"İssık-Göl, sən mənim sönməyən sevdam, Sözümün canında ləpələnirsən..." - "Tanrı dağlarından boylanan şair" - Alıkul Osmonovun şeirləri

Tanrı dağlarından boylanan şair

 

Qədim mədəniyyətə və dövlətçiliyə malik Qırğız türklərinin yazılı ədəbiyyatı XVIII əsrdən sonra meydana çıxıb. Bu gecikmənin də bir neçə obyektiv və subyektiv səbəbləri mövcuddur. Daha çox özünü şifahi ədəbiyyatda, folklorda tapan bu xalq zaman-zaman "Manas" eposunun ruhundan aldığı enerji ilə yaşayıb və yaşamaqdadır.

XX əsr qırğız yazılı poeziyasının görkəmli simalarından biri Alıkul Osmonovdur (1915-1950). Çox qısa bir ömür - cəmi 35 il yaşayan bu istedadlı şair erkən valideyinlərini itirib uşaq evində boya-başa çatmış, sonra isə ağır xəstəlikdən üzülərək gənc ikən həyatla vidalaşmışdır.

Alıkul Osmonov Toktoqul Satılqanovdan sonra qırğızların ən görkəmli milli şairi sayılır. Şeirlərindəki humanizm xətti - yurda, yuvaya, millətə, doğma dilə, təbiətə, insanlığa insani münasibəti hər zaman şairin ömrünü uzatmaq iqtidarında olmuşdur. Əbəs yerə ona qırğızların Puşkini deməyiblər. O, qırğız poeziyasına yeni düşüncə, təzə ifadə tərzi gətirdiyinə görə ədəbi yaddaşda yenilikçi şair kimi qalıb.

A.Osmonov həm də istedadlı tərcüməçi olub. O, Nizami Gəncəvinin, Puşkinin, Şota Rustavelinin, Şekspirin əsərlərindən bəzi nümunələri qırğız dilinə çevirib.

Görkəmli qırğız şairinin əsərləri külliyatı Qırğız dövləti tərəfindən dəfələrlə nəşr edilib. Onun əsərləri qırğız xalqının ruhundan qopan nəğmələr timsalındadır.

Tanrı dağlarının lacivərd üfüqlərindən boylanan türk kökənli böyük, həm də nakam bir şairin şeirlərindən bəzi nümunələri orijinaldan tərcüməmdə diqqətinizə çatdırıram.

Adil CƏMİL

 

 

Alıkul Osmonov

İssık-Göl

 

İssık-Göl, sən mənim sevgim, sevincim,

İlhamın misramı dalğalandırır.

Səmadan süzülən zərrin şəfəqlər

Masmavi  ləpəni yırğalandırır.

 

İssık-Göl, sən mənim sönməyən sevdam,

Sözümün canında ləpələnirsən.

Gözləri oxşayan gözəlliyinlə

Ömrümə-günümə səpələnirsən.

 

İssık-Göl, varlığın yaşadır məni,

Bəxtimdən razıyam - şükür, varımsan.

Yorulmaq bilməyir şıltaq ləpələr,

Sən mənim can dostum, nazlı yarımsan.

 

Mənim nazlı gölüm, gül üzümüzə -

Səninlə birlikdə gözəldir həyat.

Hüsnünə yaraşan nəğməsi yoxsa

Zəif şairləri süpürləyib at!

 

26.10.1948

Çolpon-Ata

 

Mənim ulduzum

 

Qasım kişi vardı - atamın dostu

Nədənsə yadıma düşübdü yenə.

Alıb qucağına körpə çağımda

Böyük bir ulduzu göstərdi mənə.

 

O zaman söylədi: "unutma, oğlum,

Gördüyün o ulduz-tale ulduzun.

Nə vaxtsa sən ölsən o da sönəcək,

Ömür var qısadır, ömür var uzun".

 

Göydə bulud kimi axdı bu illər

Böyük oğlan oldu dünənki uşaq.

