Tamarit divanı
Tamarit - İspaniyada tez-tez rast gəlinən mavritan toponimidir. Qranadanın ucqarında, Lorkanın ata mülkünün qonşuluğunda yerləşən Tamarit bağı (Uerta del Tamarit) şairin dayısı Qarsia Rodrigesə məxsus idi.
Sevgi və tənhalıq mövzusunda yazdığı "Tamarit Divanı" ("Dıvan del Tamarıt") şeirlər toplusunu Lorka "misraları əl-Həmranın divarlarına həkk olunmuş" ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib.
Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu kitabda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.
12 qəzəldən və 9 qəsidədən ibarət kitab 1934-cü ildə Qranada Universitetinin nəşriyyatında, görkəmli ərəbşünas alim Emilio Qomesin Ön sözüylə çap olunmalıydı. Lakin iş xeyli yubandığından həmin nəşr alınmadı, Lorka kitabı yalnız 1935-ci ildə tamamlaya bildi və "Tamarit Divanı" ilk dəfə şairin faciəli ölümündən dörd il sonra, 1940-cı ildə Nyu-Yorkda "Revista İspanika Moderna" dərgisində işıq üzü gördü.
Federiko Qarsiya LORKA
I. Gözlənilməz sevgiyə qəzəl
Bu şirin qoxusu gözəl ağuşun
kimsə baş açmadı nədəndi axı;
bilmədilər sıxıb sevgi quşunu
dişlərinlə necə ağrıtdığını.
Min-min Əcəm atı yuxuya getdi,
Ay işığı düşən soyuq alında;
sənin qar düşməni qoynuna girib,
dörd gecə oxşayıb sığallayanda.
Şəffaf toxumlartək göz qapaqların
uçub getdi jasminlər arasından;
ürəyimdə mərmər sözlər aradım,
istədim ki, bu həsrət yarasından
səninçün bir əbədi bağ yaradım:
bir bağ ki ömürlük həyatın olsun,
ağzım dolsun damarının qanıyla,
dodaqların ölüm saatım olsun.
II. Qorxulu yaxınlıq haqqında qəzəl
Uçurub-dağıtmasın
kaş sular bənd-bərəni,
cənginə keçirməsin kaş külək dağ-dərəni.
Kaş gecələr kor qalıb
yeri-göyü görməsin,
kaş ürək xumarlığın ləzzətini bilməsin.
Xısınlaşsın öküzlər
ağacın yarpağıyla,
soxulcanlar gəbərsin yerin qaranlığında.
Ağartsın dişlərini
kəllələr səhər-axşam,
ağ ipək üstündəki sarıya çox baxmışam.
Çox görmüşəm
gündüzə yaralı bir gürzətək
dolanaraq çırpınan yarımcan gecəni mən.
Zəhər dadan qürubun
ağusundan içərəm,
illərin külü qalan tağın altdan keçərəm.
Amma qırçın sularda
bir qara kaktus kimi
məsum çılpaqlığınla qamaşdırma gözümü.
Həsrətindən boğulum
qoy uzaqda doyunca,
kaş unudum dərinin sərinliyini ancaq.
III. Ümidsiz sevgiyə qəzəl
Gəlmək istəmir gecə -
necə durum gedim mən,
ya sən gələsən necə?
Amma gedəsiyəm mən -
bürkü əqrəbə dönüb, lap məni sancsa belə.
Onsuz da gələcəksən -
yağışın şor suyundan dilin acışsa belə.
Açılmaq bilmir səhər -
açılmır ki, gedim mən,
açılmır ki, gələsən.
Amma gedəsiyəm mən -
bu çeynənmiş saplağı atıb qurbağalara.
Onsuz da gələcəksən -
bu sonsuz qaranlığın zülmət lağımlarıyla.
Gəlmək istəmir gecə,
açılmaq bilmir səhər -
sənsiz öləm mən deyə,
mənsiz öləsən, deyə.
IV. Gizli sevgiyə qəzəl
Sənin gül çələnginə
mən bir verbena hördüm -
Vela çanından ötrü, Vela çanından ötrü.
