Odey, orada - Norveç nasiri Yun Fossenin pyesi

Yun Fosse (1959) - tanınmış Norveç nasiri, şairi və dramaturqudur. Çoxşaxəli yaradıcılıq fəaliyyətinə görə 2023-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Əsrimizin ilk onilliyində onun pyesləri dünya teatrlarının ən çox müraciət etdiyi və səhnələşdirdiyi əsərlər olub. 

Oxuculara təqdim olunan pyes 2006-cı ildə yazılıb və işıq üzü görüb. Elə həmin il də Oslodakı "Açıq teatr"da rejissor Kay Yunsen tərəfindən səhnələşdirilib.

Müəllif mətndə durğu işarələrindən yerli-dibli istifadə eləməyib. Bəzi cümlələrin məğzi oxucuya rahat çatsın deyə, tərcümə mətnində sual işarəsindən yararlanmaq uyğun görülüb.

Əsər Y.Fossenin dilimizə çevrilən ilk pyesidir.

 

 

Odey, orada

 

İştirakçılar:

Kişi

Qadın

 

İşıq tədricən artır.

Kişi: Dayanıb, uzaqlardakı bir şeyə göz qoyur.

Görürsən

qısa pauza

baxsana

odey orada

pauza

heç nə görmədin?

pauza

yoxsa, heç nə görünmür?

orada

odey orada

görmədin, yoxsa?

bir cavab versənə?

Qadın:

Kişi: Odey orada

Qadın: Yox, mən heç nə görmürəm

yetərincə qısa bir pauza

diqqət çəkəcək nə var ki orada?

yetərincə qısa bir pauza

hə indi gördüm

yenə yetərincə qısa bir pauza

amma o gördüklərimi mən elə həmişə görürdüm də

yetərincə qısa bir pauza

yəni gördüyüm

yetərincə qısa bir pauza

meşəylə örtülü bir yamacdır

yetərincə qısa bir pauza

bir zirvədir

yetərincə qısa bir pauza

onun üzəriylə isə

səmadır da uzanıb gedən

Kişi: Elədir

Qadın: sözünə davam edir

gördüyüm səma da

həmişəkindən

heç nəylə seçilmir

yetərincə qısa bir pauza

mavi yox,

boz-bulanıq bir rəngdədir

hə, hə,

bütün gördüyüm sadəcə, bundan ibarətdir,

vəssalam.

yetərincə qısa bir pauza

Kişi: başqa da heç nə

Qadın: Yox

qısa pauza

dayan, görüm,

yetərincə qısa bir pauza

hə, indi görürəm

yetərincə qısa bir pauza

hə,

görürəm

orada yamacda

həmişə orada olan

həmin evi

və saman anbarını təkrar görürəm

Kişi: Bunlardan başqa isə heç nəyi

Qadın: Nəyi qəsd edirsən axı?

Kişi: Heç nəyi, canım.

Pauza. Geriyə qanrılan kişi Qadını süzür.

Qadın: Başqa bir şey də yoxdur axı

Kişi: Bəlkə, həqiqətən də, heç nə yoxdur

Qadın: Bəlkə mənə elə gəldi

Pauza

Yoxsa, gözünə nə isə sataşdı?

Kişi: Yox, orada heçcə nə yoxdur

Qadın: Amma sən bayaq nəsə görmüşdün

Kişi: Ondan söz etməyə dəyməz, canım

Qadın: Bəs nə görmüşdün elə?

Kişi: Unut, getsin

Pauza

Qadın: Sən nə isə görmüşdün bayaq, ya yox?

Kişi:

Pauza

Qadın: Amma nə gördüyünü demək istəmirsən, eləmi?

