Orfey, Evridika, Hermes
O qəribə nizələrdə ruhlar yaşayırdı,
onlar gümüşü damarlar kimi
yarırdılar qaranlığı. Köklərin arasından
insanlara yönəlmiş qan axırdı,
porfir kimi ağır görünürdü qan.
Yeganə qırmızı şey də o qan idi.
Kimsəsiz meşələr vardı orda,
qayalar və boşluq üstündən körpülər.
Və göl var idi orda, boz və darıxdırıcı,
buludlu səma torpağın üstündən asılan kimi
dərin dibinin üstündən asılmış göl.
Çəmənliklər arasında görünürdü yumşaq
və səbirli, ağ parça kimi uzanan tənha yol.
Və bu yolla gedirdi onlar.
Hündür boylu, göy geyimli kişi qabaqda gedirdi
susqun idi və ancaq qabağa baxırdı.
Ayaqları yolu udurdu çeynəməmiş
yanlarından sallanmışdı ağır əlləri,
sol böyründən asılmış liranı da unutmuşdu,
gül kolunun zeytun ağacına sarmaşdığı kimi
bədəninə sarılan liranı.
Hissləri bölünürdü elə bil getdikcə:
nəzərləri it kimi qabağa qaçırdı,
sonra yanına qayıdırdı, yenə qabağa qaçıb
növbəti yolayrıcında onu gözləmək üçün -
Eşitmək hissi isə qoxu kimi dalınca düşmüşdü.
Hərdən ona elə gəlirdi ki, eşitmək hissi də
gəlib çatırdı o biri ikisinə.
Sonra yenə də addım səsləri,
sonra yenə də arxasındakı külək səsi.
"Gəlirlər", deyirdi bərkdən
səsinin necə itdiyinə qulaq asmaq üçün.
Hələ gəlir onlar, o ikisi
yavaş gəlsələr də. Əgər dönüb
baxa bilsəydi bircə dəfə (əgər
dönüb baxmağı güclə çata bildiyi
məqsədini pozmasaydı) görə bilərdi
sakitcə dalınca gələnləri.
Budur, gəlir səfər və xəbər tanrısı,
parlaq gözlərinin üstündə kalpak,
əlində qabağa uzatdığı əsa.
Qanadlarının ucu topuqlarına toxunur getdikcə,
sol əli ilə qadını tutub.
Qadın elə sevimliydi ki, onun lirası
geridə qoymuşdu dünyanın bütün ağıçılarını
yeni yas dünyası yaratmışdı onların üstündə -
çölləri və çayları, yolları, meşələri,
heyvanları olan dünya.
Bizim günəşə oxşar, amma ağlayan bir günəş
doğardı o yas dünyasına.
Səması da vardı bu dünyanın
formasız ulduzları parıldayan lal və yazıq səması...
O qadın elə sevimliydi ki...
Tanrıyla yan-yana gedirdi o qadın,
gedirdi uzun ətəyi mane olsa da,
əminsizlik içində, tələsmədən.
Özünə qapanmışdı
ölümünə az qalan adamlar kimi.
Nə qabaqda gedən adamı fikirləşirdi,
nə də ömür yolunun hara apardığını.
Öz ölümüylə dolmuşdu qadın,
özünə qısılmışdı.
Şirəyə və qaranlığa dolmuş meyvə kimi
öz ölümüylə dolmuşdu qadın.
İkinci bəkarətə çatmışdı o,
toxunmaq olmazdı ona.
Axşam düşəndə yumulan güllər kimi
cinsiyyəti bağlanmışdı onun.
Əlləri o qədər yadlaşmışdı ki təmasa
tanrının hiss edilməyən toxunuşu da
narahat edirdi onu, hirsləndirirdi.
O artıq nəğmələrdə vəsf edilən
sarışın gözəl deyildi.
O adam da artıq hakim deyildi ona.
O qadın artıq açılmış hörük idi,
torpağın canına çəkdiyi yağış idi,
yeyilib qurtarmış ehtiyat idi.
