Avara - Stefan Sveyqin hekayəsi

Stefan SVEYQ - görkəmli Avstriya nasiri, şairi, dramaturqu, jurnalisti və ədəbi tənqidçisidir. 1881-1942-ci illər arasında yaşayıb.

 

Baxışları kilsə saatına sataşınca, dərsə gecikdiyinin fərqinə vardı. Kitablarını qoltuğunun altına vurmuşdu. Həmin andan etibarən, tənbəl-tənbəl yeriməyi buraxıb, addımlarını qismən yeyinlətdi. Yayın bu bürküsü onu əcəb də əringən birisinə çevirmişdi. Əslində yaxşı bilirdi ki, yunan dili dərsinə geciksə belə, dünya-aləm dağılmaz. Odur ki, nəfəskəsən bürküdən qovrulan səkiylə laqeyd halda, candərdi bir yerişlə məktəbə tərəf üz tutdu. Ora çatanda dərsə düz on dəqiqə gecikmişdi və bir anlığa ağlına geri qayıtmaq fikri gəldi. Ancaq bu gün yemək süfrəsində evdəkilərdən bir xeyli öyüd-nəsihət eşitmişdi və bunları təkrar dinləməyi özünə heç cür sığışdırmırdı: buna görə də inamla sinif otağına tərəf yönəldi və sərt bir hərəkətlə qapını açdı.

Onun qəflətən kandarda peyda olması bütün sinif yoldaşlarını karıxdırdı. Arxa partalardan rişxənd dolu hırıltılar yüksəldi, ön cərgələrdə oturanların üzlərində isə təkəbbür dolu ifadələr yarandı. Nisbətən yüksəkdə, kürsüdə dayanan professor da özündənrazı bir təbəssümlə onu süzdü və güclə eşidilən, amma aşkar kinayə sezilən bir səslə dedi: "Bircə kərə gecikməsəydiniz, hər halda bunu əsl möcüzə sayardıq, Libman. Gecikmələrdə sərgilədiyiniz bu yüksək əzmkarlığı kaş başqa işlərdə də göstərə biləydiniz".

Bütün sinif uğunub getdi, yoldaşlarının bəziləri buna uca səslə, digərləri isə xısın-xısın güldü. Hamısının da baxışları o ara Libmana dikilmişdi. Amma o, nə bir təpki verdi, nə də üzündəki ifadə dəyişdi. Şuxluqla gülüşənlərin arasıyla öz yerinə tərəf gedərkən hövsələsini güclə cilovlayırdı. Hər dəfə bu qəddar səhnəni yaşayarkən qəlbində dərin bir sızıltıyla yanaşı, dəli bir hiddət hissi də baş qaldırırdı.

Keçib yerində əyləşdi, kitabındakı hansısa səhifəni açıb, gözlərini oradakı hərflərə dikdi və gözləri önündə ləngər vuran o sətirlər qapqara bir burulğan əmələ gətirənə qədər onun bu ovqatı dəyişməz qaldı. O əsnada sinifdə qulağına dəyən bütün sözlər və səslər ona mənasız, ətürpədən bir küyü xatırlatdı. Ətrafında olub-bitən hər şeyə qarşı bəslədiyi biganəlik ona ağır bir yük kimi görünürdü.

Qabaq sıraların üzərində bir neçə günəş halqası əks olunurdu. Eynilə sevincdən çığırışan uşaqlar kimi, bu rəngli halqalar da ora-bura sıçrayır, gözqamaşdırıcı rənglər isə, sanki yumşaq və gözəgörünməz əllərin köməyilə cərgələr şəklində partanın üzərindən səssizcə, həm də sürətlə ora-bura adlayırdılar. İndi maraqla tamaşalarına duran Libman əslində onları dəqiq görüb-eləmirdi. Çünki öz xəyal aləminə qapılmışdı o.

Dünən rastlaşdığı bir hadisə onun gözlərini yaşadığı bu həyata daha geniş şəkildə açmışdı. Əlində dərs kitablarıyla evə qayıtdığı vaxt öz yaşıdlarıyla rastlaşmışdı. Onlardan kimisi universitet tələbəsi, kimisi də zabit idi artıq. Bir vaxtlar səmimi olduğu bu yaşıdları indi artıq ciddiyə almadıqlarından onunla açıq-aşkar rişxəndlə salamlaşırdılar, çünki o, hələ də əl boyda uşaq-muşaqla eyni parta arxasında əyləşirdi, müəllimlərin də mənasız əllaməliyinə qulaq verməyə məcbur idi. Hiddət və çarəsizliyin də qarışdığı acı qəhər hissi belə anlarda boğazında iri bir düyünə çevrilirdi. Özünü ora-bura çırpıb, uşaq kimi çırpınmadığına və ya qabaqlarını kəsib, onlara hədlərini niyə bildirmədiyinə, düzü, elə özü də heyrətlənirdi.

