Rayner Mariya Rilke
Rilkenin iki ən məşhur əsərindən birincisi "Duino elegiyaları" silsiləsidir (digəri "Orfey üçün sonetlər" silsiləsidir). 1912-ci ildə Rilke mənəvi sarsıntılar keçirirdi. Həmin dövrdə knyaginya Mariya fon Turn-und-Taksis Qoqenloenin dəvəti ilə Triyest şəhərindəki Duino qəsrinə qonaq gedir. Bir neçə ay orada yaşayan şair ilk elegiyanı elə həmin ildə qələmə alır. Sonuncu elegiyanı isə on ildən sonra - 1922-ci ildə tamamlayır. Əksər tənqidçilər tərəfindən bu on illik dövr Rilkenin şəxsiyyət və şair kimi formalaşdığı dövr olaraq qəbul edilir.
"Duino elegiyaları"ndan
Birinci elegiya
Qışqırsam, kim eşidər məni mələklərin mərtəbəsindən?
Və bassa belə içlərindən biri gözlənilmədən məni bağrına:
əriyib gedərdim onun üstün varlığı qarşısında.
Çünki gözəl olan, çətinliklə qatlana bildiyimiz Qorxunun
başlanğıcıdır, sadəcə. Heyranıq ona, bizi məhv etməyi özünə
sığışdırmadığı üçün. Bütün mələklər qorxuncdur.
Mən də qaranlıq hıçqırıqlarımı ürəyimə basdırıb
tuturam özümü. Kimdən kömək istəyə bilərik ki?
Mələklərdən yox, insanlardan yox,
heyvanlar başa düşə bilər ancaq rahat olmadığımızı,
bu izah olunmuş dünyada. Bəlkə də bizə qalan
yamacdakı bir ağacdır, hər gün görək deyə;
dünən gördüyümüz küçədir bizə qalan
və bir vərdişin ərköyün sədaqətidir,
xoşuna gəlmişik və tərk etməyib bizi, yanımızda qalıb.
Bir də gecə var, ah, gecə, dünya dolusu külək
üzümüzə vurarkən - kimə qalmaz ki o gözlənən,
xəyal qırıqlığına uğradan, hər bir ürəyi gözləyən
çətin gecə. Sevənlər üçün daha asandır sanki?
Ah, onlar ki bir-birini örtər, sadəcə bəxtləri ilə.
Bilmirsən hələ də? At qollarından boşluğu
dincəldiyimiz yerlərə; bəlkə quşlar genişlənən göy üzünü
hiss edər daha dərin uçuşlarla.
Hə, baharların ehtiyacı var idi sənə. Gözləmişdi bəzi
ulduzlar sənin tərəfindən görülməyi. Qabarıb gəlmişdi
bir dalğa keçmişdən və ya sən açıq bir pəncərənin
qabağından keçəndə özünü sənə buraxmışdı
bir skripka. Bunlar sənin vəzifən idi.
Amma öhdəsindən gələ bildinmi?
Sənə hər şey bir sevgini müjdələyərkən,
sən dağınıq gözləntilər içində deyildin ki? (Harada
saxlayacaqsan onu, böyük qərib düşüncələr
yanından keçib gedərkən və yanında gecələyərkən.)
Amma darıxsan, nəğmə oxu sevənlər üçün;
hələ ölüb getməyib o şanlı duyğuları.
Tərk edilmişlərdən bəhs et, onları qısqanırdın az qala,
vüsala çatanlardan daha yüksək tuturdun onları.
Həmişə təzədən başqa heç vaxt çata bilməyəcəyin tərifə;
fikirləş: qəhrəman daim özünə sahibdir,
məğlubiyyət belə onun üçün varolmadır: sonuncu doğum.
Amma sevənləri qucağına alır yorğun təbiət,
elə bil gücü bunu ikinci dəfə etməyə çatmayacaq.
Qaspara Stampanı kifayət qədər fikirləşmisənmi?
Belə ki, sevdiyini itirən qız bu örnəyin
önündə yüksəlib, sevənləri başa düşsə və
"mən də onun kimi ola bilsəm", deyə bilsə.
Bu ən köhnə dərdlərin
çiçək açması lazım deyildirmi içimizdə?
Vaxtı çatmayıbmı, özümüzü sevgilidən
sevgiylə xilas etməyin və titrəyərək ayaq üstdə
qalmağımızın?! Necə ki ox xilas olur yaydan
uçuşunda özünü aşmaq üçün.
Çünki haradasa qalmaq mümkün deyil.
Səslər, səslər. Eşit, ürəyim, sadəcə, müqəddəslərin
eşitdiyi kimi. O əsrarəngiz səslər onları
yerdən qaldırmışdı; amma onlar, o inanılmazlar
diz çökməyə davam etmiş, fikir verməmişdilər;
eşitmişdilər beləcə. Tanrının səsinə dözə biləcəyini
zənn etmə. Amma əsib gələni eşit,
səssizlikdən çıxıb gələn o fasiləsiz xəbəri.
Sənə güc ölülərdən çağlayıb gələr indi.
Addımını atdığın hər yerdə, Roma və
Neapoldakı kilsələrdə danışmadımı səninlə
taleləri? Ya da bir kitabə göstərişlə
söykənmədimi sənə, bu yaxınlarda
Santa Mariya Formasadakı o lövhə kimi?
Məndən nə istəyirlər? Ruhlarının saf hərəkətini
vaxtaşırı bir az əngəlləyən çarəsiz
görünüşdən əl çəkməyimi.
Əlbəttə, qəribədir yer üzündə yaşamamaq artıq,
hələ təzə öyrənilmiş adətləri davam etdirməmək,
güllərə və vədlər verən başqa şeylərə insan
gələcəyinə dair məna yükləməmək, o qorxulu əllərdə
artıq mövcud olmamaq və öz adını belə
sınıq oyuncaq kimi kənara qoymaq. Qəribədir
arzuları bir daha diləməmək. Qəribədir
bir-birinə bağlı şeylərin fəzada parçalandığını
görmək. Və əzablıdır ölü olmaq, zamanla hiss etdiyi
bir əlçim sonsuzluqla ovunur insan. Amma
bu cür kəskin fərqlər qoymaq bütün canlıların
səhvidir. Mələklər (deyilənlərə görə) çox vaxt
başa düşə bilmirlər ki, dirilərdəndirlər,
yoxsa, ölülərdən, əbədi çay hər iki aləmdə
caynağına keçirir hamını, özünə qatır,
yuyub aparır və batırır səslərini.
Ehtiyacı yoxdur bizə belə tez yox olanların,
əlaqələri üzülür dünyayla yavaş-yavaş, uşağın
ana südündən kəsilməsi kimi. Amma bizlərin
sirrinə möhtac olanlar, kədərindən xoşbəxt
addımlar yarananlar: onlarsız var ola bilərdikmi?
Əbəs yerə yaranmayıb ki, bir vaxtlar musiqinin
ilk cəsur nəğmələrinin Line üçün oxunan ağıdan
quraq donuqluğu deşib çıxması əfsanəsi; o
yarımüqəddəs gəncin qəfil və əbədiyyətlə
addımladığı fəzada başlayıb bu gün bizi sehrləyən,
təsəlli verən, əl uzadan boşluq ilk dəfə titrəməyə.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!