Folkner ömürlüyü: həyat və yaradıcılıq salnaməsindən ştrixlər - Tərcümə

1897

25 sentyabr. Gələcəyin məşhur yazıçısı Uilyam Katbert Folknerin dünyaya göz açdığı gün. Missisipi ştatının Nyu-Olbani şəhərində dəmiryol rəisi Marri Folknerin ailəsində doğulan uşağa vaxtilə sahibkar, vəkil, jurnalist, yazıçı, Vətəndaş müharibəsinin fəal iştirakçısı olmuş, son dərəcə maraqlı və zəngin bioqrafiyalı ulu babasının adı verilir.

           

1902

22 sentyabr. Ailə Oksforda köçür; burada əvvəl atası əmisilə birgə şərikli baqqal dükanı alır, sonra isə ekipaj icarəyə verən at tövləsinə yiyələnir (xeyli sonralar yazdığı bir məktubda yazıçının buna dair qeydi də var: "Həyatımın müəyyən dövrünü atamın at tövləsində keçirmişəm"). Müəyyən fasilələrlə Folkner, demək olar ki, bütün ömrünü bu əyalət şəhərində yaşayır.

 

1905

Folkner birinci sinfə gedir; idmana və rəsmə maraq göstərir, parodiya və şeirlər yazır, özünü bacarıqlı şagird kimi göstərsə də, xüsusi diqqət çəkmir.

           

1914

Müasir ədəbiyyatın həvəskarı və bilicisi olan Yel Universitetinin tələbəsi, Oksford bankirinin oğlu F.Stounla (1893-1967) dostlaşır. Stoun öz şəxsi kitabxanasından Folknerə oxumaq üçün bəzi kitablar, o cümlədən, Suinbernin və fransız simvolistlərinin şeirlərini, C.Konrad və rus klassiklərinin romanlarını verir.

 

1915

Folkner 10-cu sinfi başa vurmadan orta məktəbi yarımçıq tərk edir; babasına məxsus bankda bir müddət mühasib köməkçisi işləyir, eyni zamanda şeirlər yazır, rəsmlər çəkir, hərbi təyyarəçi olmaq arzusuyla yaşayır.

 

1918

Yaz. Sevdiyi qızın - Estella Oldhemin ərə getməsini ürək ağrısıyla qarşılayan Folkner Nyu-Heyvenə, F.Stounun yanına gedir; bir neçə ay buradakı silah zavodunda işləyir.

İyun. Britaniya Kral Hərbi-Hava Qüvvələrinin nümayəndəsi ilə rəsmi söhbətdən sonra Folkner Torontodakı yay hərbi peşə məktəbinə göndərilir və dekabra qədər həmin məktəbdə təhsil almaqla xüsusi kurs keçir.

 

1919

6 avqust. Folknerin fransız simvolistlərinin təsiri altında yazdığı şeirlərdən biri ilk dəfə olaraq dərgidə dərc edilir.

Oktyabr. Missisipi Universitetinə daxil olur, burada fransız və ispan dillərini öyrənir, eyni zamanda ingilis ədəbiyyatı kursunu keçir; redaktoru olduğu universitet tələbə qəzetində şeirlərini və ilk nəsr nümunələrini dərc etdirir.

 

1920

Yayda oksfordlu yazıçı Stark Yanqla (1881-1963) dostlaşan Folkner payız aylarında tələbə dram teatrı üçün "Marionet" adlı birpərdəli pyes yazır.

Noyabrda Folkner təhsil aldığı Missisipi Universitetini də yarımçıq tərk edir.

           

1921

Yay-payız. S.Yanqın məsləhəti ilə Nyu-Yorka gedən Folkner burada bir müddət Elizabet Prollun (sonradan görkəmli Amerika yazıçısı Şervud Andersonun həyat yoldaşı olmuş qadının) kitab dükanında işləyir.

Dekabrda təzədən Oksforda qayıdır, imtahan yoluyla universitet nəzdindəki poçt-meyster vəzifəsini qazanır və 1924-cü ilin oktyabrına qədər həmin vəzifəni icra edir.

           

1922

İyun. Yeni Orleanda nəşr olunan, Ş.Anderson, H.Kreyn, E.Heminquey və digər gənc yazarların əməkdaşlıq etdiyi "The Double Dealer" dərgisi Folknerin "Portret" şeirini dərc edir.

 

1923

Folkner Bostondakı nəşriyyatla "Orfey" şeirlər toplusunun çapı üçün danışıqlar aparır, lakin vəsait çatışmazlığı ucbatından bu iş baş tutmur və kitabın əlyazması geri qaytarılır; belə olan halda, F.Stoun Folknerin "Mərmər favn" adlı digər şeirlər toplusunu nəşriyyata təklif edib, maliyyə xərclərini öz üzərinə götürür; 1924-cü ilin 15 dekabrında işıq üzü görən kitabın Ön sözündə F.Stoun gənc şairin parlaq gələcəyindən uzaqgörənliklə bəhs etsə də, Folknerin ilk şeirlər kitabı oxucu və tənqidçi diqqətini özünə cəlb etmir.

Tərcüməçidən: Ədəbi yaradıcılığın ilk çağlarında daha çox poeziyaya meyil etsə də, Folkner özünü heç vaxt ciddi şair saymamış, müsahibə və çıxışlarında ondan yaxşı şair çıxmayacağını hələ erkən yaşlarından dərk etdiyini vurğulamışdı. Şekspiri istisna etməklə, o ən yaxşı poetik nümunələrin yalnız 17-26 yaş həddində yaranması fikrini irəli sürmüşdü. Mübahisə doğuran bu subyektiv mülahizələr, heç şübhəsiz, yazıçının şeir sənətinə son dərəcə ciddi meyarlarla yanaşmasından irəli gəlirdi. Öz nəsrinin, əslində, poeziya olduğunu bildirən yazıçının qənaətinə görə, şeirdə yerinə düşməyən nəinki bir misra, hətta bircə kəlmə belə işlədilməməlidir: "Romanda uzunçuluq eləsən, bəlkə də oxucu bunu bağışlayar, hekayədə isə hər söz öz yerində və dəqiq işlənməlidir. Mən Çexovun yazdıqlarıtək əsl hekayələri nəzərdə tuturam. Buna görə poeziyadan sonra birinci sıraya məhz hekayəni qoyuram - o da şeir qədər ifrat dəqiqlik tələb edir; romanda yol verilən səliqəsizlik burada yolverilməzdir. Hekayəyə artıq olan heç nəyi dürtə bilməzsən. Poeziyada isə, ümumiyyətlə qeyri-dəqiq bircə söz belə işlənməli deyil - şeir tam və mükəmməl olmalıdır..."

