərt otun üstündə oturduq. Andrey papiros yandırdı, bizsə Lyoşka ilə oturub onun papirosundan qalxan dumanın hava ilə meşənin rənglərində itməyinə baxırdıq. Üzü yola oturmuşduq, ağacların başını aşağı salıb hələ dünən onların yanında dayananların xatirəsini səssiz-səmirsiz yad etdiklərini görürdük. Bunlar iri ağaclar idi, kəsilib yerə uzadılmışdı, üstlərinə yuxarıdan xəzəllər tökülürdü.

- Dünən sən kimə məktub yazırdın, Lyoşka? - Andrey soruşdu.

- Anama.

- Bəs Lyonkaya?

- O hələ keçən məktuba cavab yazmayıb.

Lyoşka qızardı. Andrey haldan anlayan adamlar kimi gülümsədi, mənsə fikirləşdim ki, Lyoşka özü hələ heç nə bilmirsə, Andrey bunu soruşmaya da bilərdi.

Tutqun meşə bizi izləyirdi.

Bu, təxminən biz işə başlayandan bir saat sonra baş vermişdi. Mən qıraqda dayandığım üçün hər şeyi görürdüm. Küknar ağacı çox hündür idi. Mişar ağacın gövdəsinə işlədikcə ağac xəfif-xəfif, qorxa-qorxa titrəyirdi, sonra taleyiylə barışıb sakitləşdi, şişuclu yaşıl papağını onu yıxmaq istədikləri tərəfə əydi, amma qəflətən istiqamətini dəyişib əks tərəfə - Lyoşkanın olduğu yerə yıxıldı. Mişarçılardan birinin qısa və möhkəm qışqırtısı eşidildi. Torpaq ufuldayıb o saat da səsini kəsdi, elə bil növbəti zərbəyə hazırlaşırdı. Lyoşka görünmürdü. Mən tullandım və hələ yerə düşməmiş yerdən çıxan Lyoşkanı və ona tərəf qaçan adamları gördüm.

Lyoşka qabağımızda dayanıb sarsaq kimi gülümsəydi, hamının ondan ötrü işini atdığına görə utanırdı.

- Boş şeydi, - günahkar kimi qızarıb dedi, - budaq toxundu. Boş şeydi. Narahat olmayın. Heç bilmirəm nə üçün yıxıldım, yəqin, qorxudandır. Amma belə çox ağrım yoxdu.

Ustadan başqa hamı gülümsədi, usta isə dayanmadan yağlı söyüşlərlə söyür və naharda bizə yemək əvəzinə təhlükəsizlik təlimatı yedizdirəcəyini deyirdi.

On dəqiqə sonra dostumuzun salamat olduğuna sevinə-sevinə yerlərimizə qayıtdıq, yarım saat sonra isə Andrey mənə yaxınlaşıb dedi ki, Lyoşka yaxşı deyil. Lyoşka bayaq üstünə aşan ağacın gövdəsində oturub köynəyini yuxarı çəkmişdi və göyümtül ləkənin süfrəyə dağılmış mürəkkəb ləkəsi kimi yavaş-yavaş qarnına yayılmasına baxırdı.

- Lyoşka, nə olub sənə? - pis hadisə qorxusu altında əzilə-əzilə soruşdum.

- Heç nə, uşaqlar, heç nə. - Lyoşka davada köynəyi cırılan məktəbliyə oxşayırdı. - Bir az sancır, amma naharacan keçər. Narahat olmayın, özümü tanıyıram da, həmişə məndə belə olur. Qorxulu deyil. Siz gedin, mən də bir az uzanım dincəlim, gəlib sizə kömək edəcəyəm. Gedin, uşaqlar, gedin.

Ustanın yanına getdik, o, qalın qaşlarını çatdı, qalın dodaqlarını bir-birinə sıxdı. İki dəqiqə fikirləşəndən sonra dedi ki, xəstəxanayacan təxminən əlli kilometr var, traktor isə işləməlidir, lap briqadanın yarısı qırılsa da. Mən hirslə meşəyə baxdım. Andrey də hirsləndi.

