"əgər bu umduğun baş tutmasa, deməli, çəkdiyin rəsm bir işə yaramayıb..." - Jak Preverin şeirləri

Jak PREVER

(1900-1977)

 

Fransanın tanınmış şairi, nasiri və kinossenaristi olub. Sürrealizm və simvolizm tərzində əsərlər yazmasına rəğmən, solçu və kommunist sənət xadimlərinin yaxın dostu imiş.

1933-cü ildə o, Fransa Kommunist Partiyası nümayəndə heyətinin tərkibində Sovet İttifaqını ziyarət edib, ölkəni gəzib, irimiqyaslı quruculuq işlərilə tanış olub. Ölkəni tərk etməzdən əvvəl fransalı qonaqlara səmimi dəvət üçün ölkə lideri İ.V.Stalinə təşəkkür məktubunu imzalamaq təklif olunub. Hamıdan əvvəl Prever birmənalı şəkildə bundan imtina edib və nümayəndə heyətinin digər üzvləri də bu məsələdə onu dəstəkləyiblər.

250 səhifəlik ilk şeir toplusu "Sözlər"i o, ədəbi imzasının yetərincə məşhur olduğu bir vaxtda, yəni 1946-cı ildə, həm də dünyanın istənilən şairinin həsəd aparacağı bir tirajla çap etdirib - 3 milyon nüsxə! Həmin kitaba şair könlünün diktəsilə yazdığı, lirik olduğu qədər də ziddiyyətli etiraf və müşahidələrin ağlasığmaz qarışımından ibarət mətnləri salıb. Qələmə alarkən, o, bunları nə vaxtsa çap etdirəcəyini heç ağlına da gətirməyib. Elə bu səbəbdən də müharibədən çıxmış Fransada səmimiyyətdən yoğrulan bu şeir kitabı görünməmiş bir maraqla qarşılanıb və qısa müddətdə tiraj tükənib.  

Çağdaşlarından Jan-Pol Sartr Jak Preverə dərin heyranlıq duyub, onu "şeirdə gözüqara islahatçı" və "anarxist xülyalı biri" adlandırıb. Digər nobelçi yazar Alber Kamyu isə şairi "özünü Qoyya kimi aparan lirik təlxək" sayıb.

Soydaşlarının bu cür ziddiyyətli yanaşmalarına hər hansı məhəl qoymayan Prever sərbəst şeirdə qafiyədən ümumiyyətlə imtina eləmişdi. Onun üçün şeirdə ən vacib məqamlar daxili ahəng və misraların əsrarəngiz melodiyası idi.

O deyirdi:

"Yazacağım mövzu ilə bağlı seçdiyim sözləri mən sərbəst şəkildə ortaya qoyur, onların hansı intonasiya ilə və necə oxunacağını heç kəsə diktə eləmirəm. Qoy hər kəs şeirlərimlə sərbəst davransın, onlardakı daxili ovqata uyğun intonasiyalar tapsın". 

1928-72-ci illər arasında onun sözlərinə yazılan mahnılar 175 dəfə audiolentə alınıb. Həmin nəğmələri Edit Piaf, İv Montan, Marlen Ditrix, Simona Sinyore, Tino Rossi və Serj Gensbur kimi məşhur müğənnilər ifa ediblər.  

Preverin ssenariləri əsasında çəkilən 12 bədii film də geniş tamaşaçı kütləsi tərəfindən kifayət qədər rəğbətlə qarşılanıb. Bunların sırasına "Cənab Lanjın işlədiyi cinayət" (1936), "Qəribə dram" (1938), "Gün başlanır" (1939), "Cənnət uşaqları" (1945), "Paris Notr-Dam kilsəsi" (1956), "Balaca əsgər" (1948), "Kral və quşcuğaz" (1980) və digərləri daxildir.  

Şairin önəmli kitabları isə bunlardır: "Ailə xatirələri və ya Qoruyucu mələk" (1930), "Torpağa sancılmış süngü" (1936), "Hadisələr" (1937), "Əhvalatlar" (1946), "Nağıllar" (1947), "Tamaşa" (1951), "Yağış və vedrə" (1955), "İzisin sirki" (1965).

 

 

 

Bir quş rəsmi yaratmaqdan ötrü

 

Bir quş rəsmi yaratmaqdan ötrü

ən əvvəl sən bir qəfəs çəkməlisən,

qapısı da açıq olmalıdır onun.

Sonra həmin qəfəsin içində

bir quşun könlünü oxşayacaq

daha nə isə çəkməlisən -

adi bir şey,

gözəl bir şey,

o quşa gərəkli sayılacaq nəsə.

 

Ardınca bu rəsmi aparıb bir ağacdan -

hansısa bağçadakı,

taladakı, ya da meşədəki,

- heç fərq eləməz -

bir ağacdan asmalısan.

Həmin ağacın ardında gizlənməklə,

cınqırını çıxarmadan,

yəni heç qımıldanmadan durmalısan.

 

Bəzən quş o yuvaya dərhal gələr,

bəzən isə bu iş illərlə uzana bilər.

Amma sən əsla ruhdan düşməməli,

yəni usanmadan, bezmədən gözləməli,

həm də quşun oraya gələcəyindən

ümidini əsla üzməməlisən.

