2022-ci ilin Nobel laureatı seçilən nasiri tanıyaq
Anni Erno (Annie Ernaux) tam adı-soyadı Anni Terez Blanş Düşen olan fransız nasiri və pedaqoqudur.
1 sentyabr 1940-cı ildə Normandiyanın şimalındakı Lilbonn şəhərində anadan olub. Əvvəlcə, özəl katolik məktəbdə, sonra isə Ruan Universitetinin filologiya fakültəsində təhsil alıb.
16 yaşından şəxsi gündəliklərini yazmağa başlayan Anni sonradan həmin qeydlər əsasında özünün ilk romanını qələmə alsa da, onu çap etdirməyə bir gərək duymayıb.
1964-cü ildə Filipp Erno ilə ailə qurub və Ansi şəhərinə köçüb. Bu nikahdan onun iki oğlu dünyaya gəlib.
1970-ci illərdə yazar Ansi-le-Vye və Pontuaz şəhərlərindəki ibtidai və orta məktəblərdə dil-ədəbiyyat fənnini tədris edib. Bir müddət sonra isə Distansiyalı Təhsil üzrə Milli Mərkəzdə ixtisasına uyğun işlə təmin olunub.
1980-ci illərin əvvəllərində ərindən boşanan və həmin vaxtdan etibarən Serji şəhərində məskunlaşan yazar ədəbi yaradıcılığa daha sıx şəkildə bağlanıb.
Təkcə "Abort" romanını çıxmaq şərtilə, onun bütün əsərlərində avtobioqrafik elementlər daha geniş yer tutmaqdadır.
1974-cü ildə işıq üzü görən ilk romanı - "Boş şkaf" ona şöhrət qazandırıb.
Yazarın digər romanları isə aşağıdakılardır:
"Boş gündəliklər…" (1977), "Donmuş qadın" (1981), "Başqa bir qadın" (1988), "Yalın ehtiras" (1992), "Jurnal qapağı" (1993), "Xəcalət" (1997), "Gecədən kənara çıxmadım ki mən" (1997), "Abort" (1999), "Təmiz havada yaşamaq" (2000).
Uğurlu ədəbi yaradıcılığına görə o, bir sıra ədəbi ödüllərə, 2022-ci ildə isə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülübdür. Nobel Komitəsinin Anni Ernonun laureat seçilməsilə bağlı açıqlamasında deyilir:
"Şəxsi yaddaşa yadlaşmanı, ona kənardan göstərilən kollektiv basqını və bunun köklərini ortaya çıxararkən sərgilədiyi böyük cəsarətə və barışmazlığa görə".
2008-ci ildə fransız rejissoru Patrik-Mario Bernar Anni Ernonun "Başqa bir qadın" romanı əsasında bədii film çəkib.
"İllər" romanına görə A.Erno 2008-ci ildə həm Marqerit Duras, həm də Fransua Moriak mükafatlarına layiq görülüb. Həmin il o, bütün yaradıcı fəaliyyətinə görə "Fransız dili ödülü"nü, 2017-ci ildə isə Marqerit Yursenar adına mükafatı qazanıb.
2014-cü ildən A.Erno Serji-Pontuaz Universitetinin fəxri doktorudur.
Oxuculara ilk bölümünü təqdim etdiyim "Atamın yeri" romanı 40 il öncə, 1983-cü ildə Parisdəki "Gallimar" nəşriyyatında çap olunub və sonrakı il Fransanın nüfuzlu ədəbi ödüllərindən sayılan Renodo mükafatına layiq görülüb.
Anni ERNO
Atamın yeri
(Romandan bir bölüm)
Öz-özüm üçün də dəqiqləşdirirəm: yazmaq - xəyanətdən sonra mənim tapa biləcəyim ən sonuncu sığınacaqdır.