- Biz üçümüz də eyni məktəbdə oxumuşuq, - Andrey dedi.

Usta bunu eşidəndə sevinən kimi oldu.

- Elə siz aparın da onu. Özünüzlə plaş-çadır və balta götürün.

Biz yola çıxanda günəş var gücüylə yandırıb-yaxırdı. Lyoşka əvvəlcə xəstəxana adını eşitmək də istəmədi, axırda Andrey hirslənib qışqırdı ki, burda qalsa ağrıdan qovrulacaq, bütün briqada da işini-gücünü atıb onun nazıyla oynamalı olacaq. Lyoşka buna razılaşa bilməzdi, o, həmişə kiməsə artıq yük olmaqdan qorxmuşdu. Amma deyəsən, özünü bir az yaxşı hiss edirdi, çünki özü öz ayağıyla yanımıza düşüb getməyə başladı.

Lyoşka Andreylə mənim aramda gedirdi.

Yol otuz kilometr idi. İki ay yarım idi bu yolu salmaq üçün gah dağa dırmaşırdıq, gah yuxulu dərəyə düşürdük. İndi isə düz və hamar yola çıxmaq üçün bu otuz kilometri birnəfəsə getməli idik. Əsas yoldan hərdən maşınlar keçirdi, o yol bizi şəhərə aparacaqdı, şəhərdə isə xəstəxana vardı. Amma şəhərə qədər də təxminən iyirmi kilometr məsafə vardı.

Əvvəlcə sakit gedirdik, danışmırdıq. Mən küləyin budaqları xışıldatmasına, meşənin vida nəğməsinə qulaq asırdım. Lyoşka, yəqin ki, Lyonka haqqında fikirləşirdi və işi yarımçıq qoymalı olduğuna görə özünə hirslənirdi. Andrey isə... açığı, Andreyin nə haqqında fikirləşdiyini bilmirdim: dost olsaq da, heç vaxt onu başa düşə bilməmişdim. O, başqalarının sevmədiyi şeyləri sevirdi və dayanıb-dayanıb elə şeylərdən danışırdı ki, həmin vaxt həmin şeylər haqqında fikirləşmək mümkün deyildi. Onun bunu qəsdən, başqalarından fərqlənmək üçün eləmədiyini bilirdik, onun xasiyyəti belə idi. Bu dəfə də Andrey Lyoşka ilə mənim sükutumu qətiyyən gözləmədiyimiz fraza ilə pozdu:

- Elə hesab edək ki, bəxtimiz gətirmədi. - Andrey qəflətən dilləndi. - Bu gün quruculardan biri qəzaya düşüb zədələndi. Hə-ə-ə. - Andrey bizə baxıb güldü. O saat başa düşdüm ki, Andrey bizi bura gələndən bəri yadımıza düşməyən, köhnə məktəb zarafatına çəkmək istəyir. Amma Lyoşka bunu başa düşmədi.

- Boş şeydi, - Lyoşka sevimli kəlməsini dedi, "boş şeydi" sözü həmişə onun dilində "bağışlayın" kimi səslənirdi. - Bir nəfərlə heç nə olmaz.

- Necə yəni heç nə olmaz? - Andrey sevincək dedi. - Vətəndaşlar! Bu saat öz sıralarınıza əl gəzdirin! Kommunizm gecikir. Sürəti artırmalıdır, vətəndaşlar! Bu gün kommunizmin düşmənlərinin göstərişi ilə onun ən yaxşı qurucularından birinin başına ağac düşüb. Zərərçəkmişin vəziyyəti hələ təhlükəli deyil, amma mağazalardan pulsuz ərzaq məhsullarının verilməsi yubanacaq.

- Nə danışırsan sən? - Lyoşka ya əsəbdən, ya da ağrıdan üzünü turşudub dedi. - Kommunizm səninçün səyyar mağaza deyil ki, günlərin bir günü gəlib sənə lazım olanları gətirsin. Kommunizmə getmək lazımdır, özü də xeyli getmək. Bu yolda o qədər çəkmə dağıtmalısan ki. Hə, kommunizmə çəkmə ilə getmək daha yaxşıdır, tufli ilə yox. Tufli bu yola davam gətirməz. Çünki bu yolu özümüz salırıq.

