"Gec-tez qeyri-adi insan olduğum fikrinə alışmalıyam" - Lev Tolstoyun fikirləri

Klassik kimi yüksək qiymətləndirilən və sevilən Lev Nikolayeviç Tolstoy, şübhəsiz ki, dünya ədəbiyyatının ən böyük yazıçılarından biridir. Eyni zamanda publisist, filosof olan L.Tolstoyun "Hərb və Sülh", "Anna Karenina", "İnsanı yaşadan nədir" əsərləri realist roman janrının ən yaxşı nümunələrini hesab olunur.

L.Tolstoy1853-cü ildə iyirmi beş yaşında özü haqqında belə bir fikri yazıb: "Gec-tez qeyri-adi insan olduğum fikrinə alışmalıyam. Özüm kimi gözəl əxlaqlı, idealları uğrunda hər şeyi qurban verməyə hazır olan ikinci adama rast gəlməmişəm".

Onun təvazökarlıq göstərdiyini söyləmək olmaz. Amma qeyri-adilik mövzusunda da yanılmır. Bu cür əsərlər sahibi adi insan ola bilməz. Tolstoy hələ yuxarıdakı fikri söyləməzdən 7 il əvvəl artıq özü üçün həyat qaydalarını müəyyən edib həyatına tətbiq edirdi. O qaydalar aşağıdakı kimi idi:

1. Beşdə qalx

2. Ən gec onda yat

3. Gündüzlər iki saat yatmaq olar

4. Həddindən çox yemə

5. Şirin yeməklərdən qaç

6. Hər gün bir saat gəz

7. Fahişəxanaya ayda, sadəcə, iki dəfə get

8. Kömək edə biləcəyin adamları sev

9. Cəmiyyətin məntiqə əsaslanmayan bütün fikirlərinə məhəl qoyma

10. Eyni vaxtda, sadəcə, bir iş gör

11. Lazım olmadıqca xəyal qurma

L.Tolstoy bu siyahıya daha sonra bir neçə maddə də əlavə edib:      

12. Hisslərini əsla bəlli etmə

13. Başqalarının sənin haqqında nə düşündüyünü vecinə alma

14. Yaxşılıq edəndə bunu diqqət çəkmədən et

15. Qadınlardan uzaq dur

16. Arzularını çox çalışaraq reallaşdır

17. Özündən pis vəziyyətdə olanlara kömək et

Yazıçının əsrlər əvvəl verdiyi məsləhətlərinə əksəriyyəti, məsələn, həddindən çox yemək yeməmək, şirniyyatdan uzaq qalmaq, gündə yeddi saat yatmaq kimi qaydalara günümüzdə də çox rahatlıqla əməl etmək olar.

L.Tolstoy bir müddət sonra bunlara yazma qaydaları da əlavə edib:

- Öz əsərinizi tənqid etdiyiniz zaman, həmişə özünüzü ən zəif qavrayan, bu kitabda sadəcə əyləncə axtaran oxucunun yerinə qoyun.

- Ən maraqlı kitablar müəllifin öz baxışını gizlədirmiş kimi davrandığı, amma ona yenə də sadiq qaldığı kitablardır. 

- Təkrar oxuyun, mətninizi oxuduğunuzda (ağlınıza gələn fikirlərin nə qədər gözəl olmağından asılı olmayaraq) nələrin əlavə olunmalı olduğunu deyil, mənanın bütünlüyünü pozmadan nə qədərinin atıla biləcəyini düşünün.

Ömrünün altmış ilini bədii yaradıcılığa həsr edən və dünya ədəbiyyatının zirvəsində yer alan yazıçının adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

 

Hazırladı: Nilufər Hacılı

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!