Jan Jene
Orta məktəbdə müəllim işləmək üçün diplom almaqdan ötrü Krua-Russdakı Lion liseylərindən birində keçirilən imtahanlardan uğurla çıxdım. Təzəcə istifadəyə verilən həmin liseydə müdiriyyət və müəllimlər üçün nəzərdə tutulan otaqlarda yamyaşıl dibçək bitkiləri düzülmüşdü, kitabxananın döşəməsinə isə açıq boz rəngdə palaz sərilmişdi. Müfəttişin və ədəbiyyat fənni üzrə iki təcrübəli müəllimin iştirakıyla sınaq dərsinə girməkdən ötrü mən çağırılacağım anı kitabxanada oturmaqla gözləyirdim. Yazılı imtahanın yekunlarıyla bağlı vərəqləri qarşısına düzən bir qadın özündən arxayın və rahat tərzdə onları gözdən keçirirdi. Qalan ömrüm boyu eyni işi görməkdən ötrü girəcəyim bu sınaq dərsində məndən üstün bir səviyyə göstərmək tələb olunurdu.
Riyaziyyat təmayüllü yuxarı siniflərə həmin dərsi keçərkən, şagirdlərə Balzakın "Qorio ata" romanından seçdiyim iyirmi beş sətrin ardıcıl şəkildə nömrələnməsini tapşırdım.
Sonra, yəni lisey müdirinin kabinetində ikən, müfəttiş mənə öz iradını bildirdi: "İzahınız əcəb uzun çəkdi, bir az da uzansaydı, şagirdləri yuxu tutacaqdı".
Bunu deyərkən o, bir cüt assistentinin - bir kişi ilə çəhrayı tufli geyinən və gözləri zəif görən xanımın - arasında əyləşmişdi. Mən isə onlarla üzbəüz oturmuşdum. Həmin on beş, iyirmi dəqiqə boyu o, gah irad bildirdi, gah məni təriflədi, gah da öz dəyərli tövsiyələrini verdi: mən isə karıxıb qalmışdım ki, görəsən, bütün bunlar mənim işə qəbul olunduğuma dəlalət edir, ya yox. Onların üçü də - qeybdən gələn vahid komandaya əsasən - qəfildən, həm də ciddi görkəmlə ayağa qalxdı. Mən də o əsnada həyəcanla yerimdən durmalı oldum. Müfəttiş əlini mənə uzatdı. Düz gözlərimin içinə baxaraq dedi: "Təbrik edirəm, madam". Digərləri də əlimi sıxmaqla: "Təbrik edirəm", - dedi, qadın isə hələ mənə gülümsədi də.
Ta avtobus dayanacağına çatana qədər mən həmin səhnəni xatırladım, xəcalət və çılğınlıq hisslərinə qapıldım. Elə o axşam yazdığım məktubda özümün artıq diplomlu bir müəllim olduğumun müjdəsini ata-anamla bölüşdüm. Cavab məktubunda anam bu uğuruma ürəkdən sevindiklərini bildirdi.
Atam bu əhvalatdan düz iki ay sonra - həm də günü-gününə - dünyasını dəyişdi. Onun altmış yeddi yaşı vardı və o vaxta qədər Senaboyu departamentə aid İ. şəhərindəki vağzalın yaxınlığında, sakit bir məhəllədə yerləşən kafesini anamla birgə işlədirdi.
Qeyd: Mətndə sıx təkrarlanan "İ." işarəti ilə müəllif Normandiyanın şimalındakı Ruan vilayətində yerləşən İvto (fransızca: Yvetot) şəhərini nəzərdə tutur - A.Y.
Əslində atam bir il sonra ticarətdən uzaqlaşmaqla, pensiyaya çıxmaq niyyətindəydi. Lion liseyində yaşadığım o səhnənin atamın ölümündən öncə, yoxsa, sonra baş verdiyini dəqiqləşdirmək lazım gələndə, adətən mən nədənsə karıxıb qalıram: qərar verə bilmirəm ki, Krua-Russdakı dayanacaqda avtobus gözlədiyim o küləkli aprel gününü daha əvvəl yaşamışam, yoxsa, atamın vəfat etdiyi o bürkülü iyun gününümü?
Ölüm faktı bazar günü, günortadan sonrakı saatlarda gerçəkləşdi.
