İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

Milad bayramı ərəfəsində uşaqlar təkrar avarlı qayıqla bağlı öz arzularını dilə gətirməyə başlayanda ataları dedi:

- Nə deyirəm?! Ancaq biz onu Kartaxenaya dönəndə alacağıq.

Ataları onun da fərqinə vardı ki, doqquz yaşlı Toto ilə yeddi yaşlı Xoel öz dediklərindən dönənə heç oxşamırlar. Onlar bir ağızdan öz etiraz səslərini yüksəltdilər:

- Xeyr, o qayıq bizə məhz indi və burada lazımdır.

Anaları durumu izah eləməyə çalışdı:

- Sizə onu da xatırladım ki, bu mənzildə o qayığın üzə biləcəyi yeganə su mənbəyi - kranımızdan axan sudur.     

Həm ata haqlı idi, həm də ana. Onların Kartaxena de İndiasdakı həyətlərində kiçik körfəzə bitişik bir bənd və iki dənə iri yaxtanın sığacağı yanalma körpüsü var idi. Burada, Madriddə isə onlar darısqal bir şəraitdə - Kastelyana prospektində tikilən binanın beşinci mərtəbəsində - yaşayırdılar.

Ancaq ən sonda valideynlər təslim bayrağını qaldırmalı oldular, çünki ibtidai məktəbin üçüncü sinfini "əla" qiymətlərlə bitirəcəkləri təqdirdə, övladları üçün sekstanta və kompasa malik avarlı qayıq alacaqlarına dair bu ailənin üzvləri əvvəlcədən şərt kəsdilər. Evin xanımı uduzduğu mərclər qarşılığında nəsə ödəməkdən xoşlanmırdı deyə, uşaqların atası həmin gün gedib, bu əşyaların hamısını alıb, evə gətirdi. Alüminiumdan hazırlanan və su səviyyəsini göstərən qisminə qızılı zey çəkilən bu qayığı görən kəs öz heyranlıq dolu baxışlarını ondan ayıra bilmirdi.            

Gündüz yeməyindən sonra isə ata bu sirrin üzərindəki örtüyü qaldırdı:

- Arzuladığınız o qayıq artıq qarajdadır. Ən başlıca müşkül isə bununla bağlıdır ki, onu mənzilə nə liftlə qaldırmaq mümkündür, nə də pilləkənlə. Qarajda eləcə qalmağının isə hər hansı mənası qalmır.

Ancaq elə ilk şənbə günü, axşamüstü oğlanlar öz tay-tuşlarını köməyə çağırdılar: onların qayığı pilləkən qəfəsiylə yuxarı qaldırmaqla, gətirib xidmətçi qadının otağına yerləşdirmələrinə maraqla tamaşa edən ataları dedi:

- Halal olsun sizə. Bəs sonra?!

- Sonra... heç nə olmayacaq, - dedi oğlanlar. - Biz onun sadəcə otağımızda durmasını diləyirdik, buna da nail olduq.     

Həmişə olduğu kimi, çərşənbə günü axşamüstü valideynlər birlikdə kinoteatra yollandılar. O ara mənzilin tamhüquqlu sahibinə çevrilən uşaqlar bütün qapı-pəncərələri qapadıqdan sonra qonaq otağında yanan lampalardan birini qəsdən sındırdılar. Su qədər təravətli və qızılı rəngə çalan işıq seli həmin qırıq lampadan ahəstə şəkildə üzüaşağı süzülməyə başladı, oğlanlar isə bu axan işığın döşəmədən dörd qarış yüksəkliyə qədər bütün mənzili dolduracağı anı intizar içində durub, gözlədilər. Sonra işığı söndürüb, qayığı saxlanıldığı otaqdan çıxartdılar və mənzildə yaranan "adacıqların" arasıyla könülləri istəyən qədər üzdülər, dolaşdılar.            

