Yazmaq sevinci - Rey Bredberi

Şövq. Ehtiras. Bu sözləri nə qədər az eşidirik artıq. Həm həyatda, həm də yaradıcılıqda nə qədər nadirən qarşımıza çıxır bu sözlər. Yenə də məndən hər hansı bir yazıçının yazıçı kimi onun içindəki ən vacib şeyin adını çəkməyimi xahiş etsələr, cavabım belə olacaq: ehtiras və şövq...

Hər birinizin sevimli yazıçılarınız var, mənimkilər: Dikkens, Mark Tven, Tomas Vulf, Pikok, Bernard Şou, Molyer, Ben Conson, Uiçerli, Sem Conson. Şairlər: Cerard Menli Hopkins, Dilan Tomas, Pop. Rəssamlar: El Qreko, Tintoretto. Bəstəkarlar: Motsart, Haydn, Ravel, İohann Ştraus. Məsələn, Şekspir və ya Melvill haqqında düşünün və külək, şimşək, ildırım haqqında düşünmüş olacaqsız. Adlarını çəkdiyim hər kəs ehtirasla yaradıb, bəziləri böyük, bəziləri kiçik formalarda, bəziləri məhdud kətanlarda, bəziləri qeyri-məhdud şəkildə. Tanrıların övladları idi onlar, bəzən işləmək nə qədər çətin olsa da, başqalarından gizli olan şəxsi həyatları hansı xəstəliklərə düçar olsa da, yaradıcılıq sevincinin nə olduğunu bilirdilər. Onlar öz canları və əlləri ilə yaratdıqlarından həqiqətən, əhəmiyyətli olanın nə olduğunu bizə daha da aydın çatdırdılar və indi də bizim üçün onların yaradıcılığı son həddə qədər insani və intellektual güclə doludur.

Məsələn, El Qrekonun portretlərindəki detallara daha yaxından baxın; işin ona sevinc gətirmədiyini deməyə cəsarət edirsiz?

Ən yaxşı caz musiqisi bar-bar bağırır: "Mən əbədi yaşayacağam, ölümə inanmıram".

Ən yaxşı heykəl, Nefertitinin başı kimi, təkrar-təkrar təkrarlayır: "Gözəl olan bura gəldi və əbədi olaraq burada qaldı".

Adlarını çəkdiklərimin hər biri bu civədən, həyatın bir damlasını tutmağı bacardı, onu əbədi olaraq dondurdu və yaradıcı alovla alovlanaraq, ona işarə edərək dedi: "Yaxşı, bu yaxşı deyilmi?" Və bu yaxşı idi.

Bütün bunların bu günlərdə yazıçının hekayələr üzərində işləməsi ilə nə əlaqəsi var, soruşursuz? Məsələ burasındadır: ehtirassız, şövqsüz, sevgisiz yazırsızsa, siz ancaq yazıçının yarısısız. Bu o deməkdir ki, siz daim ticarət bazarına baxırsız və ya avanqard elitanın fikirlərini dinləyirsiz və buna görə də özünüzdən qıraqda qalırsız. Üstəlik, siz özünüzü tanımırsız bu gedişlə. Hər şeydən əvvəl, yazıçının ürəyi narahat olmalıdır. Yazıçı həyəcan və ləzzət qızdırması içində olmalıdır. Əgər belə deyilsə, qoy, çöldə işləsin, şaftalı yığsın və ya səngər qazsın; Allah bilir, bu fəaliyyətlər sənin sağlamlığın üçün daha faydalıdır.

Əsl sevgini və ya əsl nifrətini göstərən hekayəni sonuncu dəfə nə zaman yazmısız? Axırıncı dəfə əlyazmanızın vərəqlərinə yırtıcı bir heyvanı buraxmaq üçün nə vaxt cəsarət tapdınız? Həyatınızdakı ən yaxşı və ən pis şey nədir və nəhayət, nə vaxt qışqıracaqsınız və ya hər ikisini pıçıldayacaqsınız?