           

1924     

Noyabr. Folkner Yeni Orleanın Köhnə Məhəlləsinə köçərək burada məskunlaşmış gənc rəssam və yazıçıların çevrəsinə daxil olur; özünü başından ağır zədə almış veteran-təyyarəçi qismində təqdim edib, müharibədə göstərdiyi hərbi şücaətlər barədə uydurduğu romantik əfsanələrini dövriyyəyə buraxır. Az sonra yazıçı Şervud Andersonla tanış olur (bu tanışlığı Ş.Anderson özünün "Cənubda görüş" hekayəsində müfəssəl təsvir edib).

 

1925

Yanvar-may. Yeni Orleanda nəşr edilən "The Double Dealer" dərgisi və "The   Times-Pieayuner" qəzeti Folknerin silsilə şeirlərini və oçerklərini dərc edir. Folkner "Əsgər mükafatı" adlı ilk romanını bitirir, Şervud Anderson isə romanı öz naşiri Hores Livrayta təklif edir.

İyul-dekabr. Rəssam dostu Spartlinqlə birlikdə Avropa səyahətinə çıxan yazıçı əvvəlcə yük gəmisində Yeni Orleandan İtaliyaya gəlir, sonra İsveçrəni, Fransanı və İngiltərəni gəzir; avqustdan etibarən Parisdə məskunlaşır, Ceyms Coysun "tamaşası"na gedir, başa çatdırmadığı "Elmer" romanı üzərində işləyir.

 

1926

25 fevral. Nyu-Yorkda Folknerin ilk romanı - "Əsgər mükafatı" nəşr edilir; yayda isə hələ Parisdə olarkən yazmağa başladığı "Mığmığalar" romanı üzərində işi başa çatdırır.

Dekabr. Spartlinqin təzəlikcə çapdan çıxmış "Şervud Anderson və digər məşhur kreollar" adlı karikatura və rəsmlər kitabına yazdığı Ön sözdə müəlliminin üslubunu lağa qoyan Folkner bu hərəkəti ilə onu özündən incik salır.

İlin sonlarında Folkner eyni vaxtda iki mətn üzərində ciddi işə başlayır - biri Snoupslar haqqındakı "Abram ata", digəri isə, öz nəslinin tarixçəsini xatırladan Sartorislər ailəsi barədə romandır; yazıçının sonradan tam əzəmətilə meydana çıxan "Yoknapatofa saqası" məhz bu romanların rüşeymləri üzərində pərvəriş tapacaqdı.

 

1927

30 aprel. Gənc yazıçının sayca ikinci olan "Mığmığalar" kitabı nəşr edilir.

29 sentyabr. Folkner sonralar "Sartoris" adıyla nəşr olunacaq "Toz içində bayraqlar" romanını başa çatdırır; iki həftə sonra romanı Livraytın nəşriyyatına göndərsə də, naşirdən rədd cavabı alır.

Tərcüməçidən: "Əsgər mükafatı", "Mığmığalar" və "Sartoris" - Folknerin ilk romanlarıdır. Xeyli sonralar - 1956-cı ildə Nyu-Yorkda olarkən Sorbonna Universitetinin tələbəsi C.Stayna verdiyi (ilk dəfə "The Paris Reviyev" dərgisində dərc edilən) müsahibəsində: "Əsgər mükafatı" ilə "Sartoris" romanları arasındakı dövrdə sizin yaradıcılıq taleyinizdə nə baş verdi, Yoknapatofa saqasını başlamağa sizi vadar edən nə oldu?" - sualını Folkner belə cavablandırmışdı: "Əsgər mükafatı"nı yazarkən gördüm ki, yazmaq ümumiyyətlə maraqlı işdir. Ancaq sonradan başa düşdüm ki, yazıçının nəinki ayrıca bir kitabı, bütövlükdə yaradıcılığı hansısa ümumi bir niyyətə tabe olmalıdır. "Əsgər mükafatı" və "Mığmığalar"ı mən, sadəcə olaraq, yazmaq xatirinə, bu iş xoşuma gəldiyi üçün yazdım. "Sartoris"i başlayanda isə dərk etdim ki, mənim poçt markası boyda doğma torpağım tamamilə layiqdir ki, onun barəsində yazasan və ömrün boyu yazsan da, bu bir parça torpağın mövzusu bitib-tükənən deyil... Sonuncu kitabım "Məhşər", yaxud "Yoknapatofanın Qızıl kitabı" olmalıdır; bundan sonra qələmi qırıb yazmağın daşını biryolluq atacağam..."

 

1928     

Yaz. Folkner özünün ən çətin başa gələn və ən sevimli əsəri olan "Səs-küy və hiddət" romanı üzərində işə başlayır.

