Sem və Semixa - Qazaxıstanlı yazıçı Joltay Jumatın hekayəsi

 

I

 

Adətən, dağlar öz əzəməti ilə təkəbbürlü, qürurlu, əlçatmaz görünür, amma bu dəfə mehriban və mərhəmətli təsir bağışlayırdı. Parlaq günəş şüaları qızı yandırmır, əksinə, xəfif nəvazişlə onu öz hərarətinə bürüyür, ruhuna hüzur bəxş edirdi. Bir anlıq kainatın tam mərkəzinə düşdüyünü güman etdi, sanki xoş rayihəli təbiət onu öz zərif ağuşuna alıb, həzin melodiya kimi layla çalırdı.

Lakin qeyri-adi xoşbəxtlikdən rahatlıq tapa bilmir, ürəyi şiddətlə döyünür, sanki sinəsini yarıb çıxmaq istəyirdi. Ürəyinə dolan hisslər dağların döşündən axan dəli sellər kimi bütünlüklə ruhuna yayılırdı. Baş verənlərə inana bilmirdi, hər şey ağlagəlməz, doyumsuz, şirin yuxu kimiydi və bu yuxudan oyanıb, reallığa qayıtmaq istəmirdi. Amma əgər bütün hadisələr, sadəcə, onun özünə aid idisə, əgər deyilən şirin sözləri öz qulaqları ilə eşitmişdisə, o sözlərin hərarəti hələ də, onu tərk etməmişdisə, bütün bunlara necə inanmaya bilərdi?! Oğlanın ürəyindən sıyrılan sehrli kəlmələr əsrarəngiz əks-səda kimi, onun varlığını sarmış, bütün vücuduna təsir edib, ruhunu göylərə qaldırmışdı. Buna da inanmayacaqdısa, bəs hansı sevgi etirafını könlünə yaxın buraxa bilərdi?

 

Belə şey ilk dəfə başına gəlirdi, heç xəyalında belə bu cür hisslər keçirməmişdi, yaşadığı çaşqınlıq təbii idi, yaşadıqlarının izaholunmaz xoşbəxtliyini heç vaxt ağlına gətirə bilməzdi. İndi ruhuna dolan hissləri bir vaxtlar çılğın sevgi romanlarını oxuyandan sonra keçirər, xəyalən, özünü həmin o gözəl roman qəhrəmanlarının yerində təsəvvür edər, vücuduna dolan hərarət getdikcə dəli titrəyişlə əvəz olunardı. Amma ilk dəfə idi, özünü indiki kimi hiss edirdi. Axı bu vaxta qədər özü belə xoşbəxtlik hiss etməyibsə, onun nə günahı var? Demək, taleyi belə gətirib. Kimsə iynə ucu boyda xoşbəxtlik arzulayır, amma bu ona çox gec nəsib olur. Olsun, qoy lap gec olsun, təki olsun. Bəs belə bir şey heç vaxt olmasaydı, onda necə? Axı həyatda bu xoşbəxtliyin bal kimi şirin dadını bilməyənlər də az deyil.   

Düşüncələrin yumşaq əsarətinə düşən, xəyalların şirinliyindən məst olan qız özünü, hansısa, fantastik aləmdə, gerçəklə yuxunun qanadları arasında hiss edirdi. Adətən, yaşadığı darıxdırıcı, soyuq təsir bağışlayan otaq bu gün ona son dərəcə rahat, doğma, işıqla ruh oxşayan musiqi ilə dolu görünürdü. Ona sevinc bəxş edən bu əsrarəngiz musiqi qızın ürəyinin içindən yayılırdı... 

Anasının tez-tez nəsihətlə söylədiyi sözləri xatırladı: "Mənim balam, öz qızlıq ismətini qoru, özünə fikir ver, təkəbbürlü olma. Yolunu azmış qız gec-tez bədbəxt olacaq, amma təmiz qız əvvəl-axır özünə layiqli qismət tapacaq". Ciddi qaydalara itaət edərək tərbiyə almış, anasının sözündən çıxmaq heç vaxt ağlına gəlməmişdi. Yaxşı, axırı nə oldu? Gör, bir neçə ildir zindandaymış kimi, hər şeydən təcrid olunub. Diqqətçəkən yaraşıqlı oğlanlar bir yana qalsın, axı heç üz-gözündən cin hürkənlər də gözünün ucu ilə ona baxmayıblar. O da dəmir qəfəsə salınmış quşcığaz kimi alaqaranlıq otağına qapanaraq öz yeknəsək həyatından keçən günləri saya-saya qalıb.

Amma yaxşı deyiblər: ...gec olsun, güc olsun. Əgər, nədəsə, işlərin alınmırsa, ümid qığılcımları içindəcə sönürsə, kimdən küsə bilərsən? Əgər xəyali xoşbəxtlik quşunu tutmaq ümidi ilə özün öz taleyini çətinə salırsansa, inciməyə haqqın varmı? Axı heç kəs "bu işi belə gör, o işi elə gör" deyərək onu saxlamayıb, arxasınca çığırıb səslənməyib! Kimsə onu zorla şəhərə köçürməyib. Kimsə onu doğma aulu tərk edib, gözəl həyat axtarışı üçün başqa diyarlara üz tutmağa məcbur etməyib. Hər şeyin günahkarı o özüdür.

