"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim,
İraqda yaşayan soydaşlarımızdan söhbət düşəndə, göz önünə ilk gələn bayatılar olur. Bu, təbiidir. Uzun ayrılıqdan sonra əlaqələrimiz bərpa olundu və İraq türkman ədəbiyyatı ilə ilgili yayınlanan ilk kitab Xalq şairi Rəsul Rza ilə birgə çap etdirdiyimiz "Kərkük bayatıları" oldu (Azərnəşr, 1968).
Sevindirici haldır ki, Füzuli kimi dahinin yetişdiyi ədəbi mühitdə onlarla görkəmli və tanınmış şairlər vardır. Əta Tərzibaşının 13 cildlik "Kərkük şairləri" və 3 cildlik "Ərbil şairləri" kimi qiymətli kitabları, eləcə də Şəmsəddin Kuzəçinin ikicildlik "Kərkük şairləri" kitabları çap olunub. Əta Tərzibaşının "Kərkük şairləri" dünyasını dəyişmiş şairlərdən, Şəmsəddin Kuzəçinin hər biri 600 səhifədən çox olan, 1-ci cildi Əta bəyə, 2-ci cildi mənə ithaf edilən "Kərkük şairləri" isə çağdaş şairlərdən bəhs edir. Əta Tərzibaşının 13 cildliyi və 3 cildlik "Ərbil şairləri"ndən bəhrələnərək "İraq türkman poeziya antologiyası"nı (I kitab, Bakı, "Elm və təhsil", 2019, 464 səh.) çap etdirdim. Sonra isə Şəmsəddin Kuzəçinin çağdaş İraq türkman şairlərindən bəhs edən ikicildlik "Kərkük şairləri" kitabı əsasında, eyni adda "İraq türkman poeziya antologiyası"nın (II kitab, Bakı, "CBS PP", 2021, 464 səh.) çapına nail oldum.
Məlumdur ki, Əta Tərzibaşının "Ərbil şairləri" üçcildiyi 2007-ci ildə, Şəmsəddin Kuzəçinin çağdaş şairlərin həyat və yaradıcılığından bəhs edən "Kərkük şairləri", 1-ci cild 2006, 2-ci cild 2007-ci illərdə çap olunub, yəni 16-17 il bundan əvvəl işıq üzü görüb, mənim əlavələrlə çap etdirdiyim antologiyalar az tirajla buraxılıb.
Keçən dövr ərzində şairlər püxtələşib və gözəl əsərlər ortaya qoyublar. Bunu nəzərə alaraq çap etdirdiyim poeziya antologiyalarından bəhrələnərək, çoxsaylı əlavələrlə oxuculara "İraq türkman şairləri" silsiləsindən yazılar təqdim etməyi qərara aldım.
Bu sayda Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Nəsrin Ərbili təqdim edirəm.
Qəzənfər PAŞAYEV
AMEA-nın nəzdində İraq Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının sədr müavini
Nəsrin Ərbil 1939-cu ildə Kərkükdə dünyaya göz açıb, sevib-saydığı və şeirlərində tez-tez söz açdığı doğma şəhəri Ərbili özünə ləqəb seçmişdir. Atası Ataulla ağa Ərbildən, anası Xeyriyə xanım Kərkükdən idi. Nəsrinin qardaşları - Sedat, Murat və Rəşat da şeir yazırdılar. Nəsrin belə bir mühitdə böyümüşdür.
Atası Nəsrinin istedadını görərək Bağdada göndərmiş, xalaları Məqbulə və İqbalgildə qalmış, kurslara gedərək ingiliscəni öyrənmiş, diplom almışdı. Az sonra, dörd il almanca kurslara getmiş və alman dilini də öyrənmişdir. Beləliklə, Nəsrin Ərbil ana dilindən əlavə, ərəb, kürd, ingilis və alman dillərini də öyrənmişdir.
İlk okulun son sinfində, 13 yaşında olanda yatalaq xəstəliyinə tutulur. Ona qədər Nəsrinin üç bacısı vəfat etmişdi. Nəsrin ruhdan düşmür; "Qatıq satan qız" adlı ilk şeirini yazır.