Yaxşı, məsələn, gözləmə otağında və diş həkimində vərəqlədiyiniz Harpersin nömrəsini stolun üstünə atmaq, yazı makinanıza tələsmək və bu jurnalın heyrətamiz dərəcədə axmaq bayağılığına şən qəzəblə hücum etmək gözəl deyilmi? Bu, bir neçə il əvvəl etdiyim şeydir. Elə bir məsələ ilə rastlaşdım ki, Harpersin fotoqrafları bərabərlik haqqında alt-üst fikirləri ilə bu dəfə Puerto-Rikonun gecəqondularının sakinlərini fon kimi istifadə ediblər. Bu şəkillər məni o qədər hiddətləndirdi ki, yazı makinasına tərəf qaçdım və bir oturuşda hər kadrda dayanıb şalvarını yerə salmaqla bütün birgünlük işini məhv edən qoca bir puerto-rikolunun hekayəsini - "Günəş və Kölgə"ni yazdım.

Yəqin ki, bəziləriniz mənimlə eyni şeyi etməkdən çəkinməzsiniz. Mən özüm bu sevinci tam olaraq yaşadım, həzz fəryadımın və içimdəki vəhşi ehtirasın kişnəməsinin təmizləyici təsirini gördüm. "Harpers" redaktorlarının, çox güman ki, hekayədən xəbəri belə yox idi, lakin bir çox oxucular bilirdi və onlar bizi bir-birimizə qarşı qoymağa başladılar. Demirəm ki, qalib gəldim, amma əlcəklərimi çıxaranda üzərində qan var idi.

Siz axırıncı dəfə nə vaxt mənim kimi, sadəcə, qəzəbdən hekayə yazmısınız?

Gecələr gəzməyi və bəlkə də düşünməyi sevdiyiniz üçün sonuncu dəfə nə vaxt evinizin iki addımlığında polis sizi saxlayıb? Bu mənim başıma tez-tez gəlirdi və bir gün əsəbiləşib bizdən təxminən, əlli il sonra bir zaman haqqında hekayə yazdım, bir adam televiziyada deyil, reallığı görmək istədiyi üçün həbs edilib psixiatrik müayinəyə aparılırdı orda.

Ancaq qəzəb və qıcıqlanma haqqında kifayət qədər danışdım, bəs sevgi haqqında nə demək olar? Dünyada ən çox nəyi sevirsiz? Mən kiçik və ya böyük şeylərdən danışıram. Bəlkə bir tramvay, ya da bir cüt tennis ayaqqabısı? Çoxdan, biz uşaq olanda, bu şeylər bizim üçün sehrli idi. Keçən il bir oğlanın tramvayın sonuncu sərnişini olması haqqında hekayə dərc etmişdim. Tramvaydan yay tufanları və şimşək iyi gəlir, oturacaqları sərin yaşıl mamırla örtülmüş kimi görünür, lakin o, yerini daha az romantik qoxuyan avtobusa verməyə məhkumdur. Bir cüt yeni tennis ayaqqabısı istəyən bir oğlan haqqında başqa bir hekayə var idi, çünki o, çayların, evlərin və küçələrin, hətta kolların, səkilərin və itlərin üstündən tullana bilərdi. Yayda Afrika veldtində qaçan antiloplar və ceyranlar - onun üçün bu ayaqqabıların mənası budur. Onlar fırtınalı çayların və tufanların enerjisini ehtiva edir; Onun tamamilə onlara, bu tennis ayaqqabılarına ehtiyacı var, onlara hər şeydən çox ehtiyacı var.

