“Yəqin ki, hamımız Şekspirlə görüşmək istərdik” - Amerikalı yazıçı Coys Kerol Outsun müsahibəsi

Amerikalı yazıçı Coys Kerol Outs 16 iyun 1938-ci ildə anadan olub. İlk kitabını 1963-cü ildə çap etdirib. O vaxtdan bəri yazıçının 58 romanı, çoxlu sayda pyesi, novellaları, bir neçə cilddə qısa hekayələri, şeirləri, qeyri-bədii əsərləri çap edilib.

Onun "Qara su" (1992), "Mən nə üçün yaşadım" (1994), "Sarışın" (2000) romanları və "Məhəbbət çarxı" (1970), "Sevimli, qaranlıq, dərin: Hekayələr" (2014) adlı hekayələr toplularının hər biri Pulitser mükafatının finalçısı olub. O, yazılarına görə bir çox mükafatlar alıb, o cümlədən, "Onlar" (1969) romanına görə Milli Kitab mükafatına layiq görülüb, iki dəfə O.Henri Mükafatı, Milli Humanitar Elmlər Medalı və Yerusəlim mükafatı (2019) qazanıb.

O, Rozamond Smis və Louren Keli təxəllüsü ilə bir neçə roman da nəşr etdirib.

Yazıçı 1978-ci ildən 2014-cü ilə qədər Prinston Universitetində dərs deyib və Yaradıcı Yazarlıq proqramı ilə Humanitar Elmlər üzrə Professor Emeritadır. 2016-cı ildən 2020-ci ilə qədər o, Berklidəki Kaliforniya Universitetində qonaq professor olub və burada yaz semestrlərində qısa bədii ədəbiyyat dərsləri verib. Hazırda Nyu-Brunskvildəki Rutgers Universitetində dərs deyir. Outs, 2016-cı ildə Amerika Fəlsəfə Cəmiyyətinə üzv seçilib.

Yazıçının oxumağı sevdiyi, onu yazıçılığa ruhlandıran, gənclərə oxumağı məsləhət gördüyü kitablar haqqında danışdığı müsahibəsini təqdim edirik.

 

-  Harada və nə vaxt oxumağı sevirsiniz?

- Hər yerdə! Ən sevdiyim və ən rahatı sərin havada, soba (kamin) qarşısında oxumaqdır, təyyarədə oxumaq da ləzzətli olur, gözləmə zallarında, ya da növbədə gözləyərkən, hətta bu günlərdə tez-tez telefonda gözlədiyim vaxtlarda belə oxuyuram. Oxumalı olduğumuz kitablar təcili hallar üçün əlimizin altında olmalıdır.

- "Audiokitab"lara qulaq asırsınız?

- Bəli, bir neçə dəfə dinləmişəm, amma daha çox dinləyəcəyimə ümid edirəm. Axtarıb öz kitablarımın da audiovariantını tapmağa çalışacam, onları da belə dinləmək istəyirəm, olduqca təsirli idi.

- Oxuduğunuz sonuncu ən gözəl kitab hansı olub?

- Ceyms Coysun "Uliss" romanı. Bu ilin iyun ayında, daha əvvəl bu kitabı oxumamış, ərimlə birlikdə "Blumsdey şənlikləri"nə görə (Dublində hər il iyunun 16-da qeyd olunan Ceyms Coys heyranlığına həsr olunmuş bir gün  - tərc.) Dublinə getməyə hazırlaşarkən bir daha oxudum (Ən sevimli hissəm "Ithaca"dır).

- Hansı kitab sizə daha çox təsir edib? Hansı kitabı özünüz yazmaq istərdiniz?

- Nənəm Luis Kerolun "Alisa möcüzələr ölkəsində" və "Alisa xəyal güzgüsündə" romanlarını mənə verəndə doqquz yaşım vardı və onlar mənə çox təsir etmişdi. Bunlar, şübhəsiz ki, məni yazmağa ruhlandıran kitablar idi və Alisa illər ərzində ən çox özümə bənzətdiyim qəhrəman idi. Onun prinsipləri də mənimkinə bənzəyir: "Daim hər şeylə maraqlanan"...

- Prezidentə (ABŞ prezidentindən söhbət gedir - tərc.) bir kitab oxutdura bilsəydiniz, bu hansı kitab olardı?

- Amerikalı faciəvi dastanımız Herman Melvilin "Mobi Dik" romanı. Çox mənalı bir kitabdır.

- Oxuma vərdişiniz necədir? "Kağız", yoxsa, elektron kitabları daha çox oxuyursunuz? Qeydlər apararaq oxuyursunuz?

- Təbii ki, "kağız" kitablara üstünlük verirəm, onlar cildləri və səhifə tərtibatları ilə bir-birindən çox fərqlənir, elektron kitablar belə deyil, orada sözlər suda üzən qarışqalara bənzəyir. Kitabları tez-tez nəzərdən keçirdiyim üçün qeydlər aparıram. Amma səyahət edirəmsə, elektron kitablar da oxuyuram.

- Sizi güldürən, yoxsa, ağladan, nələrsə öyrənəcəyiniz, yoxsa, fikrinizi dağıdacaq kitablar oxumağı üstün tutursunuz?

- Niyə birini seçməliyəm? Ən yaxşı kitabların çoxu bir deyil, adamda bir çox hiss oyadır. Mən demək olar ki, bütün yazılarımda yumoru (əgər qara yumorsa) gizlətməyə çalışmışam, lakin oxucularımın bəzisi bunun fərqinə varıb - etdiyim, Obri Bördsleyin rəsmlərindəki "ədəbsizliyi gizlətməsi" kimi bir şeydir.