Tərcüməçidən: Digər əsərləri ilə müqayisədə, "Səs-küy və hiddət" romanından Folkner daha çox söhbət açmış, bu barədə həmişə həvəslə danışmışdı. Romanı özünün ən parlaq məğlubiyyəti kimi dəyərləndirən yazıçı elə bu səbəbdən də onu ən sevimli əsəri adlandırmışdı: "Bu romanın üzərində hədsiz dərəcədə çox işləmişəm. Bir neçə dəfə yarımçıq qoyub başqa əsərlər yazsam da, axırda yenə ona qayıtmalı oldum. Onun başa çatması uzun çəkdi. İndiyədək yazdığım kitabların heç birində istədiyimi tam əldə edə bilməmişəm, ona görə də axıradək razı qaldığım heç bir kitabım yoxdur. Yoxsa, yazmağa otuz il vaxt sərf etməzdim. Bu roman qısa bir hekayədən doğuldu: nənənin dəfni zamanı iki azyaşlı nəvəni həyətə oynamağa göndərirlər, evdən uzaqlaşdırırlar ki, balacalar bu mərasimi görməsin. Ağıldankəm qardaşından yaşca böyük olan qız evdə nə baş verdiyini bilmək üçün ağaca dırmaşıb pəncərədən içəri boylanır. Başları öz uşaq oyunlarına qarışmış balacalar evdən tabutun çıxdığını tam təsadüfən görürlər. Bax, onda mənim ağlıma belə bir fikir gəldi ki, görəsən, bu hadisəni ağıldankəm uşaq - Benci danışsa, necə olar? Və mən hadisəni onun gözüylə təsvir etdim. Az sonra Ceyson ortaya çıxdı, daha sonra isə - Kventin. Başa düşdüm ki, bunların hamısı bir hekayəyə sığışmayacaq. Əvvəlcə hadisələri Bencinin dilindən verdim. Çox dolaşıq alındı. Buna aydınlıq gətirmək üçün yeni fəsil yazmalı oldum və sözü Kventinə verdim ki, həmin gün nələrin baş verdiyini o danışsın. Nəticədə kontrapunkta zərurət yarandı və Ceyson ortaya çıxdı. Hər şey bir-birinə qarışdı və gördüm ki, təsvirlərin heç biri tam deyil. Ona görə kənar gözlə baxan daha bir müşahidəçiyə ehtiyac yarandı - yazıçının özü danışmağa başladı ki, görək, həmin gün həqiqətən, nə baş verib. Beləliklə, eyni şeyi, eyni tarixçəni dörd dəfə yazası oldum. Heç biri də məni qane eləmədi. Çap vaxtı, hətta birinci hissəni müxtəlif rənglərlə vermək istəyirdim ki, bəlkə bu yolla dolaşıqlıq aradan qalxsın, ancaq 30-cu illərdə poliqrafiya o səviyyədə deyildi ki, eyni səhifədə müxtəlif rənglərdən istifadə edə biləsən. Bu mümkün olsaydı, kimin hansı vaxtda nə dediyini və necə düşündüyünü istənilən oxucu asanlıqla anlaya bilərdi. Mən bu romanda düz dörd dəfə məğlubiyyətə uğradım. Təsvirlərin heç biri ürəyimcə deyildi, amma hər biri elə çətinliklə başa gəlmişdi ki, hansınısa qoparıb ata bilmirdim, əsəri yenidən yazmaq iqtidarında da deyildim. Axırda dörd hissənin dördünü də çapa verdim. Bu ona bənzəyir ki, ananın ona qan udduran dörd övladı var - bu uşaqlar doğulmasaydı, onlarsız ananın günü daha xoş keçərdi, ancaq indi ana onların heç birini ata bilməz. Adını "Maqbet"dən götürdüyüm romanı, bax, bu səbəbdən çox sevirəm, çünki orada dörd dəfə məğlubiyyətə uğramışam..."

20 sentyabr. "Harkur və Breys" nəşriyyatı ilə müqavilə imzalanır; müqaviləyə əsasən, əlyazmadan 11 min söz çıxarmaq şərtilə, nəşriyyat "Toz içində bayraqlar" ("Sartoris") romanını nəşr etməyi öhdəsinə götürür.

Oktyabr-noyabr. Folkner Nyu-Yorka gəlir; burada "Səs-küy və hiddət"i təzədən işləyir və "Sartoris"in ixtisarında öz ədəbi agenti Ben Uossona kömək edir.

 

1929

31 yanvar. Yoknapatofa haqqında ilk əsər ("Sartoris") məlum ixtisarla nəşr olunur, fevralda isə Folkner "Səs-küy və hiddət" romanının nəşri üçün yenicə yaranmış "Keyp və Smit" nəşriyyatı ilə müqavilə bağlayır.

May. "Məbədgah" üzərində iş başa çatır. Sonralar Folkner bu əsəri "yalnız və yalnız qazanc xatirinə qələmə aldığını və cəmisi üçcə həftəyə yazıb tamamladığını" iddia etsə də, əslində, romana yarım il vaxt sərf etmişdi və kitabın gəlir gətirəcəyinə xüsusi inamı yox idi (üstəlik də, qorxunc qanqsterlər, fahişə və butlegerlər mühitindən bəhs edən əsərin əcaib süjetindən çəkinən ayıq-sayıq naşirlər çapdan imtina etmişdilər).

20 iyun. Folkner ailə qurur - iki uşaqla ərindən ayrılaraq yenidən Oksforda, valideynlərinin yanına qayıdan Estella Oldhemlə evlənir.

7 oktyabr. Folknerin ədəbi mühitdə böyük səs-küyə və hiddətə səbəb olan (ilk dəfə tənqidçi diqqətini özünə cəlb edən) "Səs-küy və hiddət" romanı çapdan çıxır.

11 dekabr. "Əcəl saatım yetişəndə" romanı üzərində işi tamamlayıb, əsəri nəşriyyata göndərir və növbəti ildə - 1930-cu ilin 6 oktyabrında kitab çapdan çıxır.          

 

1930

12 aprel. Folkner borca girib, XIX əsrin ortalarında inşa edilmiş məşhur Ronouk  malikanəsini alır; iyunda ailəsi ilə malikanəyə köçüb, demək olar ki, ömrünün sonunadək orada yaşayır.

