Kitabları yandırılan, oxunması qadağan olunan, Merlin Monronun sevimli yazıçısı - Ceyms Coys - "Artsizm"

Dünya ədəbiyyatının, mədəniyyətinin tanınmış nümayəndələrinin həyat və yaradıcılığı, bilinməyən faktlar və təzadlı prinsipləri özündə ehtiva edən yaşam fəlsəfələri ilə oxucuların diqqətini çəkəcək "Artsizm" layihəsinin növbəti portreti irland romançı, hekayə yazarı, şair, müəllim, ədəbi tənqidçi Ceyms Coysdur.

Ceyms Coys XX əsrin ən nüfuzlu müəlliflərindən biri hesab olunur. Modernizmin inkişafına töhfə verən ədəbiyyat ustası "Uliss", "Rəssamın gənc kimi portreti" və "Finneqanlar oyandı" romanları, həmçinin "Dublinlilər" toplusunda yer alan hekayələr sayəsində məşhurlaşıb.

Bir müddət atası Con oğlunun Cizvit internat məktəbində təhsil haqqını ödəyə bilirdi, lakin sonra Coys ev təhsilinə keçdi. 1893-cü ildə atasının köhnə əlaqələri sayəsində gələcək yazıçı Belvedere Kollecində yer aldı, burada məktəbin kilsə qardaşlığına qoşuldu və ömrünün sonuna qədər ona çox təsir edən Akvinalı Fomanın fəlsəfəsi ilə tanış oldu. 1898-ci ildə Ceyms Dublin Universitetində tələbə oldu, ingilis, fransız və italyan dillərini öyrənməyə başladı. Gənc yazıçı ədəbi və teatr klublarına gedir, yerli qəzet üçün pyeslər və materiallar yazırdı.

1901-ci ildə Coys İrlandiya ədəbi teatrı haqqında məqalələr yazır, ancaq universitet onu dərc etməkdən imtina edir. "Birləşmiş İrlandiyalı" şəhər qəzetində dərc olunduqdan sonra müəllif daha geniş ictimaiyyətə təqdim olunmağa başlayır.

Universiteti bitirdikdən sonra Coys tibb elmini öyrənmək üçün Parisə gedir, ancaq tibbi başa düşmək və mənimsəmək çox çətin idi. Gənc yazıçı atasının yolu ilə gedirdi, tez-tez peşəsini dəyişib, dolanışıq tapmağa çalışırdı, Fransa Milli Kitabxanasında çox vaxt keçirir və şeir yazırdı. Tezliklə evdən anasının ölümcül xəstəliyi haqqında xəbər alır və Dublinə qayıtmağa məcbur olur.

Coysun yaradıcı tərcümeyi-halı ilk dəfə 1904-cü ildə "Rəssamın portreti" adlı oçerkində dərc olunur. Nəşriyyatçılar materialı bəyənmirlər və müəllif onu öz gəncliyinin hadisələrini əks etdirən "Qəhrəman Stiven" romanına çevirmək qərarına gəlir, lakin tezliklə əsər üzərində işləməyi dayandırır... 1907-ci ildə Ceyms yarımçıq qalmış kitabın qaralamalarına yenidən qayıdır və onları tamamilə yenidən işləyib, nəticədə 1914-cü ildə baş qəhrəman Stiven Dedalusun həyatının ilk illərindən bəhs edən "Rəssamın gənc kimi portreti" romanını çap etdirir.