Əslində bu nağılvarı macəranın gerçəkləşməsi mənim "Ev əşyalarının şeiriyyəti" mövzusunda bir mühazirəyə qatılmam və xəyal gücümü qanadlandırmam sayəsində mümkün olmuşdu. "Bir düyməni basmaqla işığın zühur eləməsi axı necə mümkün ola bilər?!" sualını bizim Totodan eşidəndə, ona verəcəyim cavab əvvəlcədən beynimdə hazır idi:

- İşıq da elə su kimidir. Düyməyə basdınsa, o da axır-çağlayır. 

Beləcə, oğlanlar çərşənbə günü ta ata-analarının evə dönəcəyi saata qədər sekstant və kompasdan yararlanma vərdişlərinə də yiyələndilər. Kinodan qayıdan valideynləri onların yorğun mələklər kimi quru döşəmə üstə yatdıqlarına şahid oldular.

Bu işdə qardaşlar zamanla necə püxtələşdilərsə, bir neçə aydan sonra sualtı ov üçün vacib ləvazimatların alınmasında da israr elədilər. Onların budəfəki tələb siyahısına isə maskalar, rezin lastlar, təzyiqli hava balonları və basınclı tüfənglər də daxil idi.

Ataları deyindi:

- Qəribə məqam da odur ki, bunların heç yararlanmadığı o avarlı qayıq, nə vaxtdır qonşu otaqda boş-boşuna yer tutur. Ona rəğmən, sualtı ov üçün tam avadanlıq tələb etməyə də hələ bunların üzü gəlir. 

Xoel öz şərtini dilə gətirdi:

- Bəs əgər biz birinci yarımil üçün "Qızıl qardeniya" ödülü qazansaq, onda necə, istədiklərimizi alarsan?

Anaları təlaşlandı:

- Yox, canım. Sizin o ödülü almağa gücünüz yetməz axı.

Öz dediyində duran kişi xanıma irad bildirməyindən də qalmadı. Qadının isə dərdi açıldı, nə açıldı:

- Belə övladlara nə deyəsən axı?! Vacib bir işimiz olanda əllərini ağdan-qaraya vurmağa ərinərlər, amma öz şıltaqlıqları xətrinə təhsilin ən uca zirvələrini də fəth etməyə hazırdırlar.

Ata-ana oğlanların təklifinə nə "hə" dedi, nə də "yox". İki il boyu sinifdə ən zəif şagirdlər kimi ad çıxaran Toto ilə Xoel iyul ayında, nəinki adama bir "Qızıl qardeniya" ödülü qazandılar, onların bu uğurunu məktəb direktoru hələ geniş ictimaiyyət qarşısında fəxrlə vurğuladı da. Oğlanlar artıq arzularında israr etməsələr də, elə həmin gün öz yataq otaqlarında sualtı ov üçün gərəkli ləvazimatlarla dolu qutulara rast gəldilər. Buna görə də sonrakı ilk çərşənbə günü valideynləri "Parisdə son tanqo" filminə tamaşa etdiyi saatlarda oğlanlar bütün mənzili adam boyunu aşacaq şəkildə işıq seliylə doldurub, bir köpəkbalığına xas çılğınlıqla sualtı ova girişdilər: bu sayədə onlar evin künc-bucağında illərdən bəri it-bata düşmüş sayılan xeyli əşyanı baş vurduqları işıq selinin dibində, yəni ya masaların, ya da çarpayıların altında tapıb, üzə çıxardılar.        

Dərs ilinin sonunda məktəbdəki bütün şagirdlərə nümunə göstərilən bu əlaçı qardaşlara fəxri fərmanlar təqdim olundu. Yenə də onlar dil açıb, heçcə nə istəmədikləri üçün ata-anaları özləri uşaqların könlündən keçənləri öyrənməyə cəhd göstərdilər. Onlar isə gözütox davrandılar: mənzildə öz sinif yoldaşlarıyla birgə şənlənmək məqsədilə, sadəcə, bir partinin təşkili üçün valideynlərindən izn istədilər.

Xanımıyla baş-başa qalanda kişi gülümsəyərək dedi:

- Bu arzu bir daha göstərir ki, balalarımız artıq böyüyüblər.

Ananın da razılaşmaqdan başqa çarəsi qalmadı:

- Allah dilindən eşitsin. 

