Hayao Miyazakinin 10 möhtəşəm əsəri

5 yanvar 1941-ci ildə Tokioda anadan olan rejissor, animasiyaçı, prodüser Hayao Miyazaki, eyni zamanda yazıçı, ssenari müəllifi və manqa rəssamıdır. Ziyalı və zəngin ailədə böyüməsi onun yaxşı təhsil almasına şərait yaradıb. Film və animasiya studiyası "Studio Ghibli"nin  (1985) həmtəsisçisi olan rejissor usta hekayəçi və anime bədii filmləri yaradan rejissor kimi dünya şöhrəti qazanıb, ən böyük animasiyaçılardan biri olaraq qəbul edilir.

Çəkdiyi çoxsaylı filmlərlə yüksək gəlirlər əldə edən rejissor, eyni zamanda böyük mükafatlar da qazanıb. Miyazakinin "Şahzadə Mononoke" ("Princess Mononoke" - ing.) filmi ilk animasiya filmi olaraq Yapon Akademiya mükafatlarında "İlin filmi" adına layiq görülüb. Bu film 1997-ci ildə ekranlara çıxandan sonra Yaponiyada ən yüksək gəlirli film olub. Filmin Qərb dünyasına nümayiş etdirilməsi "Studio Ghibli" şirkətinin də nüfuzunu artırıb. Rejissorun 2001-ci ildə çəkdiyi "Ruhlarla sovrulanlar" ("Spirited Away" - ing.) cizgi filmi Yaponiya film tarixində ən yüksək gəlirli filmə çevrilərək, 75-ci Akademiya mükafatlarının "Ən yaxşı anime filmi" nominasiyasında Oskar mükafatını qazanıb. "Külək qalxır" ("The Wind Rises" - ing.) filminin nümayişindən sonra Miyazaki istefa etdiyini, bir də bədii film çəkməyəcəyini elan etsə də, yenidən sənətə qayıdaraq 2016-cı ildə yeni bədii filmi üzərində işləməyə başlayıb.

Miyazakinin yaradıcılığında bəşəriyyətin təbiət və texnologiya ilə əlaqəsi, təbii və ənənəvi naxışların vəhdəti, incəsənətin və sənətkarlığın əhəmiyyəti, zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində baş qəhrəmanlar çox vaxt güclü gənc qadınlar olur, bir neçə filmlərində isə antoqonistlər şübhəli xarakterlərlə təmsil olunub. Miyazakinin əsərləri yüksək səviyyədə qiymətləndirilib və müxtəlif mükafatlara layiq görülüb. 2012-ci ilin noyabrında o, mədəni töhfələrinə görə Mədəniyyət adamı fəxri adına layiq görülüb, 2014-cü ilin noyabrında isə animasiya və film sahəsində təsirinə görə Fəxri Akademiya Mükafatına layiq görülüb.

1965-ci ildə özü kimi animasiyaçı Akemi Ota ilə ailə həyatı quran rejissorun Qoro və Keisuke adlı iki oğlu var. Qoro Miyazaki də atası kimi animasiya rejissorudur.

Hayao Miyazakinin ən möhtəşəm hesab edilən 10 animasiya filmini təqdim edirik.

 

 

1. "Ruhlarla sovrulanlar"

("Spirited away")

 

Tammetrajlı anime filmi olan "Ruhlarla sovrulanlar" 2001-ci ildə çəkilib. Büdcəsi 19 milyon ABŞ dolları olan animenin gəliri 274.925.095 milyon dollar olub. Animasiya "Studio Ghibli" tərəfindən istehsal edilib. Animasiya Çihiro Oqino adlı qızcığazın yeni evə köç əsnasında rastlaşdığı qəribə hadisələrdən bəhs edir. Balaca Çihiro ailəsi ilə birlikdə bir qəsəbəyə köçərkən atası avtomobilini səhv döngəyə salaraq başqa yola girir. Bu yol onları həyəcan və qorxu dolu macəralara aparır. Çihiro atasını xilas etmək üçün qorxu dolu macəranın içinə atılır və tamaşaçıları da öz ardınca aparır. Tamaşaçılarda dərin təəssürat yaradan, böyük həyəcanla izlənilən film, Miyazakinin şah əsərlərindən hesab edilir.

