Anastasiya Strokina
Rusiyalı yazıçı, şair, tərcüməçi, müasir fəlsəfi nağıl janrının tanınmış nümayəndəsi, Moskva Yazıçılar Birliyinin və "Bədii Tərcümə Ustaları" gildiyasının üzvü
***
Bir tənhalıqdan - baş əyib - digərinə keçmək,
Bu artıq vərdişdir...
Körpünün arxasında döngədən sonra
Ucuz bir kafe var.
Vəssalam, bu da çətin olmayan yolda -
Bayquş olmaq da olar,
Yarasa da burada...
***
Uzanıb günəşə baxıram. İsti daşların üstündə.
Bir əlim şərqə sarı, digəri qərbə.
Təyyarələri sayıram: hamısı mənə tərəf uçur,
Məndən uçur - şəhərdən-şəhərə, üfüqdən-üfüqə yox...
Xəritədə kiçik bir xaç var - kövrək titrəyən xaç -
Təyyarə dostlarım məni görə bilməyəcək.
Amma mən buradayam, mən bu yerlərdənəm,
Rahat nəfəs alıram, mənə belə yaxşıdı...
Tezliklə gün batacaq, deməli, getmək vaxtıdır
Və ağaran yol ilə evə qayıtmağım var.
Bu torpaq məni bağışlayacaq - qəbul edəcək
Öpüşümü, günəşimi və bədənimi...
***
Mənim xoşbəxtliyim
"Ağcaqanad qanadından daha yüngüldür"...
nazik və qırıq...
Sarmaşıq kimi dolanıb
Yalnızlıq mənə...
Əlimdə saxlamışam bu yalnızlığı-
Sual edirəm özümə:
"Başqa nə lazımdır...?!"
***
İlk qarın yağmağa başladığı üçüncü gündür.
Narahat olmayın: gözəl bir gün olacaq.
Gəlin, çayların kəsişməsinə doğru
Gedək, ömrümüzün son gününə kimi...
İsti palto geyinin.
Biz bir-birimizi sevməliyik, ya da ölməliyik...
İstəsən, birbaşa gedərik, istəsən, dolanarıq.
Sadəcə, əlini ver...
Tərcümə etdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!