Eduardo QALEANO (1940-2015) Uruqvayın görkəmli nasiri və sol təmayüllü siyasi xadimidir.
Ana südüylə qidalanma günü
Çinin Sıçuan əyalətinin paytaxtı Çendudakı dəmiryol stansiyasının ondulin (dalğavarı tənəkə - A.Y.) örtüklü damı altında düzülən yüzlərlə yerli qadın gülümsəməklə, obyektivlərə poza verir.
Bunların hamısının əynində eyni cür önlük var.
Hamısı təzəcə yuyunub, daranıb və əyinlərinə ütülü pal-paltar geyinib.
Hamısı da təzəcə ana olub.
Burada dayanıb, onları Pekinə aparacaq qatarın gəlişini gözləyirlər.
Çünki Pekinə gedəcək bu qadınlar başqalarının çağalarını əmizdirəcəklər.
Bu xidmət qarşılığında orada bu sağmal "inəklərə" yağlı məbləğlər ödəyəcək, onları gen-bol yedirib-içirəcəklər axı.
Həmin müddət ərzində bu qadınların Pekindən xeyli uzaqda, yəni Sıçuanın kəndlərində böyüyən çağaları isə süd tozundan hazırlanmış süni qidalarla bəslənməli olacaqlar.
Qadınlar bu işə sırf övladlarının xatirinə razı olduqlarını söyləyirlər və yeganə məqsədləri də gələcəkdə balalarına səviyyəli bir təhsil verməkdən ötrü tələb olunan o məbləği yığmaqdır.
Bir qadının dedikləri
Hərbi diktatura dövründə işlədikləri qəddar əməllərə görə bir çox Argentina generalı sonradan məhkəmə qarşısına çıxarıldı.
Onların izini-tozunu həmişəlik yoxa çıxardığı dustaqlardan biri isə Silvina Parodi idi: universitetdə oxuyan bu cavan qız etiraz nümayişlərinin başlıca fəallarından biri sayılırdı.
2008-ci ildə bu qızın ən yaxın rəfiqəsi Sesiliya məhkəmə qarşısında ifadə verərkən bildirdi ki, polis şöbəsində ağır işgəncələrə məruz qalıb, sübhdən gecəyə qədər sürən o dözülməz işgəncələrə qatlaşacaq taqəti qalmayınca isə Silvinanı şəxsən özü ələ verib: "Hə, bunu mən etmişəm. O cəlladları Silvinanın yaşadığı ünvana mən aparmışam. Onu şillə-təpiklə, qundaq zərbələriylə evdən necə qovub-çıxardıqlarını da öz gözlərimlə görmüşəm. Hələ acı nalə və fəryadlarını eşitmişəm".
Məhkəmə zalından çıxdığı zaman ona yanaşan bir nəfər qısıq səslə soruşmuşdu:
- Bəs o hadisədən sonra sən necə rahat yaşaya bildin?!
Uşaq fahişəliyi
Dünyadakı xeyli sayda azyaşlı qızın və bunlarla müqayisədə nisbətən az saylı oğlanın məsum taleyinə fahişəliklə məşğul olmaq yazılıb. Hər nə qədər heyrət doğursa da, UNICEF-in 1997-ci il üzrə hesabatına əsasən, Amerika Birləşmiş Ştatlarında ən azı 100 min uşaq aşkar şəkildə fahişəliyin qurbanına çevrilib. Ancaq cinsi istismarın azyaşlı qurbanlarının əksər hissəsinin məskəni Yer kürəsinin cənub qismindəki işrətxanalar və küçələrdir. Çoxsaylı insan tacirlərinin, vasitəçilərin, turizm bürolarının və qadın dəllallarının cəlb olunduğu bu multimilyoner biznes əsl cəzasızlıq şəraitində, həm də sərbəst şəkildə öz işini görür. Latın Amerikası üçün isə bu, heç də təzə bir hal sayılmır.
