Sovetlər zamanında bütün qısma-boğmalara baxmayaraq, zəngin rus poeziyasında dünya ədəbiyyatı səviyyəsinə ucala bilən onlarla şair yetişdi: Boris Pasternak, Nikolay Tixonov, Aleksandr Tvardovski, Konstantin Simonov, Andrey Dementyev, Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Robert Rojdestvenski, Rimma Kazakova, Anatoli Peredreyev, Nikolay Rubtsov, Yuri Kuznetsov və başqaları. Bəndəniz çox götür-qoydan sonra Sovet quruluşu zamanı ad-san qazanmış otuza yaxın görkəmli rus şairinin hər birindən öz qabiliyyətinə və zövqünə uyğun 3 şeir seçərək, doğma Azərbaycan türkcəmizə çevirir, şeirlərin əsli ilə birlikdə ikidilli bir toplu hazırlamağa girişib. Burada hər bir şair haqda ətraflı bioqrafik məlumat da nəzərdə tutulub. Sağlıq olsun!..
Sevimli "Ədəbiyyat qəzeti"mizin dəyərli oxucularına böyük fərəh və tərcümənin necə qarşılanacağı intizarı ilə bu gün həmin topludan iki şairin 6 şeirini təqdim edirəm.
Dərin ehtiramlarla...
Abuzər Turan (Bağırov)
Andrey DEMENTYEV
(1928-2018)
Başına gələni
heç kimsə bilmir
Başına gələni heç kimsə bilmir,
Bəxtə güvənmirik qalanda darda.
Öncədən bir kəsin ağlına gəlmir,
İtirəcək harda, tapacaq harda?
Bilmək olmur əl çatacaq nələrə,
Görüş gözləmində xərclədim huşu...
Haçan millənəcək uca göylərə?
Razılıq sormayır bizdən bəxt quşu.
Qorxuram fikrimdə nəsə tutmağa,
Qərarımı dövran tərsə bağlayır.
Qət etdim şalayın hava udmağa...
Fəqət, qəm-qüssədən qəlbim ağlayır:
Gah könlümdə yad dərdi daşıyıram,
Gah qəlbimi yandırır öz qarğaşam.
Sevinc aləmində borc yaşayıram,
Əyilmirəm, şax duranla qardaşam.
1977
Çətin ömür yaşadım mən
Çətin ömür yaşadım mən:
tutqu, aclıq, qanlı dava...
Ürək pıçıldardı hərdən:
"Dayan! Dəyişər ab-hava..."
Dəyişdi, elə dəyişdi...
Heç bilmədik bu nə işdi.
Gəldi "işbazlar" zamanı,
At oynatdı quldur, qaçaq,
Yenə olduq ala papaq.
Ölkəyə dayaq duranı,
Zəhmət çəkib, iş quranı
Bəlalara soxurlar ki,
Ürəklərdə sönsün işıq,
Dağılsın növraq, yaraşıq...
Çətin ömür yaşadım mən.
Hafizəm hirslənir möhkəm,
Ürəksə, hey pıçıldayır:
"Dayan... Toxta, səbir elə"…
Özümtək insanlar ilə
Durmuşuq, tutub əl-ələ.
2006
Dünyanı qoruyur
xeyirxah insan
Dünyanı qoruyur xeyirxah insan,
Şərlə hikkə viran qoyar aləmi.
Əgər yoxa çıxsa mərhəmət, inan,
Yer üzü boş qalar, qərq olar gəmi.
Dünya bərqərardı şəfqət üstündə,
Bir çürükcə qozdu axmaq təkəbbür.
Kimsə içıq saçır hər zülmət tində,
Həyata gözəllik nuru bəxş edir.
Dünya mərhəmətə söykənib, aşmaz,
Haram qazanc, ağ yalanlar hədərdi.
Ölüm haqdır, heç kim ondan yan qaçmaz,
Tələs, yaxşılıq et, hər nə qədərdi.
Bəlkə dediklərim bəsit səslənir,
Çox görmüşəm, sanki dada çatmağa,
Yer üzünə leysan yağış ələnir
Yığılmış çamuru yuyub atmağa.
Gərəkdir yuyulsun bizim də Zaman -
Nə qədər pox-püsür yığılıb onda -
Zor, güc, yalan, pislik, ədavət, filan,
Dəli olacağıq hamımız sonda.
Qoy, bizdə vicdana zədə dəyməsin,
Ulu həqiqət də görməsin zülmət...
Tanrı müdrikləri heç vaxt əyməsin,
Onlar da günəştək saçırlar şəfqət.