İçindəki iztirab qəlpələndikcə, o da daxilən müəyyən bir təskinlik tapırdı. Demə, ən dərin iztirabın ardınca gələn görünməmiş laqeydlik hissi ən xırda zərrələrə bölübmüş onun qürurunu. Bu, sadəcə, onunmu bəxtinə yazılmışdı ki?! Axı minlərlə insanın da eyni şəraitdə yaşadığından xəbərdar idi o. Bütün bu yaşantıların hər gün başqalarının da  bəxtinə yazılan qaçılmaz bir faciə olduğunu dəqiq bilirdi, üstəlik, heç kəsin bunu özü qədər dərinləməsinə yaşamadığından da əmin idi.

Bir avara idi o... Görəsən, bu dünyada onun kimi neçə nəfər tapılardı? Amma bütün bunların başlandığı o günü, yəni imtahandan kəsildiyi günü xatırladıqca, içini dözülməz çarəsizlik hissi bürüyürdü. Buna qərar verən professor, gör, nə qədər düşüncəsiz biri olmalıydı da! İndi cəmi on addım aralıda dayanan, onu əsla ciddiyə almayan və eyni sinifdə ikinci il oxumasına səbəb olan bu kişi özünün ötəri verdiyi bir qərarla hansı iztirablara səbəb olduğu barədə görəsən, bir dəqiqə və ya bircə saniyə düşünübmü heç?! Halbuki bir göz qırpımında bu adam öz tələbəsinin gələcək inkişafı önündə aşılmaz bir sədd çəkmiş, onun həyatını fərqli yönə, fərqli məcraya salmışdı.

Bu səbəbdən o, növbəti sinfə keçə bilməmiş, bir il geri düşməsi isə onda ruh düşkünlüyünə rəvac vermişdi. Hər nə qədər əlləşib-vuruşsa da, uğurları get-gedə və günbəgün azalmış, ən axırda bütün cəhdləri dərsə biganəliklə əvəzlənmişdi. Ədəbiyyata və incəsənətə bəslədiyi maraq bir göz qırpımındaca harayasa buxarlanmışdı. Aldığı o amansız zərbənin təsiri onun gündəlik həyatının ən dərin qatlarında da ciddi əks-səda doğurmuşdu.

Getdikcə, dərslərə hazırlaşmaqdan tamamilə soyumuşdu, öz fikir-xəyal aləminə necə qapılmışdısa, artıq ağlasığmaz və vecəyaramaz fantaziyalarıyla baş-başa qalmağa daha çox üstünlük verirdi. Həm özü bu xəyal-məyal aləminin tam mərkəzində qərarlaşmışdı, həm də bu aləm ona gündəlik həyatda öz güc və qabiliyyəti hesabına nail ola bilməyəcəyi minlərcə imkandan əlavə, hansısa uğurlar da vəd edirdi.

Beləcə, o, tədricən lap dibə doğru enməyə, avaragor bir həyat tərzi sürməyə başladı. İkinci dəfə sinifdə qalarkən, bundan heç tükü də tərpənmədi, çünki qarşısıalınmaz şəkildə bilinməz bir uçurumun dibinə yuvarlandığının artıq tam fərqində idi.

İyirmi bir yaşına girməsinə rəğmən, hələ də məktəb partası arxasında oturması onun nə vecinə gəlirdi, nə də bu durumdan hər hansı çıxış yolu görürdü. Bunun səbəblərini araşdırdıqca, hər səfər eyni nəticəyə gəlib, çıxırdı: imtahandan kəsilməsinin yeganə səbəbi - sadəcə, bəxtinin gətirməməsi imiş. Get-gedə beynində kök atmağa başlayan bu qənaət artıq əsl taxıntıya dönmək üzrə idi, bunun əsassız, uydurma bir ehtimal olduğu özünə əyan olsa da, onun xəstəhal beynində bu qənaət qəti bir hökmə çevrilirdi ki, bu da təsadüfi bir sonuc sayıla bilməzdi.