 

2. "Səmadakı qəsr"

("Castle in the Sky")

 

1986-cı ildə çəkilən bu tammetrajlı anime də "Studio Ghibli"nin məhsuludur. Gələcəkdə yaşanan macərada Laputa adlı uçan ada ilə qarşılaşırıq. Bəziləri oranı böyük hərbi baza, bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə - buludların arasında, gözlərdən uzaqda yerləşir. Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehrli güclərə malik tumarı vasitəsilə tapmaq olar. Tumar göy rənglidir və üzərində qızılı simvol var. Saundtreklərindən tutmuş, ofsunlayıcı dünyasına və hər bir incə detalına qədər üzərində diqqətlə işlənmiş filmi Miyazaki yaradıcılığının ən yaxşı nümunələrindən hesab etmək olar.

 

3. "Qırmızı donuz"

("Porco Rosso")

 

Bu animasiya 1992-ci il istehsalıdır. Yapon dilində adı "Kurenay no Buta" ("Al donuz") kimidir. Animasiyanın mövzusu belədir: 1920-ci illərdə Adriatik dənizində təkcə bir pilot göylərin hakimidir. Sehrli qüvvələr tərəfindən donuza çevrilən istedadlı pilot: Porko Rosso. Əsl adı Marko Paqqot olan baş pilot Birinci Dünya müharibəsinin iştirakçısı olub. Müharibə bitdikdən sonra, İtaliyada faşistlər yararandan sonra Marko özünü Porko Rosso adlandıraraq hökumətə hava piratlarını yaxalamaqda kömək etməyə başlayır. Animasiya Porkonun daimi mübarizəsindən bəhs edir. Bu animasiya filmi, təxminən 10 mükafat alıb və 5 nominasiyada qalib olub.

 

4. "Qonşum Totoro"

("My neighbour Totoro")

 

H.Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmidir.

Anaları xəstə olduğu üçün müalicə alan iki bacı, doqquz yaşlı Satsuki və beş yaşlı Mey ataları ilə birlikdə başqa kəndə köçürlər və evlərində onlarla bərabər digər varlıqların da olduğunu anlayırlar. Balaca Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Satsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Bacıların Totoro ilə tanışlığı onların həyatına rəng qatmağa başlayır. "Qonşum Totoro", ailə istiliyini, qonşuluğu və bacı-qardaş sevgisini yaxından izləmək istəyənlər üçün qaçırılmayacaq bir animasiyadır.

 

5. "Kikinin çatdırılma xidməti"

("Kiki`s delivery service")

 

1989-cu ildə istehsal edilən film rejissorun əksər animasiyaları kimi "Studio Ghibli"nin məhsuludur. Bu "Studio Ghibli" tərəfindən hazırlanan dördüncü filmdir.

Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugər, cadugərlik praktikası üçün evdən ayrılaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin, sadəcə, uçmaq bacarığı olduğu üçün özünəməxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir. İlk gündə bir dükandakı qadına kömək edərkən elə həmin qadının yanında yaşamağa və istədiyi işi görməyə başlayan Kiki, bu şəhərdə  çoxlu dostlar da qazanır. Kiki özü üçün seçdiyi sahil qəsəbəsində bəzən ilhamını itirəcək, bəzən tənha qalacaq... Bütün bu ümidsizliklər əslində yeni macəraların başlanğıcıdır.

Miyazakinin fikrincə, yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatda istədiklərini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir.

 

6. "Sıldırım qaya üzərindəki Ponyo"

(Ponyo)

 

Balaca və sevimli yapon balığı olan Ponyonun ən böyük arzusu insan olmaqdır. Bu ümidsiz xəyalı onu macəradan-macəraya sürükləyəcək. Ponyo bu əsnada,  beş yaşlı bir oğlanla - Soske ilə tanış olur. Soske və anası sıldırım qayanın üstündə dəniz mənzərəsi olan evdə yaşayırlar. Soskenın atası balıqtutan gəminin kapitanıdır və evdə nadir hallarda olur. Soske ilə Ponyonun dostluğu balaca balığın ən böyük xəyalının gerçəkləşməsinə kömək olacaq.

Ətraf-mühit və dəniz çirklənməsinə də diqqət çəkən bu sevimli animasiya film, uşaqlara xitab edilən hekayəsi ilə incə ruhlu hər kəsin zövqünü oxşamağı bacarır.

