Ədəbiyyat və Həyat - Con Qolsuorsinin essesi

 

İngilis yazıçısı və dramaturqu, Nobel mükafatçısı Con Qolsuorsi (1867-1933) məşhur "Forsaytlar haqqında Saqa" trilogiyasının müəllifidir; o imkanlı ailədə böyümüş, vəkillik ixtisasına yiyələnmişdi. Lakin Con ən məhsuldar yazıçı oldu; onun 20 romanı, 27 pyesi, 5 şeirlər toplusu, 173 hekayəsi, 5 essesi, 700-dən çox məktub və publisistik məqaləsi çap olunub, müxtəlif mövzularda yüzlərlə mühazirəsi və analitik yazısı işıq üzü görüb. Hələ 1889-cu ildə 23 yaşında Con deyirdi: "Sabah görə biləcəyin işi bu gün görmə". Lakin illər ötdükcə müəllif tamam fərqli-fərqli mülahizələrlə yaşayıb-yaradır, realist yazıçı kimi dünya ədəbiyyatı tarixinə düşür. O hesab edirdi ki, sənətin məqsədi həyatdan qidalanmaqdır; romanda əsas odur ki, yazıçı təsvir etdiyi qəhrəmanın həyatı, onun xarakteri və fikirləri arasındakı qarşılıqlı əlaqəni tuta bilsin. Aşağıda Azərbaycan dilində ilk dəfə onun "Ədəbiyyat və Həyat" adlı essesini Kamran Nəzirlinin orijinaldan tərcüməsində təqdim edirik.

 

Əbiyyat yat

 

vvəli burada)

 

İndi bizim istedadlı cavan yazıçılarımız az deyil. Düşünürəm ki, onların bədii təfəkkür səviyyəsi də yüksəkdir. Deməli, məsələ heç də istedadda, texniki ustalıqda deyil; əsas məsələ bundadır ki, ağlının sakitliyini qoruya biləsən, nəql etməyi lazım bildiklərini qəlbindəki istiliklə verə biləsən; məsələ bundadır ki, oxucuya dərhal təsir etmək kimi uşaqlıq istəyinə uymayasan, əllaməliyin bulanıq sularına və mürəkkəb üsluba baş soxmayasan.

Həyat barədə danışmazdan əvvəl, bir fikri də, çatdırmaq istərdim. Hər hansı bir sənətkar, rəssam, musiqiçi və ya yazıçı - zəvvardır. O hansı müqəddəs məbədə sitayiş etmək üçün gedir? O hansı sifətlə, hansı simasıyla susuz səhralarla öz istedadının xaçını daşıya-daşıya gedir? Gözəl simasıyla və həqiqətin üzüylə, yoxsa, satirik və dördayaqlı heyvan sir-sifətiylə? Sənətin məqsəd və təyinatı nədir?

Bəzi dairələrə aşağıdakı daha bir sualı verməyin vaxtı yetişib. Vaxtilə onilliklər boyu cavab aydın görünürdü, lakin bizim günlərdə bu mümkün deyil. Bizi hər tərəfdən ilğımlar əhatə edib. Onlar işıldayır, dalğalanır və əriyib gedirlər. Bu çox səfeh bir işdir. Axı sənətkar - istər musiqiçi olsun, istərsə də rəssam, heykəltaraş və ya yazıçı, - həqiqətən, inanclı, başı dik addımlayan, yolgöstərən ulduzlardan gözlərini çəkməyən nəsillərin övladı idi. İndi isə ulduz gah inamsız-inamsız közərir, gah bir anlıq göydə işıq zolağı cızır, gah da tamamilə sönüb gedir. Bütün hallarda, görəsən, aramızda kimsə tapılacaqmı ki, (tonqal yanıb kül olandan, söz-söhbətlər bitəndən, trubkasındakı tütün qurtarandan sonra!) həmin o ulduzu görməsin və bu sualın cavabını bilməsin? "Biz özümüzü nədən ötrü sənətə qurban veririk?" sualının yalnız bir doğru cavabı var: "İnsanın daha böyük rifaha və əzəmətə sahib olmasından ötrü!"

İndi isə Həyat barədə. Onun tərifini axtarmaq çətin lazım olsun. Yəqin hamı razılaşar ki, Həyat çox böyük və cazibəli macəradır. Biz yalnız bir dəfə Naməlum stansiyaya bilet alırıq, yalnız Həyat adlı ölkəni bir dəfə dolaşıb adlayırıq. Yolda nə ilə məşğul oluruq? Uzun və ya qısa yol zamanı nələr edirik? Bunlar bizim xarakterimizin meyillərindən asılıdır.

