Çağdaş qazax şairi Uluğbek Esdauleti azərbaycanca oxuyarkən
Qazaxıstanın xalq şairi, ictimai xadim Uluğbek Esdauletin anadan olmasının 70 illiyi ərəfəsində Azərbaycan dilində poetik məcmuəsi - "Dağların və çöllərin nəğmələri" adlı kitabı nəşr edilmişdir. Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü ilə işıq üzü görən toplunun redaktoru və kiçik şərhlərin müəllifi şair-tərcüməçi Elxan Zal Qaraxanlıdır.
Yeri gəlmişkən, Uluğbek ədəbiyyatımızın ağsaqqalı Anar müəllimin də yaxın dostu və sirdaşıdır, onu bütün türkdilli ədəbiyyatların böyük ustadı adlandırır. Mənim də tanıdığım, təqdir elədiyim, Almatıda Oljasla birgə qonağı olduğum (eyni zamanda Elxan Zalla) çağdaş qazax ədibi intellekti və səviyyəsi ilə həmişə seçilib. O, təkcə Qazaxıstan Yazıçılar İttifaqının deyil, eyni zamanda TÜRKSOY-un yaratdığı Türk Dünyası Yazarlar Birliyinin də sədridir. Bir söz adamı kimi qardaş xalqın ən müasir, ünlü ismidir. Heç təsadüfi deyil ki, onun yazdığı nəğmələrindən biri Beynəlxalq antinüvə hərəkatının himninə çevrilmiş, "Zamanai" adlı mahnısı dillər əzbəri olmuşdur. Elə Elxan Zalın və İbrahim İlyaslının birbaşa orijinaldan tərcümə etdikləri "Dağların və çöllərin nəğmələri" kitabına da Ön sözü Oljas Suleymenov qələmə almışdır.
Adətən, keçmişdə sabiq SSR-nin tərkibində yaşayan türkdilli xalqların ədəbiyyatından seçmə nümunələr rus dilindən çevrilirdi. Bu zaman mətn tamam başqalaşır, bəzən özgə bir məzmun kəsb edir, əcaib mənzərə yaradırdı. Demək çətindir, bəlkə də bu, qəsdən edilmiş ruslaşma siyasətinin nəticəsi idi. Həm Elxan Zalın, həm də İbrahim İlyaslının doğma qazaxcadan elədikləri çevirmələr müqayisədə dəqiqdir, demək olar, orijinal mətnlərlə eyniyyət təşkil edir.
Görkəmli qazax şairi Uluğbek Esdauleti bu yubiley günlərində Azərbaycan torpağına təşrif gətirib. Hazırda Bakıda qonaqdır. O, eyni zamanda Azərbaycan türkcəsində çıxmış kitabının sevincini yaşayır.
Ağacəfər HƏSƏNLİ
Uluğbek Esdaulet
Kürən buludlar
Niyə kükrəyirsən, ay kürən bulud,
Guya ki, qədrini bilənlərin var?
İlham atlarına bir təpik vurub,
Səni bezdiribmi bu boşboğazlar?
Nə çıxar tökülən göz yaşlarından,
Azad, çılğın olmaq xoş deyilmi, ya?
Cinləri çağırıb hər cinlənəndə,
Bundan xoş olarmı ölümlü dünya?
Hər cürə işləri, həkətləri var,
Qoyun otartdırar şairə, bunlar.
Boşuna kükrəmə, kürən buludum,
Sən dinclik tapanda könlün xoş olar.
Balbal nəğməsi
Ömür, sənə gəldim-getdim,
Sonda nəyi tutdurdum?
Səma zəngindən zər dərdim,
Selə, suya baş vurdum.
Ömür, sənə vardım-döndüm,
Dan suyunda bəsləndim.
Mənə qulaq tutar, deyə
Göy tanrıya səsləndim.
Gözlərimi açdım-yumdum,
Gəzdim dağı-düzəni.
Dilini udmuş daşam mən,
Söylətməyin siz məni.
Biz türkləriz
Biz türkləriz..
Biz türkləriz!
Göy səmada bərq vuraraq kükrəriz,
Göy səmada bulud olub titrəriz.
Göy börüdən gəlir bizim soyumuz,
Göy Tanrıdan qüvvət alıb yaşarız.
Köksümüzdən böyük amal asılıb,
Tariximiz salt daşlara yazılıb.
Heç zaman sapmadıq biz yolumuzdan,
Nə də göz yaşında boğulmamışıq.
Göy üzünə yayılır göy qurdun ötkəm səsi,
Yüz illəri titrədib türklüyün fəth həvəsi.
At tərkinə minəndə içimdə ruhum oynar,
Türkü üfüqə səslər məngu çağırış səsi.
Qollarıma güc gəlir, at belinə minincə,
Düşüncə ucur göyə, əl uzanır qılınca.
Əsrlərin tərkinə qürurla qalxıb çıxan
Bu xalq qayadan da sərt,
bu xalq qaymaqdan incə.
Heç zaman yenilmədik, yengi hara, biz hara?
Türküstanın kümbəzi ucaldı səmalara.
Hər zaman mənimlədi əcdadımın öyüdü,
Layiq olmaq gərəkdir ölümsüz babalara.
Göy Tanrıdan könülə nur diləriz,
Göy səmada yenə də kükrəyəriz.
Göy börülü göy bayraq yenidən göyə qalxsa,
Düşman milyon da olsa, hamısını yenəriz.
Biz türkləriz!
Biz türkləriz!
Biz türkləriz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!