- Sən də gedib çatmağa ümid edirsən?

- Ümid edirəm. Nə üçün də yox? Boş şeydir.

- Çata bilməyəcəksən. Uşaqsan e. Niyə başa düşmürsən ki, dediyin çox-çox uzaqdadır, bilirsən necə, buludlu havada günəş kimi - hardasa var, amma görünmür, səni qızdırmır. Bu səninçün qatarla Kubandan Sibirə gəlmək deyil.

- Bilirəm. Amma sən inanmırsansa, onda bura nə üçün gəlmisən? Evdə qalardın, instituta girərdin...

- Bilirsən, biz fərqli dillərdə danışırıq. Bu yol sənin üçün kommunizmə aparan yoldur, mənim üçünsə insanlığa aparan. Mən Cek Londonun qəhrəmanları kimi güclü, möhkəm adam olmaq istəyirəm. Məni Şimal qütbünə aparmazlar, ona görə bura gəlmişəm, burda da vəhşi heyvanlar var, hər an üstünə ağac aşa bilər, adamlar çadırlarda yaşayır, nə gəldi yeyirlər. Əgər davam gətirib bu yolu keçsəm və sonra iki-üç dənə də belə yolla getsəm, özümə hörmət edərəm və hara istəsəm çıxıb gedərəm. Başa düşdün?

Lyoşka cavab verməyə macal tapmadı. Birdən-birə nəfəsi kəsildi və qışqırmamaq üçün yaxasını aşağı dartdı. Elə bil şirin xəyallara dalmış birini kürəyindən bıçaqla vurdular. Adamın üzü hələ gülsə də, özü ağrıdan qovrulmağa başlayır. Lyoşkanı tutub yerə uzatdım, o, əlləriylə qarnını ovxalamağa başladı. Əllərini yana aralayıb köynəyini yuxarı çəkdim. Onun qarnı gömgöy idi, bu göylüyün üstündə xırda nöqtələr kimi ağ dəri görsənirdi.

- Yanır! - Lyoşka nəhayət dərin nəfəs alıb dedi. Bir az susandan sonra dişlərinin arasından fısıldadı. - Elə yanır ki!

Andrey susurdu. İkimiz də qorxmuşduq, başa düşürdük ki, daha kommunizm haqqında mübahisələrin yeri deyil, Lyoşkaya nəsə olub, amma nə - bunu bilmirdik. Sadəcə onun qarnındakı göylüyü görürdük, sadəcə ona həkim lazım olduğunu bilirdik.

Yarım saatdan sonra da yolda idik. Yol acı bağırsaq kimi uzanırdı, gedə-gedə hirslənirdik, həyəcanlanırdıq. Plaş-çadırı iki uzun budağa bağlayıb xərək düzəltmişdik, Lyoşkanı onun üstündə aparırdıq. Lyoşka şaxtadan isti evə girən adamlar kimi titrəyirdi. Bir ayağı xərəyin üstündə idi, o biri ayağı sallanıb yerə toxunmaq istəyirdi, amma yerə çatmadığı üçün kəfkir kimi yellənirdi.

Biz Lyoşkanın başına gələn bədbəxt hadisədə günahkar deyildik, amma ona heç cür kömək edə bilməmək bizi çaşdırırdı. Görürdük ki,onun halı pisdir, çox pisdir. Bilirdik ki, qorxulu vəziyyətdir, ölümlə qaçdı-tutdu oynamaqdır, ölüm dalınca gəzir, amma gizlənməyə etibarlı yer yoxdur. Əslində, belə yer var - xəstəxana, amma o çox uzaqdadır, təxminən qırx kilometrlik məsafədə.

