Anton Pavloviç ÇEXOV (1860-1904) - Rus nasiri, dramaturqu və publisistidir. Xeyriyyəçilik fəaliyyəti ilə də tanınan ictimai xadim olub.
İxtisasca həkim olan bu yazarın əsərləri 100-dən çox dilə çevrildiyi üçün o, haqlı olaraq dünya ədəbiyyatının klassiki sayılır. Dünyanın 3-4 hekayə ustasından biri kimi məşhurlaşan Çexov həm də ən məşhur dramaturqlardan biridir. Ona bu şöhrəti qazandıran isə son yüz il boyu dünya səhnələrindən düşməyən dörd pyesidir - "Qağayı", "Üç bacı", "Albalı bağı" və "Vanya dayı".
Yaradıcılıqla məşğul olduğu 25 il ərzində ən müxtəlif janrlarda 500-dən çox əsərə imza atdığı üçün o, həm də dünyanın ən məhsuldar qələm adamlarından biridir.
Dəhşətli gecə
Rəngi avazıyan İvan Petroviç Panixidin lampanın işığını azaldıb, həyəcanlı bir səslə sözə başladı:
- 1883-cü ilin Milad gecəsi dünyadan köçən bir dostumuzun evində tay-tuşlarımla gec saata qədər spiritizm (ruh çağırma ayini - A.Y.) seanslarıyla xeyli zaman keçirdikdən sonra evə dönürdüm. Yerin səthinə qapqara və gözdeşən bir zülmət çökmüşdü. Arxada buraxdığım dalanlar nədənsə işıqsız idi, bu səbəbdən də az qala, əl havasına irəliləməyə məcbur idim. Mən Moskvada, Böyük Mogiltsev dalanındakı Müqəddəs Ana Kilsəsi tərəflərdə, məmur Trupovun Arbat küçəsinin az qala, ən ucqar yerində tikdirdiyi binada özümə mənzil tutmuşdum. Yeridikcə ağlıma bir-birindən ağır və nəhs fikirlər gəlirdi...
"Həyatın bitmək üzrədir... Tövbə elə..." Seans əsnasında ruhu ilə bağlantı qura bildiyimiz Spinoza mənə məhz bu cümləni pıçıldamışdı. Seansı təkrarlamaq istədiyimdə nimçə nəinki əvvəlki cümləni təkrarladı, hətta ona bu əlavəni də elədi: "Bu gecə". Mən bu spiritizmə-filana inanmıram, ancaq yenə də ölümlə bağlı hər hansı fikir və ya eyham məni kədərlənməyə məcbur edir. İlahi, ölüm hər nə qədər qaçılmaz, adi şey sayılsa da, onunla bağlı fikir yaşayan insanda nədənsə bir çimçişmə hissi oyadır... İlahi, bütün bədənimin qalın və soyuq zülmət pərdəsinə büründüyü, gözlərim önündə çılğın yağış damlalarının rəqsə başladığı, başım üstə isə küləyin şikayətlə uladığı, ətrafımda bir dənə də canlı məxluqun tapılmadığı, bir insan hənirtisinin belə duyulmadığı həmin an qəlbimi anlaşılmaz və izaholunmaz bir qorxu hissi bürüdü. Mən hər cür mövhumatdan uzaq bir insan kimi, geriyə və yan-yörəmə baxınmaqdan qorxaraq, yeyin addımlarla irəliləyirdim. Özümə aşılamışdım ki, əgər geriyə qanrılsam, ölüm mələyini aşkar kabus şəklində görəcəyəm.
Panixidin çətinliklə köks ötürüb, su içdi və sözünə davam elədi:
- Anlaşılmaz, ancaq sizlərə də məlum olan o qorxu hissi, hətta mən Trupova məxsus binanın dördüncü mərtəbəsindəki mənzilimin qapısını açıb, otağa daxil olduğum vaxt da yaxamı buraxmadı. Kasıbyana mənzilimə qaranlıq çökmüşdü. Sobadan küləyin vıyıltısı yüksəlirdi və burada isinmək istəyirmiş kimi, rüzgar da özünü sobanın damdar qapısına çırpırdı.
Gülümsəyərək düşündüm: "Əgər Spinozaya inanacaq olsam, küləyin hönkürtüsünün müşayiəti ilə mən elə bu gecə canımı tapşırmalıyam. Əcəb dəhşətli hissdir bu!"
