Uilyam ŞEKSPİR (1564-1616) - Dahi ingilis şairi və dramaturqu, İngiltərənin milli şairidir.
Dünya ədəbiyyatının ən böyük dramaturqu sayılır.
SONETLƏR
5-ci sonet
Gah gözbağlıcayla, gah da tilsimlə
Tovlayıb, güldürər bizləri zaman.
Göz-könül oxşayan şux nemətləri
Tez də alıb-gedər həyatımızdan.
Durmadan axdıqca saatlar, günlər
Qışa yenik düşər yay fəsli yenə.
Yarpaqsız ağacın şirəsi donar,
Torpaqsa... bürünər bəyaz kəfənə.
Təkcə çiçəkləyən güllərin ətri
Qalar - qorunarsa, şüşə qablarda:
necə nəfis yaylar gördüyümüzü
Bizə xatırladar sazaqda, qarda.
Güllər itirsə də təravətini,
Öz nəcib ruhunu qoruyar yəni.
19-cu sonet
Aslanın caynağını, fələk, sən özün korşalt,
Pələngin damağından qopart sivri dişini.
Hökmünlə qoy kül olsun bütün canlı məxluqat,
Öz qanında yax, qovur ölməz Simurq quşunu.
Əs, gurla, fəsillərin sırasını da unut,
Göz yaşını gülüşlə dəyiş, gülüşü - ahla.
Sən mənə, bu dünyaya nə divan tutursan, tut,
Yenə də əfv edərəm səni, tək bu günahla.
Təki dostun alnında, lalə yanaqlarında
Kələ-kötür qırışlar açma küt iskənənlə.
Qoy o, örnək sayılsın lap bu gün də, yarın da
Misilsiz hüsnü ilə neçə nəsilə hələ.
Hətta desən, dəyəri yoxdur sənin gözündə,
Şeirim ondakı hüsnü hifz eyləyər özündə.
23-cü sonet
Ağlını itirən dəli görürsən...
Elə söz püskürür, ha yığın-yığın.
Roluna ən düşkün artist də bəzən
Səhv salır sözlərin ardıcıllığın.
Sanma ki mən elə, lal-mat duranda
Soyuqluq könlümə kəsilir qənim.
Yox, bu dil-dilçəyə qıfıl vuran da
O ucsuz-bucaqsız sevgimdir mənim.
Qoy, onda bu dilsiz-ağızsız kitab
Mənim əvəzimə danışsın sənlə.
Düşsün ayağına, yalvarsın bitab,
Qoy özün ovutsun ədalətinlə.
Oxusan, titrərmi könlünün simi?
Gözlərin duyarmı görən... səsimi?
66-cı sonet
Mən ölməyə hazıram - təkcə ölümdür çarə,
Heysiyyəti olan kəs dilənməz qapı-qapı.
Yetər ki, dəyərləri düşən görməyim yerə,
Zər-xaraya bürünən görməyim hər əclafı.
Görməyim necə sınır aqillərin mənliyi,
Saflığı bir axmaqlıq sayan hər cür qoduğu,
Görməyim... başda duran ləyaqətsiz təlxəyi,
Mərdin ağciyərlərə necə əsir olduğun.
Necə yumulur haqq söz deyən ağız, bəzən də,
Necə müdrik sayırlar niqab taxmış sarsağı,
Düzə düz deyən kəslər necə qalıb düzəndə,
Möminlərin şeytana necə maşa olmağın...
Hər şey hədsiz iyrəncdir... axı bu vurhavurda
Mən necə qoyub-gedim səni, əziz dost, burda?!
71-ci sonet
Bir gün kilsə zəngləri şairin ölümünü
Xəbər versə, əzizim, sən də o an bat qəmə:
Bil, dəyişmişəm... alçaq insanlar aləmini
Qurd, soxulcan qaynaşan o yeraltı aləmə.
Bu soneti oxuyub, qəmlənmə dərin-dərin,
"Bunu yazan kəs ölüb" söyləmə dönə-dönə.
Heç vaxt istəmərəm ki, sevdiyim o gözlərin
Şux rəngi zərrə qədər sola, ya kölgələnə.
Niyə sarsıtsın səni misralarda donan səs?!
Niyə məni anasan, qəlbin çarpsın, döyünsün?!
Bu köksümdən sevginlə çıxan sonuncu nəfəs
Yetər ki, bir rüzgarla qəfil qaralıb, sönsün.
Necə rəva görərəm öz qüssənlə düşəsən
Qara camaat içrə bir gün dildən-dişə sən?!
97-ci sonet
Səni görməyəli, ah, əziz dostum,
Sanırdım soyuqlar düşübdür, qışdır.
Güclü şaxta, sazaq sarıb dörd yanı,
Dekabr heç belə sərt olmamışdı.
Bir də ayıldım ki, yay sona çatıb,
Payıza taxtı-tac veribdir fələk.
O da yırğalanıb, keçir ömürdən
Sancısı başlanan dul bir arvad tək.
Sanırdım yetişən hər bir bəhərin
Bəxtində yetimlik var yaranışdan.
Sən qürbətdəsənsə, neylərəm yayı?!
Cəh-cəh də ummaram oxuyan quşdan.
Ürkək vıyıltılar qopsa bir yerdən
Qışdan qorxan yarpaq tez düşər dərdə.
Dilimizə çevirdi: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!