Yer altındakı kökə çevrilmişdi qadın.
Ona görə də tanrı qəflətən onun
əlindən tutub saxlayanda və
acı-acı deyəndə ki: "O arxaya baxdı", -
qadın təəccüblə soruşdu: "Kim?"
Orda, qaranlıqdakı işıq nöqtəsi parıldayan yerdə
dayanmışdı bir nəfər, üzünü seçmək
olmurdu. Dayanıb baxırdı,
xəbər gətirən tanrının kədərli halda
ağ parça kimi uzanan yolda üzünü çevirib
tələsmədən, əminsizlik içində geriyə qayıdan
kölgəni izləməyinə...
Məryəmə müjdə
Mələyin sözləri
Sən tanrıya bizdən yaxın deyilsən;
hamımız ondan uzağıq çünki.
Amma sənin əllərin
müqəddəsləşdirilib.
Belə olmur heç bir qadının əlləri,
belə parıldamır heç bir qadının qolları;
mən günəm, mən şəbnəməm,
ağac da sən.
Mən indi yorğunam, yolum uzaq idi;
bağışla məni, o
günəş içində oturan kimi
qızıllara bürünən xəbər göndərmişdi sənə,
yadımdan çıxdı
(kainat beynimi qarışdırdı mənim).
Bax, mən başlayanam,
ağac da sən.
Açdıqca açdım qanadlarımı,
kaş görəydin məni;
sənin balaca evinə yerləşmir
mənim böyük paltarım.
Amma sən məni yaxşı görə bilmirsən heç
və bu qədər tənha deyildin əvvəllər;
deməli: mən meşədə bir nəfəsəm,
ağac da sən.
Bütün mələklər elə qorxub ki,
bir-birini qoyub qaçıblar:
həsrətin beləsi heç görünməyib,
belə böyük və izaha gəlməyəni.
Bəlkə bu yaxınlarda nəsə olacaq
xəyalında canlandırdığın.
Alqış sənə, ruhum görür:
hazırlaşırsan, yetkinləşirsən.
Böyük və yüksək qapısan sən,
yaxın vaxtlarda açılacaqsan.
Sən nəğməmə ən sevimli qulaqsan.
Eşidirəm: səndə itdi sözüm
meşədə itən kimi.
Beləcə sənə gəldim
min bir xəyalı gerçəkləşdirdim mən.
Tanrı mənə baxdı: gözlərimi qamaşdırdı...
Ağac da sən.
Pieta
Çığırtıyam başdan-ayağa, adsız və səssiz.
Dərdim kimi daşlaşmışam
özüm də.
Ancaq indi sərt olduğumu bilirəm:
Sən böyük idin -
...Sən böyümüşdün ki,
mənim bütün təbiətimdən böyük olan
bu ağrını çəkə biləsən.
Sən yenə mənim dölümə düşmüsən,
amma mən artıq Səni
doğmağa qadir deyiləm.
***
Hələ də çala bilərsən köhnə nəğmələri?
Çal, sevgilim. Bir bilsən
onlar necə də süzülür kədərimdən,
naməlum ada limanlarına doğru yola çıxıb,
yumşaq axşam dənizində yol gedən
gümüşü göyərtəli gəmilər kimi.
Və çiçəkli sahildən quruya çıxarlar,
orada bahar elə gəncdir ki.
Və tapar mənim yorğun mənliyim orada,
oradakı kimsəsiz yollarda
sədəqələrlə gözləyən unudulmuş tanrıları.
***
Madam ki səni haçansa kimsə sevib,
biz də eynilə istəyə bilərik səni.
Deyək ki, axtardıq bütün dərinlikləri:
qızıl varsa hansısa dağda
və o dağı qazmağa icazə yoxdursa,
necə olsa çıxarar bir gün
daşın bətnində gizlənəni
çay suları.
Biz istəsək də, istəməsək də,
Tanrı yetkinləşəcək.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!