1536-cı ildə Puerto-Rikoda ilk intim görüş evi açılandan bəri ölkədə uşaq fahişəliyi günbəgün "çiçəklənib". Hazırda sayı yarım milyona çatan braziliyalı qız uşağı onları istismar edən işbazlara böyük sərvət qazandırmaq naminə öz bədənlərini pula satmağa məhkum edilib. Tailandda da elə bir o qədər, Hindistanda isə nisbətən az olar belə qızcığazlar. Cinsi turizm sənayesi Karaib adalarının bəzi çimərliklərində pula pul deməyən müştərilərə hələ bakirə qızlar da satır.
Beynəlxalq təşkilatların təxmini hesablamalarına görə, hər il ən azı bir milyon qız uşağı dünyanın bədən ticarəti bazarına bir əmtəə, mətah kimi çıxarılır.
Bir ananın ömründəki yaş mərhələləri
Azyaşlı ikən Anna Fellini ata-anasının bir təyyarə qəzasında öldüyünü zənn edirmiş. Çünki babası və nənəsi vaxtilə onu bu yalana inandırıbmış.
Dediklərindən də belə çıxırdı ki, onu aparmağa gələrkən valideynlərinin mindiyi təyyarə qəzaya uğrayıbmış. Qız on bir yaşına çatanda bir nəfər ona dedi ki, ata-anası Argentinada hərbi diktaturaya qarşı mübarizənin qurbanına çevrilib. Bu faktı öyrənincə, qız nə sual verdi, nə də bir söz soruşdu. Əvvəllər dil-boğaza qoymayan uşaq kimi tanınsa da, həmin gündən sonra o, ya çox az kəlmə kəsdi, ya da tamamən susdu.
On yeddi yaşının tamamında bu qız bir kimsəni öpərkən əziyyət çəkməyə başladı, çünki dilinin altında bir cür yara əmələ gəlmişdi.
On səkkiz yaşına gələndə isə yemək yeməsi əsl zillətə döndü, axı yara günbəgün daha dərinlərə işləyirdi.
On doqquz yaşında ikən onu əməliyyat elədilər.
İyirmi yaşına çatanda isə qız... öldü.
Həkim onun ölüm səbəbinin ağız xərçəngiylə əlaqədar olduğunu bildirdi.
Baba-nənəsi deyirdi ki, onu öldürən - məhz sonradan öyrəndiyi həqiqət imiş.
Məhəllədəki falçı isə qızın cinayətə qarşı öz etiraz səsini qaldırmadığı üçün öldüyünü bildirdi. Bunun ardınca o qadın qısıq səslə soruşubmuş:
- O qızın ümumiyyətlə yaşadığını sizlərə kim dedi axı?!
Təriflər və təqdirlər
Bu gün - Beynəlxalq Qadınlar günüdür.
Tarix boyunca əksəriyyəti kişi cinsini təmsil edən bir çox filosof ən müxtəlif (istər ilahi, istər insani!) səbəblərlə bağlı özlərinin qadınlara münasibətini dilə gətiriblər.
Kimsə onun anatomiyasını əsas götürüb:
Aristotel deyib: "Qadın - natamam kişidir".
Akvinalı müqəddəs Tomas (Foma) bildirib: "Qadın - Təbiətin yol verdiyi yanlışdır və adətən o, keyfiyyətsiz toxumdan törəyir".
Martin Lüter deyib: "Kişilərin enli çiyinləri və dar çanaqları olsa da, onlar ağıl-zəka mücəssəməsidirlər. Qadınlar isə sırf uşaq doğub, evdə otursunlar deyə, ensiz çiyinlərə və geniş çanağa sahibdirlər".
Bir başqaları qadının xasiyyətinə diqqət yetirib.
Fransisko de Kevedo deyib: "Toyuqlar yumurtlayır, qadınlar isə (ərlərinin başına) buynuz taxırlar".
Dəməşqli Müqəddəs İohan deyirmiş: "Qadın xeylağı - eşşək qədər dikbaş və inadkardır".
Artur Şopenhauer yazıb: "Qadın xeylağı - uzun saçlı və ağıldan qıt bir heyvandır".
Başqaları da qadının taleyi barədə nələrsə deyib.
"İncil"ə görə: Yahve (Tanrı - A.Y.) qadına belə dedi: "Sənin hökmdarın - ərindir".
"Quran"a görə: Allah Muhəmmədə (s.ə.v.) belə deyibmiş: "Qadınların ən nəcibi - həlim xasiyyətli olanlardır".
