“Səslər” silsiləsi - Rayner Maria Rilke

Titul səhifəsi və doqquz nəğmə

 

 

Titul səhifəsi

 

Varlıdan, xoşbəxtdən nə danışasan,

onlara susqunluq yaraşır yəni.

Amma diqqət umur bədbəxt doğulan,

deyir: gecə-gündüz arxamca düşüb

bəla pusur məni, dərd gəzir məni;

deyir: korlaşmışam, tor görür gözüm,

uşağım çarəsiz xəstədir, deyir;

ya da deyinir ki: çaşıb qalmışam,

azdırıblar məni halal yolumdan...

 

Dərd nə qədər desən,

dərdi söyləməyə amma söz qəhət.

 

Həm də adamları

indi başqa şeydir ilgiləndirən.

Gərəkdi diqqəti

sözlə yox, şərqiylə cəlb eləyəsən.

 

Nəğmələr həmişə kara gələndir.

 

Amma adamların zövqü korlanıb:

kapella titrəyir xorun səsindən -

xədimlərin həzin zümzüməsindən.

 

Göylərə yetişmir bu səslər ancaq.

Tanrı yalnız eşidir

xoş güzəran üçün dua eləyən

kövrək ürəklərin sızıltısını.

 

I. Dilənçinin nəğməsi

 

İsti-bürkü olsun,

qar-yağış olsun -

nə boran bilmişəm, nə qar bilmişəm;

 

Fərqi yox

qızmar yay, soyuq qış olsun -

qapı-qapı düşüb gəzməkdir peşəm.

 

Hərdən tıxamışam qulaqlarımı,

dinməzcə dayanıb durub yerimdə

qulaq kəsilmişəm öz hayqırtıma -

öz səsim özümə yad gəlib amma.

 

Bilmirəm kimdi bu, kimi səsləyir -

çağıran mənəmmi, ya bir özgəsi?

Xırdaca bir şeydir mənim umduğum,

bir az artığını - şair istəyir.

 

Və budur: əyilir, enir ovcuma

dərddən ağırlaşmış bəlalı başım;

deyəsən, yetişib axirət günü -

isinir bədənim, canım qızışır.

 

Elə bilməyin ki

yenə iliyimə işləyir soyuq -

qoy heç kəs o sayaq düşünməsin ki

alnımı qoyduğum yerin küncü yox.

 

II. Korun nəğməsi

 

Korluq - mənim içimdədir,

qalan hər şey - çölümdə.

İçimi yırta-yırta

hər an şiddəti artan

bir lənətdi bu korluq.

 

Lap yuxudakı kimi

dartınıram, uzanıram irəli

ayağımın ucunda;

uzadıram öz görünməz əlimi

görünməz arvadıma -

vurnuxuram haçandı

səs-küy dolu bir lağımın içində.

 

Gah irəli uzadıram əlimi,

gah da çəkirəm geri -

və hər yandan eşidirəm

sizin bu hay-küylü hərəkətləri.

 

Amma səhviniz var:

o tək mənəm ki

ruhla, mərhəmətlə doludur içim.

Səslənir içimdə sonsuz inilti -

özüm də bilmirəm nədən, nə üçün;

heç baş açmıram da o hardan gəlir -

ürəyimdən, yoxsa qarnımdan gəlir.

 

Eşidirsinizmi?

Başqa qammada

səslənir bax sizin o kantatalar.

Gecə keçib gedir - gün işığına

qərq olur bax sizin o palatalar.

 

Bağlanıb,

sarmaşıb biri-birinə

solğun üzləriniz, sifətləriniz -

sizin suçunuz yox, siz neyləyəsiz?

 

III. Əyyaşın nəğməsi

 

Məndə heç bir günah yox. Belə olub əzəldən.

Ha saxlamaq istədim özümü - bacarmadım,

çaxır bacardı ancaq.

 

Baş açmadım nə oldu, necə, necə bacardı.

