Roberto Bolano Xorxe Luis Borxes və Xulio Kortasar kimi yazıçılarla birgə XX əsrin böyük Latın Amerikan müəlliflərindən biri hesab olunur. Əsərləri ingilis, alman, italyan, litva və holland da daxil olmaqla bir çox dillərə tərcümə edilib. Öldüyü il onun 10 ölkədə 37 nəşriyyatla müqaviləsi olub. Ən səs-küylü romanı olan "2666" 12 ölkədə 50 müqavilə əsasında 49 tərcümə ilə satışa çıxarılıb.
Zamanla yazıçıların yazıçısına çevrilən Bolano bəzilərinə görə, Borxesvari ədəbi biliyi ilə yazıçıların oxucusu da hesab olunurdu. Bolanonun əsərlərinin əsasını onun oxumağa olan sevgisi təşkil edir. Hətta qısa, avtobioqrafik bir məqaləsində qeyd edir ki, oxuyarkən özünü yazarkən olduğundan daha xoşbəxt hiss edir. Bu baxımdan, Bolanonu oxumağın ən yaxşı yolu Bolano kimi oxumaqdır.
Bolanonun ədəbi zövqlərini dəqiq müəyyən etmək çətindir. Bolanonun əsərləri, məqalə və müsahibələrindəki fikirlərinə əsaslanaraq hazırlanan, onun heyran olduğu və yaxından izlədiyi yazıçıların siyahısını təqdim edirik.
1. Bütün cərəyanlara meydan oxuyan bir yazıçı varsa, o da Sesar Ayradır. Bir dəfə oxumağa başladınsa, daha dayanmaq istəmirsən. Ayra, bütün fərqliliyi ilə bu gün ispan dilində yazan ən yaxşı üç-dörd yazıçıdan biridir.
2. Latın amerikalı bütün yazıçılar bunu birlikdə rədd etsələr də, Adolfo Bioy Kasares Latın Amerikasının ilk və ən yaxşı fantastik romanını yazıb.
3. İnsan Borxesi dönə-dönə oxumalıdır.
4. Yuxumda 16 yaşımdaydım, Martin Adan mənə fortepiano dərsləri verirdi. Qocanın barmaqları "rezin adam" qədər uzun idi və bu barmaqlar yeri deşərək yeraltı vulkanlar zənciri yaradırdı.
5. Bodler oxucularının orta məktəb illərində çətinliklə üzləşməməsi ehtimalı azdır. Sinif yoldaşları və müəllimləri ilə çox problem yaşayarlar. Lakin onların kövrəkliyi aldadıcıdır. Onların xasiyyəti və sevgi elanlarında inadkarlıq olmaması da belədir. Ancaq bu qeyri-müəyyən görünüşlərinin arxasında yəqin ki, dünyanın ən sərt və şübhəsiz ki, ən cəsur insanları dayanır.
6. Ernesto Kardenalın səsi dəyişməyib, amma başqa hər şey dəyişib; bir vaxtlar ümid, məchulluğa dəvət olan hər şey indi Kardenalın uduzulan bütün müharibələrə baxmayaraq yaşamağa davam etdiyi itirilmiş mühitin səssizliyi və sakitliyi kimi. Kardenalın möhtəşəm nəsri ilə ailə həyatındakı eniş-yoxuşları çatdırdığı "İtirilmiş həyat" ("Vida Perdida"), təkcə bir ailənin taleyindən deyil, həm də Latın Amerikasının ən böyük şairlərindən olan bir insanın taleyindən bəhs edir. Tomar Merton kimi ölümə baxmayaraq yaşamağa davam edən bəzi yazıçıların təsvirləri də daxildir. Ernesto Kardenal yazıçı olmaqla yanaşı, həm də keşişdir. Nəhayət, ondan qalan şey məhkum bir həyat deyil, müzəffər bir sonluqdur.
7. Orasio Kastelyanos Moya melanxolik insandır və sanki ölkəsindəki onlarla vulkandan birinin dərinliyindən yazır. Bu sehrli realizm kimi səslənir, lakin Moyanın üslubundakı cəsarətdən başqa, bunda sehrli heç nə yoxdur. O, güc-bəla ilə sağ qalmağı bacaran yazıçıdır, ancaq heç də sağ adam kimi yazmır.