Qatıqsatan qızın
Zəngin xəyalları vardı.
Qatığını satınca,
Evlər, xanələr, rəngarəng paltarlar arzulardı.
Mənim nə qatığım var satacaq,
Nə rəngarəng paltarlar gərəyimdir.
On üç yaşındayam, amma
Dörd il sonra on yeddi olacaq.
Düşüb Mosul yollarına
Ümidlə dolaşacağam.
Könlümdə albayrağım
Duyğularımın nəfəsi,
Könlümün hayqıran səsi.
Nəsrin tezliklə sağalır. Lakin bir daha məktəbə getmir; bədii yaradıcılığı üstün tutur. Şeirlərini hecada və sərbəstdə yazır. Hətta ingiliscə də şeirlər yazır.
1956-cı ildə bir gün amerikan qəzetlərinin birində oxuyur ki, "Muzik City" şirkəti gənc şairlərin şeirlərinin müsabiqəsini keçirir.
Nəsrin Ərbil "All for love" ("Hər şey məhəbbət üçün") şeirini göndərir. "All for love" 1-ci yerə layiq görülür. Üç min dollara "Nordic" şirkəti şeiri alır və musiqi bəstələyirlər. Bundan sonra eyni şirkət Nəsrinin "Lonely" ("Tənhalıq") və "Come back to me" şeirlərini də satın alır.
XX əsrin 60-cı illəri Nəsrin üçün çox məhsuldar olur.
İlk şeiri 1958-ci ildə "Bəşir" qəzetində çap olunmuşdur. 1961-ci ildən Bağdadda çıxan "Qardaşlıq" dərgisində çap olunmağa başlayıb.
1974-cü ildə ərə getdikdən sonra bir müddət çap olunmadı.
Nəsrin Ərbilin "Həyat yoldaşıma" və "Daha nə istəyirsən?" adlı şeirlərindən məlum olur ki, problem həyat yoldaşı ilə bağlı olub:
Daha nə istəyirsən?
Daha nə istəyəcəksən məndən, -
Tüm şeirlərimi tükəttim.
Sənin üçün hördügüm saçlarımı
Uçurumlara körpü qapadım.
Sənin üçün xərclədim
Kəlamlarımı bitincəyə qədər.
Şarkılar sustu, dindi nəğmələr.
Göz yaşlarımı sel axıttım,
Barmaqlarımı mum.
Damarlarımdakı qanı
Alev-alev yaktım
Sənə məşəl.
Mən ki, eşqimi yüzillərə qapadım,
Adımı adına adadım.
Daha nə istəyəcəksən məndən?
Xarabalardan qalma
Bir canım qaldı - geriyə,
İstər al, istər alma.
1990-cı illərdə Dr.Ə.Bəndəroğlu şairədən müsahibə götürdü və "Yurd" qəzetində çap etdi. Ondan sonra Nəsrin yenidən çap olunmağa başladı. Yurd-yuvasından didərgin düşən şairə indi Ankarada İhsan Doğramacının təsis etdiyi Ərbil vəqfində çalışır.
Nəsrin Ərbilin beş şeir kitabı çıxıb: "Dəniz röyası" (Ankara, 1969), "İki şəhər" (İstanbul, 1998), "Gələcəyəm" (Ərbil, 2004), "Yaralı quş" (İstanbul, 2019, 344 səh.) və əl xətti ilə Kərkük Vəqfinin çap etdiyi "Şeir dəftərləri" (İstanbul, 2019) adlı qeyri-adi kitabdır.
Təsadüfi deyil ki, Nəsrin Ərbil haqqında "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə" Ensiklopedik məlumat kitabında (Bakı, 2011, s.708) təqdimatımla geniş oçerk verilmişdir.
Görkəmli İraq-türkman tədqiqatçılarının Nəsrin xanım haqqında qiymətli fikirləri vardır.
"İraq-türkman şairləri arasında sərbəst şeir yazanların ən məşhuru, şübhəsiz ki, Nəsrin Ərbildir" (Əta Tərzibaşı).