- Uşaqlıqda ən çox sevdiyiniz kitab hansı olub?

- Buffalonun şimalında, Nyu-Yorkun qərbində, kiçik, çox da zəngin olmayan bir fermada böyüdüyüm üçün əlimə keçən çox az kitab vardı və onların hamısı, eynən Alisa seriyasından olan kitablar kimi çox qiymətliydi. Yəqin ki, ən çox sevdiyim əsər çox gənc yaşlarımda oxuduğum Edqar Alan Ponun "Qızıl böcək" romanıdır.

- Sonuncu kitablarınızdan biri - "Sənə deməyi unutduğum bir neçə şey" gənclər üçün yazdığınız bir ktabdır. Gənclər üçün olan ən çox sevdiyiniz bir neçə kitab adı çəkə bilərsiniz?

- Günümüzün standartlarına görə, "Helkberri Finnin macəraları", "Vəhşiliyin çağırışı", "Toyun bir üzvü", "Bülbülü öldürmək", "Çovdarlıqda uçurumdan qoruyan", "Milçəklərin Tanrısı" kimi klassiklər gənclər üçün romanlara yaxşı nümunə ola bilər.

- Sizdə məyusluq yaradan, həddindən çox şişirdilmiş, kifayət qədər yaxşı olmadığı halda, sevəcəyinizi düşündüyünüz və sevmədiyiniz kitablar hansılardır? Bitirmədən qaytarıb rəfə qoyduğunuz son kitabı xatırlayırsınız?

- D.H.Lourensi ilk oxumaq cəhdim uğursuz olmuşdu - o vaxt kifayət qədər yetkin deyildim, indi Lourens Universitet dərslərimdə tələbələrimə dəfələrlə öyrətdiyim və ən sevdiyim müəlliflərdən biridir. Başqa bir məyusluğum, çox gənc yaşlarımda oxuduğum Volt Vitmenlə bağlıdır (bilirəm, inanılmazdır, axı kim Volt Vitmen oxuyub xəyal qırıqlığı yaşadığını etiraf edə bilər? Lütfən, təhqiredici elektron məktublar göndərməyin).

Əgər nəzərdən keçirdiyim kitab məyusluqla nəticələnərsə, mən mətndən çoxsaylı cümlələr göstərərək onu obyektiv şəkildə oxucuya təqdim etməyə çalışıram ki, oxucu mənim təsirimə düşmədən öz fikrini formalaşdıra bilsin. (Əslində, məncə, bu fikirlərin o qədər də önəmi yoxdur. Bir oxucunun, sanki Çin yeməklərini bəyənmirmişcəsinə Beovulf kimi klassiki bəyənməməsi necə önəmli ola bilər ki?!)

- Yazarlıq dərsində müəllim olaraq istifadə etməyi ən çox sevdiyiniz kitab hansıdır? Sizcə, bütün yazıçılar hansı kitabı mütləq oxumalıdırlar?

- Sadəcə, bir mətnin və ya antologiyanın adını çəkə bilmərəm. Yeri gəlmişkən - 1978-ci ildə Prinstonda oxuduğum vaxtdan bəri - öz sevimli qısa hekayələrimi və qısa esselərimi, adətən bədii ədəbiyyat emalatxanalarımda oxutdurduğum bir neçə antologiyaya yerləşdirmişəm. Bunlara "Oksford Amerika Qısa Hekayələri Kitabı", "Müasir Amerika Qısa Bədii Əsərlərinin Ekko Antologiyası" və "Hekayələr Antologiyası: Yazıçılar üçün Antologiya" daxildir.

- Həyatda olmayan bir yazıçı ilə tanış ola bilsəydiniz, o kim olardı? Nə soruşmaq, nəyi bilmək istərdiniz? Heç özünüz hər hansı oxucunuza yazmısınızmı?

- Yəqin ki, hamımız Şekspirlə görüşmək istərdik (adamın bütün bu pyesləri yazıb-yazmadığını soruşa bilərdik). Bəzilərimiz də Emili Dikinsonla görüşməyi xəyal edirdik  (soruşmaq lazımdır ki, Uilyam Şekspir və Emili Dikinson bizimlə görüşmək istərdimi?!).

Təəssüf ki, vaxtımın doxsan faizini yazıçı dostlarıma və oxucularıma məktublar, elektron məktublar yazmağa sərf edirəm. Problem ondadır ki, onlar cavab yazırlar və mən də cavablayıram.

Təbii ki, mənə çoxlu məktublar gəlir, əksəriyyəti isə belə başlayır: "Müəllimim amerikalı bir yazıçı haqqında yazmağımızı istədi, mən də sizi seçdim, amma sizin haqqınızda çox məlumat tapa bilmirəm. Nədən yazırsınız? Ən sevdiyiniz kitablar hansılardır? Yazmaq üçün ideyaları necə əldə edirsiniz? Ümid edirəm ki, bazar ertəsinə qədər cavab verəcəksiniz, çünki yazımı bazar ertəsi təhvil verməliyəm"...

- Tanış olduğunuz yazıçılardan hansı sizə daha çox təsir edib?

- İndiyə qədər 1449 yazıçı ilə tanış olmuşam və bir çoxları da tanış olmağı gözləyir. Əminəm ki, onların hamısından, xüsusilə də, gözəl işləri olan, istedadlı yazıçı dostlarımdan çox təsirlənmişəm, amma inanıram ki, ən böyük sürprizlər hələ gəlməyib.

- İndi nə oxumağı planlaşdırırsınız?

- Bu müsahibəyə başladığımızdan bəri, çoxu yazıçı dostlarımdan gələn 16 mühüm elektron məktubu...

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!