Görünür, çoxları belə hesab edir ki, biz vulqar sensasiyalar əsrində yaşayırıq: göyə ucalan mağaza lövhələri və qışqıran qəzet başlıqları, reklamlar və standartlaşdırmalar. Bütün hallarda bizim əsr bəşər tarixində, hələlik, ən maarifçi əsrdir. Misal üçün, praktik olaraq hamı oxumağı bacarır. Mənə etiraz edə bilərlər: "Elədir! Amma nə oxuyurlar? Detektiv romanlar, qalmaqallı xronikalar və idman xəbərləri".

Mən başa düşürəm ki, "Çar Edip", "Hamlet" və "Faust" qəzetlərin bazar günü əlavələri və xəfiyyələr barədə gedən xəbərlərlə müqayisəyə gəlmir. Lakin hər halda, Qərb ölkələrində nəşr olunan illik kitabların sayı getdikcə əhalinin sayına yaxınlaşır. Hər bir hadisə, hər bir problem geniş oxucu kütləsinin ixtiyarına verilir. Teatrlar, kinoteatrlar, radio, hətta mühazirələr belə bu prosesə dəstək olur. Lakin bunlar mütaliəni əvəz edə bilmir və əvəz etməməlidir; çünki mütaliə edərkən biz dayana bilərik və düşünərik; biz axı qulaq asanda və ya baxanda dayanıb fikirləşə bilmirik, kimsə buna mütləq mane olur.

Əsrimizin təhlükəsi bizim cəhalətdə qalacağımız deyil, düşünmək qabiliyyətimizin itirilməsindədir. Qarşımıza tez-tez, hansısa, suallar çıxır, lakin biz bunlara cavab tapmağa çalışırıqmı? Yoxsa, elə başımız krossvordlara və detektiv romanlardakı suallara qarışıb? Biz daha çox bayağı və primitiv şeylərə meyillənirik. Lakin biliyə aparan asan yol, demək olar ki, hər zaman çox uzun olub. Müstəqil surətdə bilik əldə etmək heç nə ilə müqayisəyə gəlməz.

Mütaliə maşın-texnika əsrimizə xas olan standartlaşma və bayağılaşmadan qurtulmağın ən yaxşı vasitəsidir. Mütaliə həyat haqqında təsəvvürlərimizi, əxlaqımızı və başqa insanların ehtiyacları barədə bilgilərimizi genişləndirir; kitab heyrətamiz dərəcədə insana öz "mən"i sərhədlərindən qırağa çıxmaqda kömək edir. Bu yerdə mən fəlsəfənin çox vacib bir məqamına, yaxud daha yaxşı ifadə eləsək, xoşbəxtlik elminə yaxınlaşıram.

İnsanların əksəriyyəti üçün xoşbəxtlik daim öz işiylə məşğul olub, öz hissləri, yaxud düşüncələri ilə yaşamaqdan ibarətdir. Biz özümüzü nəyəsə, fədakarcasına həsr etməsək, həqiqi mənada xoşbəxt olmuruq. Yalnız özümüzlə məşğul olmaq da bir şey deyil, belə hallarda biz, sadəcə, yarımcan kimi yaşayırıq. Tolstoy deyirdi ki, insan güzgüyə baxanda əslində olduğu kimi gözəl görünmür. Yazıçının belə bir gözəl kəşfi necə etdiyini hələ öyrənməliyik; Tolstoyun digər çoxsaylı fəlsəfi mülahizələri də, göründüyü kimi, sadə deyil. Hər halda, xoşbəxtliyin açarı fədakarlıqdadır, özünü unutmaqdadır. Və öz "mən"ini unutmaq da müxtəlif cür olur. Mənim tanıdığım bir məşhur həkim-cərrah var; hələ orta məktəbdə oxuyanda sinif yoldaşlarına on sent verib ki, bəs, icazə verin, dişinizi mən çəkim.

Hamıya məlumdur ki, siyasətçilər də xoşbəxtdir.

