Meyson Karri - amerikalı yazar və redaktordur. Onun 2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı kitabı indiyədək 17 dilə çevrilib və 100 min ədədlik tiraj tezliklə satılıb, tükənib. Haqqında The New Yorker, The Guardian, The Wall Street Journal və The Believer kimi nüfuzlu nəşrlərin müsbət rəy çap etdiyi bu kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub. Adıçəkilən kitabda keçmiş dövrlərdə yaşamış və müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın, filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub. Həmin kitabdan sırf yazarlarla bağlı bölümlərin sizlərə təqdimatını davam etdiririk.
Corc ORUELL
(1903-1950)
1934-cü ildə Oruell bütün cavan müəlliflərin rastlaşdığı sıxıntılarla üz-üzə qalmışdı: bir il əvvəl çapdan çıxan "Parisdə və Londonda qara qəpiksiz" adlı ilk kitabı oxucular tərəfindən yetərincə rəğbət görsə də, o, təkcə yaradıcılıq hesabına, təbii ki, həyatda duruş gətirə bilməzdi. Məktəbdə dərs dediyi üçün onun sevimli işiylə məşğul olmağa vaxtı qalmırdı, ədəbi cameə ilə qaynayıb-qarışmasına da maneələr yaranırdı. Xoşbəxtlikdən Nelli xalası Corca yetərincə cazibədar görünəcək bir qazanc yeri tapdı: bu, Londondakı bir bukinist mağazasında yarımştatlıq satıcı işi idi. 31 yaşlı subay-salıq bu kişi üçün "Booklovers Corner"dəki (ingiliscə: "Kitabsevərlər tini və ya guşəsi" - A.Y.) bu iş tamamilə göydəndüşmə bir şey sayılmalıydı.
Səhər saat 7-də oyanan Oruell saat 8.45-də açılan mağazada cəmi bircə saat işləyir, sonra isə ta günortayacan tam sərbəstlik qazanırdı, işin ikinci qismi isə gündüz saat 14.00-dən axşam 18.30-a qədər sürürdü. Bu sayədə günün birinci yarısında yazı-pozu üçün onun 5 saat yarıma qədər boş vaxtı olurdu, həm də o, məhz günortadan öncəki saatlarda özünü daha gümrah və iş-gücə həvəsli hiss edirdi.
Günün ikinci yarısına qədər yazdıqlarından müəyyən məmnunluq duyan yazar ta axşama qədər o dükana baş çəkən kitab həvəskarlarının qulluğunda dururdu. Axşamın gec saatlarında isə şəhərin ucqar məhəllələrini payi-piyada gəzib-dolaşırdı. Özünə xırdahal bir qaz sobası alandan sonra o, yaşadığı darısqal mənzildə nəinki özü, hətta qonaqları üçün də yemək bişirməyə, vaxtaşırı süfrələr açmağa həvəs salmışdı.
Con APDAYK
(1932-2009)
1967-ci ildə "Paris Revyu" jurnalına verdiyi müsahibə zamanı Apdayk demişdi:
"Lazım gələrsə, mən hansısa dezodorant üçün reklam mətni və ya ketçup şüşəsinə yapışdırılacaq mətn də uydura bilərəm. Çünki beyində doğulan hansısa ideyanın fikrə, fikrin sözə, sözün isə öz növbəsində mürəkkəbə və metal klişelərə çevrilməsindəki o möcüzə dolu proses məni həmişə özünə cəzb edibdir".
Yaradıcı ömrünün böyük qismi boyu Apdayk Massaçusets ştatının İpsviç şəhərinin mərkəzində yerləşən restoranın üst mərtəbəsində özünə ayrıca bir məkan kiralayıbmış və hər səhər orada üç-dörd saat çalışmaqla, hər gün 3 səhifəlik mətni yazıb-bitirməyi bir qayda halına gətiribmiş.
Yazar sonralar xatırlayırdı:
"Günortaya doğru cürbəcür yemək qoxuları otağıma dolurdu, canımı dişimə tutmaqla, mən daha bir saat da bu qoxulara dözür, o ara siqareti-siqaretə calayır, səndviçlə başımı nə cürsə qatmağa çalışırdım".