Dayanmadan gedirdik, on metr, yüz metr, min metr yol arxada qalırdı. Çoxdan yorulmuşduq, amma qorxu yorğunluğumuzu yadımızdan çıxartmışdı, bizi dayanmadan qabağa qovurdu. Mən Lyoşkanın sallanan ayağını görürdüm, Andreyin kürəyini görürdüm, Andreydən qabaqdakı ağacları görürdüm, ayağımın altında sürünən yolu görürdüm.

- Uşaqlar, sizin yerinizdə olsaydım, daha gedə bilməzdim, - deyə Lyoşka gözlənilmədən zəif səslə dedi, onun açıq gözlərinə baxdım, zorla gülümsəməyə çalışırdı.

- Danışma, - Andrey dedi.

- Yox-yox, yaxşısı, gəlin danışaq, - Lyoşka xahiş etdi. - Sən danış, Andrey, sən də danış, Vitka.Nə istəyirsiniz danışın, amma danışın, xahiş edirəm. Belə yaxşıdır. Lap istəyirsiniz kommunizmdən danışaq. Andrey, sən düz demirsən, canımçün düz demirsən. Kommunizm sən deyən qədər uzaqda deyil. Yaxındadır. Sən özün də buna inanırsan, bilirəm ki, inanırsan. Amma etiraf eləmirsən. İnanırsan da, düz deyil?

- İnanıram, - Andrey istəmədən razılaşdı. - Amma doğrudan çox uzaqdadır, biz ora gedib çata bilməyəcəyik. İnanmamaq lap axmaqlıq olardı. Bu ağac kimidir də, amma o hələ çox balaca fidandır, hələ böyüməlidir. Amma ona xüsusi qulluq lazımdır. Hə, xüsusi... amma gərək hamı ona qulluq eləsin, isti havalarda onu soyuq su ilə yox, alın təriylə sulasın, soyuqda isə bədəninin istisi ilə qızdırsın. Məhz hamı və məhz belə. Amma hamı tərləməyi xoşlamır və hamının ürəyi də isinmir.

- Sən deyənlər azdır axı, - deyə mən etiraz etdim.

- Yox, az deyil. Elə iş də bundadır ki. Götürək elə bizim ustanı. Açıq danışsaq, onun bu yol çəkmək işinə xeyri bizim üçümüzün bir yerdə xeyrindən daha çox dəyir. O işini bilən mütəxəssisdir, bizsə məktəbdən birbaşa bura gələn uşaqlar. Amma o usta bu gün Lyoşkanı aparmaq üçün traktoru vermədi. Onun planı var, o kommunizm üçün çalışır, işçi ölsə də plan dolmalıdır. Bax, belə. O kommunizm yolunda nələr etdiyini heç vaxt başa düşməyəcək.

- Uşaqlar, məni yerə qoyun, - Lyoşka yaxasını dartıb dedi.

Biz yenə dayanıb onun əlləriylə qarnını sığallamağına baxırdıq, elə bil qarnına günəş kremi çəkirdi. Lyoşkanın üzü ağrıdan tərləmişdi, amma o, qışqırmırdı, inildəmirdi, sadəcə tez-tez nəfəs alırdı.

Onun ağrısı bir az yüngülləşəndən sonra yenə xərəyi götürüb yola düşdük, amma bu dəfə mən qabaqda gedirdim. Meşə yavaş-yavaş soyunub çılpaq bədəninə tamaşa edirdi, günəş şüaları səma okeanında bərq vurur, torpaq solğunlaşmış günəşin son təmaslarına sevinirdi. Biz isə qorxu içində getməkdəydik. Qabaqda mən, arxada Andrey, xərəyin üstündə Lyoşka.

- Danışın, uşaqlar, danışın, - onun pıçıltısı qulaqlarıma çatdı, arxadan onun nəfəs almasını da eşidirdim. - Danış, Andrey, sən yaxşı danışırdın. Amma hirsli danışma. Sən hirslə danışırdın. Hirslənmək nəyə lazımdır axı? Hə, Andrey?