"Nəsrin Ərbil İraq çağdaş türkman şeirində böyük bir boşluğu dolduran ilk qadın şairəmizdir" (Əbdüllətif Bəndəroğlu).
"Nəsrin Ərbil İraq türkman ədəbiyyatında yeni bir dönəmin müjdəçisi olmuş, yeni bir ədəbi cərəyanın açılmasında önəmli rol oynamışdır" (Sübhi Saatçı).
Nəsrin Ərbil cinas xoyratdan təcnis düzəldə bilən azsaylı şairlərdəndir:
Qala qal;
Minarə qal, qala qal.
Başım allam, gedərəm,
Sən dərdimnən qal, a qal.
Nəsrin Ərbilə çoxsaylı şeirlər həsr olunmuşdur.
Əslən Kərkükdən olan, Türkiyədə yaşayan Əli Riza Alaslan İstanbuldan göndərdiyi oktyabr 1961-ci il tarixli "Yanğı" başlıqlı bir şeirində məcaz və təşbehlə yazmışdır:
Söylərəm sözü gerçək,
Bunda yoxdu şübhə, şək.
Çiçəklərin içində
Nəsrin parlaq bir çiçək.
Kərküklü şair Mehmet Ömər Qazançı da "Qardaşlıq" dərgisində (sayı: 201, ili 1990) yayımladığı "Sən ozanısan bu şəhərin" şeirini Nəsrin Ərbilə həsr etmişdir:
Sən olmasaydın,
Kimsənin xəbəri olmazdı bu şəhərdən,
Sən ozanısan bu şəhərin,
Nəsrin Ərbil!
Nəsrin Ərbili gözəl bir şair kimi Azərbaycanda da yaxşı tanıyır və qiymətləndirirlər. Hələ 1968-ci ildə Bakıda "Ulduz" jurnalının 7-ci sayında "Kərkük şairləri" məqaləmdə Nəsrin Ərbilin yaradıcılığından söz açmış, şairin "Xançı" və "Aldanmışıq" şeirlərini oxuculara təqdim etmişdim. Bundan əlavə, "Ədəbiyyat qəzeti"ndə (14.09.2001) şairin həyat və yaradıcılığından geniş söz açmış, çoxsaylı şeir və xoyratlarını çap etdirmişdim və nəhayət, Dr.Ə.Bəndəroğlu ilə Bakıda çapına nail olduğum "Çağdaş İraq şeirindən seçmələr" adlı kitabda (bax: Bakı, "Elm", 2001) Nəsrin Ərbilin həyat və yaradıcılığına geniş yer ayırmış, şairin on bir şeirini vermişdim.
Sonralar dəvətimlə Nəsrin Ərbil Bakıya gəlmiş (2001-ci ildə) və şəxsi qonağım olmuşdur. O, Akademiyanın Ədəbiyyat İnstitutunda, Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyində, Yazıçılar Birliyində, "Ədəbiyyat qəzeti"ndə görüşlər keçirmiş, Azərbaycana dair şeirlər oxumuşdur.
Nəsrin Ərbil vətənimizə gələn kimi "Salam sənə, Bakı", iki bir-birindən gözəl - "Sənə gəldim" və "Dincələcək ağ baxtım, Qarabağın köksündə", "Qarabağ" şeirlərini yazdı. Burada İraq türkman şairlərinin poetik dünyasında baş verən nadir hadisədən söz açmaq yerinə düşər. Onların vətənimizə məhəbbəti o qədər böyükdür ki, ölkəmizi görmədən oxuduqları, eşitdikləri məlumat əsasında Azərbaycanı məhəbbət və həsrətlə vəsf ediblər.
Əbdüllətif Bəndəroğlu "Bakıya həsrət" şeirini yazıb. Fövzi Əkrəm və Sabir Dəmirçi ayrı-ayrılıqda "Azərbaycan dastanı", Faruk Köprülü "Kərkükdən Bakıya şahin uçurtdum" adlı geniş həcmli əsərlərini yazaraq Kərkükdə çap etdiriblər.
Nəsrin Ərbil istisna təşkil etməmişdir:
Dilimsən,
Qonuşduğum dilimsən.