Əvvəlcə anam pilləkənin başında peyda oldu. Gözlərinin yaşını sildiyi salfeti o, çox yəqin, gündüz yeməyindən sonra yataq otağına qalxmazdan əvvəl mətbəxdən götürmüşdü. Hər hansı çalardan məhrum bir səslə elan elədi: "Hər şey bitdi". Sonrakı dəqiqələrdə nələrin baş verdiyi indi dəqiq xatirimə gəlmir. Elədə atamın mənim arxa tərəfimdəki bir nöqtəyə dikilən gözləri və üst dodağının altından görünən damağı canlanır yaddaşımda. Deyəsən, o ara anama demişdim ki, mərhumun gözlərini qapatsın.
Xalam da öz əriylə birgə yatağın böyrünü kəsdirmişdi. Onlar mərhumu yumaq və üzünü təraş etmək üçün öz yardımlarını təklif elədilər, çünki cəsəd soyuyub qacıyana qədər bu işləri bitirmək vacib imiş. Anam bildirdi ki, atama üç il əvvəl mənim toyuma aldığı kostyumun geyindirilməsi məsləhətlidir. Hamımız təmkinli, yəni hönkürtü və nalə qoparmadan davranırdıq, təkcə anamın gözləri qızarmışdı və hıçqırığı heç cür keçmək bilmirdi. Ən adi sözlər qopurdu dilimizdən. Xalam ilə əri elə hey təkrarlayırdılar: "Çox da əziyyət çəkmədi", "Zavallı yamanca dəyişibmiş ha".
Anam isə, hələ də sağ imiş kimi, atamla dərdləşirdi - sanki qadın öz həyatının fərqli bir mərhələsinə adlamışdı. Bir neçə kərə mərhuma hələ: "Bizim zavallı atamız" deyib, durdu da.
Üzünü qırxdıqdan sonra xalamın əri meyiti qaldırıb, dik oturtdu ki, son günlər boyu dəyişmədiyi köynəyi birtəhər əynindən çıxarmaqla, mərhuma yenisini geyindirə bilsin. Atamın başı o ara mavi damarları sezilən çılpaq sinəsinə düşdü. Mən ilk dəfəydi ki, atamı belə, yəni lüt-anadangəlmə görürdüm. Anam köynəyinin ətəkləriylə əlüstü meyitin ora-burasını örtdü və xəfifcə gülümsünərək: "Örtsənə bu ayıb yerlərini, ay zalım", - dedi.
Əyin-baş geyindiriləndən sonra atamın birləşdirilən əllərinin arasına bir təsbeh qoydular. Dəqiq xatırlamıram, kim - anam, yoxsa, xalam - dedi: "Belə o, bir xeyli yaxşı görünür", yəni daha təmizdir, daha baxımlıdır mənasında. Pəncərə qapaqlarını qapayıb, ta nahardan bəri qonşu otaqda yatan oğulbalamı oyadaraq, qulağına pıçıldadım: "Səssiz ol ha, baban lay-lay edib".
Xalamın əri İ.-də yaşayan bütün qohum-əqrəbaya xəbər saldı və onlar da durub, qapımıza gəldilər. Anam və mənimlə birgə yataq otağına qalxan bu qohumlar bir neçə dəqiqə boyu səssiz-səmirsiz yatağın böyründə dayandıqdan sonra atamın xəstəliyi və qəfil vəfatı barədə nələrsə pıçıldaşmağa başlayırdılar. Aşağı endikləri vaxt isə biz onlara kafemizdə oturub, nə isə içməyi təklif eləyirdik.
Ölüm faktını təsdiqləyən həkimin kimliyi də artıq yaddaşımdan silinib-gedib. Bir neçə saat ötüncə, atamın üzü tanınmaz hala düşdü. Axşamüstü, onun otağında oturduğum vaxt mən tamamilə yalqız idim. Pəncərə qapaqlarının arasından süzülən işıq zolağı linoleum örtüyün üzərinə düşürdü.