Kibrit yandırdım... Güclü külək evin damını lərzəyə gətirdi. Bayaqkı xısın-xısın ağlamsınma dönüb, hiddətli bir bağırtıya çevrildi. Haradasa aşağılarda bir cəftəsi qopmuş pəncərə qapağı taqqıldadı, mənim sobamın kiçik qapısı isə mədəd istəyirmiş kimi cırıldamağa başladı...
Düşündüm ki: "Belə gecədə o səfil-sərgərdanların işi lap fırıq olar".
Ancaq indi bu cür fikirlərə köklənməyin vaxtı deyildi. Kibritimin ucundakı kükürd göyümtül şölə ilə yananda öz otağıma göz gəzdirdim. O ara qarşılaşdığım mənzərə mənə son dərəcə gözlənilməz və dəhşətli bir təsir bağışladı... Kaş əlimdəki kibrit küləyin təsiriylə sönəydi o dəm! Bəlkə o sayədə heçcə nə görməzdim və saçlarım da o cür biz-biz durmazdı. Hövllə çığırıb, qapıya tərəf cumarkən dərin dəhşət, çarəsizlik və heyrət içində gözlərimi qapadım...
Otağın tən ortasında bir tabut vardı. Göyümtül şölənin işığı qısa sürsə də, mən o tabutun nişanələrini dəqiqləşdirməyə fürsət tapdım... Gözlərim önündə çəhrayı rəngdə və bərq vuran zərli qumaş, tabutun qapağı üstə isə qızılıya çalan, qabarıq bir xaç vardı. Cənablar, bəzi nəsnələr var ki, ötəri görməmizə baxmayaraq, onlar həmişəlik yaddaşımıza həkk olunurlar. Bu tabutla da bağlı eyni hal baş verdi. Vur-tut, bircə saniyə görsəm də, indi mən o xaçı ən xırda təfərrüatlarına qədər təsvir eləməyə hazıram. Tabut ortaboylu bir cəsədə hesablanmışdı, çəhrayı rənginə baxılarsa, mərhum cavan bir qız olmalıydı. Üzünə çəkilən bahalı zərxara da, tabutun qısahal dayaqları da, bürünc dəstəkləri və sair də göstərirdi ki, mərhumə varlı-hallı biriymiş.
Hövlnak qaçıb, otağımdan çıxdım, heç nə barədə düşünmədən, heç nəyi saf-çürük eləmədən, sırf izaholunmaz bir qorxu hissiylə pilləkənlə aşağı qata endim. Dəhliz də, pilləkən də qaranlığa qərq olmuşdu, kürkümün ətəkləri isə elə hey ayaqlarıma ilişirdi: o şəraitdə büdrəyib-yıxılaraq boynumu qırmamağım da əsl möcüzə idi. Küçəyə çıxdıqdan sonra nəmli bir işıq dirəyinə söykənib, özümə toxtaq verməyə çalışdım. Ürəyim möhkəmcə döyünürdü, nəfəsim isə kəsilmək üzrə idi...
Bu hekayəti dinləyən qadınlardan biri lampanın işığını azacıq artıraraq, hekayətçiyə yaxın əyləşəndən sonra kişi sözünə davam elədi:
- Otağımda bir yanğın, bir oğru və ya quduz bir it görsəydim, hər halda bunca heyrətlənməzdim... Tavan başıma uçsaydı, döşəmə çöksəydi, yan divarlar dağılsaydı, yenə də bunca təəccüblənməzdim... Bütün bu hallar təbii sayıldığından yenə başa düşüləndir. Ancaq mənim otağıma bu tabut necə gəlib düşmüşdü axı?! Haradan gəlmişdi? Bir qadın xeylağı üçün, həm də, heç şübhəsiz, cavan və kübar bir xanım üçün hazırlanan bahalı tabutun kiçik məmurun yaşadığı kasıbyana otaqda nə işi vardı? Görəsən, o, boş idi, yoxsa, içində cəsəd də vardı? Dünyadan belə vaxtsız köçən, mənə qəribə və dəhşətli sarsıntı yaşadan o zəngin xanım kim idi, görəsən? Əzabverici bir sirr idi bu!
Ağlımda bir fikir doğdu: "Əgər bu işdə bir möcüzə yoxdursa, onda mütləq cinayət var".
