Kolbasa - İsveçrə nasiri Fridrix Dürrenmattın hekayəsi

Fridrix DÜRRENMATT

(1921-1990)

 

Görkəmli İsveçrə nasiri, dramaturqu, esseçisi və rəssamıdır.

Əsərləri dünyanın 40-dan çox dilinə çevrilibdir.

1961-69-cu illərdə yeddi dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilsə də, bu nüfuzlu ödülü qazana bilməyib.

Cavanlıqda iki fərqli seçim qarşısında qalan Dürrenmatt ədəbiyyatı rəssamlıqdan üstün tutsa da, bütün bədii əsərlərində onun rəssamlıq bacarığı həmişə özünü büruzə verib. Bu səbəbdən o, tablolarla yanaşı, öz əsərlərinə illüstrasiyalar da yaradıb.

 

 

Kolbasa

 

Hekayə

 

 

Bir kişi öz arvadını öldürüb, onun ətindən kolbasa hazırladı.

Cinayət tezliklə üzə çıxdı. Adamı həbsə atdılar. Üstəlik, həmin kolbasalardan biri də cinayət dəlili qismində ələ keçdi. Qətldən xəbər tutan insanların hiddəti hədd-hüdud tanımırdı. Odur ki, ölkənin baş hakimi cinayəti şəxsən özü araşdırmağa başladı.

Budur, məhkəmə iclası işıqlı bir zalda gedir. Pəncərələrdən içəriyə günəş şüaları süzülür. Divarlar güzgü kimi bərq vurur. Bura toplaşan insan kütləsi uğuldayır. Zalda iynə atsan, yerə düşməz. İnsanlar hətta pəncərə rəflərində də əyləşiblər. Bəziləri isə çil-çıraqlardan sallanıb. Sağ cinahda oturan prokurorun daz başı əməlli-başlı göz qamaşdırır. Başının dərisi çuğundur rəngdədir. Vəkil isə sol cinahda əyləşib. Gözlüklərinin qalın şüşələri onun zəif gördüyünə dəlalət edir.

Müttəhim iki polisin əhatəyə aldığı stulda oturub. İri əlləri var. Barmaqlarının ucları göyərib. Hər kəsin baş hakimin zəhmindən tük saldığı sezilir. Onun əynində qara cübbə var. Saqqalı isə bəmbəyaz bir bayrağı xatırladır. Baxışlarından qətiyyət yağır. Alnı par-par işıldayır. Qaşları isə qəzəbdən çatılıb. Üz-gözündən əsl insanlıq oxunur. Onun qarşısına dəlil kimi həmin o kolbasa qoyulub. Kolbasa nimçənin üstündədir. Baş hakimin başının üstə isə Ədalət ilahəsinin heykəli yüksəlir. İlahə sağ əlində qılınc tutub. Sol əlində isə - tərəzi. Daşdan yonulub bu heykəl. Baş hakim əlini qaldırır. İnsanlar susur. Təlaş yatır, səngiyir. Zala sükut çökür. Vaxt yetişibdir.

Prokuror yerindən qalxır. Onun qarnı Yer kürəsi qədər yuvarlaqdır. Ağzı əsl gilyotindir. Dili isə - həmin o edam dəzgahının baltası. Dediyi hər söz zalda çəkic zərbəsi qədər güclü əks-səda doğurur. Müttəhim bunlardan diksinir. Hakim də səslənən ittihamlara qulaq kəsilib. Onun qaşlarının arasındakı dik çat dərinləşir. İndi onun baxışları günəş şüaları qədər yaxıcıdır. Müttəhim isə xəcalətindən lap yerin dibinə girməyə hazırdır. Dizləri tir-tir əsir. Əlləriylə o, hamıdan əfv, imdad diləyir. Dili ağzından bayıra salxıb. Qulaqları isə şəklənib.

Baş hakimin qarşısındakı kolbasa al qırmızı rəngdə olsa da, onun nə dili var, nə də ağzı. Eləcə şişib, durub. Onun uc qismləri dəyirmi biçimdədir. Yandan sallanan ipi isə sarımtıla çalır. O da hərəkətsizdir.

Baş hakim özünün əyləşdiyi yüksək məqamdan insanların bu ən qəddarını süzür. Müttəhim bəstə boyludur. Dərisi yağlandığından hədsiz dərəcədə işıldayır. Ağzı quş dimdiyinə bənzəyir. Gözləri isə bir cüt sancaq başlığıdır elə bil. Alnı yastıdır. Barmaqları kor-kobuddur. Kolbasadan da xoş bir qoxu yayılır ətrafa. Baş hakim ehmalca ona toxunur. Dəriylə örtülsə də, adama yumşaq bir şey təsiri bağışlayır. Basılan dırnaq isə onun səthində aşkar iz buraxır. Kolbasa istidir. Zahirən adama koppuş görünür.