Bəlkə də içində bəslədiyi gizli kin və ya səbəb ucbatından professor ona qarşı bu cür davranmağa qıyırdı. Bu inamın özünə yer elədiyi vaxtdan bəri qəlbi kinlə dolub-daşırdı. Hər dəfə baxışları professorun üzünə sataşanda bütün varlığı hiddətdən lərzəyə gəlirdi. Saralmış çöhrəyə, rahib görkəminə malik professor öz kürsüsündə görəsən, necə belə arxayın dura bilirdi axı?! Hansı ağır günahlar işlədiyini görməməzliyə vuran bu kişi özündən əmin bir şəkildə, həm tam ciddiyyətlə, həm də uca səslə bu cür cansıxıcı, yalan-palan və mənasız mövzularda necə danışırdı?! Məhz belə birisi onun aqibəti barədə hökm vermək, bütün həyatını hansısa məcraya yönəltmək hüququna sahib imiş və bu imkandan da dərhal yararlanıbmış. Bunu düşündükcə, əsəbləri tamamilə tarım çəkilirdi və özündən ixtiyarsız yumruqlarının necə sıxıldığını, kinli baxışlarla o adamı necə süzdüyünü özü də hiss edirdi.

Təsadüfən həmin an ona tərəf qanrılan professor bu kəskin baxışları havadaca yaxaladı. Heç nəyin fərqinə varmadığından kişinin üzündəki cizgilər bir az sərtləşərək, daha ötkəm bir ifadə qazandı. Professor:

- Libman, tavana marıtlamaqdansa, fikrinizi dərsə cəmləməniz və dərsliyə baxmanız daha məsləhətlidir, - dediyi an oğlan diksindi. Bu kişinin ona bu cür təpinməsi isə bədəninə közərən bir damğa basması qədər dözülməz idi. Onun da tərs damarı tutdu və daha susmamaq qərarına gəldi:

- Hörmətli professor, mən dediklərinizi diqqətlə dinləyirdim.

- Bax, bu - bəyəniləcək haldır: elə isə az əvvəl dediklərimi təkrarlayın, görüm.

Kişi bu sözləri eləcə, yəni hər hansı ard niyyət güdmədən dilinə gətirsə də, Libman bunlarda da sonsuz bir qəddarlığın nişanələrini sezdi. Düzü, nə deyəcəyini bilmirdi, alt dodağını gəmirib durduğu anlarda o həmişəki naxoş qənaət təkrar qəlbində zühur elədi. Ciddiyə almadığı bu qarşıdurma əsl fəlakətə yol aça bilərdi: hə, əgər tale yenə də öz gündəlik hoqqalarını təkrarlamaq niyyətinə düşsəydi, bax, onda ən əhəmiyyətsiz şeylər də ağıla gəlməyəcək nəticələrə gətirib-çıxara bilir. Az sonra nələrinsə baş verəcəyinin fərqindəydi artıq. İçində yüksələn çarəsizlik dalğası onu qətiyyətli davranmağa səsləyirdi: köhnədən bəri qəlbində qalaqlanan kin nəhəng bir çaya dönmüşdü və artıq öz məcrasına sığmayacaq şəkildə coşub-daşırdı. Bununla yanaşı, o, hələlik hisslərini cilovlamağı bacarırdı, rəngi qaçmış dodaqları səyrisə də, susub, dururdu.

Professor bir neçə saniyə də gözlədi. Sonra təmkinlə dedi:

- Belə çıxır ki, heçcə nə deyə bilmirsiniz və bir qədər əvvəl mənə ağ yalan söyləmişdiniz!

Bu, artıq qəti hökm idi. Geriyə çəkilmə ehtimalı da sıfırlanmışdı. İndi Libman çoxdan bəri itirdiyi bir dəyər uğrunda çarpışmalıydı. Həm də indiyədək qəlbinin dərin guşələrinə gömdüyü hisslərin artıq boy göstərdiyini və bir an əvvəl dilə gətirilmək istəndiyini sezirdi. Bu gün olmasa, sabah bunu edəsiydi. Hələ bütün bunlar bir yana dursun, sinif yoldaşlarının hırıltı və pıçıldaşmaları da əsəblərini daha betər şəkildə gərirdi. Bundan belə dünya da dağıla, onlara baş qoşan deyildi.

Arxayın şəkildə və qətiyyətlə dedi:

- Mən yalan-zad söyləmirdim... Əgər istəsəm, bayaq dediklərinizi eynən təkrarlayaram!

- Amma təkrarlamaq istəmirsiniz, eləmi?

- Hə, istəmirəm, çünki o bəhs etdikləriniz mənasız şeylər idi.