Bəli, özünü unutmağın saysız-hesabsız yolları var, biri də gözəlliyi seyr etməkdir. Mən Arizonada Qrand Kanyon (Grand Canyon) milli parkını görəndə, Aysedora Dunkanın qız şagirdləri ilə maraqlananda, Vaşinqtonda Rok Krik qəbiristanlığında Sent Qodensin "Nirvana"sına baxanda, yaxud da Ay işığında xumarlanan Misir səhralarını gəzəndə dünyada hər şeyi unudurdum. Bununla belə, inkar edə bilmərəm ki, özünü unutmağın, bəzən, çox qəribə nəticələri də olur. Bir dəfə rəssam tanışlarımdan biri rus rəqqasəsinin portretini çəkmişdi, o qədər özünə qapılmışdı ki, qadının sifəti və qurşağa qədər hissə özünə baxırdı, qurşaqdan aşağı hissə isə tərsinəydi. Şəkli də beləcə sərgiyə göndərmişdi. Doğrudur, rəssam o dövrün ekspressionistlərinə aid idi.

İcazə verin, Həyat haqqında söhbətə qayıdım.

Heç kimin, hətta alimin belə ağlına gəlmir ki, belə bir sual versin: həyat nədir? Həyatın meydana gəlməsi də Dünya-aləmin yaranması kimi dərkedilməzdir. Biz varlıq barədə uzun-uzadı düşünə bilərik, mücərrəd nəticələrə gələ bilərik, yalnız müəyyən bir həddə qədər: heç bir mülahizə və nəticə Həyatın mükəmməl dərk edilməsinə gətirib çıxarmaz. Bu, yeganə mötəbər bilgidir. Axı kim istəyər, başqa cür olsun? Sirr olmasa, həyat mənasını itirər. Təsəvvür edin ki, bu əbədi tapmacanı tapdıq, o zaman hər şey dayanar; nə Kainat, nə dünya, nə biz, nə siz, nə mən, heç kim və heç nə mövcud olmaz.

Etiqad müəyyən dini dünyagörüşlərin müstəsna mülkü deyil. Ən yaxşı inanc budur ki, hər şeydə - nə olubsa, nə varsa, və nələr olacaqsa - Kamilliyə doğru istəyin mövcudluğuna əmin olasan. Bu əminliyə söykənən hər kəs kamilləşmə prosesində iştirak edir. Gözəlliyi seyr etmək qabiliyyətinə malik adam özü Həyata gözəllik gətirmək ehtiyacı duyur; əndazə hissini bilən adam elə bu hisslərə uyğun hərəkətlər yapmağa ehtiyac duyur. Gözəllik və əndazə hissi bizi hansı yollarla aparır-aparsın, bu hər zaman insan cəmiyyətinə faydalı olacaq, çünki bunlar adamları tamahkarlığa və zorakılığa sürükləyən bataqlıqlardan uzaqlaşdırır. Həyatın hər hansı bir sahəsini götürsək, görərik ki, indi gözəlliyə və harmoniyaya sevgiylə yanaşmaq necə də vacibdir. İcazə verin, sülhlə bağlı suala gəlim. Sual? Artıq belə bir sualın doğması hər kəsin, gözəllik və harmoniyaya sevgi bəsləyən bütün insanların gözünə əcaib-qəraib kimi görünür. Dünya müharibəsi zamanı biz o qədər dağıntılar və ölümlər gördük ki, sözlə də ifadə etmək olmur. Dünya heç vaxt bu qədər fəlakət görməmişdi. Lakin Dünya müharibəsində aviasiyanın və zəhərli kimyəvi maddələrin ətrafı xarabalıqlara döndərməsi hadisələri gələcəkdə böyük dövlətlər arasında baş verə biləcək müharibə bəlalarıyla müqayisədə uşaq oyuncaqları kimi görünər. Belə bir müharibə baş versə, hər bir iştirakçı ölkənin əhalisi (daha doğrusu, hədəf kim olacaqsa), məcburən, gizlənməyə siçan deşiyi axtaracaq, yerin altına girəcək, ya da çirkab sularının axıdıldığı borularda daldalanacaq, qorxudan dəli olan dovşan kimi dağlara qaçacaq ki, canını qurtarsın. Gələcək müharibələrdə (əgər onlar alovlansa,) böyük şəhərlərə (onlar ölkələrin sinir sistemləridir!) havadan zərbələr endiriləcək, onlar dərhal dağılıb, xarabaya çevriləcək; bunlardan qorunmağın hələ ki yolu tapılmayıb, yəqin ki, heç tapılmayacaq da; şəhərlər fuqas bombalarıyla, ya da kimyəvi silahlarla dağıdılacaq və çox güman ki, həmin sinir mərkəzlərindən daha çox asılı olan quru və dəniz qoşunları da donub hərəkətsiz qalacaq, döyüşə qoşula bilməyəcəklər.