Şəhərə getdikdən sonra hər şeyin öz-özünə yoluna düşəcəyinə, indiki deyimlə "yağ kimi gedəcəyinə" sadəlövhlüklə ümid edir, bütün arzularının gerçəkləşəcəyinə inanırdı... 

...Budur, artıq Saparqulun böyük şəhərdə yaşamağından altı il keçib. Burada ayaqüstə dayanmağı üçün xeyli səy göstərmişdi. Demək olar, xəyal etdiyi arzularının çoxu uğurla həyata keçmişdi. Təhsilini uğurla başa çatdırmış, bunu təsdiq edən diplomu almış, ixtisası üzrə işə başlamışdı. Yataqxanada olsa da, öz otağı var idi. Bəlkə də bütün bunlar bəs etməliydi ona. Amma sonradan... ruhunun dərinliyindən baş qaldıran duyğular zaman-zaman üzə çıxıb, onu narahat edirdi. "Təklik, sadəcə, Allaha aiddir", - anası bu sözləri deməyi xoşlayırdı. "Qu quşları cüt olanda daha gözəl görünürlər", - bunu da anası deyərdi, özü də tez-tez.   

"Eee, bu şirin sözlərin nə faydası var axı? Həyatda məsləhət verməkdən asan heç nə yoxdur. Kim güclüdür, kim dözümlüdür, qoy istəyinə nail olmağa çalışsın. Amma həmişə belə alınmır. Axı hər şey adamın özündən asılı olmur. Arzulamaq hələ nail olmaq deyil", - qız kədərlə düşünürdü.

"Bəlkə də adamlar "öz ikinci yarısını tapmaq ümidi ilə qarşısına ilk çıxan birinin boynuna sarılmaqdansa, tək yaşamaq yaxşıdır" deyəndə düz fikirləşirlər. Bundan başqa, utanc hissi, əxlaq anlayışı da var axı. Bundan da yan qaçmaq olmaz, çünki vicdanına qarşı çıxa bilməzsən, - Saparqul düşünürdü. - Əgər oğlanlardan kimsə mənə gözünün ucu ilə baxmırsa, bəlkə özüm uğursuz adamam, bəlkə onların arasında mənə tay olacaq biri yoxdur? Görəsən, Allah qarşısında günahım nədir, niyə məndən üz çevirib? Doğrudanmı, sevmək, sevilmək kimi ülvi hisslər qismətimə yazılmayıb?"

Əgər gündüzlər işdə ürəyini sıxan fikirlərdən qurtulub, başını qatırdısa, bütün bu illər ərzində xəyalını etdiyi adamla qarşılaşana qədər axşamlar, gecələr otağının soyuq divarları arasında ruhu sıxılır, hissləri ilə baş-başa qalır, özünə yer tapa bilmirdi.

Bir gün şıq geyimli, qarayanız, səliqəli bığları olan oğlan özü ona yaxınlaşdı, mənasız sözlərə vaxt sərf etmədən onun gözlərinin içinə baxıb dedi: "Sizdən xoşum gəlir!" Bu gözlənilməz sözlərdən təəccüblənən Saparqulun başı hərləndi. Axır ki, taleyinin adamı ilə qarşılaşdığını düşündü. Və... özünü bu yaraşıqlı, qətiyyətli kişinin səmimiyyətinə təslim etdi.

Toy günü yetişdi.

Bu gözəl gün onun həyəcanla çırpınan, sevdalı ürəyini xoşbəxtlik duyğusunun təsirindən param-parça etməyə bilərdimi?! Əlbəttə, gözlənilməz xoşbəxtliyin xoş duyğuları, təkcə onun ürəyini yox, bütün varlığını uçundururdu. Nəhayət, illərlə arzuladığı an gerçəkləşirdi. Sabah - toydur. O, ərə gedir. Sonra... Əlbəttə, sonra nağıl başlayacaq. Əsl nağıl...

 

II

 

Seçdiyi oğlanın adı Satımsay idi, amma bu, Saparqulun ürəyincə deyildi, buna görə əzab çəkirdi: "Bizim qazaxlar maraqlı millətdir, çox qəribə adlar fikirləşirlər! Qədimi adlar. Müasirliyə uyğun gəlmir. Elə bil arxivdən tapırlar". Satımsayın atası bunu belə izah etmişdi: "Qədimdə bizim ululardan birinin adı belə olub. Sənin adını onun şərəfinə qoymuşuq, arzu eləmişik ki, sən də onun kimi qoçaq olasan, xalq arasında hörmətli olasan, igid olasan".

- Onun igid olmağından mənə nə? - Satımsay hirsləndi. - Məsələ adda deyil. Hər kəsin adı xasiyyəti ilə uyğun gəlsəydi, nə vardı ki... Yox-yox, xoşum gəlmir bu addan. Satımsay ha... Elə bil yer adıdır, aul adıdır... Belə olmaz! Nəsə, bundan sonra hamı mənə Sem desin. Mən - Seməm!.. - Satımsay qətiyyətlə bildirdi. Beləliklə, indi hamı onun sevimli ərini "Sem" adlandırır. Üstəlik, təkcə dostları, tanışları, yaxınları yox, doğma atası da elə deyir.

