"Kuraj ana və uşaqları" pyesindən nəğmələr - Tərcümə

 

Kuraj ananın nəğməsi

 

E-y-y, komandir, işarə ver, durmağa,

Çəkmələri dəyişməyin vaxtıdır;

Əsgərləri çox tələsmə, yormağa,

Döyüş qaçmır, ayaq saxla, toxta bir!

 

Onsuz da bu od-alovun içində

vaxt olacaq yanıb-külə dönməyə;

heç olmasa, bu dünyadan köçəndə

qoy köçsünlər təzə, rahat çəkmədə.

 

Siz, ey xaçpərəstlər, oyanın daha!

Gorda yatmaq ölülərin haqqıdır.

Kim sağdısa, qalxsın, dursun ayağa,

Buz əriyir, artıq yürüş vaxtıdır!

 

Kolbasasız, pivəsiz və çaxırsız

döyüşçünün it qanıdır qanı da.

Bax, elə ki doyuzdurdun qarnını,

Dincələcək bədəni də, canı da.

 

Bəs deyincə yeyib-içib, doyanda

şəstlə gedər əsgər düşmənin üstə.

Hansı axmaq cəhənnəm tiyanında

acqarına yanıb-kül olmaq istər?!

 

Siz, ey xaçpərəstlər, oyanın daha!

Gorda yatmaq ölülərin haqqıdır.

Kim sağdısa, qalxsın, dursun ayağa,

Buz əriyir, artıq yürüş vaxtıdır!

 

Kuraj ananın böyük oğlu

Eylifin əsgər və əsgər arvadı haqqında nəğməsi

 

Birini süngü yortar,

birini güllə yırtar,

dərin çayların dibi bəyəm, qəbir deyilmi?

 

Yazda qorxuludur buz,

məni buraxma yalqız,

qal yanımda! - arvadı döyüşçüyə deyirdi.

 

Təbilin gurultusu,

davanın uğultusu

arvadının sözündən daha şirindir, ancaq.

 

Hələ ayaqlarımız çox yolları yoracaq,

boz çöllərin tozunu yürüşlərdə udarıq,

nizələri, oxları havadaca tutarıq! -

cavabında əsgərlər belə söyləyirdilər.

Məsləhətə qulaq as,

ağıllı davran bir az -

güc-qüvvət ağıldadır, şərdə-zorda deyil ki!

Hər şeyə xor baxarsan,

axırda xar olarsan,

məhv olarsan! - arvadı döyüşçüyə deyirdi.

 

Eh, arvad tayfasının sözlərinə kim uyar?!

Yolumuzu kəssə çay, üstündən adlarıq biz,

kirli mundirimizin

tozunu sular yuyar.

 

Nə vaxt ki damın üstdə ulduz işıldayacaq,

yalnız o zaman ərin 

yanına dönər sənin! -

əsgərlər o arvada bunu deyirdi ancaq.

 

Kuraj ananın nəğməsi

 

Onun şücaətləri kimə gərəkdir axı?!

Eh, bu igidliklərin bizlərə az dəxli var.

Mənim ərciyəzim də itkin düşüb nə vaxtdı,

Allah qorusun! - deyir əsgər haqqında arvad.

 

***

Əynində boz mundiri, nizəsi də əlində -

Əsgər batdı qəfildən çayın qıjov yerində.

 

Və buzlaqlar yarılıb, uddu onu bir anda.

Bir ulduz işıldadı qəfildən damın üstdə...

Bir ulduz işıldadı... bəs nə deyirdi onda,

O əsgərlər arvada bəs nə deyirdi, bəs nə?

 

Onun şücaətləri kimə gərəkdir axı?!

Dərin çayların dibi qəbirdi ki, qəbirdi!

Hər şeyə xor baxarsan, axırda xar olarsan,

məhv olarsan! - arvadı döyüşçüyə deyirdi.

 

İvettanın nəğməsi

 

On yeddicə yaşım vardı

yağı düşmən bu şəhəri yenəndə.

Amma yaxşı davranardı

o yaz çağı yağı düşmən mənimlə.

 

Sübh obaşdan ağaranda dan yeri

qalxıb durardı alay,

dövrə vurardı alay.

Axşamlarsa, biz qaranlıq meşədə,

yaşıl-yaşıl kolluqların içində

sevişərdik o ki var.