Belə bir müharibədə heç fədakarlığa və qəhrəmanlığa da yer qalmayacaq, şərəf və ləyaqət hissi də yox olacaq, şöhrət hissi də, heç nəyə yer qalmayacaq; hətta müharibədə ölənləri dəfn eləmək belə mümkün olmayacaq. Qocaya, cavana, qadına, uşağa, xəstəyə, sağlama heç bir fərq qoyulmayacaq: adamları nə din xilas edəcək, nə də ən yüksək mədəniyyət. Görünməz uçan predmetlərdən başqa, heç nə olmayacaq; göylərdən ölüm yağacaq, xarabalıqlar, xəstəliklər və ölümlər hər yanı bürüyəcək. Əgər böyük dövlətlər, belə demək caizdirsə, sivil dövlətlər və millətlər arasında sülh olmasa, onda şişirdib-eləmədən güman etmək olar ki, hamını eyni tale, eyni aqibət gözləyir, müharibəyə cəlb olunan hər bir ölkənin axırı pis olacaq, onlar yer üzündən silinəcəklər və onlardan yalnız miskin bir kölgə qalacaq.

Bu panik qışqırtı deyil, bu - sağlam düşüncənin səsidir.

Bəziləri qətiyyətlə bildirir ki, insanın təbiəti dəyişsə, müharibələr də olmaz. Lakin insanın təbiəti dəyişməz olaraq qalır. Daşürəkli, öz xeyrini güdən adamlar hər zaman şəxsi məqsədlərini üstün tutacaqlar; hər zaman kor olacaq, kütbeyin millətçi və fanatik kimi qalacaqlar; onlar hər zaman aciz, cılız və passiv adamlar kimi, yalnız o zaman ayılacaqlar ki, artıq gec olacaq; kütlədə hər zaman sürü psixologiyası hökm sürəcək.

Xoşbəxtlikdən, müharibələrin qarşısını almaq üçün təsirli mexanizm mövcuddur. Bundan başqa, müharibəyə münasibətdə də xilasedici dəyişikliklər var. 1914-cü ildə sağlam və ayıq adamlar güman edirdilər ki, (nəticədə onlar yanıldılar!) müharibə onların ölkələrinə fayda gətirə bilər; indi isə, 1930-cu ildir, dərrakəli və sağlam adamların heç biri belə xəyallarla özünə təsəlli vermir. Böyük əhalisi olan şəhərlərə təyyarələrdən yüzlərlə kimyəvi bomba atılanda sağlam düşüncəsi olan heç bir adam müharibəni dəstəkləməyəcək. 1914-cü ilə qədər sülhün vacib olmasını əcaib şəkildə hesab edirdilər. Lakin 1930-cu ildə sülhün vacib olmasına inanmamaq tam mənasıyla sərsəmlikdir. Yenə deyirəm, bu - sağlam düşüncənin səsidir.

Bəşəriyyət çox qəribə və əzablı bir dövr yaşayır. Bizi daha dəhşətli və amansız təhlükələr təhdid edir; belə təhlükələr keçmiş zamanların heç bir dəhşət saçan dövründə olmayıb. Hər halda, tarixdə elə bir əsr olmayıb ki, onu bizim əsrlə müqayisə edə bilək: insanlığa düşüncəsiz yanaşmayla, adamlara iztirab və məşəqqət gətirən fəlakət və günahların kökünü kəsməyi səmimiyyətlə istəməklə bağlı məsələlərdə. Axı biz indi keçmiş zamanlarla müqayisədə daha çox bilik, bacarıq və humanist səylə xəstəlikləri sağaldırıq; biz cinayətkarlara və heyvanlara (hərçənd yetərli deyil!) daha elmi, daha ədalətlə və daha mərhəmətlə yanaşırıq; biz sosial və iqtisadi şərdən qurtulmaq üçün heç vaxt indiki kimi belə qayğılı olmamışıq. Əgər sülhü təmin edə bilsək, başımızın üstündə dolaşan ölüm kabusunun qarşısını alsaq, o zaman az da olsa, tarixin ən humanist əsrinə - ən ədalətli və firavan əsrinə yaxınlaşa bilərik. Biz əmin olsaq ki, sivil millətlər arasında gedən müharibə elə keçmişin dəhşəti kimi qalacaq, necə də bəxtəvər olarıq! Məncə, bu gün hamımız hər gün bir ağızdan təkrar etməliyik: "Ən müqəddəs saydıqlarımızın xətrinə, müharibə lazım deyil!"

 

(Davamı var)

 

İngiliscədən tərcümə: Kamran NƏZİRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!