Tərəddüddən karıxmışdım. Mənzildə olmadığım müddətdə qapım bağlı idi, açarı gizlətdiyim yer isə sadəcə, ən yaxın dostlarıma bəllidir. Hər halda tabutu bura dostlarım gətirib qoymazdılar. Təxmin eləmək olardı ki, tabut ustaları onu yanlışlıqla bu mənzilə təhvil veriblər. Onlar mənzili, mərtəbəni və ya qapını səhv sala, nəticədə isə tabutu başqa ünvana çatdıra bilərdilər. Ancaq hamıya gün kimi aydındır ki, bizim tabutçular gördükləri işin haqqını almadan və ya ən azından xırda xərclik qopartmadan mənzili tərk edən deyillər.
Düşündüm: "Ruhlar mənə öləcəyimi əvvəlcədən demişdi, axı. Bəlkə onlar hələ məni tabutla təmin eləməyin də qayğısına qalıblar?"
Cənablar, o "spiritizm" adlanan şeyə mən əsla inanmamışam, inanmıram da, ancaq bu cür təsadüf, hətta soyuqqanlı bir filosofu da mistik ovqata kökləyə bilər.
Ancaq yaşadıqlarımla barışmadım: "Bunların hamısı sarsaqlıqdır və indi mən bir şagird qədər ürkək davranıram. O gördüyüm şey - sadəcə, bir göz aldatmacası idi, vəssalam! Evə qayıdanda qanım qara idisə, tarım çəkilən əsəblərim ucbatından qarşımda tabut görməm adi haldır... Əlbəttə ki, bir göz aldatmacasıydı o! Guya başqa nə olasıydı?!"
Yağış damlaları üzümə vurur, külək isə əsəbiliklə papağımı, ətəklərimi dartışdırırdı... Üşüyürdüm, həm də möhkəmcə islanmışdım. Harayasa getmək lazım idi, amma... haraya? Mənzilimə qayıtmam özümü o tabutla təkrar qarşılaşmağa sürükləmək demək idi və buna qatlaşmağa daha canımda tab-taqət qalmamışdı. Ətrafımda nə bir canlı məxluq vardı, nə də bir insan hənirtisi gəlirdi, içində çox yəqin ki, cansız cəsədin uyuduğu o tabutla bir az da baş-başa qalsaydım, hər halda olan-qalan ağlımı da itirəcəkdim. Leysan kimi yağan yağışın altda və dondurucu küçədə qalmaq isə imkansız görünürdü.
Gecələmək üçün dostum Upokoyevgilə getmək qərarına gəldim: sizə də məlum olduğu kimi, sonradan bu adam özünü tapança ilə vuracaqdı. Həmin vaxt o, tacir Çerepovun Myortvıy (rusca "Ölü" deməkdir - A.Y.) dalanında kirayə verdiyi mənzillərdən birində məskunlaşmışdı.
Panixidin qanı qaçan üzündə puçurlanan soyuq təri sildi və dərindən köks ötürməklə sözünə davam elədi:
- Dostumu evdə tapmadım. Qapını xeyli döyüb, onun evdə olmadığını qət edincə, qapının üst tərəfinə qoyulan açarı əl havasına tapmaqla, qapını açıb içəri girdim. Əynimdəki yaş kürkü əlüstü döşəməyə atdım, qaranlıqda təmas yoluyla divanı tapıb, oturdum ki, bir hovur dincəlim. İçəri qaranlıq idi... Pəncərədə qurulan havalandırma qəfəsində dolaşan külək qüssəylə vıyıldayırdı. Sobadakı sisəy isə özünün yeknəsək nəğməsini aramsız şəkildə oxuyurdu. Kreml qülləsindəki saat Milad bayramı üçün səhər duasının vaxtını xəbər verdi. Kibrit yandırmağa tələsdim. Ancaq onun işığında qanqaraçılığım azalmaq əvəzinə, daha da artdı. O dəhşətli, izaholunmaz təşviş təkrar mənə hakim kəsildi... Yerimdə səndələyərək çığırdım və özümü-sözümü bilmədən mənzildən bayıra atıldım...
Dostumun mənzilində də mən eyni şeylə, yəni tabutla rastlaşmışdım!