1906-cı ildən Coys XX əsrin əvvəllərində paytaxtda və onun ətrafında orta təbəqənin həyatını real şəkildə təsvir edən "Dublinlilər" adlı 15 qısa hekayələr toplusu üzərində işləməyə başlayır. Bu eskizlər İrlandiya millətçiliyinin zirvəsində olduğu və həyatın, tarixin dönüş nöqtələrində Coysun insan anlayışı ideyasına diqqət yetirdiyi zamanda hazırlanmışdır. Kolleksiyanın tərkibi 3 hissəyə bölünür: uşaqlıq, gənclik və yetkinlik. Bəzi personajlar sonradan "Uliss" romanında kiçik personajlar kimi reinkarnasiya edildi. Coys ilk dəfə 1909-cu ildə öz vətənində "Dublinlilər"i nəşr etmək istəsə də, lakin rədd edildi. Kitabın nəşri uğrunda mübarizə 1914-cü ilə qədər davam etdi və nəhayət, toplu nəşr olundu. 1907-ci ildə Ceyms tələbələrindən biri - İtalo Svevo təxəllüsü ilə tanınan yəhudi yazıçısı və dramaturqu Aron Hektor "Uliss" romanının qəhrəmanının prototipinə çevirdi. Əsər üzərində iş 1914-cü ildə başladı və 7 il davam etdi. Roman ingilisdilli modernizm tarixində və yazıçının biblioqrafiyasında əsas ədəbi əsərə çevrilmişdir.

"Uliss"də Coys personajları tanıtmaq üçün şüur axını, parodiya, zarafat və digər üsullardan istifadə edirdi. Yazıçı əsərində qədim yunan qəhrəmanları Uliss, Penelopa və Telemaxı müasir Dublinə daşıyıb və onları orijinal prototiplərdən parodik fərqli olaraq Leopold Blum, onun həyat yoldaşı Molli Blum və Stiven Dedalusun obrazlarında canlandırıb.

Kitab metropoliten həyatının müxtəlif sferalarını tədqiq edərək, onun bədbəxtliyinə və yeknəsəkliyinə diqqət yetirirdi. Eyni zamanda əsər şəhərin məhəbbətlə təfərrüatlı təsviridir. Coys iddia edirdi ki, əgər Dublin hansısa fəlakətdə dağılsa, onu bir romanın səhifələrində kərpic-kərpic yenidən qurmaq olar.

Kitab günün təxminən bir saatını əhatə edən 18 fəsildən ibarətdir. Hər epizodun öz ədəbi üslubu var və Odisseyadakı konkret hadisə ilə əlaqələndirilir. Əsas hərəkət - personajların şüurunda baş verir və klassik mifologiyadan süjetlər və bəzən müdaxilə edən xarici detallarla tamamlanır.

Romanın seriyalı nəşri 1918-ci ilin martında Nyu-Yorkun "The Little Reviyu" jurnalında başlamış, lakin iki il sonra ədəbsizlikdə ittiham olunduğu üçün dayandırılmışdır. 1922-ci ildə kitabın redaktoru Harriet Şou Uiverin himayəsi altında İngiltərədə nəşr olundu. Maraqlı fakt ondan ibarətdir ki, əsər tezliklə qadağan edildi və ABŞ-a göndərilən romanın 500 nüsxəsi ingilis gömrüyündə ələ keçirilərək yandırıldı.

"Uliss" üzərində işi başa vuran Coys o qədər yorğun idi ki, uzun müddət bir sətir də nəşr etmədi. 1923-cü il martın 10-da yenidən yaradıcılığa qayıtdı və yeni əsər üzərində işə başladı. 1926-cı ilə qədər Ceyms "Finneqanların Oyanışı" romanının ilk 2 hissəsini tamamladı və 1939-cu ildə kitab tam olaraq nəşr olundu. Roman, əsasən, mürəkkəb, çoxqatlı söz oyunlarına əsaslanan, özünəməxsus və qaranlıq çalarları ilə seçilən ingilis dilində yazılmışdır.

Əsərə reaksiya müxtəlif idi. Çoxları kitabı oxunmaz olduğuna və vahid hekayə xəttinin olmamasına görə tənqid edirdi. Romanın müdafiəçiləri, o cümlədən, yazıçı Samuel Bekket süjetin əhəmiyyətindən, mərkəzi personajların obrazlarının bütövlüyündən ağızdolusu danışırdı. Coysun özü deyirdi ki, kitab yuxusuzluqdan əziyyət çəkən ideal oxucu tapacaq və romanı bitirdikdən sonra birinci səhifəni vərəqləyib yenidən başlayacaq.