Saparqul nə vaxtsa, miskin, qaramat auldan baş götürüb şəhərə üz tutanda taleyini bığlı, gənc, yaraşıqlı oğlanla bağlayacağını, onun adaxlısı olacağını ağlına gətirə bilməzdi. "Qismətdən artıq yemək olmaz" deyirlər: gec də olsa o, öz qisməti ilə qarşılaşdı. Bir-birini bəyəndilər, könül bağladılar, ən məhrəm hisslərini bölüşdülər. Doğrudur, Sem söhbətcil deyildi, çox danışmağı sevmirdi. Ona görə də söhbətləri uzun çəkmədi. O vaxt Sem uzun-uzadı fikirləşmədən soruşdu: "Mənə ərə gələrsən?" Əslində, Saparqul ürəyinin dərinliyində bu günü çoxdan gözləyirdi, amma qəfil sualdan, az qala, huşunu itirəcəkdi. Elə bil, dili boğazında ilişib qaldı, ağzını açıb bircə kəlmə deyə bilmədi, sadəcə, yanaqları qızardı, razılıq əlaməti kimi başını tərpədə bildi.

Bəydadaşın valideynləri təmtəraqlı toy etdilər. Çünki oğlanın atası şəhərin adlı-sanlı adamlarından sayılırdı. Ailə bolluq içində yaşayırdı. Gənclər üçün də xəsislik etmədilər. İmkanlı ata sevimli oğluna mənzil və minik avtomobili hədiyyə etdi. Üstəlik, xudmani mənzil əla mebellə, məişət üçün lazım olan digər əşyalarla təmin olundu ki, bunları sadalamaq artıqdır. Saparqul, sanki hansısa, sehrli qüvvənin əli ilə bir anda miskin yataqxana otağından nağıllar səltənətinə düşmüş, gerçəklə yuxu arasında çaşqınlıq içində qalmışdı.

Doğrudur, o, aulda doğulmuş, orada böyümüşdü, hər halda şəhər həyatı ilə də tanış olmağa da macal tapmışdı, amma özü üçün bu cür təmtəraqlı həyatı ağlına gətirə bilməzdi. Əslində, burada təəccüblənəcək qeyri-adi heç nə yox idi. Həyatda çox cüzi şeylərlə kifayətlənən, taleyinə düşən payla özünü xoşbəxt hesab edən adamlar var, bir də sərvət içində üzən, taleyin ağlagəlməz var-dövlətindən pay alan, təmtəraqlı həyat yaşayanlar var və onlar da bunun fərqinə varmadan ömürlərinin sonuna qədər yaşayırlar. Saparqul gözləmədiyi halda, özünü belə bir gözəl həyatın içində görmüşdü. Sanki lotereya biletinə milyonluq uduş düşmüşdü. Amma səbirlə bu möhtəşəm qisməti gözləməsəydi, çaşqınlıq içində qalıb, bir gün bəxtin onun da üzünə güləcəyinə ümid etməsəydi, belə bir ölçüyəgəlməz səadət ona nəsib olardımı? - Çətin. Ancaq əzablara qatlaşdı, iztirablara dözdü və... sonunda bəxti gətirdi, taleyi üzünə güldü. Axı məsələ var-dövlətdə deyil. Əsas odur ki, həyatda sevdiyin insanla qarşılaşa biləsən. Adı Satımsay olur, Sem olur, nə olur-olsun. Onun üçün adın heç bir əhəmiyyəti yoxdur.

Gənc cütlük evliliyin ilk günlərində ortaya çıxan bütün problemləri tərəddüdsüz və tez, həm də anlayışla, heç bir incikliyə zəmin yaratmadan yoluna qoya bildi. Xoşbəxtlik nəşəsi ilə dolan gənc qadın Semin bütün fikirləri ilə qeyd-şərtsiz razılaşır, onun bütün istəklərini yerinə yetirirdi. Hər halda, Sem şəhərdə böyümüşdü, yaxşı təhsil almışdı, yüksək mədəniyyət sahibi idi. Onun insanlarla münasibətinə, sadəcə, qibtə etmək olardı. O, böyüklə böyük, kiçiklə kiçik kimi rəftar edə bilirdi. Hər kəsin ürəyinə yol tapırdı. Atasının yaxın dostları arasında sərbəst idi. İntellektli, hərtərəfli savadlı, tanınmış insanlarla əhatə olunmuş bu dostlar Semin ağlına, savadına, dünyagörüşünə güvəndiklərini, onun gələcəyinə böyük ümid bəslədiklərini heç vaxt gizlətmirdilər. İndi atasının dostları oğlanın doğru seçim etdiyini söyləyir, özünə layiqli həyat yoldaşı tapdığını bəyan edirdilər. Üstəlik, qıza "Saparqul" yox, məmnuniyyətlə "Semixa" deyirdilər. Semixanın yeni ailəyə alışacağına, onun ənənələrini davam etdirəcəyinə qətiyyətlə ümid bəsləyirdilər. Əslində, onların nə fikirdə olmaqları, nə deməkləri qızı az maraqlandırırdı. Lakin haqqında deyilən bu cür xoş sözləri könül xoşluğu ilə qəbul edir, diqqət mərkəzində olmaq onu sevindirirdi. 

