Pol Oster, şübhəsiz ki, amerikan ədəbiyyatının yaşayan ən önəmli təmsilçilərindən biridir. "Qış gündəliyi", "Nyu-York trilogiyası", "Son şeylər ölkəsində", "Yalnızlığın kəşfi", "İlluziyalar kitabı", "Qırmızı dəftər", "Leviathan", "Vəhy gecəsi", "Duman", "Bruklin çılğınlıqları", "Görünməyən", "Yüksəklikdən qorxma", "Qaranlıqdakı adam", "4321" kimi romanları ilə tanıdığımız P.Oster təsadüf, tale, ailə həyatı, yazarlıq və şəxsiyyət mövzularının ətrafında çox yaxşı uydurulmuş hekayələri ustalıqla qələmə alan yazardır.Görəsən, dünyaşöhrətli yazarın özünün ən sevdiyi, daima əlinin altında saxladığı, həyatına yön verən, onunçün xüsusi məna kəsb edən kitablar hansılardır? Birlikdə nəzər yetirək.
1. Migel de Servantes "Don Kixot"
"Don Kixot" Lamançlı Don Kixotun macəralarından ibarət ikihissəli roman olmaqla, ədibin dünya şöhrəti qazanmasında əsas yer tutur. Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub və dünya ədəbiyyatında ən populyar kitablardan biri sayılır. Don Kixot obrazı isə insan təbiətinin tipik göstəricisi kimi götürülərək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranıb və bununla bağlı çoxlu sayda kitablar yazılıb. Romanın birinci hissəsi 1605-ci ildə, ikinci hissəsi isə 1615-ci ildə çap olunub. Hər iki hissə ispan dilində yazılıb. Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışıblar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən qayıdaraq Don Kixot mövzusunu yeni aspektdən təsvir ediblər. Don Kixot obrazı incəsənətin müxtəlif sahələrində təcəssüm etdirilib. Servantesin qəhrəmanı bədii filmlərdə, heykəltəraşlıq nümunələrində, rəsmlərdə və musiqi əsərlərində öz əksini tapıb.
2. Lev Tolstoy "Hərb və sülh"
İlk dəfə, 1869-cu ildə nəşr edilən "Hərb və sülh" romanı Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılıb. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi qiymətləndirilir. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873-1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur.
"Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. "Hərb və sülh", dünyada daha çox uzun roman kimi tanınıb. Ümumilikdə dörd kitabdan ibarət olan romanın hər bir kitabı da ayrıca fəsillərə bölünüb. Romanın ilkin versiyası 1865-1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilib. Roman tam şəkildə, ilk dəfə 1865-ci ildə nəşr edilib. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olub.
3. Herman Melvill "Mobi Dik"
Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balinanın macəra dolu mübarizəsindən bəhs edən, oxucunu daim həyəcanda saxlayan əsər bir-birindən maraqlı səhnələrlə zəngindir.
Məşhur Amerika yazıçısı Herman Melvill onlarla romanın müəllifi olsa da, romanların heç biri ona "Mobi-Dik" əsəri qədər şöhrət qazandırmayıb. Halbuki 1851-ci ildə qələmə alınan bu romanın ilk nəşri də uğurlu alınmayıb. Lakin Melvillin ölümündən sonra "Mobi-Dik", sanki yenidən kəşf edilib və bestsellerə çevrilib. Romanın müəllifi isə dünya ədəbiyyatının böyük yazıçılarından biri kimi qəbul olunub.
4. Fyodor Mixayloviç Dostoyevski "Cinayət və cəza"
"Cinayət və cəza" romanı birinci dəfə 1866 və 1867-ci illər arası, 12 ay ərzində aylıq "Rus Xəbərçi" ədəbi jurnalında hissələrlə nəşr olunub. Bu, Dostoyevskinin Sibir sürgünündən sonra yazdığı ikinci romanıdır. Bu roman onun "yetkin" dövrünün birinci romanı sayılır. "Cinayət və cəza" romanı rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu roman Dostoyevskinin beş böyük romanından birincisidir. Bundan sonra, yazıçı özünün məşhur "İdiot", "Şeytanlar", "Yeniyetmə" və "Karamazov qardaşları" romanlarını yazıb. "Cinayət və cəza" romanı Dostoyevski yaradıcılığında yeni mərhələnin başlanğıcı hesab edilir.