Exo
Qeyd: "Exo" yunanca "əks-səda" deməkdir - A.Y.
Çox qədim əyyamlarda meşələr pərisi Exo hələ danışa bilirdi. Həm də necə gözəl danışırdısa, dilinin ucuna gələn sözlər onu dinləyənlərə indiyədək heç kəsdən eşitmədikləri qədər misilsiz bir təəssürat bağışlayırdı.
Zevsin nikahlı arvadı Hera qısqanclıqdan vaxtaşırı dəliyə dönürmüş. Bir gün yenə də ovqatı təlx halda o, Exoya lənətlər yağdırmağa başlayır və nəticədə bu pəri özü üçün ən ağır cəzaya tuş gəlir: səsini həmişəlik itirir.
Həmin vaxtdan etibarən o, ürəyindən keçən heç bir istəyi dilinin ucuna qədər gətirə bilmir, eləcə başqalarının dediklərini təkrarlamağa məhkum olur.
Lakin zaman ötdükcə o, tuş gəldiyi lənətin özünü də görünməmiş bir mərifətə çevirməyi bacarır.
Sapfo
Sapfo barədə çox az bilgi var.
Onun iki min altı yüz il öncə Lesbos adasında dünyaya göz açdığı və "Lesbian" termininin də məhz həmin adanın adından törədiyi bəllidir.
Bu ərli qadının bir oğlu varmış. Hansısa dənizçiyə bəslədiyi sevgi cavabsız qalınca, qadın özünü yalçın qayalardan dibsiz uçuruma atmağı uyğun görüb. Deyilənlərə görə, əslində, o, xırda-mırda və çirkin bir qadın olub.
Bütün bunların nə dərəcədə doğru olduğunu biz biləmmirik. Ancaq bir qadının kişilərin qarşısıalınmaz cazibəsinə məhəl qoymadan başqa bir qadına üstünlük verməsi biz kişilərin şəstinə istənilən halda toxunmalıdır.
Salli
Marta Ueyls Skelton Cefferson (1748-1782) dünyadan köçüncə, sahib olduğu bütün sərvət dul əri Tomas Ceffersonun adına keçib (o, 1801-1809-cu illərdə 3-cü prezident kimi ABŞ dövlətinə rəhbərlik edib - A.Y.). Başqa məqamlarla yanaşı, xidmətçi Salli (1743-1826) də həmin o mirasın ayrılmaz parçasıymış.
Cavan yaşlarında ikən bu qadının xeyli gözəl olduğu söylənilirmiş.
Daha sonra nələr olub-bitibmiş, bax, orası bizə qaranlıqdır.
Salli heç vaxt ağzını açıb, danışmazmış: hətta danışsa belə, onu nə bir dinləyən tapılırmış, nə də anlatdıqlarını kağıza köçürməyə gərək duyan birisi.
Halbuki prezident Cefferson özündən sonra zəngin bir portret kolleksiyası və xeyli kəlam qoyub gedib. Məsələn, bədən ilə zəkanın təbiət tərəfindən insana bəxş olunan bir nemət olduğunu deyərkən, o, zəncilərin ağdərililərə nisbətən daha aşağı səviyyəli olduğuna dair şübhələrini də dilə gətirib, ağdərili insan ilə zəncinin qan qarışımını isə əxlaqi baxımdan iyrənc sayıb, bundan hədsiz dərəcədə çiyrindiyini vaxtaşırı bildirib. Hətta nə vaxtsa qara kölələrə azadlıq veriləcəyi təqdirdə də, onların ağlarla hər hansı şəkildə qarışmasına qarşı çıxıb, bu sayədə mümkün təhlükənin sovuşdurulmasının vacibliyinə dərindən inanıb.
Riçmond ştatında nəşr olunan "Recorder" qəzetində Ceyms Kallenderin 1802-ci ildə çap etdirdiyi məqalədə hər kəsə bəlli olan faktlar sadalanıbmış. Sən demə, prezident Cefferson öz köləsi olan zənci Sallinin övladlarının da... atası imiş.
Tərcümə: Azad YAŞAR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!