Bu mənzildəki tabut mənim evimdəkindən az qala iki dəfə iri idi, həm də qəhvəyi üzlüyü ona daha zəhmli bir görkəm verirdi. Buraya necə gəlmişdi o? Bunun da bir göz aldatmacası olduğuna özümü inandırmam artıq imkansız idi... Hər mənzilə tabut qoyula bilməzdi axı! Görünür, bu, mənim əsəblərimin pozulmasından irəli gəlirdi və əsl hallüsinasiya idi. İndi durub, haraya getsəydim, heç şübhəsiz, hər ünvanda insanın bu son sığınacağı ilə qarşılaşacaqdım. Deyəsən, mən ağlımı itirirdim artıq, bir "tabut maniyası"na yoluxmuşdum və bu çılğınlığın səbəbini öyrənmək üçün əsla dağa-daşa düşməyəsiydim, çünki elə spiritizm seansında Spinozanın sözlərini xatırlamam da yetərli idi...
Dəhşətə qapılıb, saçlarımı xışmalamaqla düşündüm: "Mən ağlımı itirirəm! İlahi! Neyləyəcəyəm indi?"
Başım çatlayır, dizlərim isə bükülürdü artıq... Yağış, sanki qovadan tökülürdü, külək adamın iliklərinə işləyirdi, əynimdə isə nə kürk vardı, nə də xəz papağım. Onları götürməkdən ötrü isə bayaqkı mənzilə qayıtmağa özümdə güc və cürət tapmırdım... Qorxu hissi məni öz soyuq ağuşunda bəmbərk sıxırdı. Saçlarım biz-biz durmuşdu, üzümdən soyuq tər damırdı, bütün bu yaşadıqlarımın bir hallüsinasiya olduğunu dəqiq bilsəm də...
Panixidin bu yerdə soruşdu:
- Neyləyəydim, axı?! Həm ağlımı itirirdim, həm də möhkəm soyuqlamaq təhlükəsiylə üz-üzə idim. Bəxtim də onda gətirdi ki, yaxşı dostlardan biri, həkim diplomunu təzəcə alan və o gecə mənimlə birgə spiritizm seansına qatılan Poqostovun Myortvıy dalanının yaxınlığında yaşadığını qəfil xatırladım. Onun yanına tələsdim... O vaxt dostum hələ ki o varlı tacir qadınla evlənməmişdi və dövlət müşaviri Kladbişenskiyə məxsus binanın beşinci mərtəbəsində yaşayırdı.
Poqostovun mənzilində əsəblərim növbəti işgəncə ilə qarşılaşacaqmış. Beşinci mərtəbəyə qalxdığım vaxt qulağıma qorxunc səs-küy dəydi. Yuxarıda kimsə ayaqlarını möhkəm şəkildə yerə döyərək, qapıları çırpır, ətürpədici bir səslə bağırırdı:
- Bəri gəl, görüm! Bəri gəlsənə, dalandar!
Bir an sonra isə mən pilləkənlə aşağı enən, əynində kürk, başında isə əzik-üzük silindr olan bir qaraltı ilə rastlaşdım...
Tanıdığım biri olaraq dostum Poqostova səsləndim:
- Poqostov! Bu, sizsiniz? Nə olub sizə belə?
Mənim bərabərimə çatan Poqostov dayandı və əsməcə içində əlimdən yapışdı. Rəngi kağız kimi ağarmışdı, çətinliklə nəfəs alır və titrəyirdi. Göz bəbəkləri durmadan ora-bura qaçır, köksü isə qalxıb-enirdi...
O, boğuq bir səslə xəbər aldı:
- Bu, sizsiniz, Panixidin? Bəyəm bu, sizsiniz?! Xortlamış ölü qədər bəmbəyazsınız ey... Hallüsinasiya-zad deyilsiniz ki, siz?.. İlahi... yaman qorxuncsunuz...
- Bəs sizə nə olub? Özünüzə heç oxşamırsınız!
- Eh, can-ciyər, imkan ver, bir nəfəsimi dərim... Sizi görməyimə çox şadam, əlbəttə, əgər gördüyüm bir göz aldatmacası yox, məhz sizsinizsə... Lənətə gələydi o spiritizm seansı... Onun ucbatından əsəblərim necə pozuldusa, indi evə dönərkən qarşımda, öz otağımda, təsəvvürünüzə gətirin... mən bir tabut gördüm!
Qulaqlarıma inanmadığım üçün ondan dediklərini bir də təkrarlamasını rica elədim.
Halsızlıqdan pilləkəndə oturan həkim dedi:
- Hə, tabut, həqiqi tabut gördüm! Mən qorxaq birisi sayılmaram, ancaq spiritizm seansından sonra qaranlıqda tabutla rastlaşınca, hətta şeytanın özü də qorxudan sarısını udar!