Prokuror çıxışını bitirir. Müttəhim başını qaldırır. Baxışlarından günahsız yerə döyülən uşağınkına xas bir inciklik yağır.

Baş hakim əlini yuxarı qaldırır. Vəkil yerindən durur. Onun gözlüyü burnunun üstündən sürüşür. Söylədiyi sözlər bütün zalı lərzəyə salır. O ara kolbasanın səthindən zərif bir buğ qalxır. Hə, imisti bir buğ. Cib bıçağı açılır. Kəsilən kolbasanın yetərincə yağlı olduğu üzə çıxır. Bunu görüncə, vəkil ağzına su alıb, susur. Baş hakim gözlərini müttəhimə zilləyib və o, haradasa, xeyli aşağı tərəflərdə dayanıb. Hakimə də bir taxtabiti təsiri bağışlayır.

Baş hakim özü danışmağa başlayır. Dediyi hər söz Ədalət ilahəsinin endirdiyi növbəti qılınc zərbəsini xatırladır. İttihamlar əsl dağ siqlətiylə müttəhimin çiyinlərinə çökür. Səslənən hər ifadə sanki yağlanmış edam kəndiridir. Onlar həm ifşa edir, həm də qırmanclayırlar. Dirigözlü boğurlar müttəhimi. Öldürürlər onu. Kolbasanın hazırlandığı ət isə zərifdir. Şipşirin dadır. Ağızda kərə yağı kimi əriyib gedir. Qabığı... nisbətən qalındır. 

Zal uğuldamağa başlayır. Yumruqlar tavana tərəf yüksəlir. Pəncərələrin layları cırıldayır. Qapılar öz cəftələrindən oynayır. Şəhərin daşı-divarı yediyi təpiklərdən inildəyir. Şəhərin rəngi-rufu avazıyır. Meşələr saralıb, quruyur. Çaylar-sular buxarlanır. Yer-göy lərzəyə gəlir. Günəş sönür. Göylər yerə çökür. Müttəhim lənətlənir. Ölüm isə öz ağzını bir az da geniş açır. Cib bıçağını masanın üstünə qoyan barmaqlar tərlədiyindən yapışqanlı təsir bağışlayır. Sonra onlar qara cübbədəki qırışları hamarlayırlar.

 

Baş hakim sözünü bitirir. Zal ölüm sükutuna qərq olur. Hava qurğuşun qədər ağırlaşır. İnsanların canına vic-vicə düşür. Müttəhim sanki stula məngirlənib. Hamı ona lənət yağdırır.

Son arzusunu bildirməkdən ötrü qatilə söz verilir. Hərif ürkək kirpi kimi içinə qısılıb. Son arzu beynindən dilinin ucuna doğru axıb, gəlir. Kiçicik bir xahişdir bu. Ancaq sonra o, getdikcə böyüyür. Nəhəng bir istəyə çevrilir. Sonra təkrar bir yumaq misalı kiçilir. Müəyyən biçimə düşür. Öz sahibinin dodaqlarını aralayır. Qəfildən bayıra çıxıb, məhkəmə zalını doldurur.

Budur, son arzu səsləndi. Sən demə, bu sadist qatil öz zavallı xanımının qalıqlarını, yəni o kolbasanı dadmaq həvəsinə düşübmüş. Çiyrinmə hissi bildirən etiraz səsləri havaya yüksəlir. Baş hakim əlini yuxarı qaldırır. Səslər bircə anda kəsilir.

Burada baş hakim elə Tanrı kimi bir şeydir. Onun hökmü - İsrafil surunu xatırladır. Və o, bu son arzunu tamamilə əsaslı sayır. Beləcə, o lənətəgəlmiş hərifə kolbasanı dadmaq fürsəti yaradılır. Baş hakim qarşısındakı nimçəyə nəzər salır. Kolbasa artıq orada deyil. O, susmalı olur. Səssizlik bezdirici görünür. Camaat isə baxışlarını baş hakimə dikərək, bir cavab gözləyir. Lənətəgəlmiş hərifin gözləri bərələ qalıb. Onlardan təkcə bir sual oxunur. O sual. Bu səfər də o sual zalı başına götürür. O sual divarlara dirənir. Tavanı altdan-yuxarı itələməyə başlayır. Hər kəsin varlığına hakim kəsilir o.

Bunun ardınca bütün dünya dönüb, elə özü boyda nəhəng bir sual işarəsinə dönür.

 

Tərcümə: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!