I
Samanlığın küncündəki çəlləyin içində doğuldum. İşıq yumulu göz qapaqlarıma elə vururdu ki, ilk səkkiz gündə dünyanı çəhrayı gördüm.
Səkkizinci gün daha yaxşı oldu. Baxdım və qara kölgənin üstünə böyük bir aydınlığın düşdüyünü gördüm; o aydınlıqda toz zərrələri və böcəklər rəqs edirdi. Saman isti və ətirli idi. Hörümçəklər kirəmitlərdən sallanıb yatmışdı, milçəklər vızıldayırdı, hamının kefi kök idi. Bu mənə cəsarət verdi, balaca almazların fırlandığı və tavana qədər uzanan sütunun üstündəki bəyaz boşqaba toxunmaq istədim. Top kimi fırlandım, gözlərim acışdı, qabırğalarım ağrıdı, boğuldum. Axşama qədər öskürdüm.
II
Pəncələrim güclənəndən sonra bayıra çıxdım və bir qazla dostlaşdım. Çox dəyərli heyvan idi, çünki qarnının altı çox isti idi. Onun qarnının altına girirdim, o da fəlsəfi söhbətləri ilə məni formalaşdırırdı. Deyirdi ki, hin müttəfiqlər respublikasıdır, ən çalışqan canlı insan olduğu üçün bizi o idarə edir, itlər dəli-dolu olsalar da, bizi mühafizə edirlər. Əziz dostumun qarnının altında emosiyadan boğulub ağlayırdım.
Bir səhər aşbaz qadın əlində arpa ilə gəldi, mehribanlıqla qaza yaxınlaşdı. Qaz başını uzadanda aşbaz qadın onu tutdu və iri bıçaq çıxartdı. Böyük filosof olan əmim qaça-qaça gəlib qışqır-bağır salan qaza təsəlli verməyə başladı: "Gözəl bacım, fermanın yiyəsi sizin ətinizi yeyəndən sonra zehni güclənəcək və bizə daha yaxşı baxacaq, itlər sümüklərinizi yeyəndən sonra bizi daha yaxşı qoruyacaq". Qaz səsini kəsdi, çünki başı bədənindən ayrılmış, qan axan boğazından qırmızı xortuma oxşayan bir şey çıxmışdı. Əmim tullanıb yerdəki kəsik başı götürüb qaçdı. Mən bir az qorxmuşdum, yerdəki qan gölünə yaxınlaşıb yalamağa başladım. Dadı xoşuma gəldi, mətbəxə getdim görüm, orada da qan var, ya yox.
III
Təcrübəli və qoca olan əmim mənə bəşəriyyətin tarixini öyrətdi.
Lap əvvəllər, əmim doğulanda ağa ölüb, uşaqlar atalarını dəfn etməyə, qulluqçular rəqsə getdiyi üçün heyvanlar başlı-başına qalıblar. Dəhşətli qarmaqarışıqlıq düşüb. Həmcinsləri çox gözəl lələkləri olan bir hind toyuğunu yolublar. Axşam bir gəlincik hinə girib, cəngavər hind toyuqlarının boğazını dişləyib, qanını sovurub. Təbii ki, hind toyuqları daha qışqıra bilməyiblər. Hindəki mənzərə çox gözəl idi: itlər bir ördəyi parçalayıb yeyiblər, atlar cuşa gəlib itlərin belini sındırıb. Əmim özü də yarım dənə toyuğu həzm-rabedən keçirib. Yaxşı vaxtlar idi, - dedi.
Axşam adamlar qayıdanda hamısının dərsini veriblər. Əmimə dəyən qamçı belindəki tüklərin bir hissəsini yolub. Xaltaya vurulmuş itlər peşmanlıqla ulayıb, təzə ağanın əllərini yalamağa başlayıblar. Atlar ciddi-cəhdlə yəhərlərini qoyublar. Artıq güvəndə olan hin əhli isə qaqqıldayıb, qulu-qulu edib, vaqqıldayıb minnətdarlıqlarını bildiriblər. Amma altı ay sonra toyuq qəssabı fermaya gələndə əllisi birdən bıçağın dadına baxıb. Mənim mərhum dostumun da içində olduğu qaz dəstəsi qanadlarını çırpa-çırpa əvvəlki səliqə-səhmanın geri qayıtdığını qışqırıb, xalqın himayədarı olan fermeri tərifləyiblər.
