Tərcüməçidən
Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfiri barədə mənə ölkəmizin və ədəbiyyatımızın sadiq dostu, görkəmli Ukrayna ədəbiyyatşünası Dmitro Drozdovski yazdı, təxminən, 3-4 həftə əvvəl; səfirin telefon nömrəsini də. Cənab səfirin ədəbiyyatla bağlı olduğunu, şeir yazdığını, Azərbaycan Yazıçılar Birliyinə dəvət eləsək, bu dəvəti məmnuniyyət və maraqla qəbul edəcəyini də qeyd elədi.
Ölkəmizə təzə gəlib deyə, öz-özlüyümdə səfirin işinin çox ola biləcəyi ehtimalıyla bu görüşün iyunun birinci yarısında keçirilə biləcəyini düşünüb, götür-qoy eləsəm də, "Xarıbülbül" festivalında Xalq yazıçısı, ölkəmizin Ukraynadakı keçmiş səfiri Elmira Axundova ilə görüşümüz vəziyyəti dəyişdi. Elmira xanım səfir Yuri Qusevi yaxın günlərdə Yazıçılar Birliyinə dəvət edə biləcəyini söylədi və görüşü təşkil etməyimi xahiş etdi.
Bir neçə gün sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuri Qusev səfirliyin ikinci katibi cənab Stanislav Kovalın rəfaqəti ilə Birliyə gəldilər. Birliyin sədri, Xalq yazıçısı Anar, I katib, Xalq yazıçısı Çingiz Abdullayev, birliyin katibi, əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəyli, Xalq yazıçısı Elmira Axundovanın iştirakıyla olduqca maraqlı görüş keçirildi və bir çox məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin tarixi, hazırkı vəziyyəti və fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Eyni zamanda mən də öz tərəfimdən son 20 ildə Azərbaycan-Ukrayna ədəbi əlaqələri barədə geniş məlumat verdim, bu illər ərzində Ukrayna ədəbiyyatı ilə bağlı nəşrlərimizdən - ukraynalı ədiblərin əsərlərinin də yer aldığı "GUAM ölkələri ədəbiyyatı antologiyası", "Dünya ədəbiyyatı" dərgisinin Ukrayna ədəbiyyatı xüsusi sayı, böyük Ukrayna şairi Vasıl Stusun "Kolımada kəklikotu qoxusu" şeir kitabı, "Vüqarlı Dneprin suları axsın" - Ukrayna şeiri antologiyasının çap edildiyini söylədim, "Ədəbiyyat qəzeti"ndə xüsusi buraxılışlar kimi dəfələrlə nəşr olunmuş "Ukrayna ədəbi əlavələri" barədə, habelə Ukraynada nəşr olunan "Kiyevskaya Rus", "Vsesvit", "Kultura", "Teatr" dərgiləri, "Literaturnaya qazeta" (Ukrayna) qəzeti ilə əməkdaşlığımız barədə, son illərdə isə Elmira Axundovanın dəstəyi ilə Kiyevdə çap olunan çoxsaylı kitablar, xüsusən, "Bayraqdar" (Qarabağ hekayələri) antologiyasından söz açdım.
Səfir Qusevlə müzakirələrimizin əsas mövzularından biri də, heç şübhəsiz, Ukrayna-Rusiya münasibətləri, xüsusən, indiki savaş oldu.
30 ildi uzanan Qarabağ problemini, 1 milyondan artıq qaçqının və məcburi köçkünün ağrısını hamılıqla yaşamış, on minlərlə şəhid vermiş və bir o qədər qazisi olan ölkəmizin tarixi, əlbəttə, cənab səfir üçün bəlli məsələlər idi. Eyni zamanda 44 günlük Zəfər savaşımız, 1 gündən az çəkən lokal antiterror əməliyyatı, Zəfər savaşına qədər uzanan ağrılı, üzücü danışıqlar, bu gün də dünya güclərinin təzyiqi ilə heç də asan məcrada getməyən sülh danışıqları haqqında da danışdıq.