Kişi: Ondan heç danışmağa da dəyməz

Qadın: Yəqin sırf mən görmədiyimə görə ondan danışmağa dəymir

Kişi:

Qadın: Amma o an təkcə sən onu görə bilərdin

Kişi:

Qadın: Onda elə bir şey heç mövcud da deyil

Kişi: Haqlısan, hər şey məhz sən deyən kimidir

Pauza

Qadın: Onda yolçu yolunda gərək

Kişi:

yerindən tərpənmir. Pauza

Qadın: İrəliyə getmək istəmirsən?

Kişi: İstəyirəm,

yetərincə qısa bir pauza

əlbəttə, istəyirəm

qısa pauza

Qadın: Əgər istəmirsənsə,

yetərincə qısa bir pauza

bu vacib deyil, ha,

yəni irəliyə getməmiz vacib sayılmaz

yetərincə qısa bir pauza

hər şey yolundadır.

Hə,

əlbəttə,

yetərincə qısa bir pauza

onsuz da, doyunca gəzib-dolaşmışıq

Qısa pauza

Kişi: Yox

Təbii ki, biz daha irəlilərə getməliyik

Qısa pauza.

Qadın: Amma dağın lap zirvəsinə dırmaşmamıza bir gərək qalmır

yetərincə qısa bir pauza

əgər istəmirsənsə, buna gərək də yoxdur

Kişi: Amma bayaq dedim axı, mən bunu istəyirəm

Qadın:

qısa pauza

Amma yenə də

Kişi: Haydı, onda gedək

Qadın: Sən istəyirsənsə,

yetərincə qısa bir pauza

onda gedək

Kişi: Hə istəyirəm

Yerindən tərpənmir. Uzun pauza.

Qadın: Mənə bax, ey,

Axı

yetərincə qısa bir pauza

axı sən orada nə görmüşdün, elə?

Kişi: Gəl bunu heç soruşma

Qadın: Mən orada heç nə görə bilmədim

qısa pauza

Bağışla,

yetərincə qısa bir pauza

hə,

hə, o sən deyəni nəzərdə tuturam

Kişi: Yəqin orada yerli-dibli heç nə yox imiş

Qadın: Və sadəcə, sənin gözünə nəsə görünübmüş

Kişi: Hə, yəqin mənim gözümə nəsə görünübmüş

Qadın: Yəqin elə olub

yetərincə qısa bir pauza

ən azından, mən orada heçcə nə görmədim

Pauza

Kişi: Gəl bir azcana oturaq.

Qadın: Oturaq da

Kişi və Qadın yerdə əyləşirlər.

Yorulmusan?

Kişi: Elə də yox

Qadın: Amma bir azca dincəlmək pis olmazdı

Kişi: Hə elədir

Qadın: Əcəb uzun bir yol qət elədik

Kişi: Çox da uzun sayılmaz

Qadın: Yox

yetərincə qısa bir pauza

amma qısa da sayılmaz

Kişi: Sən deyən olsun!

Uzun pauza. Geriyə qanrılan kişi təkrar uzaqlara göz qoyur, sonra yerindən qalxır və yenə uzaqlara baxmağına davam edir. Pauza.

Qadın: Nə isə gördün?

Pauza.

Acmamısan?

yetərincə qısa bir pauza

Bəlkə nə isə

içmək istəyərdin?

Pauza.

Hava da xoşdur, ha

yetərincə qısa bir pauza

nə yaxşı, hələ yağış yağmadı,

yetərincə qısa bir pauza

yoxsa, nə yağış altda,

nə də gün şaxıyanda gəzmək olur

qısa pauza

piyada gəzinti üçün

qısa pauza

bundan daha gözəl hava heç ələ düşməz

yetərincə qısa bir pauza

yetərincə qısa bir pauza

buralara qədər gəlib çıxmamıza,

düzü, sevinirəm

yetərincə qısa bir pauza

buna, yəni bu dağa çıxmağa biz

yetərincə qısa bir pauza

gör nə vaxtdır, hazırlaşırdıq

yetərincə qısa bir pauza

hərçənd onun adını hələ də bilmirəm,

yəqin sən də bundan xəbərsizsən?