Hə, qarşımda uzanan bu kişi daha mənim atam deyildi. Üzülmüş sifətinin böyük qismini burnu zəbt eləmişdi. Əyninə gen gələn tünd göy rəngli kostyumun içində isə o, yuxuya gedən zərif quşcığazı xatırladırdı. Keçindiyi vaxt geniş açılan, donuq gözlərə malik sifəti də artıq tanınmaz bir hala düşmüşdü. Ancaq bundan sonra mən onu - hətta bu kökdə belə - əsla görə bilməyəcəkdim.
Onu harada və necə dəfn edəcəyimizi, cənazə ayininin harada icra olunacağını, ölüm xəbərini kimlərlə bölüşəcəyimizi, dəfn mərasiminə nə geyinəcəyimizi öz aramızda müzakirə elədik. İçimdə elə təəssürat yaranmışdı ki, bütün bu hazırlıqların, əslində atama zərrəcə dəxli yoxdur. Sanki bu, mərhumun özünün məlum səbəblər ucbatından qatıla bilməyəcəyi bir mərasim idi. Anam hədsiz dərəcədə həyəcanlı görünürdü, hətta bir ara mənə dedi ki, ölümü ərəfəsində, gecə vaxtı atam onu öpmək üçün önə doğru uzansa da, artıq danışmağa heç heyi qalmayıbmış. Sonra anam əlavə elədi: "Bilirsən də, cavan vaxtı o, xeyli yaraşıqlı kişi idi".
Bazar ertəsi günü otaqda bir qoxu peyda oldu. Onun necəliyini əvvəllər heç təsəvvürümə də gətirməzdim. Suyu uzun müddət dəyişdirilməyən vazada artıq çürüməyə başlayan çiçəklərə xas, əvvəlcə xəfif, daha sonra isə üfunəti xatırladan bir qoxu idi bu.
Anam, sadəcə, dəfn günü öz ticarətinə ara verdi. Əks halda, o, müştərilərini itirə bilərdi və bunu özünə heç cür rəva görməzdi. Mərhum atamın nəşi üst mərtəbədə uyuyurdu, alt qatdakı məkanda isə anam öz müştəriləri üçün cirə arağı və qırmızı şərab süzürdü. Nəcib tərbiyə görmüş şəxslərin ortaq qənaətinə görə, mərhumun yaxınları göz yaşı axıtmalı, susub-durmaqla, bacardıqca ləyaqətli davranmalıdırlar. Anam isə, eynilə digər qonşularımız kimi, gündəlik məişət qayğılarına sədaqətini sərgiləyirdi deyə, davranışlarında o ləyaqətin bircə zərrəsi də sezilmirdi.
Atamın keçindiyi bazar günündən dəfn olunacağı çərşənbəyə qədərki müddətdə kafeyə baş çəkən daimi müştərilərin hamısı masa arxasına keçən kimi bu ölüm faktına qısaca rəy bildirirdi, ya: "Belə qəfil ölməsi qəribədir, vallah...", ya da süni bir şuxluq sərgiləyərək: "Deməli, məkanın sahibi də öz təslim bayrağını qaldırdı" - deyirdilər.
Bu xəbəri ilk dəfə öyrənərkən hansı hissləri keçirdiklərini də hələ bizimlə bölüşürdülər: "Möhkəm sarsıldım" və ya: "Nə hala düşdüyümü sözlərlə ifadə eləməm, düzü, imkansızdır". Guya bununla, nəzakət xatirinə də olsa, anama demək istəyirdilər ki, onun dərdinə şərik çıxırlar. Bir çoxları diri ikən atamı son kərə necə gördüklərindən söz salır, o son görüşü ən xırda təfərrüatlarına qədər bizə təsvir eləməyə çalışırdılar: o görüşün harada, nə vaxt, hansı hava şəraitində baş tutduğundan, mərhumla nə barədə danışdıqlarından ətraflı söz açırdılar. Həyatın hələ öz axarıyla getdiyi vaxtdakı həmin görüşü xatırlamaqla, onlar bu ölüm xəbərini ağıllarına belə sığışdırmadıqlarını dərhal göstərməyə can atırdılar. Sırf nəzakət xatirinə, onlar mərhuma bir daha nəzər salmaq üçün bizdən izn istəyirdilər. Ancaq anam da bu izni hər kəsə vermirdi, çünki mərhuma həqiqi rəğbət hissi duyanlar ilə onu, sadəcə, maraq xatirinə görmək istəyənləri dəqiq ayırd eləyə bilirdi. O, kafe müştərilərinin, demək olar ki, hamısına atamla vidalaşmaq fürsəti yaratdı. Qonşuluqdakı inşaat ustasının arvadına isə bu imkanı da çox gördü, çünki ağzını toyuğun bir yeri kimi büzərək danışan o qadından hələ sağ ikən də atamın zəndi-zəhləsi gedərdi.
