Əcəlim gözlərindən məhz sənə bənzəyəcək... - İosif Brodskinin şeirləri

 

İosif BRODSKİ (1940-1996) Rus əsilli ABŞ şairi, esseçisi, dramaturqu, tərcüməçisi və pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

 

 

Erkək pişik haqda şeir

 

Ütük, çəlimsizdi, kürəndi xəzi,

Üst-başı zibillik iyi verərdi.

Gündüz paslı damlar üstə gəzərdi,

Gecələr məskəni - zirzəmilərdi.

 

Yaşlıydı, həddindən artıq zəifdi,

Tir-tir titrəyərdi ayazda, qarda.

Bizim ayağımız donduğu kimi

Pəncəsi buzlardı sərt şaxtalarda.

 

Ancaq kimdi onu qucağa alan?!

Onu tumarlayan, onu yedirən?!

Yox idi ona bir yazığı gələn,

Hardaydı mehrindən ona pay verən?!

 

Axı tökülmüşdü bütün dişləri,

İrin bağlamışdı qulaqları da.

Çirkinə nədənsə hamı çox görür

Sevgini, dostluğu, düz ilqarı da.

 

 

Natürmort

 

Verra la morte e avra i tuoi occhi.

Cesare Pavese

(İtalyanca: Gələn ölüm sənin

o gözlərinlə baxacaq. Çezare Paveze)

 

1

 

Əşyalar və insanlar

bürüyüb çevrəmizi.

Zülmətdə qalmaq xoşdur -

göz yorur hər ikisi.

 

Parkda, bir skamyada

oturaraq baxıram

keçib-gedən ailəyə.

İşıq zəhləmi töküb.

 

Yanvardayıq. Təqvimə

görə, hələlik qışdır.

Zülmət nə vaxt bezdirsə,

onda danışacağam.

 

2

 

Mən hazıram başlayım.

Nədən? - Heç fərq eləməz.

Susum, yoxsa danışım?

Yox, danışsam, yaxşıdır.

 

Nədən? Gecə-gündüzdən.

Ya da heç nə barədə.

Ya əşyalar haqqında.

İnsanlar barədə... yox.

 

Çünki onlar - fanidir.

Hamısı. Elə mən də.

Bu, hədər əziyyətdir -

su üstə yazmaq qədər. 

 

3

 

Əcəb soyuqqanlıyam.

dibinə qədər donan

heç çay belə buzlamaz.

İnsanları sevmirəm.

 

Biganəyəm onların

bu həyatdan dördəlli

yapışdığın göstərən

zahiri görkəminə.

 

4

 

Əşyalar daha xoşdur.

Görkəmləri nə xeyir,

nə də şər aşılayar.

Məğzləri dərindədir.

 

Əşyaların içində

toz, kül, gəmirici böcək,

bölmə, ölü güvə var.

Adam əcəb çimçişir.

 

İşığı yandırınca

toz qatı aşkarlanar.

Hətta gördüyün əşya

hermetik bağlansa da.

 

5

 

Köhnə bufet həm içi,

həm də öz xariciylə

xatırladacaq mənə

Notr-Dam de Parini.

 

Bufetə zülmət çöküb,

şvabra, keşiş şərfi

toz silməyə yaramaz.

Çünki əşya da... tozdur.

 

Tozla mübarizəyə

o, elə yatqın deyil.

Axı toz da zamanın

cismidir - cismi, qanı.

 

6

 

Günün günorta vaxtı

yatıram son zamanlar.

Görünür, əcəl bu cür

məni sınağa çəkir.

 

Nəfəs alırammı heç?

Güzgü tutur ağzıma -

görsün, necə dözürəm

dünyada yoxluğuma.

 

Mənsə... hərəkətsizəm,

budlarım buz bağlayıb.

Venalarım da sanki

mərməri xatırladır.

 

7

 

Bucaqlarının cəmi

ağlasığmaz bir əşya

qopub, düşəcək, əlbət,

bu söz səltənətindən. 

 

Əşya nə durur, nə də

hərəkət edir - dəhşət!

Əşya - fəzadır, ondan

kənarda mövcud deyil.

 

Əşyanı qırmaq, yaxmaq,

Paralayaraq atmaq

olar... Əşya yenə də

söyməz sənin ananı".

 

8

 

Ağac. Kölgə. Ağacın

kökləri yatan yerdə

əyri-üyrü hərflər.

Gil. Bir də daş yığını.

 

Köklər. Sarmaşmış köklər.

Daş da ağırlığıyla

qurtarır öz-özünü

hər cür əlaqələrdən.

 

Daş tək hərəkətsizdir.

Tərpədib, aparmazsan.

Kölgə. Kölgədəki şəxs

torda balığa bənzər.

 

9

 

Əşya. Qəhvəyi əşya.

Konturları silinib.

Alatoranlıq çökür.

Başqa heç nə. Natürmort.

 

Əcəl qadın cildində

arar öz qurbanını.

Ölənin dərisində

donub qalar siması.

 

Bu - absurddur, yalandır:

Kəllə, skelet, dəryaz.

Əcəlim gözlərindən

məhz sənə bənzəyəcək.

 

10

 

Ana sorar İsadan:

- Sən oğlumsan, ya Tanrım?

Sən xaça gərilmişkən

mən necə dönüm evə?!

 

Kandarı keçən kimi

hardan anlayım, bilim -

sən oğlumdun, ya Tanrım?

Yəni sağsan, ya ölü?

 

O isə cavab verər:

- Nə fərq edər: ölüyəm,

yoxsa ki, diriymişəm?!

Oğlun, yaxud Tanrınam?!

 

1971

 

Tərcümə: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!