Sem kənardan ciddi, təmkinli, həssas, nəzakətli oğlan təsiri bağışlayırdı. Onun davranışı qüsursuz idi. Ərinin bu xüsusiyyətlərini görən Semixa keçmişin qalığı olan "qazaxpərəstlik" ənənələrindən uzaqlaşmağa, "müasir" və ərinə layiqli həyat yoldaşı olmağa qərar verdi. Tədricən yerişini dəyişdi, şəhərli yaşıdları kimi sərbəst və ədalı görünməyə çalışdı, qazaxca danışmağına baxmayaraq lüğətinə rus sözləri əlavə etdi. Semixa bununla müasir olacağını, müasir gənclərdən geri qalmayacağını güman edirdi. Onun bu çevrilişi, yeni ədaları, qarışıq nitqi Semin də xoşuna gəlməyə başladı. 

"Əlbəttə, bütün iddiaları, yalançı abır-həyanı bir kənara atmalıyıq. Ciddiyyət, kobudluq, susqunluq - bütün bunlar eyni şeylərdir, onlara ehtiyac yoxdur. Ciddi və mədəni olmaqla, həm də öz qətiyyətini formalaşdıra, öz ləyaqətini qoruya bilərsən", - Sem tez-tez belə deyirdi.

Təzə gəlin, ilk vaxtlar deyilənlərə bir o qədər də fikir vermirdi, sonra yavaş-yavaş düşünməyə başladı. Doğrudan ha, auldakı ciddiyyət burada kimə lazımdır? Şəhərdə kimdir buna dəyər verən, kimdir bunu başa düşən? Əksinə, adamın nə qədər ciddi olduğunu görsələr, ətrafdakılar bundan bir o qədər sui-istifadə edərlər. Bir soruşan lazımdır, sən nəyi gözləyirsən? Onun indi "yarımhippi" kimi tanınan, dar şalvar, qısa ətək geyən qızlardan nəyi əskikdir? O da onlar kimi ola bilər. Sonra görərik, kim kimdən üstündür! Əgər bütün bunlar Semin ürəyincədirsə, əgər əri bunu doğru hesab edirsə, tərəddüdə ehtiyac varmı? 

- Təki sənin xoşuna gəlsin. Sən necə istəyirsən, özümü elə apararam,-  itaətlə Semə dedi.

Amma həyat yoldaşı hər gün özündən təzə bir şey icad edirdi, üstəlik, ona tamamilə yad olan şeylər və bu, qızın ürəyinə qorxu toxumları səpirdi. Ən çox da gecələr, yataqda... Budur, bir gecə əvvəl də onunla ağlagəlməz şeylər etmək istəmişdi. Xaricdə yaşayan gənclərin vərdişlərindən danışıb, onu utandırmışdı. Semixa özünü narahat hiss etmiş, susqunluqla keçinməyə çalışmış, amma bu da işə yaramamışdı. Əri:

- Axı nə bilirsən, seks nədir? - deyərək, birbaşa hücuma keçmişdi.

- ?!

- Niyə susursan? Ər-arvad arasında sirr olmamalıdır. Ürəyindən keçənləri döşə, gəlsin. Ərlə-arvad - qoşa qanad! Sirrini paylaş mənimlə.

- Nə deyim axı?.. Bilmirəm, nə soruşursan? - Semixa tərəddüd etmişdi.

- Bax, məsəl üçün... De görüm, seks haqqında nə bilirsən? Bəlkə sənin bildiyini mən bilmirəm?

- Yox-yox, - Semixa heyrətlənmişdi. - Sən mənim müəllimimsən. Hər şeyi sən öyrədirsən mənə. Əslinə qalsa... mən... bu barədə heç nə bilmirəm, - utana-utana demişdi.

Belədə Sem çox qəzəblənmişdi. Sözlərinin ərinə belə təsir edəcəyini Semixa ağlına gətirməmişdi.

- Sən... Sən məni ələ salmısan? Yüz il qala, bu barədə heç nə bilmədiyinə inanmaram. Belə şeylər haqqında müasir qızlar oğlanlardan çox bilirlər. Yeri gəlmişkən... səninlə ilk gecəmizdə hər şeyi başa düşdüm. Demək, mənə qədər heç kəslə olmamısan. Demək...

Bakirəliyini qoruduğu üçün ərinin ona istehza etdiyini anlayan Semixa qəribə narahatlıq hissi keçirdi.

- Nə olub? Mənim sənin qarşında nə günahım var? Nəyə görə məni alçaldırsan? - titrək səsli, göz yaşlarına boğulan Semixa pıçıltı ilə dedi.

Amma ərinin qəzəbi sönmədi, köhnə fikirli arvadına nəsihət verməyə davam etdi.