IV
Əmim qaramat olsa da, indiki vəziyyətin əvvəlkinə nisbətən yaxşı olduğunu etiraf edir. Deyir ki, əvvəllər cinsimiz vəhşi idi, elə günü bu gün də meşələrdə əcdadlarımıza oxşayan pişiklər var. Çöl siçanı ovlamaqla dolanır, tez-tez də ovçuların gülləsinə tuş gəlirlər. Bir dəri, bir sümük, tükləri yolunmuş bir qisim pişiklər isə damlarda gəzir, siçanların getdikcə azaldığından şikayətlənirlər. Dünyəvi həzzin zirvəsinə çatmış bizlər isə mətbəxdə daldalanır, quyruğumuzu nazla yellədir və gündə ən çox beş-on çəkələk zərbəsi ilə ömrümüzü sürürük.
V
Musiqi ilahi sənətdir. Bu da müzakirəyəgəlməz bir həqiqətdir ki, bizim cinsimiz musiqi mövzusunda xüsusi yerə sahibdir. Musiqi bizim bağırsaqlarımızdan çıxır. İnsanlar bunu çox yaxşı bilirlər deyə, skripka düzəldəndə bizim bağırsaqlarımızı işlədirlər.
Bu ilahi səsləri çıxartmaq üçün bizi iki şey ruhlandırır: göy üzündəki ulduzlar və eşq. Pis təqlidçi olan insanlar isə salonlara doluşub, tullanıb-düşməklə bizə oxşadıqlarını zənn edirlər. İlahi musiqi damların üstündə, gecənin ehtişamında, bütün tüklərimiz qabaranda yarana bilər, ancaq.
İnsanlar qısqanclıqdan bizi daşlayırlar. Hirsdən partlasalar da, yabanı səsləri ən yovuşmaz dişi pişiyi də yumşaldan, şəhvətli ulduzların titrədiyi, ayın eşqdən saraldığı vaxt onu özünü bizim qollarımıza atmağa məcbur edən məğrur kükrəmələrimizə, kəskin notlarımıza, çılğın nəğmələrimizə əsla çata bilməz.
Hələ xəyallarını itirməyən gənclik nə xoşbəxtdir! Mən də bir vaxtlar sevdim və səsimi qalınlaşdırıb kükrəyərək damlarda qaçdım. Xalaqızlarımdan birinin qəlbini oğurladım, iki ay sonra altı çəhrayı-bəyaz balamız oldu. Onları yemək istədim. Bir halda ki, atalarıyam, bu mənim ən təbii haqqımdır. Amma kimə deyirsən? Ona da pay vermək istədiyim xalaqızım, yəni arvadım üstümə tullandı. Onun qabalığı xoşuma gəlmədi və onu yerindəcə boğdum. Sonra balalarımın altısını da uddum. Amma balaca vələdüzzinalar bir işə yaramadı: atalarını doydurmağa da. Yumşaq ətləri üç gün mədəmə ağırlıq saldı. Uca ehtiraslardan iyrənib musiqidən uzaqlaşdım və mətbəxə qayıtdım.
VI
İdeal xoşbəxtlik haqqında çox fikirləşmişəm və məncə, bu mövzuda vacib tapıntılar etmişəm.
Xoşbəxtlik isti havada göl sahilində yatmaqdan ibarətdir. Çürüyüb gübrəyə dönən peyindən təravətli qoxu yayılır, parlaq saman çöpləri gün altında parıldayır. Hind toyuqları gözlərini məhəbbətlə qırpır, qırmızı ətlərini dimdiklərinin üstünə atırlar. Toyuqlar istini daha yaxşı hiss etmək üçün samanı eşib içinə girirlər. Parıldayan gölün səthində böcəklər qaçışır, geridə hava qabarcıqları buraxırlar. Yarıyumulu gözlərlə xəyala dalırıq, artıq heç nə fikirləşmirik, heç nə arzulamırıq.