Sonrakı çərçənbə günü bu ər-arvad "Əlcəzairdə döyüş" filminə tamaşa edərkən, Kastelyana küçəsindən keçən şəhər sakinləri ağacların ardındakı bir binanın pəncərələrindən dışarıya əsl işıq şəlaləsinin, həm də dalğalar şəklində axdığına şahid oldular. Balkonlardan çağlayan o rəngli işıq dalğaları binanın fasadı boyu üzüaşağı axmaqla, prospektdə qızılı rəngdə axın yaratmışdı artıq və bütün şəhər, həm də ta Quadarramaya qədər bu işığın selində yuyunmaqda idi.

Təcili qaydada hadisə yerinə çağırılan yanğınsöndürənlər beşinci mərtəbədəki mənzilin qapısını sındırınca, iç məkanların hamısının ta tavana qədər həmin işıq dalğalarıyla dolub-daşdığına şahid oldular. Divan da, leopard dərisiylə üzlənmiş kreslolar da, royal da qonaq otağının barındakı butulkalarla eyni səviyyədə üzürdü, suyun üzündə duran Manila şalı isə birəbir qızılı rəngli meduzanı xatırladırdı. Bundan cuşa gəlib, "qanad taxan" mətbəx əşyaları isə artıq o məkanın tavanı altda rəqsə başlamışdılar.   

Az əvvəl uşaqların sədaları altda həvəslə rəqs etdikləri hərbi orkestrə məxsus nəfəsli çalğı alətləri isə ev sahibəsinin saxladığı akvariumdan qurtulan al-əlvan balıqların böyür-başında üzürdü: bu işıqlı və geniş su hövzəsində həmin balıqlar yeganə canlı, həm də bəxtəvər məxluqlar idilər. Bütün ailə üzvlərinə aid diş fırçaları, mənzil sahibinə məxsus prezervativlər, ananın krem flakonları ilə yedək taxma damağı vannanın içində üzməkdəydi. Bir böyrü üstə üzən televizor az sonra yataq otağından dışarı çıxmağı bacardı, gecə seansında göstərilən və uşaqların baxması yasaqlanan ədəbsiz filmin o son səhnəsi nədənsə onun ekranında hələ də donub-qalmışdı.  

Toto isə həmin vaxt dəhlizin dərinliyində, fərqli su səviyyələrinin arasıyla üzürdü: üzünə dalğıc maskası taxmaqla o, qayığın quyruq qismində öz yerini tutmuşdu, avarlardan möhkəmcə yapışan bu oğlanın balonunda hələ bir miqdar hava  qaldığı üçün o, öz baxışlarını uzaqdakı hansısa limanın mayakından çəkmirdi. Xoel isə burnunun üstündəki sekstantın köməyilə hələ də Qütb ulduzunu axtarırdı. Bu partiyə siniflərindən qatılan otuz yeddi uşaq indi evin ayrı-ayrı qismlərində suyun üzündə qalmışdı, onlar ya evdəki ətirşah dibçəklərinə siyidikləri an, ya məktəb himninin sözlərini direktoru, illah, cırnatmaq məqsədilə məzəli şəklə salıb oxuyarkən, ya da ev sahibinin brendi butulkasından süzdükləri içkini daddıqları an əbədiyyətlə birbaşa təmasa keçmişdilər.    

Axan işıq selinin miqdarı qəfildən necə artıbmışsa, bütün mənzili doldurubmuş və Müqəddəs Dəniz Səyyahı Xulianın adını daşıyan ibtidai məktəbin dördüncü sinfinin şagird heyəti çarəsiz halda Kastelyana prospektindəki 47 nömrəli binanın beşinci mərtəbəsində yaranan o axına yaxalanıbmış.

Bu hadisə İspaniyanın Madrid şəhərində baş verib, o şəhər isə bürkülü yay qədər elə dondurucu rüzgarların da nə demək olduğundan yerli-dibli xəbərsizdir, çünki orada nə dəniz, nə də çay var, o şəhərin, sadəcə, quru yollara öyrəncəli sakinləri isə parlaq işıq selində öz qayıq sürmək məharətlərini indiyədək heç vaxt sərgiləməyiblər.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!