- İndi tamam başqa zəmanədir, - bildirdi. - Öz təmizliyi ilə fəxr etmək, başqa heç kəslə olmamaq - həm gülüncdür, həm də sadəlövhlükdür. Bilmək istəyirsənsə, qoy deyim, bununla heç kəsin rəğbətini qazana bilməzsən... Əgər bu illər ərzində məndən başqa, kiminləsə, olmadığını eşitsələr, sənə gülərlər. Nəsə, bu barədə bəsdir. Qoy hər şey öz aramızda qalsın...

Semixa sarsılmış, alnı tər puçurları ilə örtülmüşdü. "Bəlkə ağlımı itirmişəm? Maraqlıdır, gəncliyim hansı dövrə düşüb, görəsən?!" - ümidsizliklə fikirləşmişdi. - Məgər mənim müasirlərim Sem kimilər deyil? Axı onların adi qəbul etdiklərini, heç bir peşimanlıq hissi, vicdan əzabı duymadıqlarını mən niyə başa düşə bilmirəm? Bəlkə mən həyatdan geri qalmışam?.."

Qarışıq fikirlər beynini dumanlandırmışdı. Onun gənc, amma təcrübəli əri nəyə eyham vururdu? "Axı nə bilirsən, seks nədir?" Axı mən nəyi bilməliyəm? Hə, bilirəm, qadınla kişi bir-birini sevir, könül bağlayır, sonra da ailə qururlar. Sonra da... yataq. Nəsə, bu barədə bəsdir. İntim məsələləri bu qədər qabartmağa ehtiyac varmı? Gələcək həyat barədə düşünüb söhbər etsələr, daha yaxşı olar. Həyata təzə nəsillər gəlir, yaşamağı öyrənmək, sevgi ilə, dünya ilə qarşılıqlı şəraitdə yaşamaq lazımdır... Ailə içində ərlə arvad məhz bu barədə danışmalıdır. Yeri gəldi-gəlmədi, müqəddəs hissləri təhqir etmək olarmı?.. Of, bu dünya çox qəribə, gözqamaşdırıcı, ziddiyyətlidir!

O gecə öz sevimli ərini tanıya bilmirdi. Gündəlik həyatda həmişə nəzakətli, qayğıkeş, mehriban olurdu. Amma gecələr oyun çıxarırdı!.. Olsun, əgər sadəcə, arvadının yanında, sevimlisinin yanında özünü belə aparırdısa, buna dözmək olardı. Bəs nədən ehtiyat edirdi? Demək, dostları bilsələr ki, arvadı ərə gedənə qədər heç kəslə yatmayıb, başqaları ilə gəzib-tozmayıb, onu ələ salıb gülərlər. Ah, dəhşətdir! Axı burada utanılası, gülməli nə var? Nəyə güləcəklər? Hünərləri çatır, gülsünlər...

Ani qəzəb bütün bədənini sarsıtdı, vücudu titrədi. Semixa özünü ələ ala bilmirdi, qan sürətlə başına vurur, gənc qadın həyəcandan özünə yer tapmırdı.

 

III

 

- Semixa!

- M-m-m...

- Semixa, - əri əl çəkmək fikrində deyildi. - Bəsdir də, oyan! Dur!

- Nə olub? Bazar günüdür. Hara tələsirsən?!

- Gedək dağlara, bağa, - Sem sevinclə dedi. - Dünən yoldaşlarımla danışıb razılaşmışıq. Təmiz havaya gedirik, üç ailə bir yerdə. Bax, buna deyərlər, əsl dincəlmək...

- Of, Sem... Niyə qabaqcadan mənə xəbərdarlıq eləməmisən? Dünəndən lazım olan tədarükü görərdim, yemək-zad hazırlayardım.

- Yaxşı görək, - Sem üz-gözünü turşutdu, - artıq əziyyət kimə lazımdır? Onlar özləri hər şeyi hazırlayıblar. Dağda kabab çəkərik. Araq, şərab, pivə... Yaxşı dincələrik, əylənərik...

Semixa ərini qucaqladı, onu oxşadı, hərarətlə öpdü. Ehtiraslanan Sem onun incə belindən yapışıb, özünə sıxdı.

İkisi də tələsik yol hazırlığına başladı. Lazım olan şeyləri çantalara yığmağa macal tapmamış, aşağıdan gələn maşınların siqnal səsi eşidildi.

Üç maşınla yola düşdülər. Hər ailə - öz şəxsi maşınında.

Semin yaxın dostları - Jeter və Abil idi. Əlbəttə, Jeter artıq çoxdan idi, özünə Con adı götürmüşdü, Abilə isə Aşot deyirdilər. Conun yanında İlisin söyüd kimi, şux, Aşotun yanında isə - Engelisinanın qıvraq bədəni naz satırdı. Semixanı onların əsl adı maraqlandırmırdı.