Bu iddia sinifdə bir şimşək misalı çaxdı. Bayaqdan bəri bu söhbətə qulaq verən və bunun nə ilə bitəcəyini maraqla gözləyən üzlərdə dolaşan təbəssümlər qəflətən dondu. Bu fikir toqquşmasının ciddi bir faciəyə çevriləcəyini artıq hər kəs hiss eləyirdi. Çünki bu sinifdəkilərin içində ən soyuqqanlı adam  elə Libmanın özü idi. Heç nədən çəkinmədiyi üçün, adətən ötkəm davranmağı uyğun sayırdı. Ən axırda da o, istədiyinə nail oldu.

Belə bir cavab gözləmədiyi üçün professor özünü tamamən itirsə də, az sonra bütün iradəsini topladı. Yeyin addımlarla Libmana tərəf yeriyib, həyəcandan nəfəsi daralaraq sadəcə:

- Siz qabasınız! - deyə bildi.

- Özünüzsünüz, qaba!

Bu cavabdan sonra professor nəsə deməyə daha hacət görmədi. Bir göz qırpımındaca yaxalaşma, itələşmə və bir-birinin saçına-başına əl atmalar baş alıb, getdi. Həm də onlardan hansının digərinə əl qaldırdığını otaqdakılardan heç kəs anlamadı, baxmayaraq ki, əlbəyaxa olanların hər ikisi içlərindəki kini və acığı artıq maneəsiz bir şəkildə sərgiləyirdilər. Bir də bu səhnə yalnız bir neçə saniyə davam elədi. Ardınca qəlbində yığılan kinin diktəsiylə Libman professora hələ bir yumruq da ilişdirdi və kişi yerində səndələdi. Qapıldıqları bu həyəcandan sinifdəki hər kəs yerindən sıçradı, o ara sinifdə qəfil gurultu qopdu. Amma yoldaşlarının bu məsələyə qarışmasına hər hansı imkan verməyən Libman cəld hərəkətlə papağını asılqandan götürdü, sinifdən çıxarkən hələ qapını öz ardıyca zərblə çırpdı da. Hərçənd bayıra can atdığı həmin anlarda onun nə bir hədəfi vardı, nə də ki planı...

Sonrakı bir saat boyu avara-avara küçələri dolaşdı, sonra bu yaşananları götür-qoy edərək, bir qərara gəldi. Ən incə məqamlarına qədər hər şeyi ölçüb-biçdi, gözləri qarşısından minlərlə görüntü - özünün gəncliyi, gələcəyi və ailəsi - bir lent misalı gəlib-keçdi, amma bütün bunlar ayrı-ayrılıqda onun gələcək planlarını necə dəyişdirdisə, qarşısında açıldığını sandığı o yol get-gedə daralan bir cığıra çevrildi...

Özündən ixtiyarsız addımlarını, nəinki yeyinlətdi, hətta qaçmağa da başladı. Xırda ümidlər və dumana bürünmüş ehtimallar bir şimşək sürətiylə gözləri önündə canlansa da, o, qaçmağına əsla ara vermir, daha betər götürülürdü. Maşın və arabaların hay-küyü, küçədəki damba-durum, qarşısına çıxan laqeyd və onun yaşadıqlarından tamamilə xəbərsiz insanların deyinmələri də daxil, onun öz təlaşlı addımlarının qopardığı tappıltılar da qulaqlarında güclü əks-səda yaradırdı. Sanki beynində oyanan düşüncələri keyitməkdən ötrü o, öz sürətini get-gedə artırırdı. Beynində isə yalnız bircə cümlə dolaşırdı: "Bir az da iti... Bir az da iti..."

Varlığındakı hər şey artıq bu cümlənin ritminə uyğunlaşaraq, ağılasığmaz bir sürətlə bütün bədən əzalarına yayılırdı deyə, o, tamamilə key və hissiyyatsız bir məxluqa çevrildi. Bir də baxdı ki, gəlib körpüyə çatıb. Orada bir dəqiqəliyinə karıxıb, durdu, amma bu, ağlındakı işi gerçəkləşdirməkdən qorxmasından yox, tir-tir titrəyən qollarında özünü məhəccərdən üzüaşağı atmaq üçün yetərincə güc tapmayacağından irəli gəlirdi.

Gözgörəsi məhvə sürüklənən həyat yolu təkrar xəyalında canlandı. Qəfil titrəyişə yenik düşən bədəniylə artıq heç cür bacara bilmirdi. Tək həmlə etməklə, məhəccərin üzərinə sıçradı və bir şimşək sürətiylə özünü aşağıdakı qaranlıq suların ağuşuna buraxdı.

 

Dilimizə çevirdi: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!