 

Hətta lazım gələrsə,

bu intizar illər uzunu da sürməlidir.

Çünki quşun qəfəsə gec,

yaxud tez girməsinin

çəkdiyin rəsmin inandırıcılığıyla

hər hansı əlaqəsi olmaz, təbii ki.

 

Hə, deməli, sən nəfəsini içinə çəkib, pusquya yatmaqla,

quşun gəlib (gələrsə, əlbəttə!)

o qəfəsə girəcəyi anı

lal-dinməzcə gözləməlisən.

 

Elə ki o, içəri girdi,

təkrar əlinə alacağın fırça ilə

rəsmdəki qəfəsin qapısını ehmalca qapamalı,

quşu duyuq salmadan

qəfəsi çevrələyən bütün məftilləri

birbəbir silib, ortadan qaldırmalısan.

 

Sonra onların yerində bir ağac rəsmi çəkməli,

həmin quşu da budaqların ən şahanəsinə qondurmalısan.

Amma o arada yamyaşıl yarpaqların sərin meh əsdikcə titrəyişini,

yayın bürküsündə budaqlar arasında uçuşan böcəklərin şux vızıltısını

verməyi də unutmayasan, ha!

Sonra quşun cəh-cəh vuracağı məqamı böyük səbirlə gözləməlisən:

əgər bu umduğun baş tutmasa,

deməli, çəkdiyin rəsm bir işə yaramayıb.

Yox, əgər quş cəh-cəhə başladısa,

deməli, rəsmin xeyli canlı alınıb.

 

Bundan sonra görəcəyin tək iş -

rəsmin aşağı küncünə

öz adını yazmaqdan ötrü

çəkdiyin o quşun qanadından

bircə dənə lələk qoparmaq olacaq -

təbii ki, onun ruhunu incitməyəcək şəkildə.

 

Birgə qəlyanaltı

 

Fincanına

qəhvə süzdü.

Qəhvəyə

süd qatdı.

Südlü qəhvəsinə

şəkər tozu əlavə etdi.

Sonra bunları

qaşıqla qarışdırdı.

 

Südlü qəhvəsini içib bitirdi.

Mənimlə bircə kəlmə də kəsmədi.

 

Bir siqaret

yandırdı.

Tüstünü halqalar şəklində havaya buraxdı.

Külü

külqabıya çırpdı.

Mənimlə bircə kəlmə də kəsmədi.

 

Sonra üzümə baxmadan yerindən qalxdı,

Şlyapasını başına taxdı,

Plaşını əyninə geyindi,

Üzümə heç baxmadı.

Mənimlə kəlmə kəsməyə gərək duymadı.

 

Bayırda yağış çisələyirdi,

Yağışa məhəl-zad qoymadan durub, getdi.

Mənə isə əllərimlə üzümü qapayaraq,

hönkürüb ağlamaq qaldı.

 

Sardina balığı satan

qadınlar üçün şərqi

 

Haydı, ay balaca qızlar,

fırlanıb dövrə vurun görüm

bu emalatxananın başına.

Qismət olsa,

bəlkə siz də bir gün girdiniz içəri.

Haydı, fırlanıb-dönün,

ay balıqçı qızları,

ay balıqçı yetimçələri.

 

Vaxtilə beşiyinizin ətrafına düzülən o mələklərin də

bu emalatxana sahibindən

ara-sıra pul "qırpdıqlarını" düşünürəm, nədənsə -

yəqin elə o səbəbdən alın yazınızı

onlar sırf belə yazıbmışlar,

(sanki yazacaq başqa şey tapmayıblar!):

"Siz yoxsulluq içində ömür sürəcəksiniz,

külfətiniz başdan aşacaq,

hələ balalarınız da qıtlıq çəkəcək,

yoxsulluğa qatlaşacaq,

külfətləri başlarından aşacaq,

onları da oğul-uşaq basacaq,

xeyli oğul-uşaq..."

 

Haydı, bir fırlanıb-dönün, görüm,

ay balaca qızlar,

bu emalatxananın başına.

Qismətdə varsa,

bəlkə siz də bir gün girdiniz içəri.

 

Haydı, fırlanıb-dönün, görüm,

ay balıqçı qızları,

ay balıqçı yetimçələri...

 

Güllələnmiş adam

 

Bu tərəfdə çiçəklər, bağçalar, fəvvarələr,

            qəhqəhələr və bir də... bitib-tükənməz həyat eşqi

 

Qarşı tərəfdə isə bir kişi sərilib yerə,

al qana bələnib adam.

O biri tərəfdə xatirələr, çiçəklər, fəvvarələr, bağçalar

və bir də uşaqlıq yuxuları...

 

Qarşı tərəfdə bir kişi sərilib, qalıb yerdə...

adam qana bələnmiş boğçanı xatırladır indi...

O biri tərəfdə isə çiçəklər, fəvvarələr,

            bağçalar, xatirələr və bitib-tükənməz həyat eşqi...

 

O yerdə uzanan kişi indi

əl boyda körpə kimi mışıl-mışıl uyuyur...

 

Dilimizə çevirdi: Azad YAŞAR

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!