Tərcüməçidən: Yazdığı romanların kiçik tirajla çap olunması, pis satılması və qazancın azlığı səbəbindən, 1930-1932-ci illər arasında Folkner "çətin" saydığı hekayə janrına daha tez-tez müraciət etməyə məcbur olmuşdu. O, Amerikada nəşr edilən müxtəlif dərgilərə 42 hekayə göndərmişdi ki, bunların da 30-u dərc olunmuş, yaxud çap üçün qəbul edilmişdi. 

30 aprel. "Forum" dərgisi məşhur "Emili üçün qızılgül" hekayəsini dərc edir; az sonra ingilis yazarı Riçard Hyuzun Ön sözüylə "Əsgər mükafatı" İngiltərədə nəşr olunur.

Payız. Folkner çapından çoxdan əl üzdüyü "Məbədgah" romanının nəşriyyatdan göndərilən korrekturasını alır; əsər üzərində ciddi işə başlayıb, demək olar ki, onu əvvəldən axıradək, təzədən yazmalı olur.

           

1931

11 yanvar. Yazıçının ilk övladı - Alabama dünyaya gəlir, lakin cəmi doqquz gün yaşayır (İki ildən sonra, 1933-cü il iyunun 24-də doğulan Cili - Folknerin ikinci qızı, həm də yeganə övladıdır.)

9 fevral. "Məbədgah" işıq üzü görür, dərhal da böyük qalmaqala səbəb olur; əksər tənqidçilər Folkneri ədəbsizlikdə, pozğunluqda, kəskin naturalizm meyillərində suçlayır; buna baxmayaraq, digər romanlarıyla müqayisədə yazıçının bu kitabı daha yaxşı satılır.     

Tərcüməçidən: "Məbədgah" ədəbi ictimaiyyət tərəfindən, həqiqətən, birmənalı qarşılanmamışdı, buna görə də məsələyə aydınlıq gətirmək üçün yazıçı bu mövzuya dəfələrlə qayıtmalı olmuşdu. 1955-ci ildə Naqanoda keçirilən Amerika ədəbiyyatı üzrə yay seminarında Folkner auditoriyadan xahiş etmişdi ki, Yaponiyada hansı əsərinin daha çox sevildiyini müəyyənləşdirsin; ertəsi gün tələbələr yekdil şəkildə həmin əsərin məhz "Məbədgah" olduğunu bildirib, yazıçıdan yapon gənclərinin bu seçiminə münasibətini soruşmuşdular. Cavab belə olmuşdu: "Hər halda, sizin seçiminiz bugünkü söhbətimizi başlamaq üçün maraqlı bir mövzu verir. Siz, çox güman ki, əsərin necə yazılması və ortaya çıxması barədə məlumatlısınız; bu haqda kitaba yazdığım Ön sözdə açıqlama vermişəm - tanış deyilsinizsə, məlumat verməyə hazıram. Deməli, belə: bu, həmin vaxtlar idi ki, mən artıq yazıçılıqla məşğul olmağa başlamışdım və sizə deyim ki, bu işdən zövq alırdım. Fikirləşdim ki, bəlkə gördüyüm işdən müəyyən gəlir də əldə edə bilərəm və elə bu fikirlə də oturub bu kitabı yazdım. Onu nəşriyyatlardan birinə göndərdim və belə cavab aldım ki, əgər bunu çap eləsək, sizi də, bizi də həbs edərlər. Beləcə, iş yarıda qaldı, mən, hətta əlyazmasını da unudaraq, başqa kitablar yazmağa girişdim. İki kitab yazdım, ikisi də çap olundu. Günlərin bir günü, üstündən iki il ötəndən sonra, heç gözləmədiyim halda, qəfildən "Məbədgah"ın hazır korrekturasını aldım; onu nəşriyyatdan göndərmişdilər, bildirirdilər ki, yaxın günlərdə nəşr ediləcək. Əsəri təzədən oxuyanda yararsız olduğunu anladım. Onu o vaxt hansı maraqdan yazdığım indi hər sözündən, hər cümləsindən mənə bəlli idi. Odur ki, nəşrə qəti surətdə etiraz elədim. Amma nəşriyyatda kitab artıq çapa tam hazırlanmış, hətta metal lövhələrə də köçürülmüşdü; əsəri təzədən işləsəydim, bu lövhələri atmaq lazım gələcəkdi. Nəşriyyata isə bu işə yenicə başlamış cavan bir oğlan rəhbərlik edirdi. Dedi ki, təzə klişelər üçün vəsaiti yoxdur, mən də bildirdim ki, kitabın bu şəkildə çapına razı deyiləm, çünki zay kitabdır. Axırda belə razılaşdıq ki, xərcin bir hissəsini o öz boynuna götürür, bir hissəsini də mən. Mənim payıma 270 dollar düşürdü, intəhası, həmin pul məndə yox idi. Onda bu mənə dərs oldu; belə nəticə çıxardım ki, heç vaxt ucuz şeyə getmək olmaz; qarşıya qoyduğun məqsəd həmişə ciddi olmalıdır. İstənilən halda kitab dərc olundu və mən ömrümdə ilk dəfə guya yaxşı gəlir əldə etməliydim. Amma həmin ərəfədə nəşriyyat müflisləşdi, mən bir qəpiyin də yiyəsi olmadım. Bu mənə daha bir dərs oldu və özüm üçün ikinci nəticə çıxardım: yazırsansa, namusla yaz. Bu dərsə, bu nəticəyə görə bu gün də taleyimə minnətdaram. Siz, təbii ki, haqqında danışdığım ilk variantı görməmisiniz; romanın hazırda sizin oxuduğunuz variantından o vaxt nəyi artıq sayırdımsa, imkan daxilində hamısını silib atdım, demək olar ki, əsəri təzədən yazdım... (bu vaxt tələbələrdən biri Folknerlə razılaşmadığını, romanın ilk variantda bunca yararsız olduğunu əsla təsəvvür etmədiyini bildirmişdi və Folkner nitqinə davam edərək fikrini belə yekunlaşdırmışdı) ....sizin oxuduğunuz variantda əlimdən gələni etməyə çalışmışam ki, ilk variantdakı ucuzluqdan heç bir nişan qalmasın. O variantın ortaya çıxmaması üçün mən xeyli pul xərclədim, filan qədər ziyana düşdüm, çünki dediyim kimi, o, bir xaltura idi. Bir daha təkrar edirəm ki, ilk variantı mən qazanc xatirinə, gəlir əldə etmək niyyəti ilə yazmışdım. Və sizə deyim ki, sənətkarın pul-para haqda, qazanc barədə düşünməsi, ümumiyyətlə çox pis haldır..."

