Lüdvik Aşkenazi
İkinci Dünya müharibəsinin iştirakçısı, yəhudi əsilli çex yazıçı Lüdvik Aşkenazi (24 fevral 1921-18 mart 1986) 1968-ci ildə Münhenə mühacirət edib, 1976-cı ildən isə Bolsanoda yaşayıb; Henrix Mannın kürəkənidir. O, yaradıcılığa kommunist ideyalarını təbliğ edən reportajlarla başlayıb. 1955-ci ildə çap etdirdiyi və balaca oğlanla atasından bəhs edən "Uşaq etüdləri" kitabı ilə məşhurlaşıb. Hekayə, şeir, pyes, radiopyes və ssenarilərin müəllifidir. "Almaniyada yaz", "Yüz alov", "Hindistanda yay", "Oğurlanmış ay" və başqa kitabları çap olunub.
Lüdvik Aşkenazinin "Qara mücrü" (nəğmələr, balladalar, romanlar) kitabından bir neçə şeiri oxuculara təqdim edirik.
Qışqırıq
İnsan dünyaya gəlir və o saat -
qışqırır.
Heç kim onu başa düşmür,
amma hamı şaddır onun gəlişinə.
- Bu da mən! - insan qışqırır. -
Mən yaşamağa gəlmişəm!
Təsadüfən, ünvanı səhv salmamışam ki?
Yaxşı ailədə doğulmuşam?
Uğurlu zəmanədə?
Yeri gəlmişkən, vuruşmursunuz ki?
Quldarlıq ləğv olunub?
Dərimin rəngi sizi qane edir?
Anket məlumatlarım, bəs necə?
Nəfəs almaq olar?
Bu da böyük şeydir,
Çox sağ olun.
Suallar
Ən qorxulusu, pani,
uşaqların soruşmağa başlamasıdır,
ən qorxulusu, uşaqların soruşmasıdır:
- nə üçün, nə, harada, kim?
Və yenə - nə üçün?
Ən qorxulusu, onların tərtəmiz gözlərini
sizin üzünüzə dikməyidir, pani,
qara, yaşıl və ya göy gözlərini.
Və onlar sizə aşağıdan yuxarı baxır.
Və onlar müharibəyə qədər doğulub, pani,
müharibədə doğulub, pani,
ya da müharibədən sonra.
Yollar
Heç bilmirəm: bu artıq baş verib? Yoxsa, hələ baş verəcək?
Bütün yolların Romaya apardığını fikirləşən bir adam vardı -
aramızda yaşayan ədalətlilərdən,
atalar sözlərini hərfi mənada başa düşənlərdən biri.
Və o adam elə hey gedirdi, amma heç cür Romaya çata bilmirdi.
Və buna baxmayaraq fikirləşirdi ki,
yollar səni istədiyin yerə aparmaq üçün mövcuddur.
Və o adam elə hey gedirdi, amma həmişə də
istəmədiyi yerə gedib çıxırdı.
Yazıq artıq bilmirdi nə etsin...
Bir dəfə təzəlikcə işğal edilmiş şəhərə gedib çıxdı,
kaskasını çıxartdı, flyaqasındakı romu yerə boşaltdı,
yanında dayanmış qadına təzim etdi
və ona uşağını aparmaqda kömək etdi
və dedi:
- Bağışlayın, xanım, mənim hazırda burda olmağım
anlaşılmazlıq ucbatından baş verib. Siz mənə az da olsa,
mehribanlıqla baxa bilərsiniz? Əslinə qalsa,
mən Romaya getmək istəyirdim. Özü də silahsız...
Bu hadisə beynəlxalq skandalla yekunlaşa bilərdi.
Xoşbəxtlikdən, taqım komandiri, çavuş Saythammel gəlib çıxdı
və vaxtında atəş açdı və o saat da meyitin basdırılmasını əmr etdi.
Hamı yola tökülmüş roma görə özündən çıxmışdı.
Nəfəs al, nəfəs al!
Çıx, ehtiyatlı ol, tələsmə, qorxma,
nə günə qalmısan bu kanalizasiyada?!
Kanalizasiya siçovullar üçündür,
sənin kimi yaraşıqlı oğlan üçün yox.
Nəfəs al, nəfəs al!
Ağ ciyərlərin zədələnməyib?
Nə yaxşı oğlansan, amma kanalizasiyada gizlənirsən.
Adın nədir? Kan, yoxsa, Koqan? Bəlkə Xaymoviç?
Nəfəs al, nəfəs al,
hələ bir az nəfəs ala bilərsən.
Balaca David üçün nekroloq
Keçən müharibədə izsiz-tozsuz yoxa çıxanlar arasında
David adlı balaca uşağın da olduğuna
heç kim fikir vermədi.
Onun axırıncı sualı bu olmuşdu: - Müəllim,
"getto" sözünün haradan qaynaqlandığını deyə bilərsiniz?
Bəlkə Hötenin adından?
Buket
Sənə dedim axı, Vanya,
ora getmə.
Dedim axı:
dəyməz,
dünən kapitulyasiya imzalanıb.
Amma harada görülüb ki,
diri oğlan qıza qulaq assın?
Ölülərsə, qızla danışa bilmir.
Görürsən, axmaq...
Bu güllər
bizim toyumuz üçün də gətirilə bilərdi.
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!