Atamın o dostu Qasım kişinin

Sözləri çıxmadı yadımdan ancaq.

 

Bir az da gülməli gəldi ki, mənə

Göylərdə hər kəsin ulduzumu var.

Gecənin bir vaxtı baxıb səmaya

Tale ulduzumu gözüm axtarar.

 

Tapsaydım səmada öz ulduzumu

Ayın da üzünə mən ağ olardım.

Vurub qoltuğuma yer kürəsini

Ona iki günlük qonaq olardım…

 

Göstərib yerüstü məmləkətimi

Tanıda biləydim bu insanları.

Qayıdıb gələydim yenə yerimə

Göylərə tanıdıb pak vicdanları.

 

2.12.1944

Koysarı

 

Mən nədən utanıram

 

Utanan deyiləm - yaşıdım o qız

Məni görə-görə sevmədi deyə.

Bir deyin, o gözəl hardan biləcək

Ona ürəyimi açmadım niyə?

 

Utanan deyiləm bu görkəmimdən,

Oxu ürəyimi bir anlığına.

Söz verə bilmərəm gəncləşməyimə,

Qayıda bilmərəm cavanlığıma.

 

Utanan deyiləm - hər addımımda

Çox da ki, tükənir taqətim, gücüm.

Mənim də həyatda öz həyatım var -

Xoşbəxtəm düz yolu seçdiyim üçün.

 

Utanan deyiləm bu vaxta kimi

Evimdə arvadım, övladım yoxdur.

Mən bütün gücümü vətənə verdim,

Vətənsiz adım yox, soyadım yoxdur.   

 

Utanan deyiləm kasıblığımdan,

Mənim misralarım gövhər, zərimdir.

Topdağıtmaz qalaları qorxudan

Mənim alov dilli sətirlərimdir.

 

Amma utanıram bilirsiz nədən?

Könlümdən keçəni yaratmamışam.

Kimisə salmaqçün sözün sehrinə

Arzu-diləyimə mən çatmamışam.

 

11.12.1944

Koysarı

 

Yeddi - Oğuz

 

Qara-qara buludların ardından

Yeddi bölük dağ ucalır səmaya.

Onun adı Yeddi-Oğuz dağıdır,

O, yaxındır həm günəşə, həm aya.

 

Ətəyinə duman çöküb, çən düşüb,

Zirvəsində aylar-illər dolanıb.

Leysan gəlsə yamacında, yalında

Çaylar axıb, dəli sellər dolanıb.

 

Ay batanda o, batmayıb zülmətə,

İşıq saçıb onun qarlı zirvəsi.

Zaman-zaman səsimizə qarışıb

Yeddi-Oğuz dağlarının öz səsi.

 

Yeddi-Oğuz, ürəyində qorxu yox,

Bu şöhrətə, bu qüdrətə min əhsən!

Yenilməyən vüqarından güc alıb

Biz də sənə oxşamışıq deyəsən!

 

22.12.1944

Koysarı

 

Durnalar

 

Durna qatarına çox baxmışam mən,

Baxışım göylərdən çox asılıbdır.

Deyərdim: - Durnalar, qanadınıza

Oxuya biləydim nə yazılıbdır?

 

Xəyalən qalxardım mavi göylərə

O sirli yazını oxumaq üçün.

Nədənsə illərlə əsiri oldum

Bu dördcə misranın verdiyi gücün:

 

"Qəriblik durnanın alın yazısı,

Unutma, səadət yer üzündədir.

Məhv olar qatardın qalarsa durna,

Həyat bu birliyin bil, özündədir".

 

Beləcə illəri biz yola saldıq,

Bol məhsul topladıq azı min kərə.

Bir gün də qayıtdım doğma yurduma -

Durna qatarını gördüyüm yerə.

 

Göy çəmən dəniz tək ləpələnəndə,

Üzümə güləndə yaşıl vadilər

Yaxında bir böyk evi görəndə

Soruşdum "çobanın evi" dedilər.