Kərküküm, sən Bakıdan
Bölünmüş bir dilimsən.
O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olaraq yazıçıların sonuncu qurultayına (26.07.2023) dəvət olundu. Qurultayda çıxış etdi və silsilə şeirlərini oxudu. Nəsrin xanım Azərbaycanı çox sevir, Azərbaycanla nəfəs alır. Demək olar ki, hər gün həyat yoldaşımla, ya danışır, ya da mesaj və Kərkük mahnıları göndərir.
Qoy, ustadım Əta Tərzibaşının ruhu şad olsun. Nəsrin Ərbilin yaradıcılığı ilə hələ keçən əsrin 60-cı illərindən məşğul olduğumu, dəvətimlə Bakıya gəldiyini, çoxsaylı əlyazma halında olan şeirlərini mənə bağışladığını nəzərə alaraq, Əta bəyin tədqiqatından bəhrələnərək şairin həyat və yaradıcılığı barədə yazmağı, yaradıcılığından çap olunmamış çoxsaylı şeirlər daxil, nümunələr verməyi münasib bildim.
Nəsrin Ərbil
Sənə gəldim
Qoşup gəldim mor gül qoxan bağlardan,
Aşıp coştum qovuşmayan dağlardan.
Əlimdə məşəl, sönməz ocaklardan
Sənə gəldim, sənə gəldim, Azərim.
Yurdumdan yurduma salam gətirdim,
Yarı qalmış masalları bitirdim.
Ver əlini, tüm əlləri yetirdim,
Sənə gəldim, sənə gəldim, öz elim.
Qazanımda qaynar duran aşlarla,
Haqsızlığa əyilməyən başlarla,
Sinəmə çəktigim acı yaşlarla
Sənə gəldim, sənə gəldim, öz dilim.
Ver əlini, Azərbaycan, canım, can.
Sənə olsun sinəmdəki can qurban.
Ölürsəm də, vaz geçmərəm bu yoldan,
Sənə gəldim, sənə gəldim, sevgilim.
Salam sənə, Bakı!
Sən düşümdəki
Dalqasız dənizlər yuxusu.
Ovuclarımda cıvıl-cıvıl quşlarla
Sənə həsrətimi gətirdim.
Sənə səslənirəm
Ana dilimdə.
Uzat qollarını,
Tut əllərimdən.
Aydınlığa qovuştum,
Sislər dağıldı birdən.
Baxtım ki, Bakı mənə qucaq açır,
Salxım-salxım sevgisini
Dört mövsüm yengi yerində
Ətrafıma saçır.
Salam sənə, Bakı
Ey türkülərimin dili,
Ey ulu əcdadlarımın eli,
Ey gülünü
Yadlara qoxlatmayan sevgili!
Sənə gəldim
Yaralı yurdumdan sənə gəlmişəm,
Öz anamdan doğma qardaş bilmişəm.
Salam, sənə, Bakı, ürəkdən salam,
Yorğunam, öksüzəm, solmuş, bitmişəm.
Dərdlərimi sənə deməyə gəldim,
Qəlbini qəlbimə hörməyə gəldim.
Mən kəndi yurduma qəribəm, qardaş,
Yaramın çarəsin bilməyə gəldim.
Şuşana, Qarabağa əsgər olmağa gəldim,
Ürəkdən gönüllərə həmdəm olmağa gəldim.
Gönlüm hür, dilim özgür, qul olmadım ellərə,
Uğrunda min can verib, ölməyə gəldim.
Uzun yoldan gəlmişəm, əlimi tutarmısan?
Əsgərinin selinə məni də qatarmısan?
Uzaq yolları aşdım, dağ-daş, dərə bilmədən,
Həsrətim qovuşmağa qolların açarmısan?
Dincələcək ağ bəxtim
Qarabağın köksündə
Sərin sular ayrılıq atəşiylə yanmasın,
Sınırımız bir olsun, torpağımız canlasın.
Bir-bir qoparacağız bizi tutan zənciri,
Uyuyan hisslərimiz yuxusundan oyansın.