Gah o tində bacardı, gah bu küncdə bacardı -

məni öz əsirinə çevirincə bacardı.

Xalis axmağam, axmaq.

 

İndi oyundayam mən.

Bu bir başqa oyundu.

Əcəllə oynayıram - ölüm adlı zibilə

bir ömür bahasına havayı məhkumam mən.

 

Bu qumarbaz ifritə

qamarlayanda məni,

bu dünyadan süpürüb, silib atanda məni

öz iyrənc kartı ilə

qazıyacaq kəlləmi

və aparıb atacaq zir-zibilin içinə.

 

IV. İntihar edənin nəğməsi

 

Təki yubanmayasan.

Bircə hovur geciksən -

baxıb görərsən yenə kəndirini kəsdilər.

 

Bədənimdə

bir qırıq əbədiyyətdən əsər -

axı bu görüş üçün can qoymuşdum bəs qədər.

 

Onlar bir qaşıq həyat dürtüşdürürlər mənə.

İstəmirəm, rədd edin, axı nəyimə gərək?

Qaşıq balacadımı, böyükdümü - fərqi nə?

Az da olsa nə gərək, çox da olsa nə gərək?

Özüm yaxşı bilirəm xoşbəxtlik andır nədir:

yaşa ömür bitincə, yaşa ölüb itincə.

Bu dünya deyilən şey - yemək dolu nimçədir,

bəs bu mənim qanımda yoxdusa, onda necə?

 

Başqasına yem olan bu şey mənə yem deyil,

mənim qismətimdəki xəstəlikdir, azardır.

Pəhriz saxlayacam mən indi azından min il -

dəyməyin, toxunmayın mənə min il azından.

 

V. Dul qadının nəğməsi

 

Həyat necə yaxşı idi qabaqlar,

ürək uçunurdu gənclik eşqinə.

Tez-tələsik ötüb keçdi o çağlar -

hər kəs üçün beləymiş bu, heç demə.

Gün günə, ay aya qovuşdu keçdi,

birdən-birə il də ilə calandı;

illərin sırası sovuşdu keçdi -

ikiyə bölündü vaxt, paralandı.

 

Nə onun, nə mənim günahımdı bu,

səbrimizi basıb dözdük, dirəndik -

dözmək istəmədi ölüm di gəl ki.

Axsaya-axsaya gəlirdi kaftar -

yığıb-yığışdırdı sormadan heç nə,

məni neynir, mən onun nə vecinə?!

 

Mən haçan özümə bir gün ağladım?

Bu dilənçi həyatını yoxsa mən

tale verən girov kimi saxladım?

Axı Tale yalnız səadət deyil,

cındıryığan miskin dilənçilərtək

dərd də satır, əzab da, iztirab da.

 

Amma məni pulsuz-parasız aldı -

elə bildi nəyim varsa, müftədi.

Gecəli-gündüzlü alış-verişdə

dodaqlarım, kipriklərim yetmədi,

qamarladı hətta yerişimi də.

 

Və beləcə

bircə quruş vermədən

tale aldı hər şeyimi əlimdən.

 

VI. İdiotun nəğməsi

 

Heç bir yasaq-filan yox. Gəzməyə də qoyurlar.

Lap az qala arzumu gözümdən oxuyurlar.

Qoy olsun.

Sənin də tanıdığın o qutsal, o müqəddəs

ruhu çağıran kimi hər nə varsa fırlanır.

Qoy olsun.

 

Boyun qaçırmağım da təhlükəlidir yaman:

bir düşün ki, kiminsə günahı ucbatından

bir də gördün bıçağı sapladım birisinə.

Qan ağır işdir yaman. Əzabdır, işgəncədir.

Hərdən bacarmıram da, boğuram öz hirsimi.

Qoy olsun.

 

Bu çevrə nə çevrədir fırlandı birdən-birə,

böyük, qırmızı çevrə - uçdu, qalxdı göylərə.