 

Görüşdük, "xoş gəldin" söylədi qırğız,

Qonağa verməyə düyüsü, əti.

Masa arxasında oturan çoban

Görən duyurdumu bu səadəti?

 

Gördüm ki, göyərib ruzi-bərəkət

Yurdun torpağının, daşının üstdə.

"İndi anladınmı nədir səadət?"

Durnalar soruşdu başımın üstdə.

 

5.12.1944

Koysarı

 

Otuz yaş

 

Yaşayırıq - ömür qısa, gün qısa,

Elə bil ki, yuxudayıq, biz, qardaş.

Qalmayıbdır sabahlara etibar,

Görürsən ki, aylar, illər qatır baş.

Necə gəldi, necə getdi fəsillər,

Hardan çıxdı boz at minmiş otuz yaş?

 

Qamçıladıq ömür adlı bu atı,

Tez-tələsik yola saldıq illəri.

Aylarımız axıb getdi çay kimi,

Günlərimiz ötüb keçdi selləri.

Mən gördüm ki, çox arzuya, diləyə

Yetişmədi tay-tuşumun əlləri.

 

Deməsinlər "ömür qısa" söyləyib

Cavan şair gecə-gündüz deyinir.

Bu işıqlı kainatı sevirəm,

Ürəyimdə neçə arzu döyünür.

Səhərlərim, axşamlarım gözəldir,

Bu nəşəylə cavanlığım öyünür.

 

Nə deyəsən bəd uğurlu bayquşa,

Yazıq insan iblis ilə üz-üzə.

Bəzən yayda tuş gəlirik biz qışa,

Bu dünyada yaxşı-yaman diz-dizə.

Olum, ölüm arasında bir yol var

Görəsən nə vəd eləyir o, bizə?!

 

O deyilmi gözümüzə nur verən -

Əvəzsizdir cavanlığın səfası?

Dəyərlidir o, qızıldan, gümüşdən,

Həyat üçün bəs eləyir havası.

Ömür bir də bu günləri yaşatmaz,

Ayın, günün nə gəzir ki, vəfası?

 

Gözəlliyi öz yerində hər yaşın,

On səkkizdə nə qanun var, nə qayda.

Sonra gəlib yetişirsən otuza,

Elə bil ki, dəyişirsən bu sayda.

Ürəyindən gəlib keçir bir duyğu:

Çalış, vuruş, xalqın üçün ver fayda!

 

Bu yolları sən şərəflə keçmisən,

Bax beləcə təpərli ol, boz atım.

Taleyimin əmri varsa qanadlan,

Uzaqdadır hələ arzum, muradım.

Sən dumana girib oldun görünməz,

Mən sabahı ağ dumanda aradım.

 

Dayan, ömür, toxda, ömür, dur, ömür,

Nə yaşadım, nə gün gördüm bu - bəsim.

Ancaq necə vida deyim dünyaya,

Tükənərmi bu həyata həvəsim?

Bir gün gələr doğularam təzədən,

Gül-çiçəkdən gələr mənim nəfəsim.

 

Yaşayırıq - ömür qısa, gün qısa,

Elə bil ki, yuxudayıq, biz, qardaş.

Qalmayıbdır sabahlara etibar,

Görürsən ki, aylar, illər qatır baş,

Necə gəldi, necə getdi fəsillər,

Hardan çıxdı boz at minmiş otuz yaş?

 

8.12.1944

Koysarı

 

***

Evləri görəndə sevinirsən ki,

Bu şəhər yaraşır zəhmətimizə.

Zamandan zamana gedirik sanki

Bir nəhəng gəmidə biz üzə-üzə.

 

O gözəl evlərdə yaşayan kimdir?

Elə bil qovuşub nurlu sabaha.

Bu mənim zamanım, mənim nəslimdir,

Qırğızlar dağlardan enibdir daha.

 

1.03.1940

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!