Ədəbiyyat və Həyat - Con Qolsuorsinin essesi

 

İngilis yazıçısı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuorsi (1867-1933) məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasının müəllifidir; o imkanlı ailədə böyümüş, vəkillik ixtisasına yiyələnmişdi. Lakin Con ən məhsuldar yazıçı oldu; onun 20 romanı, 27 pyesi, 5 şeirlər toplusu, 173 hekayəsi, 5 essesi, 700-dən çox məktub və publisistik məqaləsi çap olunub, müxtəlif mövzularda yüzlərlə mühazirəsi və analitik yazısı işıq üzü görüb. Hələ 1889-cu ildə 23 yaşında Con deyirdi: "Sabah görə biləcəyin işi bu gün görmə". Lakin illər ötdükcə müəllif tamam fərqli-fərqli mülahizələrlə yaşayıb-yaradır, realist yazıçı kimi dünya ədəbiyyatı tarixinə düşür. O hesab edirdi ki, sənətin məqsədi həyatdan qidalanmaqdır; romanda əsas odur ki, yazıçı təsvir etdiyi qəhrəmanın həyatı, onun xarakteri və fikirləri arasındakı qarşılıqlı əlaqəni tuta bilsin. Aşağıda Azərbaycan dilində ilk dəfə onun "Ədəbiyyat və Həyat" adlı essesini Kamran Nəzirlinin orijinaldan tərcüməsində təqdim edirik.

 

Əbiyyat yat

vvəli burada)

İcazə verin, bir neçə dəqiqəmi də gözəllik haqqında fikirlərə həsr edim. Yəqin ki, gözəlliyi hərə bir cür görür, gözəlliyin nə demək olduğunu hər kəs özü bildiyi kimi anlayır. Bütün hallarda, hər birimiz ona gözəl görünən şeyi görür, eşidir və ya oxuyur; hər kəs özünə uyğun səviyyədə hiss edir, duyur, qiymətli və yüksək duyğularını özünəməxsus şəkildə hiss edirik. Xorda eşitdiyimiz zərif bir səs, yelkənli qayıq, çiçəklərin açılması, şəhərin gecələri, qaratoyuğun nəğməsi, yaxşı şeir, yarpaqların kölgəsi, qəşəng uşaq, ulduzlu səma, məbəd, yaz vaxtı alma ağacının çiçəkləri, cins at, təpələr arasında qoyun sürüsünün zınqırov səsləri, çayların şırıltısı, kəpənək, təzə çıxan Ay, minlərlə predmet və əşyalar, səslər, sözlər bizdə gözəllik haqqında düşüncələr və duyğular oyadır, bütün bunlar narın yağış kimi qəlbimizə çilənir, onu quru olmağa qoymur. Bəlkə də bizə dinclik və təptəzə ruh gətirən axına diqqət vermirik, amma o daim bizimlədir axı. Müharibə özüylə bərabər, incəsənətdə, ədəbiyyatda və təsviri sənətdə gözəlliyə qarşı qiyam gətirdi; indi yavaş-yavaş bu qiyam yatır və inanıram ki, tamam yatacaq. Biz anlasaydıq ki, gözəlliyi dərk etməyə-etməyə onun üstündə necə də əsirik, heyrətə gələrdik; anlasaydıq ki, gözəlliksiz həyatımızın sevinci necə də azalardı, heyrətə gələrdik. Gözəllik yer üzünün təbəssümüdür, hamı üçün təbəssümdür, onu görməyə göz, hiss etməyə əhval-ruhiyyə lazımdır.

Mən Həyat haqqında danışmağa başlayanda dediyim fikirləri təkrarlamaq istəyirəm: biz yalnız bir dəfə Naməlum stansiyaya bilet alırıq, başqa sözlə, həddən ziyadə, maşın texnikası əsrində maşınsız ötüşmək üçün yollarını yağışlar yuyan və günəş şüaları öpən Həyatı yalnız bircə dəfə dolaşıb-gəzirik.

Təsəvvür edin ki, hamımız avarayıq; heç kim bilmir ki, gün ona nələr bəxş edəcək və gecə düşəndə başını hara qoyub yatacaq. Lakin biz öz yaxınlarımıza, qonşularımıza kömək etməyi öyrənsək, cəsarətimizi qorusaq, özümüz barədə düşünmədən bütün qəlbimizlə sevdiyimiz işi yaxşı görsək, Həyata heç olmasa, bir azca gözəllik qatmağı öyrənsək, yaratdığımız gözəllikdən rahatlıq tapsaq, sülhə can atmağı, onu təmin etməyi bacarsaq, qorxusuz-hürküsüz Sirrin üzünə baxmağı öyrənə bilsək, eyni zamanda Ruhun əbədi hərəkətini hiss etsək, o zaman Həyatımız hədər getməyəcək; bəli, o zaman, həqiqətən, ömrümüzü əbəs yerə yaşamarıq.

İngiliscədən tərcümə: Kamran NƏZİRLİ

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!