 

Aşpaz idi mənim yağı düşmənim,

amma bəla nədəydi:

gündüz ona aşıb-daşırdı kinim,

gecələrsə, görəydin!

 

Axı sübh obaşdan ağaranda dan

qalxıb durardı alay,

dövrə vurardı alay.

Axşamlarsa, biz qaranlıq meşədə,

yaşıl-yaşıl kolluqların içində

sevişərdik o ki var!

Ən yüksəkdə bizimçün qanun deyil,

məhəbbət dayanırdı:

Düşmən məndə nifrət deyil, kin deyil,

ehtiras oyadırdı!

 

Payız günü, bir dəfə sübh obaşdan

təbillərin gurultusu içində

hər şey yox oldu, bitdi.

Alay getdi, o da getdi alayla,

getdi səssiz-səmirsiz -

ayrıldıq düşmənlə biz...

 

Alay keşişinin nəğməsi

 

Pilatın sarayına bizim müqəddəs Allah

qatil və əclaf kimi gətirilmişdi bir vaxt.

 

Yaxşı bilirdi hamı,

gün kimi aydın idi:

Həzrət İsa nə cani,

nə kələkbaz deyildi.

 

Tülküdən bic Pilatsa, önə çəkib qanunu,

saat üçdə yolladı cəllad yanına onu.

 

Qamçılanan bədəni,

kürəyi zolaq-zolaq -

Zalımlar tərəfindən

şərləndi bizim Allah.

 

Alnında əzabların, işgəncələrin dağı -

ağır yüklə birtəhər sürüyür ayağını.

 

Və çəkilir çarmıxa

o gün saat altıda -

Tənə-qınaqlar yağan

bivec baxışlar altda.

 

Əylənir qara kütlə şər qarışan vaxtacan,

O da baxır: bu oyun haçan bitəcək, haçan?!

 

Öldü ağrı-əzabla

saat doqquz tamamda;

böyrünü nizələrlə

deşdi, yırtdı adamlar.

 

Sərt qayalar qəfildən parçalandı, uçuldu;

qarşısında dərgahın qapıları açıldı.

 

Yarasından qan damır

su kimi, damla-damla;

Gör, neylədi Adəmin

övladına adamlar...

 

Əsgərin meyxanada

oxuduğu nəğmə

 

Ağa sahib, araq gətir son dəfə!

Əsgər gedir çox uzaq bir səfərə -

haqq yolunda zəfərə!

 

Ay arvad, qoy çimdik alım döşündən!

Vaxtım azdır, tələsirəm, işim var -

yollanırıq Moraviya tərəfə!

Dostum, çatdı vidalaşmaq zamanı!

Əsgər çıxır uzaq yola -

zabitinə var güvəni, inamı!

 

Keşiş baba, dua yaddan çıxmasın!

Əsgər çıxır uzaq yola -

Haqq yolunda ölmək üçün tələsir!

 

Kuraj ananın nəğməsi

 

İradəsi zəifdirsə bir kəsin -

qələbəyə qoy heç ümid etməsin!

Nə fərqi var, nəyin alveri gedir -

pendirdi satdığın, yoxsa güllədir?

 

***

Bir başqası guya zirək tərpənib,

hiylə-fəndlə qismətinə tərs gedir;

quyu qazır, qəbir qazır özünə -

öz əliylə öz canına qəsd edir.

 

Kim sivişib can atırsa qaçmağa

döyüş vaxtı səsin-küyün içindən -

Anlayacaq hara tələsdiyini

o dünyaya hamıdan tez köçəndə.

 

Kuraj ananın

sonuncu nəğməsi

 

Samanlıqdan səs gəlir.

Laylay, balam, a laylay.

 

Qonşunun tifilləri

Qoy ağlasın o ki var.

Laylay, qızım, a laylay.

 

Qonşunun uşaqları cır-cındırın içində,

mənimki al qumaşda.

Sənə mələk donunu öz əlimlə biçmişəm -

onlar başqa, biz başqa.

 

Laylay, laylay, a laylay,

körpə balam, a laylay.

 

Qonşunun süfrəsində çörək qırıntıları,

bizdə yağlı kömbə var.

Yuxula, körpə balam! Yum gözünü, yat daha!

Laylay, qızım, a laylay.

 

İki oğlum da vardı:

biri Polşada qaldı,

görən o biri harda?!

 

 

Tərcümə: Mahir N.QARAYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!