1970-ci ildə Qırğızıstanın Narın vilayətində anadan olub. Moskvada yaşayır. Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, bir çox ödüllərin - diplom və medalların mükafatçısı, şeir, nəsr və tərcümə kitablarının müəllifidir. Müasir qırğız ədəbiyyatının istedadlı nümayəndələrindən olan Kayırqül Sıdıkanovanın poeziyasından bir necə nümunəni orijinaldan tərcüməmdə diqqətinizə təqdim edirəm.
Adil CƏMİL
Vətənim
Bayrağımın al-qırmızı bəzəyi
Yurtamızda nəfəsliyin bələyi.
Gün altında işıq saçır millətim,
Ər Manasdır elimizin dirəyi.
Dağlarımda qartalların yuvası,
Yaylağımda çiçək ətri, havası,
Ana yurdum, hər qarışın müqəddəs,
Sənsən mənim ellərimin obası.
Axıb gedən bol suların tükənməz,
Od-alovlu arzuların tükənməz.
Qırğızları dünya yaxşı tanıyır,
Şərəflisən - namus, arın tükənməz.
Sıralanıb yaşıl ardıc meşəsi,
Buludların ağlamaqdır peşəsi.
Biz təzədən doğularıq, inanın -
Tariximiz hər gün yada düşəsi.
Sən fəxrimiz, vüqarımız, ey Vətən!
Bu canımda sən ürəksən, mən - bədən.
Duz-çörəyi qızın kimi bölürəm,
Yaşamağı sən olmusan öyrədən.
Ana dilim
Əzəl gündən ulu qırğız xalqımın
Vuran qəlbi ana dilim olubdur.
Qanımla bir axıb mənim canıma,
Onu sevən doğma elim olubdur.
Şirin olur hər millətin öz dili,
Millət sağdır - demək dili diridir.
Yazı-pozum, danışığım bu dildə,
Ana dilim öz anamın dilidir.
İnsan laldır ana dili olmasa,
O, beşikdən məzaracan gərəkli...
Çəkinirsən danışanda yad dildə,
Öz dilində adam olur ürəkli.
Ana dilim, ömrün olsun qoy uzun,
Varlığısan qədim elin, ulusun.
Göl dalğası
Məhəbbətlə hər baxanda bu gölə
Sehirlənib heç gəlmirəm özümə.
Bir-birini qovan dəli dalğalar
İndi necə sakit dəyir gözümə.
Göl sevinib nəğmə deyir sevgidən,
Gündoğandan işıq saçır dan üzü.
Görən məni heç görürmü dalğalar -
Məhəbbətin üz-gözümdə var izi.
Sirrinizi bölüşün bu göl ilə,
Sevən kəslər xəyallarda görüşür.
Qəlbimdəki arzuları oxuyub
Dalğalar da qucaqlaşıb öpüşür.
Bu sahildə səninləydim yuxumda,
Seyr edirdik dalğaların əzmini.
Sanki bizi qoşa görən ləpələr
Çəkirdilər sevgimizin rəsmini...
Anam ağlatdı məni
Xəyalımda çox gedirəm yurduma -
Mavi köynək geyinərək əynimə.
Düşünəndə çox şeyləri dərindən
Biləsiniz nələr gəlir beynimə.
Duyğuları yaza bilmir qələm də,
O dağlara necə dönüm şəhərdən?
Doğulduğum cənnətməkan yerləri
Yada salıb kövrəlirəm mən hərdən.
...Sübh çağıydı evimizə gələndə,
Səni öpüb hey ağladım, ay ana.
Həsrətinlə keçib-getdi ömür-gün,
Rast gəlmədim məni sən tək duyana.
Nə gizlədim - sarsılıram, qorxuram
Hər görəndə mən ölümü, itimi.
Sən olmasan bu yaşımda, anacan,
Mən olaram yetimlərin yetimi.
Mən sirrimi özgələrə açmaram -
Bir varaqdır, bir qələmdir, bir də sən.
Sevgi dolu nəğmələrim sənindir,
Dərman oldun hər çəkdiyim dərdə sən.
And içirəm sənin əziz canına
Kövrəlmərəm, ağlamaram bir daha.
Söz verirəm, and içirəm Qurana
Qardaşımın arxasında durmağa.
Söylə, necə vəsf eləyim çöhrəni,
İşığınla əridirsən zülməti.
Sən qolumsan, qanadımsan, ay ana,
Qadir Allah yazıb sənə cənnəti.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!