1904-cü ildə Coys oteldə qulluqçu kimi işləyən Nora Barnakle ilə tanış oldu. Gənclər bir-birlərinə aşiq oldular, birlikdə iş və xoşbəxtlik axtarışına çıxdılar, İrlandiyanı tərk etdilər. Əvvəlcə, cütlük Sürixdə məskunlaşdı, burada Ceyms dil məktəbində müəllim kimi işə götürüldü. Coys daha sonra Avstriya-Macarıstanın o vaxtkı hissəsi olan Triest şəhərinə göndərildi və dəniz zabitlərinin yetişdirildiyi sinifdə ingilis dili müəllimi vəzifəsinə təyin edildi.

1905-ci ildə Nora ilk övladını - Joggio adlı bir oğlan uşağını dünyaya gətirdi. 1906-cı ildə Triestdəki monoton həyatdan yorulan Coys qısa müddətə Romaya köçdü və bankda məmur kimi işə düzəldi, lakin orada da çox qala bilmədi, altı ay sonra Ceyms Avstriya-Macarıstandakı Noraya qayıtdı və 1907-ci ildə qızı Lusia dünyaya gəldi.

Coys və Noranın maddi vəziyyəti ağır idi. Yazıçı çörəkpulu qazanmalı olduğundan, özünü bütünlüklə yaradıcılığa həsr edə bilmirdi. O, kino sənayesinin nümayəndəsi idi, Triestə İrlandiya parçaları gətirirdi, tərcümələr edib və fərdi dərslər verirdi. Ailə yazıçının şəxsi həyatında əsas yerlərdən birini tuturdu, bütün çətinliklərə baxmayaraq, tanış olduqlarından 27 il müddətində həyat yoldaşı olan Nora ilə ömrünün sonuna qədər qaldı.

1907-ci ildə Ceymsin görmə problemləri yaranmağa başladı və bu, sonradan cərrahi əməliyyat tələb etdi. Yazıçının və qızının şizofreniya xəstəliyindən əziyyət çəkdiyinə dair şübhələr var idi. Onları psixiatr Karl Yunq araşdırdı və Coys və Lusia haqqında psixoloji baxımdan "çayın dibinə gedən, suya düşərkən, bir boğulan, digəri üzən" qənaətinə gəldi.

1930-cu illərdə Coysun "Eqoist" jurnalının redaktoru Harriet Shao Veaver ilə tanışlığı sayəsində pul problemləri arxa plana keçdi. O, yazıçının ailəsinə maddi dəstək verirdi, ölümündən sonra Coys dəfn xərclərini ödəyib, mülkün idarəçisi oldu.

1941-ci il yanvarın 11-də Coys Sürixdə onikibarmaq bağırsağın xorasını çıxarmaq üçün əməliyyat olundu. Ertəsi gün o, komaya düşdü. 1941-ci il yanvarın 13-də gecə saat 2-də oyandı və yenidən huşunu itirməmişdən əvvəl tibb bacısından arvadı və oğlunu çağırmağı xahiş etdi. Yazıçı vəfat edəndə qohumları yolda idi, 59-cu doğum gününə bir aydan az qalmışdı. Yazıçının ölüm səbəbi perforasiya olunmuş bağırsaq xorası olub.

Coys Sürixdə Fluunter qəbiristanlığında dəfn edilib. Əvvəlcə, cəsəd adi qəbirdə basdırılıb, lakin 1966-cı ildə Dublin rəhbərliyi qohumlarının qalıqları vətənlərinə daşımaq icazəsindən imtina etdikdən sonra onun yerində yazıçının xatirəsinə abidə ucaldılıb. Bir müddət sonra, Dublin modernistinin əsərlərindən sitatların həkk olunduğu qranit lövhənin yanında "Uliss" müəllifinə heyrətamiz dərəcədə bənzər bir heykəl qoyuldu.

 

Hazırladı: Tural CƏFƏRLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!