Sizmisiniz qaldıran onu o yüksəkliyə,

göstərişlə, əmrlə yoxsa uçur o çevrə?

 

Necə də qəribədir bütün bu davranışlar:

bir çevrə o birindən qopub harasa uçur,

sonra da asta-asta çevrilir astar üzə

və fırlanır tərsinə.

Qoy olsun.

 

VII. Yetimin nəğməsi

 

Mən heç nəyəm,

heç vaxt da heç nə olan deyiləm.

Hər yerdə hərc-mərclik, hər şey qarış-quruşdu,

ümid də yox qarşıda.

 

Ay atalar, ay analar,

rəhminiz gəlsin mənə.

 

Düzü, layiq deyiləm qayğı-sayğıya çox da:

çoxdan biçilib zəmi.

Vaxtım gəlməyib hələ, gələnə oxşamır da -

baxtım yatıb, heç yerdə yeri yoxdu yetimin.

Rəngi çoxdan saralmış, bozarmış nimdaş geyim

əynimdən çıxmaz heç vaxt.

İnşallah, qadir Allah əsirgəməz köməyin -

köhnəlməz bundan betər

            boz pencəyim, göy çuxam.

 

Saçımın da dəyişməyib düzümü,

necəydisə, elədir.

Saçlarımı tumarlayan kəs amma

bir də heç vaxt sığal çəkməz telimə.

 

VIII. Cırtdanın nəğməsi

 

Mənim ruhum işıqlıdır, di gəl ki

köhnə düyün təki sıxılıb bərk-bərk;

çox çətin ki onu tutub saxlasın

bu qədər dərd-səri daşıyan ürək.

Nə taxt-taxçası var, nə bağ-bağçası -

idbar cəmdəyimə ilişib qalıb;

qanadını çırpa-çırpa canıma

divan tutur damarıma, qanıma.

 

Bataqlığın murdar, iyrənc zığında

qurbağatək ağırlaşıb iylənən,

iflicdən quruyub qaxaca dönən

xəstə əllərimdən nə gələr axı?!

Bax bu cürəm mən təpədən dırnağa:

aciz, mağmın, əzgin-üzgün birisi.

Hardandı bu miskin xarabalığa

Tanrının bir belə hirsi, qərəzi?!

 

Bəlkə bəd sifətim bezdirib Onu -

xoşlanmayıb giley dolu üzümdən?

Əslində, mən işığın vurğunuydum,

qaranlığı hey qovurdum özümdən.

Amma neyləsəm də, üzümə yalnız

köpək sifətləri yaxınlaşırdı -

yekə buldoq sifətiydi sifətim.

İtlərinsə vecinə də deyildi -

köpəklərin nə vecinə bu işlər.

 

IX. Cüzamlının nəğməsi

 

Tənha birisiyəm - təkəm, təkcəyəm,

cüzam xəstəsiyəm, cüzam xəstəsi.

Burda məni tanıyan yox, bilən yox -

şəhər əhli hardan bilsin necəyəm,

necə bilsin nəçiyəm? 

 

Görən gözlə işim yox,

şaqqıldadıb əlimdəki şax-şaxı

dəng edirəm hər eşidən qulağı -

amma kimin vecinə?

Yan-yörəmdə veyillənən bircə kəs

şaqqıltını-tıqqıltını eşidib

ağlına da gətirməz,

düşünməz ki, nə iş gəlib başıma.

 

Şax-şaxımın səsi yayılan hər yan,

hər yer - mənim evimdir;

amma qaçır tanışlıqdan, təmasdan -

hamı məndən gen gəzir.

 

Bu minvalla baş alıb gedərəm mən

lap haracan istəsən;

nə kişi var, nə qadın var, nə uşaq -

yol-riz bomboş, kimsəsiz.

 

Addımbaşı

şaqqıldadıb şax-şaxı

heyvanları qorxutmağa gərək yox.

 

 

Tərcümə: Mahir N.QARAYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!