Sergey YESENİN
(1895-1925)
Görkəmli rus şairi və nasiri, "Gümüş dövr" adlanan cərəyanın əsas təmsilçilərindən biri.
"Bosforda olmadım
heç vaxt, heç vədə..."
Bosforda olmadım heç vaxt, heç vədə,
Mənə sual vermə onunla bağlı.
Sənin gözlərində sevdim dənizi -
Köksü mavi-mavi közlərlə dağlı.
Karvanla Bağdada düşmədi yolum,
Nə həna apardım ora, nə ipək.
Əysənə, o gözəl qəddini bir az,
Dincəlim... dizinə baş söykəyərək.
Nə qədər mən dilə çəksəm də, yenə
Hər cəhdim, zillətim gedər hədərə -
Sənə nə deyər ki, "Rusiya" sözü?!
Bax, orda mən ünlü, məşhur şairəm.
İnlədər könlümü bir qarmon səsi,
Aylı gecələrdə it hürər bəzən.
Bəyəm sən, fars qızı, istəməzsən ki,
O uzaq, göy yurdu bir yol görəsən?
Yox, bura gəlmədim öz xoşum ilə,
Sanki sən səslədin qey(i)bdən məni.
Boynuma qəfildən sarılmış gördüm
Qu qanadları tək... bir cüt əlini.
Yaşadığım ömrü lənətləmirəm,
Taledən dinclikdir umduğum, zatən.
Mənə bilmədiyim nələrsə danış
Özünün məzəli məmləkətindən.
Təzə ovsunların qurtarsın məni
Qarmon qüssəsindən, dərin qubardan.
Qopart məni uzaq, şimal yurdumla
Bağlı fikirlərdən, sıxıntılardan.
Bosforda heç vədə olmasam da mən,
Nəsə uyduraram sənə... maraqlı.
Gözlərin, çünki o dənizə bənzər -
Köksü mavi-mavi közlərlə dağlı.
1924
Vladimir NABOKOV
(1899-1977)
Görkəmli rus və ABŞ nasiri, şairi, tərcüməçisi, ədəbiyyatşünası, entomoloqu və pedaqoqudur. 1963-66-cı və 1968-71-ci illərdə ədəbiyyat üzrə Nobel mükafatına ard-arda namizəd göstərilsə də, həmin ödülə layiq görülməyib.
Rusiyaya müraciətlə
Yalvarıram sənə, əl çək yaxamdan!
Axşam dəhşət saçır, əldən düşüb tən.
Bax, necə çarəsiz ölürəm artıq,
Bir kortək üstümə həmlələrindən.
Kim könüllü atıb, gedib vətəni,
Çıxsın zirvələrə, söyləsin ağı.
Mən ki enməmişəm bu düzə indi,
Odur ki, yanıma yanaşma, saqın.
Hazıram əbədi qarışım qeybə,
Heç düşkün deyiləm şöhrətə, ada.
Səni yuxuda da görməyim deyə,
Yuxusuz qalmağa hazıram, hətta.
Qoy qanım şollansın, zəlil olum mən,
Əziz kitablardan üzüm əlimi.
Satım hər yad dilə, hər yad şivəyə
Olan-qalanımı, ana dilimi.
Yetər ki, Rusiya, sən gözüyaşlı
O bir cüt məzarın otları üstdən,
tozağacıların xalları üstdən,
gənc yaşda daddığım dadların üstdən,
Özünün o həris, kor gözlərini
zilləmə üzümə - halıma acı.
Məni kömürlükdə arama, gəzmə,
Bil, sənə könlümün... yox ehtiyacı.
Çox gecdir... ötüncə illər, yüzillər
çıxıb cavab verməz ki, bir də kimsə
o dərdə, o zülmə, o cürmə görə...
Ruhumsa, əfv etməz bunu... heç kəsə.
Paris, 1939
İosif BRODSKİ
(1940-1996)
Rus əsilli ABŞ şairi, esseçisi, dramaturqu, tərcüməçisi və pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Otaqdan çıxma çölə...
Otaqdan çıxma çölə, əsla, yol vermə səhvə,
"Şipka" çəkirsənsə, de, nə hacət var günəşə?!
Qapının o üzündə mənasızdır hər nəşə,
Çıxsan - tualetə get, tez geri dön hər dəfə.
Hə, otağından çıxma, buna heç cəhd göstərmə,
Sığındığın məkansa... dəhlizdən ibarətdir.
O başında sayğac var. Dişin ağardan dilbər
içəri dalsa qəfil, soyundurmadan göndər.
Otaqdan çıxma çölə, hesab et - üşütmüsən,
Bu dünyada divardan, stuldan ilginc nə var?!
Çıxdığın yerə eynən, ya daha betər halda
Dönmək varsa, taledə... onda niyə çıxasan?!
Otaqdan çıxma. Rəqs et, paltonu, çəkməni də
Çılpaq bədənə geyin - heç nəyi alma vecə.
O dəhlizə çökübdür turşu, parafin iyi.
Çox hərf yazdın, birin də yazıb, ağın çıxartma.
Otaqdan çıxma çölə. Qoy, otaq təxmin etsin
necə göründüyünü. Məğz formaya pıçıldar:
"O "erqo sum" deyən kəs
bürünüb mübhəm sirrə.
Otaqdan çıxma! Çöldə çay var, Fransa yoxdur.
Qeyd: Latınca "ergo sum" - "deməli, varam" deməkdir. Bu söz birləşməsi məşhur fransız filosofu Rene Dekart (1596-1650) tərəfindən ifadə olunan və fəlsəfədə Yeni dövr Qərb rasionalizminin təməl ünsürünü təşkil edən "Düşünürəmsə, deməli, varam" müddəasının, sadəcə, ikinci qismidir - (A.Y.)
Axmaq yox, özgələrə bənzəməyən biri ol,
Əsla, otaqdan çıxma! Ol... mebellər sirdaşı!
Üzün də seçilməsin divar kağızlarından,
Qapan öz şkafına, sipərə çevir onu
Xronos, kosmos, eros, virus və irqə qarşı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!