...lavanda, dimdik qayanın ağlığı əyilib bizə toxunacaq indi... - Müasir fransız şair Patrik Lopənin (Patrick Laupin) şeirləri

Səslərin sirr zəmisi

 

Müasir fransız şairi Patrik Lopən (Patrick Laupin) 1950-ci ildə doğulub. İyirmiyə yaxın şeir, nəsr, esse və fəlsəfi kitablar nəşr etdirib. Bu uzun yaradıcılıq yolunda nə edib, nələrə can atıb?

Bədəndə iz buraxmış, şırım açmış yaddaş yerlərini və onların təsirlərini bərpa etmək cəhdləri...

2009-cu ildən başlayaraq Lionda bioqrafiya, tarix və şüursuzluq arasında əlaqələri araşdıran yaradıcılıq və yazı günlərinin (özünütəcridə və insanda, hər kəsdə dilin ecazkar varlığına diqqət yetirən qurum) əsasını qoyur, ədəbiyyat, fəlsəfə, poetika və psixoanaliz arasında informasiyanın sərbəst ötürülməsi mexanizmini tapmağa çalışır. "Gens de Lettres" Cəmiyyəti 2013-cü ildə onu Grand Prix mükafatına layiq görüb.

Patrik Lopən nə deyir? Dinləyin: "Mən mütaliə və yazını sevirəm, digər insanlarla danışmağa da eyni dərəcədə önəm verirəm, bir gün anladım ki, digər insanların bizim içimizdəki səsləri bizə həqiqətən, nəsə başqa enerji aşılayır, ruhumuzda nəsə fərqli bir şey yaradır. Mənim bütün cümlələrim belə bir coğrafiya xəritəsinə əsaslanır, bu isə dünyadakı səssizliklə səslər arasındakı dialoq iqlimidir. Bu mənada, öz yaradıcılığımda heç zaman poeziya, fəlsəfə və nəsr arasında fərq qoymadım, həmişə səsin intonasiyasına güvəndim. Axı səs çılpaqlıqdırsa, insan danışdığı anda, yəni danışanda və kimlərsə onu eşidəndə, içindəki sirlərdən bəzisini kölgədən aydınlığa çıxarır və səmimiliyin həqiqətinə tapınmalı olur, sözü çiçək kimi qəlbindən dərib onu yer üzünün, yuxu və dillərin köçəri mahiyyətinə qaytarır..."

 

Patrik Lopən

 

***

Gözlər yarıyumulu.

            Kosmos və sadə insanlar üçün bəzədilmiş musiqi.

Özünü məkanın daş-divarına çırpan, qıvrılan səs-küy.

İpək kimi xışıldayan çayın güzgüsü.

İki qardaş danışır, söhbətləşir. Yaxşılığın titrək pəncərəsi.

Səs sirlərin arxa divarına qədər hər şeyi hiss edir və eşidir.   

Bu, körpələrin yumyumşaq mərhəmətidir.

Mavi-göy rəngdə,

Həm yaddaş çiçəyinin pıçıltıları arasında,

buludların ilahiliyi, mavi göy üzü,

lavanda, dimdik qayanın ağlığı

əyilib bizə toxunacaq indi...

Çılpaq səslərin musiqisinə sarılmış budaqlar

səbət içində. Sözlərin içindəki boşluqlar

onları danışanların ağzındakı yerdən daha önəmlidir.

Bu tutulmanın və bu qəddar səbrin gizli

prizmasını ifadə etmək mümkün deyil.

Bu, bütöv ağrı izlərinin sirr zəmisi, zirzəmisidir...

 

***

Anlamağa çalışıram,

Heç nə başa düşmürəm.

Heç nə düşünmədən küçələr boyu addımlayırıq

Göz yaşlarımızı tutub saxlayaraq.

Özünü itirmiş hiss edirsən, ancaq hər şey getdi, çıxdı əldən,

Bir daha geri dönməz,

Nə qaldı ki? -

Hisslərin qadağan olunmuş tənəzzülü,

Bir də: qəlbindəki daşın ağırlığı

Qolların arasındakı boşluqda.

Sən artıq bilmirsən ki, üz nədir?

İnsan nədir,

Tanınan halda deyil heç nə.

İnsanlar gedib, oyun qalıb,

İçində qəddarlıq... bir oyun...

Bir də: "sevgi" sözünün yandığı yer,

Baxırsan, əlindən gəlmir nəsə...

 

***

Bütün iztirablar, dərdlər içində elələri var ki,

adsızdı,

onların halını bilmək üçün

adını sən özün tapmalısan. Məsələn,

özünüzü artıq canlı hesab etmirsiniz, ya da,

qaçılması imkansız təhlükə hiss edirsiniz,

sirlərin divarını yarıb

sizi təhlükələrə qarşı ovsun tapmağa məcbur edən

nəyisə can dərmanı kimi bulmaq...

Canımı ortaya atıram,

gavalı ağacını silkələyirəm.

Canlı kainatın, jestləri açıq havada əks-səda verən

canlı sözlərin qaçılmaz varlığını

açmağa çalışıram.

Bu dünyada mövcud olmayan sözlərə söykənib

birdən bu dünyada olmayan sözün üstünə əyilən

müqəddəs varlıq görürəm,

Alçaq kreşendo ilə oxunan mahnının

yan-yörəsindəki hər şey

canlanır...

 

Orijinaldan tərcümə: Cavanşir YUSİFLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!