Şekspirdən Con Tolkinə qədər bir çox yazıçını əsərləri ilə tanısaq da, öləndən sonra başdaşlarında yazılan yazıları da əsərlərindəki frazalar, fikirlər qədər məşhur, dillər əzbəri olub.
Ədəbiyyat tarixinə damğa vuran yazıçıların ən azı özləri və əsərləri qədər məşhur olan
başdaşı yazılarını təqdim edirik.
"İsa eşqinə gözəl dostum,
Burada yatanın torpağına toxunma, qəti,
Bu qəbri qoruyanı Tanrı qorusun,
sümüklərimi yerindən tərpədəni lənətləsin"!
Vilyam Şekspir
"Şiddətli alovların ortasında belə qızıl nilufər çiçəyi yetişdirilə bilər".
Silviya Plat
"Adı suya yazılmış adam burada yatır".
Con Kits
"İndi səfər etməkdəyik, biz, o axına qarşı gedən qayıqlar... Daim geriyə, keçmişə çırpılıb atılsaq da, nə qəm..." ("Böyük Getsbi" əsərindən)
F.Skott Fitscerald və Zelda Fitscerald
(cütlük eyni qəbirdə dəfn edilib)
"Sevda davasına düşdüm dünya ilə..."
Robert Frost
"Toza görə üzr istəyirəm".
Doroti Parker
(yazıçının cəsədi ölümündən sonra yandırılıb və onun seçdiyi bu yazı qəbirüstü abidəsinə əlavə edilib)
"Heç bir yarpaq təkrarlanmır. Gəl sözləri təkrar edək".
Muriyel Spark
"Öldü, amma hər şey bitməyib,
Qırıq ölü qazanını mərhəmətin,
Başqasının gözyaşı dolduracaq;
axıb gedəcək həyat çayı,
Bütün lənətlənmiş, qeyri-adi insanlar
onun əbədi yasını tutacaq". (O.Vayldın "Oxu həbsxanasının balladası" adlı poemasından parça)
Oskar Vayld
"Özümü sənə tərəf atacağam, ey ölüm, məğlub olmadan və boyun əymədən"! ("Dalğalar" kitabından)
Virciniya Vulf
"Toxunduğun hər şeyi sən dəyişdirirsən. Dəyişdirdiklərin səni dəyişdirir. Daim olan tək şey dəyişiklikdir. Tanrı, dəyişiklikdir".
Oktaviya Batler
"Qəti qorxma". (Bir ingilis şeirindən sitat)
Xorxe Luis Borxes
"Burada, ədalətli qəzəbin artıq ürəyini incidə bilməyəcəyi Conatan Svift yatır. Davam et, yolçu, bacarırsansa, azadlıq müdafiəçisindən nümunə götür".
Conatan Svift
"Lənətə gəlmişlər! Bunu sizə demişdim"!
Herbert Vels
"Beren və Lutien" ("Orta Dünya"nın yaradıcısı C.Tolkinin qəbri onun həyat yoldaşı Edit Meri Tolkinlə eyni yerdədir. Cütlüyün qəbrinin üzərində adları "Orta Dünya"dakı sevgi hekayələrində tez-tez xatırlanan "Beren və Lutien" kimi yazılıb. Kim bilir, bəlkə də Tolkin cütlüyü özlərini bu personajlara bənzədirmiş?!)
Con Tolkin
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!