Andrey susurdu. Onu başa düşürdüm. Belə dəqiqələrdə danışmaq ağırdır, özü də bunu ondan Lyoşka xahiş edir, mən yox, məhz Lyoşka. Var gücünlə qışqıra-qışqıra, gücünü itirib yıxılana qədər meşə boyu qaçmaq indi danışmaqdan daha asandır.

- Andrey! - Lyoşka çağırdı.

Andrey susurdu.

Onda mən danışmağa başladım. Ağlıma gələn ilk şeyi dedim. Amma mənim üçün asan idi: mən nə Andreyi görürdüm, nə də Lyoşkanı. Mənimçün Andreydən on dəfə asan idi, çünki mən Lyoşkanı görmürdüm. Çünki mən qabaqda gedirdim.

- Kommunizm, - dedim, - əlbəttə, kommunizm olacaq. - Sakit danışmağa, özümü təmkinli aparmağa çalışırdım. - Aydın məsələdir, olacaq. Amma mənə bir şey çatmır. Bax, tutalım, təzə zavod tikilir, orda ən yaxşı işçilərin adını yazırlar. Elektrostansiya tikiləndə də eyni şey. Bəs kommunizm qurulanda necə olacaq? Qəzetlərdə yazırlar ki, kommunizmin parlaq binası! Amma bina özü yoxdur axı. Ən yaxşı qurucuların adını hara yazacaqlar? Lyoşka, sən nə fikirləşirsən bu barədə?

- Sarsaq, - Lyoşka pıçıldadı, onu eşitmək üçün istər-istəməz addımlarımı yavaşıtdım. - Hər şey sadədir. Zavod və elektrostansiya quranlar elə kommunizmi quranlardır da. Onların adını başqa yerlərə də yazmaq, abidələrini ucaltmaq nəyə lazımdır? Onlar haqqında kitab yazacaqlar.

Susdum. Onun dediklərini özüm də yaxşı bilirəm və bu saat qətiyyən kommunizm haqqında danışmaq və ya fikirləşmək istəmirəm. Mən sadəcə Lyoşkanın səsini eşitmək, səsindən onun necə olduğunu başa düşmək istəyirdim.

- Uşaqlar!

Xərəyi yerə qoyduq. Yenə də Lyoşka qarnını sığallamağa başladı, amma bu məcburi istirahətlərimiz hər dəfə daha çox uzanırdı. Sonra yenə getməyə başladıq. Andrey qabaqda, mən arxada.

- Susmayın, uşaqlar, danışın. Xahiş edirəm. Sizə qulaq asmaq istəyirəm. Ağrıyıram, başa düşürsünüz, ağrıyıram. Yandırır.

İndi biz bilirdik ki, danışmaq lazımdır və biz məhz bu haqda danışmalıyıq. Və biz danışmağa başladıq. Danışırdıq ki, nahaq adamlar kommunizm haqqında danışmağa utanır, gərək: "Döz, kommunizmdə hər şey pulsuz olacaq!" - deyənləri vuraq.

- Uşaqlar!

Günəş daha dözə bilməyib getdi. Bizə kömək edə bilmədiyi üçün meşənin dalında gözdən itdi. Onun bizə yazığı gəlirdi, amma vaxtı da qurtarmışdı. Qaranlıq çökdü. Qaranlıq hələ bizim başımıza gələn bədbəxt hadisədən xəbərdar deyildi və şəhərdə zərərçəkmişin başına yığışan adamlar kimi ətrafımızı sarırdı. Qorxu içində bir-birinə qısılmış ağaclar susurdu. Göyüzündə yanan ulduzlar sehrbazın xalatını xatırladırdı. Göyüzü tərtəmiz idi, ulduzların isə bizdən gizlənmək üçün heç nələri olmadığına görə bizə, Lyoşkaya baxmaq məcburiyyətində qalmışdılar, buna görə onlar da titrəyirdilər.

Lyoşka çırpınır, sayıqlayırdı:

- Bəsdir! - qışqırırdı. - Bəsdir! Ocağı söndürün! Çadır yanar, ocağı söndürün. İstidir! Oy, istidir! Axmaqlar! E-e-e-h!