Ukrayna-Rusiya münasibətləri gərginləşən və sonradan savaşa çevrildiyi ilk günlərdən bu yana, Azərbaycanın həm ən ali səviyyədə, həm də bir dövlət və xalq olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, dövlətlərin ərazi bütövlüyünün bütün zamanlarda ən əsas prinsip olduğu da cənab səfirin diqqətinə çatdırıldı.
Əlbəttə, öz yaxın tarixi təcrübəmizdən bəzi məsələlərə fərqli baxdığımız bir daha üzə çıxdı, xüsusən, Qərb və Avropa dövlətlərinin "ikili-üçlü standartları" barədə fikir ayrılıqlarımız, müxtəlif savaşların, xüsusən, II Dünya müharibəsinə münasibətdə fərqli düşüncələrdə olduğumuz, bəzən dostyana qızğın "mübahisə" də yaratdı.
Ukrayna prezidenti cənab Zelenskinin elan etdiyi "sülh formulu", onun müvafiq bəndləri, bizim o formula münasibətimiz də söhbətlərimizdə yer aldı.
Hətta sülhə xidmət edəcəksə, Bakıda Ukrayna və Rusiya ədiblərinin görüşünü keçirə biləcəyimizin mümkünlüyünü də dilə gətirdik ki, bu gün də o təklifimiz qüvvədədir.
Bütün bu söhbətlər və müzakirələr zamanı cənab səfir Ukraynanı, öz doğma vətənini hərarətlə sevən, həqiqi vətənpərvər kimi danışır, bizimlə bölüşmədiyi fikir və təkliflərimizə, bu və ya digər məsələlərə bəzən şairlərə xas qızğınlıqla reaksiya verirdi.
Daha əvvəl Dmitro Drozdovskinin məktubundan, sonra isə söhbət zamanı öyrənmişdim ki, cənab səfirin atası Veniamin Qusev (1945-1997) tanınmış Ukrayna şairidir, sən demə, ötən əsrin 60-cı illərində Bakı Xəzər Dəniz Donanmasında xidmətdə olub, müxtəlif mötəbər vəzifələrdə işləyib.
Səfir Yuri Qusev isə Ukrayna Müdafiə nazirinin müavini (2015-2016), Xerson Vilayətinin qubernatoru (2019-2020) , Ukrayna Müdafiə Sənayesinin baş direktoru (2020-2023) kimi çox mötəbər dövlət vəzifələri tutub. İqtisadiyyat elmləri namizədi, ilahiyyat elmləri doktoru, professordur. Kiyev İqtisadiyyat Universitetində, Harvard Universitetində və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində təhsil alıb.
Amma həm ata və oğulun bioqrafiyasında, həm də sonradan Dmitro Drozdovskinin hər iki şairdən seçərək göndərdiyi şeirlərdə xoş eyniliklər vardı. Hər iki şəxsin istedadlı şeirləri öz yerində, sən demə, cənab səfir də atası kimi şahmatı sevirmiş; hərçənd ata Qusev şahmat üzrə ustalığa namizəd dərəcəsi alıbmış; üstəgəl, hər iki şairin metrik bənzərliklə yanaşı, demək olar, eyniadlı və eyni mövzulu şeirləri də varmış.
Görüşümüzün sonuncu xoş məqamı isə səfir Qusevin yeniyetmə oğlu Mixail Qusevin yazıçı istedadının olduğunu və artıq ilk fantastik əsərinin - "Deraviya. Kvant sıçrayışı" romanının çap edildiyini bilməmizdi. Demək ki, yazıçılıq, ədəbiyyat Qusevlərin artıq irsi məziyyəti imiş.
Dünya ədəbiyyat və siyasət tarixində səfir şairlər, səfir yazıçılar çox olub. Və bu həmişə həm siyasətə, dövlətlərarası münasibətlərə, həm də ədəbiyyata pozitiv təsir göstərib.
Biz də bu məlum qənaəti bölüşür, səfir Qusevin Azərbaycandakı fəaliyyətinin dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə xoş təsir edəcəyinə inamımızı ifadə edir, böyük məmnuniyyətlə Veniamin Qusev və Yuri Qusevin hərəsindən üç şeiri "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Səlim Babullaoğlu,
Azərbaycan Yazıçılar Birliyinin katibi
Veniamin Qusev
Xəyal
Kimisi arayır öz yuxusunda,
Xəyal küçəsində bir oğlan gəzir.