14 may. Hekayələr məcmuəsinin nəşri üçün Folkner "Keyp və Smit" nəşriyyatı ilə  müqavilə bağlayır; "Emili üçün qızılgül və digər hekayələr" kimi nəzərdə tutduğu, xanımı Estellaya və qızı Alabamanın xatirəsinə ithaf etdiyi həmin kitab sentyabrın 21-də "On üç" sərlövhəsiylə çapdan çıxır.      

Tərcüməçidən. Folknerin ən çox oxucu rəğbəti qazanmış "Emili üçün qızılgül"  hekayəsi həm də tənqidçilər arasında çoxsaylı suallar doğuran əsərlərindəndir. İlk sual elə addan doğur - axı hekayədə qızılgüldən, yaxud hər hansı təbrikdən söhbət getmir, bu barədə epizodik bir səhnə, adi xatırlatma belə yoxdur. 1955-ci ildə Yaponiyadakı çıxışların birində Folkner sərlövhə ilə bağlı açıqlama verərək onun sırf alleqorik mahiyyətdə olduğunu bildirmişdi: "Burada söhbət bir qadın faciəsindən gedir; faciənin qarşısını almaq, qadının taleyini dəyişmək mümkünsüzdür. Mən bu qadının halına yanıram, taleyinə acıyıram və hekayənin adıyla onu salamlayır, uzaqdan-uzağa ona öz ehtiramımı və önündə hörmətlə təzim etdiyimi bildirirəm; adətən belə hallarda kişinin şərəfinə badə qaldırarlar, qadın üçünsə qızılgül hədiyyə edərlər..."

"Emili sizin üçün ideal qadın obrazıdırmı?" sualını isə Folkner belə cavablandırmışdı: "Mənim Emiliyə ürəyim yanır. Onun faciəsi ailənin tək övladı olmasındadır. Özünə adaxlı seçmək, ərə gedib şəxsi həyatını qurmaq imkanına yiyələndiyi bir zamanda atası barmaq silkələmişdi ki, "yox, sən evi tərk etməməli, mənim qayğımı çəkməlisən". Xeyli sonradan o özünə adaxlı tapsa da, görünür, adamları yaxşı tanımadığından seçimi də uğursuz alınmışdı - adaxlısı onu atıb getmək qərarı vermişdi. Bu itki Emili üçün hər şeyin sonu demək idi, çünki belədə qocalıq və tənhalıqdan savayı zavallıya daha heç nə qalmırdı. Və hələ ki, onun əlində nəsə vardı - o, bu "olanı" itirmək istəmirdi, var gücüylə çalışırdı ki, nəyin bahasına olursa-olsun, onu tutub saxlasın. Əlbəttə, bu pisdir, hətta çox pisdir, amma yenə də mənim Emiliyə ürəyim yanır. Bilmirəm, belə bir qadın ürəyimcə olardımı? Bəlkə olmazın  iztirablara məruz qalan, taleyin məhv etdiyi insanlar adamı qorxudan kimi, belə bir qadın da məni qorxudardı..."

Hekayənin necə yaranmasını Folkner bu cür izah edir: "Şüurumda bir mənzərə yaranmışdı - balış üzərində insan teli. Bu, əsasında bir obrazın - əldən-ayaqdan uzaq, unudulmuş bir otaqda, balış üzərində bir çəngə telin olduğu qarabasmalar haqqında hekayətdir".

Hekayənin Amerikanın cənubu ilə şimalı arasındakı əbədi münaqişənin simvolikasını göstərmək üçün qələmə alındığını iddia edən tənqidçilərə də Folkner geniş açıqlama verməli olmuşdu: "Heç bir insan havadan asılı vəziyyətdə mövcud deyil - o öz keçmişinə söykənir, öz keçmişinin, həm də gələcəyinin məhsuludur. Cənubla şimal arasındakı mübarizə, heç şübhəsiz ki, mənim bunu nə qədər dərk etməyimdən asılı olmayaraq mənəvi irsimin, əldə etdiyim təcrübənin mühüm bir hissəsini təşkil edir. Yazıçı əhatə dairəsində olduğu mühitdən, adamlardan bəhs edir, yəni bu barədə bildiklərini söyləyir. Əgər kişinin Şimalı, onu öldürən qadının isə Cənubu təmsil etməsi barədə simvolika varsa, mən burda belə yanaşma və rəmzlərin mövcud olmadığını deyə bilmərəm. Amma bu, müəllifin bilə-bilə etdiyi şüurlu cəhd deyil. Yazıçı öz qarşısına belə bir məqsəd qoymur ki, bax, mən indi xarakterlərdən birinin Şimalı, digərinin isə Cənubu təmsil etdiyi bir hekayə yazmaq niyyətindəyəm. Burdakı münaqişə daha çox Şimalla Cənub arasında deyil, bəlkə də Allahla Şeytan arasında gedən bir münaqişədir. Münaqişənin kökü isə miss Emilinin özündədir: o bilir ki, öldürmək olmaz; o belə tərbiyənin yiyəsidir ki, oynaş saxlamaq yolverilməzdir; oynaş saxlamaq yox, ərə getmək lazımdır. O, öz dairəsinin bütün adət və qanunlarını, son nəticədə isə bəndəni öldürməyi yasaq edən Allahın buyurduğu qanunu pozub. Emili şər iş tutduğunu bilir və öz şəxsi həyatını məhv edir. Amma başqa cür olması da mümkün idi: qadın  oynaşını öldürüb təzəsini tapardı və istifadə edəndən sonra onu da öldürə bilərdi; bunun əvəzində miss Emili öz günahını yumaq yolunu seçir..."