2008-ci ildə çəkilən tammetrajlı animasiya filmi rejissorun "Studio Ghibli" istehsalı olan səkkizinci, ümumilikdə isə onuncu filmidir.

 

7. "Şahzadə Mononoke"

("Princess Mononoke")

 

1997-ci ildə "Studio Ghibli" tərəfindən istehsal olunan tammetrajlı animasiya filmi Yaponiyada ilin ən gəlirli filmi olub, ümumilikdə 150 milyon dollar qazanc gətirib. Filmin rejissoru olan H. Miyazaki, həm də ssenari müəllifidir. Rejissorun insanların təbiətə müharibə elan etməsi mövzusunda olan əsərlərindən biridir "Şahzadə Mononoke". Filmin əsas qəhrəmanı Aşitaka bir gün meşədə gedərkən "Meşə Tanrısı"nın hamıya ziyan vuraraq irəlilədiyini görür və onun insanlara ziyan vurmağının qarşısını almağa çalışarkən o da lənətlənir. Ona kömək edə biləcək təkcə "Meşənin ruhu"dur. Onu tapmalıdır. İnsanın təbiət ilə, təbiətin insan ilə savaşdığı bu mübarizədə Aşitaka hamının ziyan gördüyünü müşahidə etməkdədir. Macəra, həyəcan dolu film rejissorun bu mövzuda ən yaxşı animasiyalarından hesab olunur.

 

8. "Küləklər vadisindən Navsikaya" ("Nausicaa of the Valley of the Wind")

 

Küləkləri bir an olsun dayanmayan vadinin ümidli və mərhəmətli bir şahzadəsi var: Navsikaya. Şahzadə Navsikaya dünyada baş verən dəhşətli müharibə səbəbindən zəhərli qazların təbii yaşayış yerlərini məhv etməsindən sonra öz xalqıyla birlikdə son qalan təmiz ərazidə yaşamaqdadır. Canlı olan bütün varlıqlarla ünsiyyət qura bilir və dünyanı yenidən əvvəlki gözəlliyinə qovuşdurmaq üçün ümidini həmişə diri tutur. Rejissor bu filmində küləkli vadidə yenidən insanın təbiətə açdığı savaşı və qalibin məğlub olduğunu göstərir.

 

9. "Haulun yeriyən qəsri"

("Howl`s moving castle")

 

Adi gənc qız olan Sofi bir gecə yaşlı və pis qəlbli cadugər tərəfindən yaşlı qadına çevrilir. Buna görə böyük ümidsizliyə qapılır və tanınmayacaq halıyla yaşadığı yeri tərk etmək məcburiyyətində qalır. Yolda gördüyü qəsrə sığınır, demə, qəsr Haul adlı bir sehrbaza aidmiş. Haul da Sofi kimi eyni taleyi yaşayır və onlar eyni məqsəd ətrafında birləşirlər. Qəsrin ətrafında başlayan müharibə səbəbiylə həm öz ölkələrini müdafiə etmək, həm də onlara olunan cadunu təmizləmək məcburiyyətindədirlər. Tamaşaçıları göz qırpmadan ekrana baxamağa məcbur edən bu filmin hər detalı incəliklə düşünülüb, ustalıqla ekranlaşdırılıb.

"Haulun yeriyən qəsri" "Studio Ghibli" tərəfindən 2004-cü ildə istehsal olunub. Miyazakinin dediyinə görə, tammetrajlı animasiya filmindəki qəsrin obrazı rus nağıllarından götürülüb.

 

10. "Külək qalxır"

("The wind rises")

 

2013-cü il "Studio Ghibli" istehsalı olan tammetrajlı film "Mitsubişi A5M" və "Mitsubişi A6M zero" adlı qırıcı təyyarələrinin yaradıcısı Jiro Horikoşinin həyatından bəhs edir.

Hayao Miyazaki bioqrafiya janrında olan bu əsəri ilə növbəti dəfə kino ilə vidalaşdığını desə də, yenidən kinoya qayıdaraq 2023-cü ildə növbəti animasiya filmi olan "Oğlan və quş" ("The Boy and the Heron") filmini çəkib. Bu filmi ilə 96-cı Akademiya Mükafatlarında "Ən yaxşı rejissor" nominasiyası üzrə ikinci Oskar mükafatını belə qazanıb. 

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!