Dağ yolları ilə şığıyan, ilan kimi qıvrılan aşırımları ötən maşınlar, nəhayət, ikimərtəbəli kottecə çatdılar. Bu bağ evini - gözdən-qulaqdan uzaq, "boz ev" adı ilə tanınan kotteci Semin atası tikdirmişdi. İmarətə söz ola bilməzdi. Qapılar, çərçivələr, döşəmələr bahalı ağacdan idi. Bu möhtəşəm imarətə xərclənən pulları düşünən Semixanın gözləri qaraldı. Əlbəttə, filan qədər qiyməti olmalıydı bu bağ evinin! Ən əsası - indi bu möhtəşəm tikilinin sahibi Sem idi.

- İgidlər! - ehtirsalanmış İlislə Engelsina çığırdı. - Bəlkə bu gözəl, büllur kimi saf dağ havasına sağ-salamat gəlib çatmağımızın şərəfinə adama bir qədəh içək?

- Bravo! Əla fikirdi! - kişilər təklifə həvəslə razılıq verdilər, sonra şüşələri açıb, qədəhləri doldurdular.

- İçək!

- Ancaq bir şərtlə! Hamısını axıra qədər içirik!

Hər kəsin qarşısında quqqulu kimi görünmək istəməyən Semixa stəkanı başına çəkdi. Zəhər kimi acı bir şey! Əlbəttə, əvvələr də tünd spirtli içki içməli olmuşdu, amma bir dəfəyə bu qədər - ilk dəfə idi. Belə də içmək olar... dəhşətdir! Semixa ürəyində fikirləşdi: ər arvadına bu qədər sərbəstlik verirsə, sabah o əməlli-başlı əyyaş olar, adamlıqdan çıxar. Elə olmayacağına kim zəmanət verə bilər? Yaxşı, qoy bu gün filosofluğum özümə qalsın, axı dağa təmiz hava almaq, dincəlmək üçün gəlmişik. Üstəlik, Semin ən yaxın dostları yanımızdadır. Onlarla xoş davranmasam, yəqin Semin xətrinə dəyər. Bizim bağımızdır axı. Demək, bu adamlar da - bizim qonaqlarımızdır. Qoy hər şey cəhənnəm olsun! Yeyib-içəcəyik, şənlənəcəyik, çalıb-oxuyacağıq. Beş günlük həyatdır... Təki hər şey Semin ürəyincə olsun.

Süfrəni təbiətin qoynunda açdılar. Toplaşanlar zarafatlaşır, deyib-gülür, oxuyur, məzəli əhvalatlar danışırdılar. Əyləncə xeyli uzun çəkdi. Spirtli içki çox olduğundan, az sonra qızlar da, oğlanlar da sərxoş oldular. Ondan sonra baş verənləri isə Semixa heç cür anlaya bilmirdi.

Növbəti sağlıq deyiləndə o, xəlvətcə qədəhini kənara qoydu. Onun bu sadəlövh bicliyi İlisin gözündən yayınmadı və bu, onu qəzəbləndirdi.

- Belə oldu, Sem! Sən arvadına güzəşt eləyirsən, onu qorumaq istəyirsən, bizi isə içirdirsən, az qala, qədəhləri ağzımıza dürtürsən. Maraqlıdır, sənin Semixanın nəyi bizdən artıqdır? - Qadınlar dilləri dolaşa-dolaşa hay-küy saldılar.

Bunu eşidən Sem soyuq, nifrət dolu baxışlarını arvadına zillədi.

- Bu nə hərəkətdir? Məni biabır eləmək üçün gəlmisən, bura? - Dişlərini qıcayaraq mızıldandı. Semin sifəti sərtləşdi, baxışları qəzəb saçdı.

Semixa narahat oldu.

- Niyə belə deyirsən? Sənə bağlanmışam, səni sevirəm və sənə görə narahat oluram. Amma nədənsə, bu gün ürəyim sözümə baxmır, spirtli içki qəbul eləmək istəmir, - utanaraq kəkələdi, küskünlükdən ruhu titrədi.

- İstəyər! İstəməsə, məcbur eləyərik! - Oğlanlar yerlərində yırğalanmağa, səslərini qaldırıb hay-küy salmağa başladılar. Arvadları da onlara qoşuldu, lovğalıqla israr etdilər. Semixa çıxılmaz vəziyyətdə qaldığını başa düşdü, qədəhi əlində möhkəm sıxıb içkini axıra qədər başına çəkdi.

- Hə, bu başqa məsələ! - İlislə Engelsina razılıqla əl çaldılar.

Amma bu hələ heç nə idi. Ardınca təcrübəsiz Semixa üçün ağlagəlməz macəra baş verdi. Çılğınlaşmış Con birdən süfrə arxasında oturan qadınların hamısını öpmək istədiyini bildirdi. Semixa Conun arvadı İlisin buna necə reaksiya verəcəyini bilmək üçün ani olaraq ona nəzər yetirdi. Semixaya nə qədər təəccüblü görünsə də, deyəsən, İlis bu təklifdən son dərəcə məmnun qalmışdı.