Pəltəkləyərək və baş-ayaq cümlələrlə mən də ona öz gördüyüm digər tabutlardan söz açdım...
Heyrətdən gözlərimizi bərəldib, ağzımızı açaraq düz bir dəqiqə bir-birimizi süzdük. Sonra isə hallüsinasiya görmədiyimizdən əmin olmaqdan ötrü bir-birimizi çimdikləməyə başladıq. Həkim dedi:
- Əgər hər ikimiz ağrı hiss ediriksə, deməli, hazırda yuxuda deyilik və bir-birimizi də yuxuda görmürük. Onda belə çıxır ki, gördüyümüz o tabutlar da göz aldatmacası deyilmiş, gerçək imiş. Hə, qadası, bəs indi biz neyləyək?
Düz bir saat o soyuq pilləkəndə dayanıb, təxminlər və fərziyyələr yürütdüyümüz müddətdə biz möhkəmcə üşüdük, sonra isə ağciyərliyi bir kənara ataraq, mərtəbə nəzarətçisini də oyatdıq və üçlükdə həkim dostumun otağına baxmaq qərarına gəldik. Mənzilə yollandıq. İçəri girib, şam yandırınca, qarşımızda həqiqətən, bir tabut gördük: ağ zərxara ilə üzlənən bu qutunun hələ qızılı rəngdə saçaq və qotazları da var idi.
Mərtəbə nəzarətçisi mömincəsinə tez xaç vurdu.
Bütün bədəni əsən və rəngi qaçan həkim dilləndi:
- İndi isə öyrənməliyik, görək, bu tabut boşdur, yoxsa, içində... kimsə var?
Bunun ardınca həkim uzun bir tərəddüdə qapıldı və bu, tamamilə başadüşülən idi: irəli əyilərək, həm qorxu, həm də nigaranlıq içində dişlərini qıcayan dostum tabutun qapağını qaldırdı. Tabutun içinə baxarkən biz onun boş olduğunu gördük.
İçində cəsəd yox idi, buna rəğmən, biz tabutun içində aşağıdakı məzmunda bir məktub tapdıq:
"Əzizim Poqostov!
Sən də bilirsən ki, qayınatamın işlərində çətin böhran yaranıb. Xirtdəyə qədər borcun-xərcin içindədir. Sabah, uzağı, birisigün onun əmlakının müsadirəsi üçün qapını kəsdirəcəklər. Bu isə həm onun ailəsi, həm də mənim ailəm və şərəfim üçün aşkar ölüm deməkdir, halbuki məndən ötrü şərəfim qalan hər şeydən üstündür. Dünənki axşam ailəlikcə belə qərara gəldik ki, bütün qiymətli və dəyərli şeyləri təftişdən gizlədək. Sənə də məlum olduğu kimi, qayınatam şəhərin ən mahir tabut ustası sayılır, bu səbəbdən onun bütün əmlakı da... tabutlardan ibarətdir və biz ən yaxşı tabutları orda-burda gizlətməyi daha uyğun saydıq. Bir dost kimi sənə ağız açıram: mənə əl tut, əmlakımızı və şərəfimizi qorumaqda bizə yardım elə! Əlimizdəki əmlakı qorumamıza kömək edəcəyini bildiyim üçün, əziz qardaşım, sənə bir tabut göndərir və vəziyyət düzələnə qədər onu evində gizlətməni xahiş edirəm. Dost-tanış dadımıza yetməsə, biz məhv olacağıq. Mənə etiraz etməyəcəyindən əminəm, həm də ki, tabut cəmi-cümlətanı bir həftə səndə qalacaq. Həqiqi dost saydığım hər kəsə bir tabut yollamışam, çünki onların alicənablığına və anlayış göstərəcəyindən ümidvaram.
Sadiq dostun İvan Çelyustin".
Bu əhvalatdan sonrakı üç ay boyu mən əsəb müalicəsi aldım, bu sayədə dostumuz, o tabut ustasının kürəkəni də həm şərəfini, həm də əmlakını qoruya bildi. Hazırda o da bir dəfn xidmətləri bürosu açıb, məzarlar üçün baş və sinə daşı düzəldib satmaqla məşğuldur. Onun da alveri sən deyən gur getmir, buna görə də indi hər axşam mənzilimə girərkən öz çarpayımın böyründə qəfildən bəyaz mərmərdən başdaşı və ya cənazə arabası görərəm deyə, hələ də üşənirəm.
Dilimizə çevirdi: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!