Dərdləşsə, könül acım Orta Asya elində,
Sərinləsə könüllər Bakının kölgəsində,
Yüksələr, yüksələrəm, ərşə dəyincə başım,
Dincələcək ağ bəxtim Qarabağın köksündə.
Ana yurddan sökülmüş Kərkük ürəkdən ağlar,
Fəryadına səs verməz, duman bağlamış dağlar.
Çığlığını duyan yox, pas tutmuş tüm ürəklər,
Bir-birindən uzaqda ana ağlar, yar ağlar.
İsmi heç bir tarixə sığmayan bir milləti,
Atabəy otağından şanlanan əsaləti
Ana yurd ellərinə əmanət edilmişdi,
Özü Türk, qanı duru, can Mosul vilayəti.
Ver əlini, Türkiyəm, əlin əlimi yaxsın,
Fərat nəhri İdilə, Dəclə Xəzərə axsın.
Ana yurddan sökülmüş Türkman elləri ağlar,
Al bayraq göy bayraqla Qarabağda qavuşsın.
Tüm ürəklər tək ürək içində birləşəcək,
Vətənlər çalxalanıb əl-ələ veriləcək.
Ümidlər sərablardan arınıb sayrılacaq,
Bayraqlar dalğalanıb Turanda birləşəcək.
30.01.2020.
Ankara
Qarabağ
Azərbaycan aləmi top səsinə oyandı,
Xain düşmən gizlicə Xankəndiyə dayandı.
Əsli heç, dili düşmən, hay-haylar qəbiləsi
Qazdığı xəndəklərdə öz qanına boyandı.
Xocalı, Ağdərəli mərdlərim sinə gərdi,
Qarabağlı cavanlar namərdə baş əgdirdi.
Burda bir vətən vardı, daşı dür, suyu kövsər,
Necə gənclər canını torpağa qurban verdi.
Dirənsin igidlərim, coşsun, qalxsın ayağa,
Sarılsın bir-birinə, dodaq dəysin yanağa.
Bu gün namus günüdür, torpağın müqəddəsdir,
Ayaqlansın şəhidlər, salam versin bayrağa.
İki dövlət, bir millət olaraq coşacağıq
Tüm əngəlləri bir-bir yox edib aşacağıq.
Azərbaycan xalqına salama duracaq dünya,
Sınır qapılarını qəlblərə açacağıq.
Röya
Məchul bir yerdəyəm,
Uzun-uzun sərvlər
Əl açmış pəmbə səmalarına.
Gur-gur sular axır
Əski bir daş köprüdən
Və çəkib səsləri gəlir
İnsanlar görürəm,
İnsanlar,
Məşhər kimi,
Kimi məsud, kimisi məyus,
Kiminin əlində çəkic,
Kiminin bomboş əlləri.
Dev daşlar yıxılır,
İxtiyarın biri
Dayanmış daş köprüyə,
Ağlayır,
Qarşı yaxadan
Yanıq bir səs yüksəlir.
Yuksəlir, qalanı aşaraq.
Biri toxunur qoluma
Və birdən
Torpağında qan,
Havasında vətən
Qoxusu alıram,
Harda olduğumu anlayıram.
Qarğışa uğramış kişi
Ummuştu çox şey,
Gündən, günəşdən.
Yardan, qardaşdan
Qırılmıştı, vurulmuştu
Az gəlmiş, düz getmiş,
Çox demiş,
Dəniz demişti.
İki maviyə inanmış,
Batmıştı, boğulmuştu.
Qarğışa uğramış bir kişiydi,
Yol demiş, yoldaş demişti.
Qum demiş, qumsal demişti.
Əllərini tikənlər kəsmiş,
Nə yol qalmıştı, nə yoldaş,
Qarğışa uğramış bir kişiydi.
Diləmişti diləgini diləksizlərdən.
Dağılmıştı yuvası
Qapıldığı ilğımla
Qeyri ellərdə qalmıştı duası.
Aldanmışıq
Torpaqlar torpaq deyə torpaq yaradılmadı,
İnsanlar insan deyə torpağa atılmadı.