- Hə, əzizim, ürəyindən keçirsə, öp! - Qadın məmnunluqla gülüb, ərini ürəkləndirdi. Bundan həvəslənən Con yerindən qalxıb, Engelsinanı möhkəmcə özünə sıxdı, qadının dodaqlarını ehtirasla öpdü. Gözəlçə qətiyyən buna qarşı çıxmadı, heç narahat da olmadı. Sonra Con məmnunluqla gözlərini Semixaya dikdi. Semixa qorxa-qorxa, həyəcanla ərinə baxdı. Amma Sem onun hayında deyildi. İlisə sığınıb, qızın qulağına nəsə pıçıldayırdı. Semixanın mənasız müqavimətinə məhəl qoymayan Con qızın zərif boynundan yapışıb, güclü qolları ilə onu özünə tərəf çəkdi, üzünü çevirib, bircə anın içində selikli ağzını onun moruq rəngli dodaqlarına yaxınlaşdırdı.

Semixa bu həyasızlıqdan sarsıldı. Buna heç cür haqq qazandırmaq olmazdı. Birdən içib sərxoş olan Con bütün ədəb-ərkanı unudub, daha da irəli getsə, necə olar?

Gözlərini süfrə arxasında oturanlara dikən Aşot əllərini yellədərək, yerindən sıçradı.

- Kişilər! - ucadan dedi. - Məncə, bir-birimizdən nəsə gizlətməyin, utanmağın, çəkinməyin, ehtiyat eləməyin yeri yoxdur. Görün, nə deyirəm, çox əla, orijinal, ağıllı təklifim var. Gəlin, bir müddət arvadlarımızı dəyişək. Necə fikirləşirsiz? Zənnimcə, xanımlarımız bu cür maraqlı təklifə qarşı çıxmaz, başqası ilə ehtiraslı, şirin anlar yaşamaqdan boyun qaçırmazlar, - Aşot şəhvət hissi ilə mırıldadı.

Eşitdiklərindən Semixanın nəfəsi kəsildi, bədənindən üşütmə keçdi. "Görəsən, bu axmaq zarafat edir, yoxsa, belə abırsız təklifi verməkdə ciddidir? Axı bu əsl azğınlıqdır".  

Amma sən demə, belə düşünən təkcə o imiş: İlislə Engelsina ürəkdən qəh-qəhə çəkdi, yanaqları qızardı, gözləri həvəslə parıldadı.

"Əgər ərlərimiz belə istəyirlərsə, əgər bu onların ürəyincədirsə, biz onların istəyinə qarşı çıxan deyilik, necə məsləhət bilirsiz, elə də eləyin", - nazlana-nazlana bir-birinə baxıb, razılıq verdilər.

Bayaqdan bəri səbrini basıb hər cür axmaqlıqlara dözən Semixa bu dəfə özünü ələ ala bilmədi. Təhqir olunmaq, qəzəb onun ruhunu titrətdi, yerindən qalxıb, qəzəblə çığırdı:

- Bu nədir belə? Təriflədiyiniz azadlıq, sərbəstlik budur?! Qızlar, nə olub sizə?! Vicdanınız harda qaldı, ləyaqətiniz, şərəfiniz necə oldu? Məgər, siz namusunu qorumaq üçün ölümü seçən qazax qızlarından deyilsiz?..

- Niyə özündən çıxmısan? Qazax qızlarının o birilərindən nəyi pisdir? - İlis mızıldandı. - Hansı namusdan dəm vurursan? Geniş miqyasda düşünsək, dediyin o namus bir çürük qoz da eləmir. İnsafla de, məgər biz fahişəyik? Yox! Məgər biz xaricdəki gözəlçələr kimi, xəlvətdə seksual tələblərimizi söndürüb ərlərimizə buynuz çıxartdırırıq?.. Yox, əlbəttə, yox! Bir də... məgər bu dəyişmək təklifi bizim fikrimizdir? Kişilərimiz belə istəyir... Əgər bilmək istəyirsənsə, bu, elə azad sevgidir. Bu, sevgiyə, hisslərə yeni baxışdır... Bu, yeni dövrün tələbidir... Başa düşmürsənsə, heç olmasa sus!

- Bəsdir, sən Allah... bizə dərs keçib özünü aydan arı, sudan duru göstərmə... aul mədəniyyətini də özünə saxla! Əgər köhnə fikirlərinlə həyatın tələb elədiyi yeni yanaşmalara uyğunlaşa bilmirsənsə, dilini dinməz yerinə qoy, səsini kəs, axmaqlıq eləmə, - Engelsina kinayə ilə dedi.

Adətən ağıllı, təmkinli olan Sem nə ki var qəzəblənib özündən çıxdı, az qala arvadına hücum edib onu parçalayacaqdı. Dodaqlarını kinayə ilə büzən Aşot söhbətə müdaxilə etdi:

- Sem, təzə evlənməyə hazırlaşanda sənə dediklərimi xatırlayırsan? O vaxt mənim fikirlərimlə razılaşmamışdın, bildiyin kimi elədin. Bu da nəticəsi.

- Mən də onu dilə tutmağa çalışmışdım, - qəzəblənmiş Con söylədi. Özündən çıxmış Sem qəzəbli baxışlarını arvadına dikdi, yalnız Saparqulla özünün arasında qalmalı olan sirri açıb tökdü:

- Eee, sizin heç nədən xəbəriniz yoxdur! Bunu sizdən gizlədirdim, sirr kimi saxlayırdım. Təsəvvür eləyirsiz, sən demə, mənə qədər bir oğlan bunun üzünə baxmayıb, buna meyil salmayıb. Bu yaşa çatana qədər heç kəslə olmayıb! Belə bir şeyi təsəvvür eləmək olar?!