Ayın itib-batdığı
otların arasında
Qranada elə bil zərli güləbətindi.
Bağım Kartaxenada
saraldı, soldu, getdi -
Vela çanından ötrü, Vela çanından ötrü.
Tənha yelqovanların
o üzündə qızaran
Qranada elə bil yaralı bir cüyürdü.
Yandım, alışdım
sənin bədəninin odunda -
Vela çanından ötrü, Vela çanından ötrü.
Yandım bütün gecəni,
qovruldum sübhə qədər,
amma yenə bilmədim kiminkidi bu bədən.
V. Ölmüş uşağa qəzəl
Hər axşam,
hər axşam bir uşaq ölür,
bir uşaq gömülür Qranadada.
Hər gecə sular da verib baş-başa
danışır bu dərddən, bu qan-qadadan.
Buludlu, buludsuz
qoşa külək var -
ölənlər hamısı yosun qanadlı.
Qüllənin başında
bir cüt qırqovul -
uşaq yarasıtək qürub da qanlı.
Göydə
qaranquşun kölgəsi qalmaz
şərab kahasında səni görüncə.
Yerdə
bulud izi, göy izi qalmaz -
çayın sularına sən gömülüncə.
Batdı sel-suyunda
güllər, köpəklər
dağların başında əriyən qarın.
Uyu bu sahildə,
sən ey buz mələk -
uyu kölgəsində ovuclarımın.
VI. Acı kök haqqında qəzəl
Dünyada bir acı kök var
və minlərlə ayıq-sayıq pəncərə.
Ən ufacıq əllər belə
qırmaz suyun qapısını heç cürə.
Acı kök.
Acıdan acı.
Hara gedirsən axı?
Arıların bir-birini qırdığı
min qatlı, min pəncərəli açıq göy,
bir də kök var -
həmin kökdür, həmin kök.
Acı kök.
Acıdan acı.
Ağrıların göynərtisi
asta-asta axır üzdən dabana;
inildəyir, sızıldayır gecənin
isti-isti kəsilmiş ağacında.
Çeynə, öz acı kökünü
eşqim mənim -
sən ey qanlı düşmənim!
VII. Anlaşılmaz ölümə qəzəl
Mən bir güz almasının yuxusuyla uyumaq,
qəbristan bolluğundan yayınmaq istəyirəm.
Ürəyini dənizə ismarlayan çocuğun
röyasına bələnib bayılmaq istəyirəm.
Demə qanı diridir cansız meyitlərin də,
guya suya təşnədir çürümüş dodaqları.
Danışma ot olmağın sonsuz əziyyətindən,
hilal necə andırır qorxunc ilan ağzını.
Kaş qəfildən bayılım,
yatım bir göz qırpımı, yatım yüz illər boyu!
Amma hamı da mənim
ölmədiyimi bilsin,
bilsin ki, qızıl axur bax, bu dodaqlardı var,
məğrib küləklərinin mənəm dostu, munisi,
yepyekə kölgəsiyəm bir damcı göz yaşımın.
Sübh çağı örtərsiniz
üzümü yaxşı-yaxşı,
qapqara qarışqalar gözümə doluşmasın.
Su vurub isladarsız ayağımın altını,
əqrəblərin neştəri sürüşüb boşa çıxsın.
Qoy payız almasının
yuxusuyla yatıb da
yer üzünü yuyacaq bir ağını öyrənim.
Çünki açıq dənizdə
elə hey can atıb da
ürəyini köksündən qoparmağa çalışan
o dəcəl uşaqdaca qalmaqdı arzum mənim.
VIII. Qənirsiz sevgiyə qəzəl
Bu amansız səhranın
odu, közü, atəşi -
sən mənim ürəyimdə bir jasmin jaləsiydin.
Bu amansız göylərin
göz deşən parıltısı -
sən mənim ürəyimdə qarın xışıltısıydın.
Bu göy üzü, bu səhra
qolumu qandalladı.
Bu cəhənnəm atəşi
yarama duz bağladı.
IX. Sevgi xatirəsinə qəzəl
Qal mənim yaddaşımda
gözəl bir kölgə kimi,
amma bağışla mənə sevgi xatirəsini.