Bazar ertəsi dəfn bürosunun əməkdaşları evimizə baş çəkdi. Mətbəxdən yuxarıya, yəni yataq otaqlarına qalxan pilləkənin tabutu endirmək üçün hədsiz dar olduğu onda ortaya çıxdı. Odur ki, meyiti sellofan torbaya qoyub, pillələrlə üzüaşağı, həm də bircə saatlığa öz fəaliyyətinə ara verən kafenin tən ortasındakı boş tabutun yanına endirmək, daha doğrusu, pillələrlə sürütmək lazım gəldi. Bu eniş prosesi hədsiz uzun çəkdi, çünki büro əməkdaşları cəsədi ümumilikdə, xüsusilə də, döngələrdə necə daşımağın daha rahat olacağı barədə öz aralarında bir xeyli məsləhətləşib, durdular.
Bazar günündən bəri atamın başı altına qoyulan yastıqda biz bir çuxur yarandığını gördük. Meyit yataq otağında qaldığı günlər ərzində biz orada hər hansı yır-yığış etməmişdik və atamın geyimləri hələ də stulun başında dururdu. Onun iş kombinezonunun zəncirbəndli cibindən bir dəstə pul çıxdı - bunlar, yəqin ötən çərşənbədən qalan günlük qazanc idi. Mərhumun dərmanlarını zibil qutusuna, geyimlərini isə kirli paltarlar üçün səbətə atdım.
Dəfn ərəfəsində ehsan yeməyi kimi bir qədər dana əti qızartdıq. Çünki bizi sayıb, dəfn mərasiminə qatılan insanları doyurmadan yola salmağı özümüzə heç cür rəva bilməzdik.
Axşamüstü ərim də gəlib çıxdı: mərhumun evindəki matəm ovqatının, sanki bu günəşdə yanıb-qaralan adama hər hansı dəxli-zadı yox idi. Həmin gün o, bu evdə həmişəkindən daha yad birisi kimi davranırdı. Onunla birgə həmin gecə mən ata ocağımdakı yeganə ikinəfərlik yataqda, üstəlik də, atamın keçindiyi o çarpayıda yatmağa məcbur qaldım.
Qəsəbəmizdə yaşayan xeyli insan - evdar qadınlar və bir saatlığa işdən icazə alan fəhlələr - həmin gün kilsəyə yığılmışdı. Gözlədiyimiz kimi, atamın sağlığında yaxın əlaqələr saxladığı "yüksək vəzifəli" məmurlardan və həmkarı sayılan tacirlərdən heç kəs bu tədbirə qatılmağı özünə rəva bilməmişdi. Onsuz da, atam heç bir təşkilata-zada üzv deyildi, hər hansı kütləvi tədbirə də qatılmazdı, amma buna rəğmən, tacirlər birliyinə hər ay üzvlük haqqı ödəyirdi. Əza məclisi əsnasında keşiş "halal zəhmət və dürüstlüklə yaşanan ömür", "həyatı boyu heç vaxt və heç kimin haqqını yeməyən bir insan" ifadələrini dilinə gətirdi.