Əlləri qarnında gəzirdi, xərəkdən sallanmış ayaqları isə havanı yarırdı. Mən yenə arxada gedirdim, buna görə mənə daha çətin idi. Lyoşka səsini kəsdi, amma bir neçə dəqiqə sonra yenə danışmağa başladı, bu dəfə onun səsi sakit və həlim idi.

- Boş şeydir, - dedi. - Boş şeydi. Sən yaz... yaz Lyonka. Mən gözləyirəm. Sakit! Hamınız səsinizi kəsin! Mən onunla danışmaq istəyirəm. Xahiş edirəm. Sakit olun. Mən ağacın aşmağını görmədim. Elə bil iki yerə parçalandı. Yox, bu gündüz olmuşdu. Doğrudan eşitmirsən? Lyonka! Lyonka! Lyonka! Eşidirsən? Hə, yadımdan çıxmışdı. Sən axı burda deyilsən. Sən orda qalmısan. Əlbəttə, eşitmirsən. Maraqlıdır. Mən danışıram, sən isə eşitmirsən. Mən də eşitmədim. Əgər eşitsəydim... Mən eşitmədim. Sakit. Heç vaxt... Mən səni heç vaxt öpməmişəm. Elə çox istəyirdim ki... Uşaqlar mənə dana deyirdi. Axmaq zarafat idi. Buraxılış gecəsi idi. Hər şey əla idi. Mən də fikirləşdim ki, bu gün olar. Sən güldün. Sən getmə, indi yadıma salaram. Həə, belə. Bağda... Səni öpmək istədim. Yoox, xətrimə dəymədi. Dedin ki, əvvəlcə gedim taburetka ilə məşq edim, sonra gəlib sənin üstünə çıxım. Doğrudan incimədim.

Lyoşka gülümsədi.

Biz isə gedirdik, dayanmadan gedirdik.

- Doğrudan. Mən indiyəcən heç kimi öpməmişəm. Birinci dəfə səni öpmək istədim. Yenə səs-küy salırlar. Məni eşidirsən? Heç kimi öpməmişəm. Elə bilmə ki, buna heyfim gəlir, yoox. Sən nə üçün yazmırsan? Mən sənə yazıram. Mən sənin qabağına çıxardım. Qabağına çıxacağam. Bizdə hər şey yaxşıdır. Qabağına çıxıb səni öpəcəyəm. Axı kiminsə qabağına çıxanda öpüşmək olar, elə deyil? Sakit. Nə dedin? Heç nə eşitmədim.

Biz dayanmadan gedirdik. Birdən yadıma düşdü ki, onuncu sinifdə oxuduğumuz qış Lyoşka Lyonkanın onu sevib-sevmədiyini öyrənmək üçün xəstələnib xəstəxanaya düşmək istəyirdi. O, paltosuz qaçırdı, tərləyib şaxtaya bircə köynəklə çıxırdı, amma adi soyuqdəymədən başqa heç nə olmadı. Biz ona gülürdük, o hirslənirdi. Amma indi o xəstəxanaya gedir, amma Lyonka burda yoxdur, Lyonka onun yanına gəlməyəcək, onun üçün ən çox sevdiyi mürəbbəni - moruq mürəbbəsi gətirməyəcək.

Lyonka Andreylə mənim xoşuma gəlmirdi, o ağıllı və gözəl idi, amma bizim fikrimizcə, elələrinə baş qoşmaq lazım deyil. Lyonka elə adamlardan idi ki, ona hər gün təzə nəsə lazım idi, elə adamlar bir şeyə həmişəlik bağlana bilmir. Lyoşka da bunu bilirdi, amma buna baxmayaraq yenə onu sevirdi, ona məktublar yazırdı, Lyonka isə o məktublara cavab yazmırdı.