Budur mənim reseptim, çox sadədir. Ən çox nəyə ehtiyacınız var? Nəyi sevirsiz və nəyə nifrət edirsiz? Sizə bənzəyən birini düşünün, məsələn, bir şeyi bütün qəlbi ilə istəyən və ya istəməyən. Qoy, qaçmağa hazırlaşsın. Sonra bir başlanğıc verin. Və - izləmək, bir addım da geri qalmamaq. Siz bilmədən qəhrəmanınız böyük sevgisi və ya nifrəti ilə sizi hekayənin sonuna qədər aparacaq. Onun ehtiraslarının şövqü (təkcə sevgidə deyil, nifrətdə də ehtiras var) ətrafdakı hər şeyi alovlandıracaq və makinanızın hərarətini otuz dərəcə qaldıracaq.

Bütün bunları, ilk növbədə, bu sənətə yiyələnmiş, yəni qaçarkən büdrəməmək üçün kifayət qədər qrammatika və ədəbi biliklər qoymuş yazıçılara müraciət edirəm. Bununla belə, bu məsləhət həm də səhv texnikaya görə addımları səhv ola bilən yeni başlayanlar üçün də uyğundur. Ehtiras belə hallarda belə çox vaxt kömək edir.

Buna görə də hər hansı bir hekayənin hekayəsi hava hesabatı kimi oxunmalıdır: bu gün soyuq, sabah isti. Bu gün günortadan sonra evi yandırın. Sabah hələ də yanan kömürlərin üzərinə soyuq tənqid suyu tökün. Sabah düşünmək, parçalamaq və yenidən yazmaq üçün vaxt olacaq, amma bu gün partlayacaq, hər tərəfə parçalanacaq, ən kiçik hissəciklərə parçalanacaq! Növbəti altı-yeddi qaralama əsl işgəncə olacaq. Bəs niyə sevincinizin dünyada bu hekayəni oxuyanda sizin alovunuzla alovlanacaq başqalarını tapacağı ümidi ilə birincidən həzz almayasınız?

Alovun böyük olması heç də vacib deyil. Yanan bir şam kimi kiçik bir alov kifayətdir: tramvay kimi sehrli maşına və ya səhər tezdən otların arasında dovşan kimi hoppanan bir cüt tennis ayaqqabısı kimi sehrli olması kifayətdir. Özünüz üçün kiçik ləzzətlər tapmağa çalışın, kiçik kədərlər axtarın və hər ikisinə forma verin. Onları dadın, makinanızı da sınayın. Axırıncı dəfə nə vaxt şeir kitabı oxumusuz və ya bir axşam bir-iki esse yazmağa vaxt tapmısız?

Tomas Vulf dünyanı uddu və lava səpdi kağızların üstünə. Çarlz Dikkens bir masadan yeməklərin dadına baxaraq onu digər masa ilə dəyişdi. Molyer həyatın dadına baxaraq neştər götürməyə getdi. Pop və Şou da eyni şeyi etdilər. Ədəbiyyat kosmosunda, hara baxırsan, böyüklər sevgi və nifrətə qərq olurlar. İçinizdə nifrət, sevgi kimi köhnəlmiş şeylərə yer qalıbmı? Əgər yoxsa, o zaman nə qədər sevinc sizdən uzaq keçir! Qəzəblənmək və məyus olmaq sevinci, sevmək və sevilmək sevinci, başqalarına toxunmaq və bizi beşikdən məzara qədər dövrə vuran bu maskarad topunun həyəcanını yaşamaq sevinci. Ömür qısadır, iztirablar sonsuzdur, ölüm qaçılmazdır. Amma səfərə çıxanda, bəlkə də birində Şövq, digərində Ehtiras yazılan bu iki şarı götürməyə dəyər. Onlarla birlikdə tabuta gedəndə hələ də balaca bir qızın oyuncaqlarını yerdən götürmək, yaraşıqlı bir qızın saçını sığallamaq və ağaca dırmaşan nadinc oğlanlara əl yelləmək fikrindəyəm.

Kim mənə qoşulmaq istəyirsə, xoş gəlmisiniz - yolda hamı üçün kifayət qədər yer var...

 

Tərcümə: Malik ATİLAY


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!