10 iyul. Memfisdə çıxan bir qəzetdə yazıçının ilk müsahibəsi dərc olunur.

23-24 oktyabr. Folkner Cənub yazarlarının Şarlotsvilldə (Virciniya ştatı) keçirilən konfransında iştirak edir. Ertəsi gün Nyu-Yorka gəlir və burada görkəmli ədəbiyyat adamı kimi əsl hörmət və rəğbətlə qarşılanır - bir sıra ziyafət və qəbullarda iştirak edir, yazıçılarla, naşirlərlə görüşür, jurnalistlərə müsahibə verir və Hollivuda dəvətlə bağlı onunla danışıqlar aparılır.

 

1932

Fevral. "Avqust işığı"nın əlyazması üzərində işi yekunlaşdırıb, nəşriyyata ("Smit və Haas") təhvil verir; oktyabrın 6-da roman çapdan çıxır. Apreldə Folknerin hekayələri ilk dəfə fransız dilinə tərcümə olunur.

Mart-iyul. "Məbədgah"ın yeni nəşri işıq üzü görsə də, nəşriyyat müflisləşdiyi üçün Folkner qonorarını ala bilmir. Ağır maliyyə böhranı keçirən yazıçı Hollivud şirkətlərindən biri ilə müqavilə imzalayır: şərtə görə həftəsi 500 dollar olmaqla, Folkner filmlər üçün orijinal süjetlər qurmalı, dialoqlar yazmalı, ssenarilərin redaktəsi ilə məşğul olmalıydı. Beləliklə, mayın 7-dən iyunun 10-dək Folkner Hollivudda işləyir. Az sonra həmin şirkətdə dostlaşdığı kinorejissor Q.Hoks daha sərfəli şərtlər əsasında yazıçı ilə yeni müqavilə bağlayır. Lakin avqustun 7-də Folkner atasının vəfatı xəbərini alır və bir neçə həftəliyə evə dönür; həmin müddətdə "Yerində tam geriyə dönmə" adlı hekayəsinin motivləri əsasında, Q.Hoksun sifarişi ilə yeni ssenari yazır.

 

1933

Memfisdə təyyarə təlimatçısından uçuş dərsləri alan Folkner apreldə ilk dəfə sərbəst şəkildə uçuş yerinə yetirir; bir ay sonra - mayın 13-də şəxsi təyyarə alır.

12 aprel. Folkner özünün eyniadlı hekayəsi əsasında ssenarisini yazdığı və rejissor Q.Hoksun çəkdiyi "Yerində tam geriyə dönmə" filminin, bir ay sonra - mayın 12-də "Məbədgah" romanının motivləri əsasında rejissor S.Robertsin çəkdiyi eyniadlı filmin premyerasında iştirak edir.

Oktyabrın sonlarında H.Smitə yazdığı məktubda Folkner Snoupslar haqqında    düşündüyü kitabı yarımçıq qoyduğunu, əvəzində, "Rahibə üçün rekviyem" adlı yeni roman başladığını xəbər verir; iki ay sonra planların dəyişdiyini - "Rekviyem"i də yarımçıq saxlayıb, əvəzində, "Avessalom, Avessalom!" adlı yeni əsər yazdığını bildirir.

 

1934

16 aprel. "Doktor Martino və digər hekayələr" adlı yeni kitabı çapdan çıxır; ardınca Vətəndaş müharibəsi mövzusunda silsilə hekayələr yazıb hamısını dərgidə dərc etdirir, sonradan həmin hekayələri "Məğlubedilməzlər" adı verdiyi povestində cəmləyir.

İyul. Folkner yenidən Hollivuda gəlir və məşhur kinorejissor S.M.Eyzenşteynin     Amerikada səfərdə olarkən yazdığı "Satterin qızılı" ssenarisini təzədən işləyir (Q.Hoksla birgə); təəssüf ki, həmin ssenari əsasında filmin çəkilişləri baş tutmur.

Avqust. "Avessalom, Avessalom!"un qələmə alınmış ilk fəsilləri Folkneri qane   etmədiyindən, o yenidən "Rahibə üçün rekviyem"ə qayıdır, lakin beynində qəfil doğan ideyanın təhrikilə payızda əlindəki işi yarımçıq saxlayıb, Amerikanı kəndbəkənd, şəhərbəşəhər gəzərək müxtəlif yarmarkalarda sirk nömrələrinə bənzər oyunlar quran, havada təhlükəli tryuklar göstərən təyyarəçilər haqqında roman yazmağa girişir; "Pilon" adlandırdığı həmin romanı çox qısa müddətdə yazıb başa çatdırır...

 

1935

...Çox qısa müddətdə yazdığı yeni romanı çox qısa müddətdə də nəşr etdirir - martın 25-də "Pilon" çapdan çıxır. Buna qədərsə, yəni kitab nəşriyyatda çapa hazırlandığı müddətdə Folkner yenidən "Avessalom, Avessalom!"a qayıdaraq onu qane etməyən romanı, demək olar ki, əvvəldən axıradək təzədən yazmalı olur.