8. Həyat yoldaşı Marina ilə yaşadığı xoşbəxt həyatla təhlükəli şəkildə bizdən birinə çevrilmiş Kamilo Xose Selaya, nəsrin bu, ən böyük nümayəndələrindən birinə XX əsrin ikinci yarısında ayrılan gizli bir mövqe var.
9. Lui-Ferdinand Selin böyük yazıçıdır. Amma eyni zamanda əsl əclafdır, ləyaqətdən məhrum bir insandır. Onun nümayiş etdirdiyi ən qəddar alçaqlıq anlarının nəcib əzəmət kimi maskalanması inanılmazdır - bu, həqiqətən, yalnız sözlərin gücünə aid edilə bilər.
10. Xulio Kortasar və Nikanor Parra oxuyan gənclərin cəsarəti məni çox kövrəldir. Eynən, bir vaxtlar mənim oxuduğum və hələ də oxumağa çalışdığım kimi. Başlarının altında kitablarla yatan bu gənclərə heyran olmamaq olar? Həqiqətən də, ən yaxşı yastıq bir kitab deyil də, nədir?!
11. Məncə, Parra indiyə qədər yaşamış şairlər içində ispan dilində yazan ən yaxşı şairdir.
12. Felisberto Ernandesi mütləq oxumalısınız.
13. Ədəbiyyat bizi birbaşa, əlində silahla gəzən və atəş açmaqdan zövq alan Alfred Jarriyə aparan təhlükəli bir oyundur.
14. Kafka XX əsrin ən yaxşı yazıçısıdır.
15. Yuxumda bir gün günortadan sonra qapımın döyülməsini eşitdim. Qar yağırdı. Mənim nə sobam, nə də pulum var idi. Səhv xatırlamıramsa, hətta işığı da kəsəcəkdilər. Bəs, sizcə, astanada dayanan kim idi? Enrike Lin; əlində bir şüşə şərab və bir torba yeməklə.
16. Stefan Malarme, yəni böyük şairlər içində ən az məsumu olanı deyir ki, səyahət etməliyik, dönə-dönə yola düşməliyik. Çünki səfərlərin və yolçuların lənətlənmiş olduğunu bilsə də, həmişə yenidən başlamaq istəyir.
17. Nyu-Yorkun ən yaxşı qanqsteri: Kenet Patçendir.
18. Artur Rembo və Lotreamon; onlardan başqa, hər kəsi görməzdən gəlmişik.
19. Rodriqo rey Rosa; mükəmməl ustaddır. Çoxlu görkəmli qısa hekayə yazıçılarının olduğu mənim nəslimin ən yaxşısıdır.
20. Yuxumda Çivitavekkya Atom Elektrik Stansiyasında Stendalı oxuyurdum: reaktor mozaikasından bir kölgə keçdi. Beldən yuxarısı çılpaq, çəkmə geyinmiş bir gənc "Stendalın ruhudur" dedi.
21. Yuxudan oyananda ən yaxın dostum Ulises kitab oxuyurdu. Nə oxuduğunu soruşdum. Ezra Paunddan seçilmiş kantolar. "Mənə də bir şey oxu", - dedim. Amma ən kiçik hissəsini belə başa düşmədim. Bundan sonra cəhdləri dayandırdım.
22. Dişlərimi itirməyimi belə - eynən, bir Zen köçərisi kimi yaşayan və bu səbəblə diş baxımına laqeyd yanaşan Qeri Snayderə bir növ hörmət kimi qəbul etdim.
23. Enrike Vila-Matas, Sesar Ayra və Xavyer Marias; biri kataloniyalı, biri argentinalı, digəri madridli olan bu üç yazıçının əsərləri, qarşımızda kəşf edilməli olan yeni bir diyarın ən ucqar nöqtələridir. Bəs, bu yeni torpaq nədir? Həmişə olduğu kimi, amma yenə də fərqli, əslində "bilmirəm" deməyin başqa bir yolu.
24. Vilyam Karlos Vilyams: Ernesto Kardenaldan sonra ölüm yatağında olan ən yaxşı yoldaşdır.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!