qısa pauza

buna rəğmən də doyunca

gəzib-dolaşdıq,

yetərincə qısa bir pauza

yetərincə qısa bir pauza

ən azından mənə belə gəlir

yetərincə qısa bir pauza

birlikdə bu gəzintiyə vaxt tapmamıza

mən hədsiz dərəcədə şadam,

yetərincə qısa bir pauza

bəlkə bir az da gəzib-dolaşandan sonra

həm nə isə içər,

yetərincə qısa bir pauza

həm də nələrsə atışdırarıq.

yetərincə qısa bir pauza

Gəl elə də edək,

yetərincə qısa bir pauza

amma bir hovur oturub

yetərincə qısa bir pauza

dincəlmək də pis olmaz,

yetərincə qısa bir pauza

ayaqlarımın giziltisindən

uzun bir yol qət etdiyimizin fərqindəyəm.

yetərincə qısa bir pauza

Bəs sənin ovqatın

yetərincə qısa bir pauza

necədir, hə?

Kişi bir qədər önə keçir

Hə oturmaq

və bir hovur dincəlmək yerinə düşərdi,

Qabağa düşən Kişi yoluna davam edir

yoxsa, bizi qarşıda

yetərincə qısa bir pauza

hələ uzun bir yol gözləyir

yetərincə qısa bir pauza

əgər zirvəyə qalxacağıqsa,

yolumuz uzun olacaq

yetərincə qısa bir pauza

baxanda, adama

uzaq yermiş kimi görünür

yetərincə qısa bir pauza

amma qarşıda hələ bir günümüz də var, deyə

yetərincə qısa bir pauza

özümə təskinlik verirəm

Yerindən qalxan Qadın zənnlə Kişini süzür

hə, əgər

könlündən dincəlmək keçmirsə,

onda yolumuza

davam edə bilərik,

əlbəttə.

Kişi qabağa düşüb gedir hələ də

Mən də gəlirəm

Kişi ayaq saxlayıb uzaqlara baxır

Hara baxırsan belə?

Yoxsa, yenə nəsə görmüsən?

Kişi: Bəyəm, özün görmürsən?

Qadın: Yox, görmürəm

Kişi: Bəyəm, sən oradakı,

yetərincə qısa bir pauza

o irəlidəki işığı görmürsən?

Qadın: Yox, görmürəm

Kişi: Bəyəm, sən o qarşıdakı işığı

yetərincə qısa bir pauza

heç görmürsən?!

Qadın: Yox, görmürəm.

Kişi: əliylə irəlini nişan verir

Orada, dağın ardında

yetərincə qısa bir pauza

və bütün yamac boyu yayılmaqla

yetərincə qısa bir pauza

ta buralaracan gələn o işığı, yəni görmürsən?!

Qadın: Yox görmürəm,

yetərincə qısa bir pauza

yox, mən heç nə görmürəm.

Kişi: O gözqamaşdıran işığı?

Qadın: Yox,

yox, mən heç nə

heçcə nə görmürəm.

Kişi: O cür parlaq bir işığı

sən mütləq görməlisən, axı?!

Qadın: Görmürəm də

İşıq tədricən sönməyə başlayır

Kişi: İşıqda bərq vuran o fəzanı,

yəni sən

heçmi görmürsən?

Qadın: yox, görmürəm

Kişi: Axı oralar tamamən işığa bürünübdür

Sözünə ara verib, inamsız bir şəkildə yenə qabağa düşür. Qadın da yeyin addımlarla onun ardınca gedir.

Qadın: Mən heçcə nə görmürəm.

Bir dayan da,

dayan ki

sənə çata bilim də

Ancaq Kişi yolundan qalmır.

Bunun ardınca onun uçuruma yuvarlanma səsi və acı fəryadı eşidilir. Qadın da onun ardınca tələsir.

Səhnədəki işıqların hamısı sönür.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!