2015
Yevgeni YEVTUŞENKO
(1932-2017)
Gedirlər analar
Analar bizdən çıxıb gedirlər,
Barmaq ucunda, səssiz-səmirsiz,
asta-asta bizi tərk edirlər,
biz isə lap rahatca yatırıq,
doyunca yeməklə baş qatırıq,
duymadan həmən dəhşətli anı.
Qəflətən çıxıb getmir analar,
Yox, ancaq bizə elə gəlir ki,
birdən gedirlər munis sonalar.
İllər nərdivanıyla enirlər,
Ustufca, qıvraq addım atırlar,
vaxtında son mənzilə çatırlar.
Birdən ayılırıq, vurnuxuruq,
dəli kimi hansısa bir ildə,
səsli-küylü bir məclis qururuq,
təmtəraqlı ad günü keçiririk,
amma biz yamanca gecikirik,
belə çal-çağırlar xilas etməz,
nə onların ruhunu, nə bizim.
Lap uzaqlaşıb, itirlər gözdən,
Əbədi ayrılır analar bizdən.
Yuxudan ayılıb, əl atırıq,
az qala ki onlara çatırıq,
sanki əlimiz havada qalır,
aramızı şüşə divar alır.
Gecikdik! Çox gecikdik, ay aman!
Gəlib çatdı qorxunc, dəhşətli an.
Gizli göz yaşıyla baxdıq haman,
Necə sakit, sıx-sıx cərgələrlə
Gedirlər analar, ayrılıb bizdən...
1960
Maraqsız bir insan
yoxdu dünyada
Maraqsız bir insan yoxdu dünyada,
Səyyarəni salar hər tale yada.
Gözəldi hamıda, hər şey gözəldi,
Bənzəməz heç kimə təkdi, özəldi.
Biri adi ömür yaşasa əgər,
Adiliknən dostluq, yoldaşlıq edər.
Çox maraqlı olar o insanlara,
Özünü göstərsə, adi onlara.
Hər kəsin gizlicə bir dünyası var,
Adam orda olur hər vaxt bəxtiyar.
Var bu dünyada çox dəhşətli bir an,
Bixəbərik ondan, amma hər zaman.
Ölüm tuş gələndə hər bir bəndəyə,
Onun ilk qarı da gedir xəndəyə.
İlk öpüş də, ilk döyüş də yox olur,
Hər şey toparlanıb, məzara dolur.
Təkcə kitablarla körpülər qalır,
Maşınla rəsmlərdən adam zövq alır,
Lap çox şeylər qalır fani dünyada...
Amma nələrisə veririk bada!
Amansız oyunun qaydası budur,
İnsan ölmür, torpaq dünyalar udur.
Günahlı, günahsız adamlar olub,
Onlardan hər nə var, saralıb solub.
Çox şeymi bilirik dostdan, qardaşdan,
Nə bilirik sevimli yar-yoldaşdan?!
Öz doğma atamız haqda hər şeyi
bilsək də, düzü, bilmirik heç nəyi.
Gedirlər adamlar... Qaytarmaq olmur.
Onların sirləri yerinə dolmur.
Hər dəfə mən istəyirəm çığıram,
Dəlitək bu dönməzlikdən bağıram.
1961
Məhəbbət nə bilir...
Məhəbbət nə bilir sevgidən sarı,
Onun mayasında qorxu gizlənər.
Daxilən titrədər yoldaşı, yarı
Sevibsə qəfildən kimsəni əgər.
Necə dəhşətlidi itirmək sonda
Özü asanlıqla tapılan şeyi,
Kaftar "ölüm!" deyir mırıldananda:
Hər şey gedərgidi, at məzə, meyi!
Bəladan qurtarıb məhəbbəti mən,
Rahatca keçirrəm, sanki buz üstdən,
Heç qoymaram nə yıxıla, nə əsə.
Bütün suallara cavabım çoxdur:
Sevgi-məhəbbətə ölüm də yoxdur,
Kişiyana söz verirəm hər kəsə.
Yox, mən inanmıram ölə məhəbbət,
Qoy, onun yerinə küdurət ölsün,
Qoy, qıvrılsın yerdə barışmaz nifrət,
Ağzına zir-zibil, toz-torpaq dolsun.
Amma sən, ey sevgi, hər an işıq sal
Fərqinə varmadan, bütün hər yana.
Çəkilmə yolundan, hər vaxt bizlə qal,
Məhəbbət əcəli boyansın qana.
Bəladan qurtarıb məhəbbəti mən
Rahatca keçirrəm, sanki buz üstdən,
Heç qoymaram nə yıxıla, nə əsə.
Bütün suallara cavabım çoxdur:
Sevgi-məhəbbətə ölüm də yoxdur,
Kişiyana söz verirəm hər kəsə.
2001
Rus dilindən tərcümə: Abuzər TURAN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!