Bağışla o qaranlıq,
soyuq yanvar axşamı
gilasın gözündəki titrək yalvarışları.
Yuxusuz gecələrim
keçir sayıqlamada,
qalmışam ölülərlə eləcə bir dam altda.
Sarmaşığın hasara
dırmaşan gülləritək
acı göz yaşlarını soldurur bu gips ürək.
İtə dönüb gözlərim,
daha mənimki deyil,
gəzirlər, dolaşırlar bağçada veyil-veyil.
Bəzən bütün gecəni
sülənirlər hardasa,
zəhərli meyvələrin, kolların arasında.
Ara vermədən əsən
bu çovğun yellərinin
nəfəsindən vahimə tülpan kimi yellənir.
Erkən qış səhərinin
qaranlığı, zülməti
solğun ətirşahların qarğışından betərdi.
Yuxusuz gecələrim
keçir sayıqlamada,
qalmışam ölülərlə eləcə bir dam altda.
Sayıqlayan gecənin
qapısı arxasında
ölülər sübh çağını gözləyir intizarla.
Lal bədənin dərəsi ağ tüstüyə bələndi,
duman tutdu hər yanı.
Bizim görüşdüyümüz tağın altında indi
matəm şamları yanır.
Yox ol, gözəl kölgətək,
Dağıl, ağ duman kimi -
amma bağışla mənə sevgi xatirəsini.
X. Qaçış haqqında qəzəl
Neçə dəfə dənizdə
itirmişəm özümü -
yaddaşımda işıqlı, çiçəkli xatirələr;
dilim ağrılarımla, sevgilərimlə dolu.
Neçə dəfə dənizdə
itirmişəm özümü -
uşaqların qəlbində yoxa çıxdığım kimi.
Elə bir kəs yoxdu ki,
öpüşərkən duymasın
üzü olmayanların xəfif təbəssümünü;
beşikdəki körpəyə toxunarkən anmasın,
düşünməsin bir anlıq atların kəlləsini.
Çünki sərt görünüşlü
alın sümüklərində
çiçəklər soraqlanır, qızılgüllər aranır;
çünki bizim əlimiz torpağın altındakı
köklərə bənzəməkdən özgə işə yaramır.
Neçə dəfə özümü
itirmişəm dənizdə -
uşaqların qəlbində hərdən itdiyim kimi.
İndi kor dənizçitək axtarıram, gəzirəm
məni məhv eləyəcək gur işıqlı ölümü.
XI. Səhər bazarına qəzəl
Mən Elvira qapısında
sübhdən durub gözləyəcəm;
Adını öyrənib, sonra
ağlayıb çıxıb gedəcəm.
Yanağında donub-qalan
hansı Ayın şöləsidir?
Qar üstdəki bu tonqalın
kim yığacaq zərrəsini?
Bülluru məhv edən tikan,
görəsən, hansı qanqalın,
ya kaktusun iynəsidir?
Adını öyrənmək üçün,
ağlayıb hönkürmək üçün
gözləyəcəm səhər tezdən
Elvira qapısında mən.
Bazarın bu hay-küyündə
zilə qalxdı səsin, qəfil!
Buğda qalağı içində
sən ey sevimli qərənfil!
Nə qədər uzağam sənə
lap yanında bitsəm belə;
nə qədər yaxınsan mənə
uzaqlaşıb getsən belə!
Mən Elvira qapısında
sübhdən durub gözləyəcəm;
Adını öyrənib, sonra
ağlayıb çıxıb gedəcəm.
XII. Yüziilik sevgiyə qəzəl
Küçənin o başında
göründü dörd kavaler.
Ay, ay, ay, ayy.
Gedir üzüaşağı
küçəylə üç kavaler.
Ay, ay, ayy.
Əli belində, şəstlə
gəzir iki kavaler.
Ay, ayy.
O dönüb gedənə bax -
necə gözəldir, Allah!
Ayy.
Mərsinlərin altında
bir kimsə gəzmir daha.
Çevirəni: Mahir N.Qarayev
(ispancadan sətri tərcümə əsasında)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!