Qışda isə xoşbəxtlik mətbəxdə ocağın yanında oturmaqdır. Alovun kiçik dilləri odunları qucaqlayır, budaqlar çırtıldayıb əyilir, duman qapqara bacaya tərəf millənir. Ocağın üstündəki şiş xoş səslə tıqqıldayıb dönür. Şişdəki toyuq, əvvəlcə, qızarır, sonra qaralır və axırda möhtəşəm şəkil alır. Üstünə çəkilən yağ rəngini yumşaldır, qoxusu burnunuzu qıcıqlandırır, dilinizlə dodaqlarınızı yalayırsınız. Dərinin altındakı yağın iyini ciyərinizə çəkirsiniz, gözlərinizi yuxarı dikib xoşbəxtlik içində əti şişdən çıxaran aşbaz qadının payınıza düşəni sizə verməsini gözləyirsiniz.
Yeyən xoşbəxtdir, yediyini həzm edən xoşbəxtdir, həzm edəndə yatan isə daha xoşbəxtdir. Yerdə qalan, sadəcə, boşluqdur, ürəyin səbirsizliyidir. Xoşbəxt pişik dediyin yerində qıvrılıb yatar, mədəsinin işlədiyini, bədəninin canlandığını hiss edər, lətif bir şəfqət bədənini çulğalayar və əzələlərini ehtiyatla hərəkət etdirər. Bütün əsəbləri sakitdir. Əgər dünya ağıllı adamların dediyi kimi, bütünlükdə tanrıdırsa, onda yer üzü də sonsuza qədər üstündəki canlıları həzm edən və yumru kürəyini günəşdə isitməklə məşğul olan bir qarın olmalıdır.
VII
Fikirləşdikcə zehnim qəribə tərzdə açıldı. Dəqiq hesablamalar, sağlam yanaşmalar və yüksək diqqət sayəsində təbiətin bir çox sirrinə vaqif oldum.
İt o qədər eybəcər, xaraktersiz heyvandır ki, qədimlərdə bütün qanunların əksinə doğulmuş və öyrədilmiş heyvan hesab olunur. Doğrudan da, dincəlmək təbii hal olduğu halda, bir heyvanın daim hərəkət etməsini, nələrləsə məşğul olmasını, üstəlik, bunu məqsədsiz, heç ehtiyac yox ikən, qarnı tox və heç nədən qorxmadığı halda etdiyini necə izah edə bilərik? Gözəllik dünyada kübarlıq, əsilzadəlik, təmkinlilik kimi qəbul edilərkən, bu heyvanın həmişə tullanıb-düşməsini, ulamasını, gic-gic hərəkətlər etməsini, camaatın üstünə hücum çəkməsini, təpik yeyəndən sonra qaçıb getməsini necə qəbul edə bilərik? Tanrının şah əsəri və ən üstün xilqətinin pişik olduğu halda, bu heyvanın ondan nifrət etməsini, bircə cırmaq da yemədiyi halda, onu qovmasını, ətini yemək istəməsə də, belini sındırmasını necə başa düşmək olar?
Bu qarşılaşdırmalar itlərin lənətli olduğunu sübut edir; onların bədəninə günahlar və cəzalandırılmış ruhlar girib. Bu ruhlar onların bədənində əzab çəkir. Buna görə itlər həmişə narahat olur və hərəkət edir. Bu ruhlar dəli olub: itlər bu səbəbdən hər şeyə ziyan vurur, döyülür və günün dörddə üçünü zəncirdə keçirdir. Bu ruhların gözəl və yaxşı - hər şeydən zəhləsi gedir. İtlər buna görə bizi boğmağa çalışır.
VIII
Ağıl daxilində bəslədiyi önyarğılardan yavaş-yavaş xilas olur, aydınlanır, öz-özünə düşünür, əşyaların həqiqi mahiyyətinə bu cür çatdım.