Oğlan da yuxuda öz quyusundan
Görən, niyə çıxmır, niyə gizlənir?
Bəlkə o dəli qız, o dəlicə qız
Bilmir ki, yanında durub o oğlan.
Bəlkə xəyalına aşiqdi o da,
Bəlkə də aşiqdi qıza, lap çoxdan.
Olsun ki, bir axşam görüşəcəklər,
Qəfildən... təsadüf olacaq adı.
Bir az sıxılacaq, büzüşəcəklər,
Çökəcək üzlərə xəfif qızartı.
Ömrümün gündəliyi
Qibtə, şöhrət deyil məni yazdıran,
Darıxmaqdan yazmıram şeirləri.
Amma hər kəs gərəkdi bircə dəfə
Öz ömrüylə bəzəyə sətirləri.
Ömür var ki məktublarda həkk olur,
Ömür var ki yuvası - gündəlikdi.
Yaşantının mənim üçün tək yolu
Qafiyədir, şeirə axışıb dolur.
Vacib deyil, oxumasın qoy, kimsə,
Duymasınlar adımı şair kimi.
Mən şeiri özüm üçün yazıram,
Hisslərimin şeirdir gündəliyi.
Həyəcan
Həyəcan! Həyəcan! Həyəcan!
Yırğalandı gəmi, qışqırdı sanki.
Uzandı baxışlar düz qürubacan,
Axtardı, hardadı o doğma liman?
İlk dəfə deyil ki, təşviş içində
Xəzər mavisinə baş vururuq biz.
Xoşbəxtik: dalğalı, qırçınlı yolda,
Bu əziz dənizdə üzür gəmimiz.
Dönürük, yorğunuq, yorğunuq yaman,
Yataq, canımızdan çıxsın yorğunluq.
Sahildə ah çəkir yenə də bayan,
Gözəllər sarıdan, qızlar sarıdan.
Doğma yerlər üçün, ev-eşik üçün
"Ah-of"u ovudur axşamüstülər.
Dalğalı, qırçınlı dəniz yolları,
Bu əziz yolları üzənlər bilər.
Yuri Qusev
Vətəni seçməyirlər
Vətənə xidmət hissi
Doğma deyil hamıya.
Əməllərin və hissin,
Sevgin, qəlbin Vətənçün
Gərək dura sıraya.
Ukraynalıdır adım,
Gur Dneprim, Krımım,
Karpat kimi dağlarım
Qoy, dünyada tanınsın -
Budur işim, amalım.
Qorxaq bilməz neçindi
Səmadakı ulduzlar.
Vətəni seçməyirlər,
Vətən üçün yanırlar,
Doğma Ukraynam, sənin
Əsgərinəm mən indi.
Divar
Əqrəblər yeriyir, gecədi, gecdi.
Səmada bir Aydı, ulduzlar bir də.
Fikirlər üstümə qoşun çəkibdi,
Divar ucaldıbdı yenə dövrəmdə.
Hər daşı bir qaynar kəlməmdi mənim,
O divar şeirimdi - oxunmayıbdı.
Sözlər ki qafildən, bədxah nəzərdən
Gizlənib, qəlbimi vətən sayıbdı.
O divar hələ ki dimdikdi, durub,
Bir üzü həyatdı, biri iztirab.
Hər daşı əzabkeş hisslə yonulub.
Yanından ötənlər eləyərmi tab?
Şair
Kim ki şeir ilə "hə" və "yox" deyər,
Kim ki sevə bilər şairlər kimi,
Kim ki bağışlayar, üzr diləyər,
Kim ki hayqırmağı, sevməyi bilər -
O dərdi, sevinci şeirləşdirər,
O susar mənasız təklif görüncə.
O eşqi şeirdə zərif dindirər,
O şair misradan baxar, gizlicə.
Tərcümələr Səlim Babullaoğlunundur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!