Tərcüməçidən: Başqa romanlarla müqayisədə, həqiqətən, çox qısa müddətdə yazdığı "Pilon" əsəri yazıçının diqqət çəkməyən əsərlərindəndir. Sonralar Virciniya Universitetində seminar apararkən, tələbələrdən biri yazıçıdan bu romanı hansı səbəbdən yazdığını soruşanda Folkner belə demişdi: "Bu əsəri yazmağa o səbəbdən girişdim ki, "Avessalom..." çox ləng gedirdi, axırda onu kənara qoyub fikirləşdim ki, bu işdən bir müddət uzaqlaşmaq yaxşı olardı və başımı qatmaq üçün tam başqa bir əsər yazmağa qərar verdim - bax, "Pilon" belə yarandı. Əsərin qəhrəmanları müasir həyatımızın fonunda çox qəribə, ötəri təzahür kimi görünür; faktiki olaraq, bizim o vaxtkı mədəni və iqtisadi həyatımızda onlar üçün yer yoxdur, bununla belə, onlar mövcud idilər, hamı da bilirdi ki, bu adamlar bizim dünyanın sakinləri deyil. Kiçik, sürətli aeroplanlarda həyatlarını riskə qoyan bu insanların tək bircə arzusu var - kaş acından ölməsinlər və aldıqları pul növbəti yarış meydançasına çatanacan onları görsün. Burada dəliliyə, çılğınlığa, mənəviyyatsızlığa bənzər nəsə var. Onlar, sanki Allahın iradəsindən asılı olmadan mövcud idilər; sadəcə, sevgi və qayğıdan deyil, məhz Tanrı qüdrətindən kənarda mövcud idilər. Keçmiş və gələcək məfhumlarını zərurət kimi qəbul etməyən bu adamlar, sanki birgünlük idilər - sübh çağı kəpənəksayağı mədəsiz-filansız yalnız ondan ötrü doğulmuşdular ki, ertəsi gün ölsünlər. Belə insanlardan yazmaq mənə maraqlı, çox maraqlı gəlirdi. Amma ən başlıcası bu idi ki, başımı nə iləsə qatmaq istəyirdim və heç cür irəli getmək istəməyən o biri kitabdan yaxamı qurtarmaq üçün bəhanə axtarırdım...".

10 noyabr. Folknerin peşəkar təyyarəçi olan kiçik qardaşı Din təyyarə qəzasında həlak olur.

Tərcüməçidən: Bu, təsadüf nəticəsində baş verən ağır təyyarə qəzası olsa da, hər halda, istər-istəməz düşünməli olursan: Folknerin özünün bunu necə şərh etməsindən asılı olmayaraq, görəsən, onun "Avessalom, Avessalom!" kimi ciddi bir əsəri qəfildən kənara atıb öz həyatını riskə qoyan təyyarəçilər barədə tez-tələsik roman quraşdırması həqiqətənmi təsadüf idi?!          

Dekabr. Hollivudun digər bir şirkəti ilə, özü də daha sərfəli şərtlərlə müqavilə bağlayan Folkner qazanc xatirinə iki il Kaliforniyada çalışmalı olur.

           

1936

Yanvar. "Avessalom, Avessalom!" üzərində gərgin iş, nəhayət ki, başa çatır və kitab nəşriyyata göndərilir, lakin bu vaxt "Rendom Haus" Smitlə Haasın sahiblik etdiyi şirkəti alır; həmin vaxtdan etibarən Folkner yaradıcılığının nəşr hüququ bu iri nəşriyyatın ixtiyarına keçir, "Avessalom, Avessalom!" romanı da oktyabrda məhz bu nəşriyyatda çap olunur. Dekabrda Folkner R.Haasa (indi artıq "Rendom Hauz"un əməkdaşı olan öz köhnə dostuna) Vətəndaş müharibəsindən bəhs edən gələcək kitabını - müharibə mövzusunda yazdığı silsilə hekayələrdən ibarət "Məğlubedilməzlər"i təklif edir.

 

1937

Yay. "Məğlubedilməzlər"i bitirən yazıçı sentyabrda Hollivuddan Oksforda qayıdır, tezliklə də yeni əsərini başlayır - bu, paralel şəkildə iki müxtəlif süjet xəttinə malik olan "Əgər səni unutsam, ey Yerusəlim" (sonrakı adı - "Yabanı palmalar") romanı idi. Oktyabr-noyabr aylarını Nyu-Yorkda keçirən yazıçı burada öz köhnə dostu Şervud Andersonla əvvəlki münasibətlərini təzədən qaydaya salır.

Tərcüməçidən: Şəxsi həyata müdaxilə cəhdlərini yolverilməz hesab edən, belə cəhdlərə qarşı həmişə sərt reaksiyası ilə seçilən Folkner, başqalarına münasibətdə də şəxsiyyət məsələsini qabartmağın qəti əleyhdarı olmuşdu. Hətta yüksək qiymətləndirdiyi Dostoyevskidən söz düşəndə belə, "Mən onu tanımıram, barəsində də heç nə deyə bilmərəm; mən "Karamazov qardaşları"nı tanıyır və bu haqda danışa bilərəm" tipli fikirlər söyləmişdi. Yazıçının özünə yanaşması da, təxminən, elə bu cür idi - "mən yalnız gördüyüm işləri nəzərdə tuturam, mənim kimliyimin, nəçiliyimin bura dəxli yoxdur", - deyirdi. Gənc ikən dostlaşdığı və bir nasir kimi yetişməsində, heç şübhəsiz ki, ciddi rol oynamış Şervud Andersonla bağlı suallara da müxtəlif auditoriyalar qarşısında həmişə böyük həvəslə cavab verir və aralarında təsadüfən baş vermiş məlum incikliyə aydınlıq gətirirdi. Folkner gözəl bir insan kimi qiymətləndirdiyi ustadının yaradıcılıq faciəsini belə izah edirdi ki, əsl ilhamla yazdığı ilk kitabından sonra Şervud gərək yazmağın daşını ataydı və əgər belə etsəydi, ədəbiyyat tarixində çox böyük yazıçı kimi qalacaqdı; sonrakıları yazmaqla o, ilk kitabda əldə etdiyi zirvədən enməyə, ilk kitabın qazandırdığı uğurları itirməyə başladı. Və Folkner bunu dostunun yeganə səhvi, həmçinin onun şəxsi faciəsi sayırdı. Oxşar münasibət, daha doğrusu, Heminqueylə aralarında yaranan narazılıq da, təxminən, belə bir anlaşılmazlıq üzündən baş vermişdi və Folkner dəfələrlə izah etməyə məcbur qalmışdı ki, bu fikirlər yazıçının şəxsiyyətinə deyil, yalnız və yalnız yaradıcılığına aiddir.