Sonra biz dəfnə qatılanların əlini sıxmağa başladıq. Mərasimə rəhbərlik edən keşişin səhlənkarlığı ucbatından biz daha öncə əl görüşdüyümüz insanların əllərini təkrar sıxmağa məcbur qalmışdıq: özünün sonradan dediyinə görə, guya o, bunu iştirakçılar çox görünsün deyə, belə düşünübmüş. Ancaq bu səfər adamlar bizə təkrar başsağlığı vermədən, yəni əlüstü əlimizi sıxmaqla, tələm-tələsik oradan uzaqlaşırdılar.
Yırğalanan tabut kəndirlərin köməyi ilə məzara endirildiyi an anam, eynilə mənim toyumda ayin icra olunarkən etdiyi kimi, özünü tuta bilməyib, hönkürtü vurdu.
Ehsan verməkdən ötrü kafemizdəki masaları tək cərgə üzrə düzdük. Əvvəlcə hamı sükuta dalsa da, getdikcə söhbət qızışdı. Günortaya qədər şirin-şirin yatan balaca oğlum masaların arasında dolaşır, bağımızdan yığdığı çiçəyi və ya çınqılı-daşı qonaqlarımıza paylayırdı.
Masanın digər ucunda əyləşən əmim məni görməkdən ötrü irəli əyilərək dedi: "Atanın səni velosipedlə məktəbə apardığı vaxtlar yadına gələr də, yəqin?" Onun səsi eynilə atamınkını xatırladırdı.
Axşam saat beşə doğru hamı öz ev-eşiyinə dağılışdı. Biz isə kəlmə kəsmədən masaları əvvəlki yerlərinə qaytardıq. Ərim elə həmin gün axşam qatarıyla geri döndü.
Mən isə ölüm faktıyla bağlı gərəkli rəsmi sənədləri yoluna qoymaqdan ötrü daha bir neçə gün anamın yanında qalası oldum. Bələdiyyədəki ailə kitabımıza müvafiq qeyd işləndi, dəfn bürosuna xidmət haqqı ödədik, başsağlığı mətnləri göndərənlərə birbəbir cavablar yazıldı. Anam üçün "dul xanım A… D…" sözlərinin yazıldığı vizit kartları sifariş verdik. O günlər ərzində başım-beynim qayğılardan tamamən uzaq idi, sanki düşünmək bacarığımı da itirmişdim. Küçədə gedərkən, bir neçə kərə ağlıma bu fikir gəlmişdi: "Artıq mən də yetkin biriyəm" (ilk dəfə aybaşı olanda anam da mənə məhz belə demişdi: "Artıq sən də böyük bir qız sayılırsan").
Ehtiyacı olanlara paylamaqdan ötrü atamdan qalan pal-paltarı bir yerə yığdıq. Gündəlik geyindiyi və zirzəmidə asılan pencəyinin cibindən bir pulqabı çıxdı. İçində bir qədər pul, sürücülük vəsiqəsi, onun düymə ilə bağlanan qismində isə bir parça qəzetə bükülmüş foto tapdım. Kənarları qırt-qırt kəsilən o fotoda bir dəstə fəhlə əks olunmuşdu. Hamısı kaska taxmış bu adamlar gözlərini düz obyektivə zilləmişdilər. Həmin foto rəsmli tarix kitablarında verilən, tətillərə və ya Xalq Cəbhəsinə aid fotoları xatırlatdı mənə. Arxa sırada dayanan atamın üzündən dərin ciddiyyət və narahatlıq ifadəsi oxunurdu. Şəkildəkilərin çoxusu gülümsəyirdi. Qəzet parçasında isə Qadın Pedaqoji məktəbinə qəbul imtahanları zamanı yığılan ballar çap olunmuşdu. İkinci yerdə mənim ad-soyadım gəlirdi.
Anam təkrar əvvəlki hüzuruna qovuşdu. Kafedə öz müştərilərinə xidmət göstərməklə məşğul idi. Amma qadının üz-gözü soluxmuşdu nəsə. Axı kafeni açmazdan əvvəlki saatlarda o, hər gün məzar ziyarətinə yollanırdı.
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!