1978-ci ildə verdiyi başqa bir müsahibədə isə o, öz iş rejimini daha ətraflı açıqlamışdı:
"Özüm və xanımım yaranışdan bəri "gecəquşu" olduğumuzdan mən yazı-pozu işlərimi adətən səhərə saxlayır, bəzən bunu düz günortaya qədər davam etdirirdim. Qəribə cəhət də odur ki, hər ikimiz eyni vaxtda yuxudan oyandığımızdan sonrakı yarım saat boyu qəzetləri hansımızın birinci oxuyacağıyla bağlı daima höcətləşirdik. Saat 9.30-da mən "ofisimə" qapanır və öz yaradıcı layihələrimə köklənməyə cəhd göstərirdim. Bunun ardınca, həm də xeyli gec saatda xanımım nahar süfrəsi açır, günün qalan qismi isə istər-istəməz hansısa məsələlərə sərf olunub, gedirdi.
Bir professor qədər, məncə, elə yazar da, öz həyatında sayı-hesabı bilinməyən xırda məqamlarla rastlaşır və əslinə qalanda bunlar bir elə vacib şey də sayılmazlar. Ancaq onlara vaxtında bir əncam çəkməsən, yazı masanda kağız-kuğuz əlindən heç tərpənə bilməyəcəksən. Bu səbəbdən də mən həm məktublara cavab verir, həm də danışıqlar aparırdım, o arada bu qayğıların hər ikisini minimuma qədər endirməyə can atırdım. Bəzi məsləkdaşlarımdan fərqli olaraq, mən heç vaxt gecə saatlarında yazmamış və özümü ilham pərisindən asılı hala gətirməmişdim, çünki yazı-pozudan yaxa qurtarmaq adama hədsiz şirin gəlir. Buna şirnikləndiyin vaxt isə yazı masası arxasına təkrar dönmən ümumiyyətlə... gerçəkləşməyə də bilər. Ona görə də mən işimdə hər gün bəlli bir saatda öz yonma makinasını işə salan hansısa diş həkimi qədər üzüyola və intizamlı olmağa çalışıram, çünki onsuz da bəlli günlərdə özümə istirahət haqqı da tanıyıram. Məsələn, bazar günləri mən əsla işləmirəm, başqa dönəmlərdə isə (öz aləmimdə!) hələ məzuniyyətə də... çıxıram".
Daha bir müsahibəsində isə o, üzərində çalışdığı kitaba gündəlik azı üç saatını sərf etdiyini bildirmişdi, əks təqdirdə, nəyi və necə yazacağını unutmaqdan qorxurmuş. Onun fikrincə, bir dəfə, həm də həmişəlik qəbul olunan iş rejimi "adamdakı işgüzarlığı da qoruya bilir".
Knut HAMSUN
(1859-1952)
Öz kitabının naməlum tərcüməçisinə hələ 1908-ci ildə ünvanladığı bir məktubda bu norveçli yazar yaradıcılıq prosesinin üzərindəki sirr örtüyünü qaldırmağa müəyyən cəhdlər göstərmişdi:
"Yaratdığım mətnlərin əksər qismini mən gecələr qələmə almışam. Ona qədərki iki saat boyu yatdığım üçün beynim elədə daha sərrast çalışır, duyğularım isə yetərincə həssaslaşırdı. Çarpayımın yanında mən həmişə kağız-qələm saxlayırdım. Doğan fikirləri də dərhal, yəni işığı yandırmadan, elə qaranlıqdaca yazmağa başlayanda onların içimdən necə axıb-gəldiyini aşkar şəkildə sezə bilirdim. Bu işi illər uzunu bir vərdiş halına gətirdiyim üçün səhər həmin qeydlərdən baş açmam da xeyli dərəcədə asanlaşırdı".
İllər ötdükcə, Hamsunun yuxu rejimi tamam pozulur və o, günün böyük qismini yarımürgülü halda keçirir. Yaradıcılıq saatlarındakı əyər-əskiyi azaltmaqdan ötrü isə istənilən ilham işartısından yararlanmağa başlayır, ağlına gələn istənilən fikri əl boyda kağızlara köçürməyə üstünlük verir. Sonradan bunları yazı masasının üstünə düzməklə, hansısa süjet və ya personajlar uydurmağa çalışır.
Tərcümə: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!