 

1938

Fevral. Folkner Amerika Yazıçılar Liqasının sədrinə aşağıdakı məzmunda bəyanat ünvanlayır:

 

Amerika Yazıçılar Liqasının sədrinə

 

Frankonun və faşizmin barışmaz rəqibi kimi mən qanuni dövlət təşkilatının hər hansı şəkildə pozulmasının əleyhinə çıxır və respublika İspaniyası xalqına qarşı azğın zorakılıqdan hiddətləndiyimi bildirirəm.

 

Uilyam Folkner

           

Tərcüməçidən: 1938-ci il fevralın 1-də Amerika Yazıçılar Liqasının sədri Donald Oqden Stüart (1894-1980) ABŞ yazarlarına iki məsələ ilə əlaqədar rəsmi sorğu göndərir: "Siz Frankonun və faşizmin lehinə, yoxsa, əleyhinəsiniz?" və "Siz qanuni hökumətin və respublika İspaniyasının lehinə, yoxsa, əleyhinəsiniz?" 418 yazıçı (o sıradan da Folkner) respublika İspaniyasını dəstəklədiklərini, faşizmin qatı əleyhdarı olduqlarını bildirmişdilər və onların cavabları 1938-ci ilin mayında ayrıca kitab şəklində çap olunmuşdu.

15 fevral. "Məğlubedilməzlər" kitabı (ayrıca povest kimi deyil, hekayələr toplusu şəklində) çapdan çıxır; iyunda isə Folkner "Yabanı palmalar" romanını bitirib, əlyazmanı nəşriyyata göndərir.

15 dekabr. R.Haasa məktubunda Folkner Snoupslar haqqında yazacağı trilogiyanın planını ətraflı şərh edir; üstündən iki ay keçməmiş - 1939-cu ilin fevralında artıq yeni romanın (Snoupslar haqqında trilogiyanın ilk romanı olan "Qəsəbə"nin) 215 səhifəsini bitirdiyini ona böyük ruh yüksəkliyi ilə xəbər verir.

1939

18 yanvar. Folkner Amerikanın Milli Ədəbiyyat və İncəsənət İnstitutuna üzv seçilir.

19 yanvar. "Yabanı palmalar" çapdan çıxır və qısa müddətdə Folknerin indiyədək yazdığı kitabların ən oxunaqlısına çevrilir.

Apreldə verdiyi bir müsahibədə Folkner hələ 15 il əvvəl Yeni Orleanda yazmağa başladığı üçcildlik roman üzərində gərgin işlədiyini bildirir.

Yayda ABŞ-ın məşhur "Kenyon Reviyev" dərgisi görkəmli ədəbiyyatşünas O'Donnelin araşdırmasını - Folkner yaradıcılığının dərki istiqamətində o vaxtadək ilk ciddi yazı sayıla biləcək "Folknerin mifologiyası" sərlövhəli məqaləsini dərc edir.

           

1940

31 yanvar. Folknerin, həmçinin qardaşlarının dayəsi olmuş zənci qadın Karolina Barr vəfat edir. Hədsiz dərəcədə sevdiyi qadının xatirəsinə yazıçı özünün "Düş, Moisey" adlı kitabını ithaf edir və mayda R.Haasa yazdığı məktubda həm bu kitabın, həm də "Oğrular" romanının geniş planını açıqlayır.

1 aprel. Snoupslar haqqında trilogiyanın ilk romanı - "Qəsəbə" çapdan çıxır.

Yaz və yay aylarında növbəti dəfə maddi sıxıntılarla üzləşən yazıçı daha sanballı qonorar axtarışıyla jurnallara xeyli hekayə yazıb göndərir.

 

1941

May. Folkner bütün vaxtını dayəsinin xatirəsinə həsr etdiyi "Düş, Moisey" romanını yazmağa sərf edir. Gərgin iş ilin sonunacan davam edir, ancaq düz bir ildən sonra - 1942-ci ilin mayında nəşr olunan kitab yazıçıya heç bir uğur gətirmir, üstəlik, həmin müddətdə yazıçının maddi vəziyyəti dözülməz həddə çatır.

           

1942

İyul. Ağır günlər keçirən yazıçı özünə daha sərfəli iş tapmaq ümidi ilə yenidən Hollivuda üz tutur, Uorner qardaşlarının şirkətilə 7 illik müqavilə bağlayıb dərhal işə girişir. Lakin müqaviləyə yarımçıq xitam verildiyi 1945-ci ilə qədər 17 ssenari yazsa da, əksəriyyəti elə ssenari şəklində də qalır, onların əsasında heç bir film çəkilmir.

           

1943

Yaz. Rejissor Q.Hatvey ssenari yazmaq üçün Folknerə maraqlı ideya təklif edir: guya Birinci Dünya savaşı zamanı İsa (Xristos) zühur edir və cəbhədə həlak olur; onu naməlum əsgər qəbrində dəfn edirlər. Məhz bu ideya Folknerin şüurunda sonralar yazacağı "Pritça" romanının əsasını qoyur.

           

1944

Müxtəlif təklif və sifarişlər arasında tərəddüd edən, bəzilərini isə yerinə yetirmək məcburiyyətində qalan, bu səbəbdən vaxtaşırı Hollivuda gedib-gələn Folkner fevralda Heminqueyin "Ya var, ya yox" romanının ssenarisi üzərində işə başlayır.

(Davamı var)

 

Hazırladı: Mahir N.QARAYEV

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!