Kəpənək - İosif Brodskinin şeiri

İosif BRODSKİ (1940-1996) - Rus əsilli ABŞ şairi, esseçisi, dramaturqu, tərcüməçisi və pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

1

 

Necə deyim, ölüsən?!

Sən bircə gün yaşadın.

Tanrı zarafatında

Bu incə eyhama bax:

"Sən yaşadın" deməyə

Mən heç macal tapmadan,

Elə doğulduğun gün

Ovcumda toza döndün.

İndi mən necə çıxım

Bir gündən həmin günü?!

 

2

 

Axı bizlərdən ötrü

Bir gün heç nədir, heç nə.

Günlər nə könül oxşar,

Nə yaxaya taxılar.

Təndən məhrum o günlər

Ağ fondan seçilməzlər,

Onlar da sənə bənzər -

Axı on yol kiçilmiş

Günlərdən hər birinin

Siqləti nə qədərdir?

 

3

 

Necə deyim ki, yoxsan?!

Ovcumda qalanların

Sənlə bağlı nəyi var?

Axı rəngin özü də

Yoxluq nişanı deyil.

Və onun diktəsiylə

Yaxılmır ki, boyalar...

Məntək rənglər naşısı,

Durmadan donquldanan

Biri çətin ki, o rəng

Aləmini dərk edə.

 

4

 

Sənin qanadlarında

Xeyli incə nişan var.

Bir dilbərin, bir quşun

Kirpiyindən, gözündən

Qanadların açıbdır

Onlara öz ağuşun.

Yoxsa, de, bu gördüyüm

Hansısa nəsnələrdən,

Bəhərdən, nemətlərdən,

Ya da balıq ovundan

Gələn qənimətlərdən

Qurulan natürmortun

Zərrəsi, detalıdır?

 

5

 

Bəlkə sən - mənzərəsən?

Zərrəbin ilə baxsam,

Səndə su pəriləri,

Çimərlik, rəqs görərəm.

Gündüz işıq var orda?

Yoxsa, gecətək kordur?

Nə doğur, necə doğur

Oranın səmasında?

Orda hansı fiqurlar

Cəlb edirmiş diqqəti?

Onu hardan və necə

Xəlq eləyib Yaradan?

 

6

 

Məncə, səndə cəmləşib

Ulduzlardan, üzlərdən,

Nəsnələrdən nişanlar -

Sən həm osan, həm də bu.

O, necə zərgərmiş ki,

Qaşlarını çatmadan

Ağlasığmaz şəkildə

Həm həkk edir o incə

Naxışlara dünyanı?!

Dara çəkildiyimiz

O sehrli aləmdə

Sən - nəsnə haqda fikir,

Bizsə, həmin nəsnəyik.

 

7

 

Bu göllər diyarında

Bircə gün yaşa deyə,

Niyə bu şux naxışlar

Sənə bəxş olunubmuş?!

Niyə onların bərqin

Qoruyur hələ fəza?!

Axı bir tora düşüb,

Ovucda çırpındığın

Qısa anlarda belə,

Ardınca düşənlərin

Gözünü, ya könlünü

Oxşamana vaxt qalmır.

 

8

 

Artıq bu suallara

Cavab verən deyilsən.

Ona görə yox ki, sən

Utancaq, ya inciksən,

Ya da artıq... ölü(b)sən.

Tanrı hər bir məxluqa

- Fərq etməz: ölü, diri -

Ünsiyyət qursun deyə,

Oxusun, ötsün, ya da,

Anı, məqamı, günü

Qismən uzatsın deyə,

Səs verib, nəva verib.

 

9

 

Təkcə sənə çox görüb

O neməti Yaradan.

Bir az dərin düşünsək,

Bəlkə belə yaxşıdır:

Axı niyə nədəsə

Göyə borclu qalasan?!

Ömrünün, siqlətinin

Üstündən sükut ilə

Keçirlərsə - qəm yemə.

Axı səs də bir yükdür,

Zamantək tənsiz ikən

Səssizlikdir nəsibin.

 

10

 

Kol üstə uçuşarkən,

Sən küldən də yüngülsən.

Qorxu nədir - bilməzsən,

Hürküdən xəbərsizsən.

Keçmişlə gələcəyin

O kəsif zindanına

Girən biri deyilsən.

Odur ki, yem dalınca

Çəmənə üz tutanda,

Sanki hava özü də

Qəfil bir şəkil alır.

 

11

 

Miləmil vərəq üstə

Şütüyərkən qələm də

Eynən bu cür davranır:

Müdrikliklə küfrdən

Yoğrulan bir misranın

Taleyindən xəbərsiz

Şair təbə güc verir.

O yazdıqca lal sözlər

Pardaxlanır, canlanır.

O, çiçəkdən tozu yox,

Çiynindən yükü atır.

 

12

 

Bu cür şux gözəllərin

Ömrü də qısa olur.

Odur ki, qınaq ilə

Büzülür dodaqları.

Başqa necə deyəsən

Dünyanı xəlq etməkdən

Tanrı niyyət güdməyib?

Hətta güdsəydi belə,

O niyyət - biz deyildik.

Hə, entomoloq dostum,

Bil ki, nurla, zülmətlə

Saplanan iynə yoxdur.

 

13

 

Bəlkə "əlvida" deyim?..

Adamlar tapılır ki,

Özündən də xəbərsiz

Yumurtadan yun qırxır.

Ancaq, buna da səbəb -

Onların cütadamlıq

Çarpayıda daddığı

Dərin yuxular və ya

Yaşanmış keçmiş deyil,

Kəpənək sürüsüdür!

 

14

 

Sən Yoxluq fövqündəsən

Ondan daha yaxın və

Gözəgörünən ikən,

Daxili məğzin ilə

Ona hədsiz oxşarsan.

Sən uçduqca, Yoxluq da

Cana gəldi, göründü.

Elə buna görə də

Ömrün lal axarında

Sən onunla aramda

Görülməyə dəyəcək

Zərif pərdəyə döndün.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!