Biz gecənin bağrını yara-yara gedirdik. Ayaqlarımız qaranlıqda itirdi, gözlərimiz qaranlığı dəlib keçə bilmirdi. Gecə qalın adyal kimi yerə çökmüşdü. Biz gecənin içində azmışdıq. Yorulmuşduq. Susurduq. Amma Lyoşka susmurdu. O heç vaxt bu qədər çox danışmamışdı. O, gah qışqırırdı, gah pıçıldayırdı. Lyoşka anasıyla danışırdı, Lyonka ilə danışırdı, bizimlə danışırdı. Bizimlə danışanda biz susurduq. Ona cavab vermək istəyirdik, amma bilirdik ki, eşitməyəcək. Ona görə sakitcə gedirdik.

Sonra çay göründü və biz əsas yola çıxdıq. Hardasa iyirmi kilometrlik məsafə qalmışdı. Lyoşka susurdu. Biz heç Lyoşkanın pıçıltısının haçan kəsildiyini hiss etməmişdik. Elə bilirdik bir az rahatlanıb. Yol gah bu, gah o tərəfə dönürdü, amma hər dəfə onu tapırdıq. Çay soyuq-soyuq nəfəs alırdı. Yorulmuşdum. Çox yorulmuşdum. "Necə yəni, sən daha bir addım da ata bilməzsən? - fikirləşirdim. - Cəmisi bircə addım". Və ayağımı qabağa atırdım, sonra o birisini. Sağ və sol. Birini, sonra ikincini.

Lyoşka susurdu.

Birdən biz qorxduq. Dayanıb xərəyi yerə qoyduq. Andrey Lyoşkanın əlindən tutub mənə baxdı. Lyoşka tərpənmirdi. Mən inanmadım. "Ola bilməz, - beynimdən keçdi, - o, sadəcə yatıb". Yavaş-yavaş Lyoşkanın yanına çöküb o biri əlini tutdum. Onun artıq nəbzi vurmayan yumşaq əli inad göstərmədi.

Andreylə mən eyni vaxtda ayağa durduq. Nə qışqırırdıq, nə də ağlayırdıq. Lyoşkanın iki tərəfində dayanıb susurduq. Mən şəhər yatan tərəfə baxırdım və fikirləşirdim ki, bu gün Lyoşkanın anasına teleqram göndərməli olacağıq, teleqram Lyoşkanın anasının nəfəsini kəsəcək, bir neçə gündən sonra isə Lyoşkanın məktubu evə çatacaq. Anası dəfələrlə cəhd edəndən sonra məktubu axıra qədər oxuya biləcək.

Mən hər şeyi xırdalığına qədər xatırlayıram, amma birinci hansımızın Lyoşkanın yanında uzandığı yadımda deyil. Yorulmuşduq. Biz yerdə uzanıb Lyoşkanı qızdırmaq üçün hər iki tərəfdən bərk-bərk qucaqlamışdıq.

Yanımızdan çay axırdı. Ulduzlar ağlamsınırdı. Ay gözünü bizdən çəkmirdi. Biz yerdə uzanıb bir-birimizi bərk-bərk qucaqlamışdıq - biz kommunizm qurmaq üçün Sibirə gələn üç dost idik.

Sonra soyuq oldu, Andreyi dümsüklədim. Bir kəlmə də kəsmədən ayağa durub ehtiyatla xərəyi qaldırdıq və getməyə başladıq. Andrey qabaqda, mən arxada. Üstünə qatı duman çökmüş yol tənbəl-tənbəl uzanırdı. Dan sökülürdü. Birdən yadıma düşdü ki, Lyoşkadan ən vacib şeyi soruşmamışam. Yadımdan çıxdı Lyoşkadan soruşum ki, görəsən kommunizm qurulandan sonra zavodların və elektrostansiyaların binalarında adı yazılmayan, əbədiyyən kölgədə qalan qurucuları da xatırlayacaqlarmı? Bu saat nəyin hesabına olur olsun, on yeddi ildən bir az çox yaşayan və kommunizmin qurulmağında cəmisi iki ay yarım iştirak edən Lyoşkanın kommunizmdə xatırlanıb-xatırlanmayacağını öyrənmək istəyirdim.

 

Tərcümə: Həmid PİRİYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!