Həyata həyat deyə bir gözlə baxılmadı,
Devrimlər sellər kimi əsrlər yaxmadadır,
İgidlər torpaq kimi torpaqda yatmadadır.
Günlər düzülüb gedər, hər gün eyni biçimdə,
Qürbət sel kimi coşar tortulaşmış içimdə.
Güllər var, alov-alov, açar xəzan bağçamda,
Güllər ki, ömrüm kimi əriyib solmadadır,
Günlər ki, ardım-sıra süzülüb axmadadır.
Neçə gözlər yollara ümidlə baxdı, daldı
Neçə illər sevgini sevgidən qapdı, aldı.
Neçə gəncin əli boş, gözü ardında qaldı,
Yollar ki, sərab kimi silinib bitmədədir,
Yollar ki, illər kimi düzülüb getmədədir.
Xançı ilə həsbhal
Nə qürbətdə gəzdim, nə də yoruldum,
Nə dərdim söylədim, nə də soruldum,
Sirrimi deyəcək tək səni buldum,
Mən kəndi yurdumda qəribəm, xançı.
Sənə anladacaq dərdlər çox məndə,
Güllərim dərildi təzə gülşəndə.
Artıq qaranlıqdan bəhs etmə sən də,
Əzəldən bu zülmət nəsibim, xançı.
Nə qədər anlatsam, yenə ruhum boş,
Vaz keç məndən xançı, qəriblərə qoş.
Təsəlli yox mənə, burax başıboş,
Mən kəndi yolumu seçmişəm, xançı.
Yolçu sərab
Bir əzəli yoldur ki, fani ömürdə həyat,
Dalğın bir irmaq kimi əlimizdən sürüklər,
Zənn etmə gələcəkdir, yolun sonunda vüslat,
Səni yalqızlıq yolun bitdiyi yerdə bəklər.
Ayrılır bu yola çıxmış olan sevənlər,
Hər yolçudan bir silik iz, xatirə qalacaq.
Müsafirdir bu yolda ağlayanlar, gülənlər,
Səni müşfiq qucağı ana torpaq saxlayır.
Hənuz dodaq izlərin silinmədən bardaqda,
Vücudunun istisi soyumadan yataqda,
Sən gedərsən, o gedər, uzun yollar bitərkən,
Bir gün gəlir köçərsən,
"ah, varamadım" deyərkən.
Yol
Ətəyində solmuş illərin sərinliyi,
Gözlərində nədamət illərinin mənliyi,
O qaranlıq qapıdan irəliyə keçincə,
Üfüqlər qədər ülvi, tanrılar qədər uca,
Qanadırkən dodaqlar bir gülün yarasını,
Cızacaqdır zehninə yolların mənasını.
Yollar ki, gəlişmidir, gedişmidir, bilmirik,
Yollar ki, durmadadır, gedən və gələn bizik.
Həyat bəstəsi
Rübai
Əriyib axşama qarışırkən gün,
Dura bilirmisən həp öylə gülgün?!
Həyat bağçasından bir gül daha dər,
Bitmədən son dəmi bu fani ömrün.
Xoyratlarından örnəklər:
Ləkəsiz bayrağına,
Sönməyən ocağına
Mən sənə anam dedim,
Gəl, sar məni bağrına.
Dağ dərdi;
yara dərdi, dağ dərdi.
Ellər üçün çiçəklər,
Mənim üçün dağ dərdi.
Qala mənnən;
dağ mənnən, qala mənnən.
Sizlərə yazdıqlarım,
Əmanət qala mənnən.
Lalə güldü;
nar güldü, lalə güldü.
Düşdüm amansız dərdə,
Yar yandı, düşman güldü.
Kəs bağı;
kəs budağı, kəs bağı.
Gönlün mənnən cayıpsa,
Aramızdan kəs bağı.
Bağ dərdi;
əzdi məni bağ dərdi.
Zaman belimi büküb,
Dərdim böyük, dağ dərdi.
Hazar dedim, yar dedim,
Dəğməsin nazar dedim.
Düşmən məni düyarsa,
Yuvamı pozar dedim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!