Əcdadlarımız deyirdi ki, göy üzü hündürdə yerləşən, hər iki tərəfi bağlı çardaqdır (damlarda gəzən pişiklər hələ də bu inancı qoruyub saxlayır). Xalam deyirdi ki: "Çardaqlarda siçovullar yaşayır, o qədər gombuldurlar ki, çətinliklə gəzirlər və biz nə qədər yesək, bir o qədər artıb çoxalırlar".
Amma qətiyyən şübhə yoxdur ki, bu siçovuldan başqa heç nə yemədikləri üçün daha yaxşı mətbəx təsəvvür etməyən kasıbların yanaşmasıdır. Üstəlik, çardaqlar ağac rəngində və ya boz olur, göy üzü isə mavidir, bu da onları qarşı-qarşıya qoymağa mane olur.
Əslində onlar bu yanaşmanı olduqca incə bir fikirlə əsaslandırırlar. Deyirlər ki: "Göy üzü saman və ya un anbarıdır, çünki oradan xırmanda buğda sovrulanda çıxan sarı buludlardan və ya çörək kündələrinin üstünə un səpiləndə çıxan ağ buludlardan çıxır".
Mən onlara belə cavab verirəm: "Buludlar taxıl dənələrinin qabıqlarından və ya un tozundan əmələ gəlmir, çünki buludlar yerə düşəndə suya dönür".
Bir az mədəni olan başqa pişiklər isə toyuq qızardılan şişin Tanrı olduğunu iddia edir, onun bütün gözəl şeylərin qaynağı olduğunu, dayanmadan hərəkət etdiyini, ocaqda olsa da, özünün yanmadığını, ona baxmağın belə zövq olduğunu deyirdilər.
Məncə, onlar səhv edirdilər, çünki onu pəncərədən, uzaqdan, axşam günəşi kimi gözəl, parıltılı, rəngli, şeirvari bir dumanın arxasından görürdülər. Mənsə, saatlarla onun yanında oturmuşdum deyə, şişin süngərlə təmizləndiyini, əyiləndə düzəldildiyini bilirdim. Elmim inkişaf etdikcə qəlblə mədənin illüziyalarından xilas olmuşdum.
Ağlınızı daha böyük qavrayışlara hazırlamalı və hər şeyə sağlam nəzərlərlə baxmalısınız. Təbiət hər yerdə özünə oxşayır: balaca şeylərdə böyük şeylərin şəkillərini təqdim edir. Bütün bu heyvanlar haradan çıxır? - Yumurtadan. Elədirsə, onda yer üzü sınmış çox böyük yumurtadır.
Dünya dediyimiz vadinin gözlə görünən sərhədlərinə və formasına fikir versək, bundan əmin olarıq. Vadi yumurta kimi qabarıqdır, göy üzünə toxunan iti kənarları kələ-kötür, kəskin və bəyazdır.
Yumurtanın sarısıyla ağı birləşib qayaları, evləri və bütün sərt torpağı təşkil edir. Bəzi hissələr yumşaq qalıb ki, onlar da insanların əkib-becərdiyi yerlərdir. Yerdə qalansa, sudur, göllər və axar sulardan ibarətdir. Hər yaz bir az da təzələnib axır.
Günəşə qalanda, onun vəzifəsini hamı bilir: o, yumurtanın yavaş-yavaş bişməsi üçün üstündə gəzdirilən böyük, qırmızı közdür. İstilik içinə nüfuz etsin deyə, yumurtanı qəsdən sındırıblar - aşbaz qadın həmişə belə edir. Dünya böyük bir yumurtadır.
Bu bilgəlik səviyyəsinə çatandan sonra nə insanlardan, nə təbiətdən, nə də başqa birindən istəməli heç nəyim qalmayıb. Amma hər halda, bir tikə toyuq əti ola bilər. Bilgəliyimin içində yatmaqdan başqa heç nə etmirəm, çünki aqilliyə çatmışam və məndən əvvəl heç bir düşünən pişik əşyaların mahiyyətinə varmayıb.
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!