5. Marsel Prust "İtirilmiş zamanın axtarışında"
"İtirilmiş zamanın axtarışında" Marsel Prustun həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
6. Ceyms Coys "Uliss"
Ceyms Coysun 1922-ci ildə qələmə aldığı "Uliss" romanında cəmiyyətdə ictimai bərabərsizlik, ümidsizlik, inamsızlıq öz əksini tapıb. Romandakı bütün hadisələr bir günün ərzində - 1904-cü ilin 16 iyununda, Dublində cərəyan edir. Həmin o yay gününün təsvirinə isə Coys nə az, nə çox - ömrünün düz yeddi ilini sərf etməli olub.
7. Nataniel Hotorn "Qırmızı ləkə"
Amerikan ədəbiyyatında indiyə qədər yazılan yaradıcı əsərlər arasında ən yaxşısı olaraq qiymətləndirilən "Qırmızı ləkə", sözsüz ki, bəşəriyyətin cinayət, günah və qürurla girişdiyi, sonu olmayan mübarizəsini ortaya qoyan bir şah əsərdir. Nataniel Hotorn da Amerikanın puritan mirasından bəşəri bir klassik yaratmağı bacaran ilk amerikan yazar hesab edilir.
8. Frans Kafka "Qəsr"
"Qəsr" Frans Kafkanın yazmağa başlayıb, ancaq tamamlaya bilmədiyi romanıdır. O, Kafkanın ölümündən sonra, 1926-cı ildə çap olunub. Bu roman XX əsrin başlıca kitablarından biri hesab olunur. Qəsrə gedən yolun təsviri ilə başlayan romanın süjet xətti, həm sadə, həm də xeyli dərəcədə mürəkkəbdir. Bu, bir-birinə bağlı müxtəlif hekayətlərin dolaşıq əlaqəsindən yaranır. Oxucunu bu çətin labirintlə Qəsrə doğru aparan Kafka totalitar cəmiyyətin bütün mahiyyətini ortaya qoyur.
9. Samuel Bekket "Trilogiya"
S.Bekketin "Trilogiya"sına "Molloy" (1951), "Malon ölür"(Malone meurt, 1951) ve "Adsız" (L'innommable, 1953) adlı üç romanı daxildir. Bu üç romanda Bekketin yetkinlik dövründəki tərzinin və istifadə etdiyi mövzuların inkişafı müşahidə edilir. Məsələn, "Molloy" zaman, məkan, hərəkət və mövzudan ibarət olan ənənəvi roman elementlərini daşıyır və müəyyən mənada, detektiv romandır. "Malon ölür" əsərində isə, məkan ilə zamanın axarı varlığını davam etdirərkən, mövzu və aksiya böyük nisbətdə aradan qalxıb. Romandakı əsas hərəkət amili daxili monoloq şəklini alıb. Son olaraq, "Adsız" əsərində bütün zaman və məkan duyğusu yox edilib. Romanın əsas mövzusu bir "səs"in yaşamağı davam etdirmək üçün davamlı danışmaq məcburiyyətində olması ilə ən az onun qədər qüvvətli impuls olan səssizliyi axtarması arasındakı münaqişədir. Burada Bekketin müharibənin dünyanı nə hala gətirdiyinə dair təcrübələrinin izlərini tapmaq mümkündür. Bu romanlar nümunə göstərilərək Bekketin əsərlərinin, adətən pessimist olduğu qeyd edilir.
10. Lourens Stern "Tristram Şandi"
"Tristram Şandi, Centlmenin həyatı və fikirləri", həmçinin "Tristram Şandi" kimi tanınan əsər "Don Kixot" əsərindən ilhamlanaraq yazılıb. Roman 9 cilddə yazılıb. İlk ikisi 1759-cu ildə, yeddisi sonrakı yeddi il ərzində nəşr olunub. Şüur axınının povest texnikasının istifadəsi, adətən modernist romançılarla əlaqələndirilsə də, Tristram Şandi bu texnikanın müjdəçisi hesab olunur.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!