- Hə-ə-ə! - İlis qəh-qəhə çəkdi. - Demək, kişilər bundan yan qaçıblar, heç kəs buna meyil salmayıb... Maraqlı məsələdir! Ah, yazıq Sem... Bircə axmaq sən çıxmısan, bu heç kəsə lazım olmayan qız uşağını seçmisən. Öz cəzandır!

- Yox, inana bilmərəm! Belə şey ola bilməz! Sem, zarafat eləyirsən? Əgər dediklərin doğrudursa, onda belə çıxır ki sənin Semixan... əsl... ondandır... - deyən Engelsina uğunub getdi..

Artıq burada qalmağını mənasız bilən Semixa cəld ayağa qalxdı, tez-tələsik hazırlaşıb, yolu-izi bilmədən başını götürüb qaçdı. Ayaq saxlamaq, üzünü çevirib geridə saxladığı miskin, abırsız, iyrənc, alçaq insancıqlara baxmaq belə istəmirdi.

 

IV

 

- Semixa, səncə, dünənki hərəkətinə nə ad qoymaq olar?

- Əksinə, bu sualı mən sənə verməyə hazırlaşırdım...

- Niyə?! Mən sənin kimi, yonulmamış xassiyyət nümayiş eləmədim. Dostlarımın kefinə soğan doğramadım, gül kimi qonaqlığı onların burnundan tökmədim. Sənsə... dostlarıma qarşı hörmətsizlik elədin, mədəniyyətsizliyini göstərdin.

- Mədəniyyətsizlik? Demək, mən mədəniyyətsiz oldum hə? Ha-ha-ha! Yoxsa, məni ələ salırsan? Demək, şərəfimi alçaltmaqdan, namusuma tüpürməkdən zövq alırsan? Dəhşətdir! Gör, bir nəyə çevrilmişik!

- "Gör bir nəyə çevrilmişik" deməklə nəyə eyham vurursan? Doğrudanmı, nəsə, qeyri-adi, ağlagəlməz bir şey baş verib? Məgər, dostlarla, tanışlarla öpüşmək günahdır? Yaxşı, özün bilərsən... arvadları dəyişməyi təklif eləyirsə... razılaşmırsan, razılaşma... Ola bilsin, belə şeylər sənə qeyri-təbii görünür, belə şeylərə alışmamısan. Amma onlar üçün bütün bunlar - boş şeydir, burada qeyri-adi heç nə yoxdur. Yeri gəlmişkən, indi əksəriyyət, dostlarımız da daxil olmaqla - belə düşünürlər. Ona görə də buna qarşı çıxa bilmirəm, geridə qalmış biri kimi qəbul olunmaq istəmirəm. Əks halda, məni başa düşməzlər, gülüş hədəfinə çevrilərəm. Sənsə, boş yerə özündən çıxdın, tərbiyəsizlik elədin.

- Tərbiyəsizlik? Sən nədən danışırsan?! Məgər, bütün qazaxlar, bütün insanlıq abır-həya gözləməyi, əxlaq normalarına riayət eləməyi, tərbiyəli olmağı eyni cür qəbul eləmirlər? Ümumiyyətlə, heç bilirsən, insanlıq nədir, mənəviyyat nədir? Bütün bunların başında özünə hörmət dayanır, təmiz vicdan dayanır, ləyaqətini qorumaq dayanır. Tüpürüm, sizin yeni əxlaq normalarınıza. Sizin ağlınızdan keçənlər, sadəcə, əxlaq pozğunluğundan, mənəviyyatsızlıqdan, ifrat müasirlikdən başqa bir şey deyil.

- Hey-hey, bəsdir, ağzına gələni danşdın! Özünü qürurlu göstərdin, yetər. Əvvəlcə, yadına sal, gör, səni elə adlı-sanlı adamların içinə soxan kimdir. Bir də axı, mən nə vaxta qədər sənin qəbilə adətlərinə göz yummalıyam, geridə qalmış aul təfəkkürünlə barışmalıyam?!

- Mən insan tərbiyəsindən danışıram, ünsiyyət mədəniyyətindən danışıram, ələ saldığın aul təfəkkürünün bura nə dəxli var? Görürəm, deyəsən, sadə həqiqətləri sənə anlatmağa gücüm çatmır, məncə, sizin kimilər belə şeyləri çətin başa düşərlər...

- Aha, belə çıxır ki, bircə ağıllı sənsən, bizsə, axmağın, başdanxarabın biriyiik. Demək, dostlarım da elədir. Onda danışmağımızın mənası yoxdur. Yolun açıq olsun! Yəqin qapının yerini unutmamısan.

 

V

 

Semlə Semixa ayrıldılar.

O yataqxanadakı əvvəlki mənzilinə qayıtdı, yaddaşına dəhşətli yuxu kimi yazılan təhqir olunmuş sevgisini, uğursuz nikahını unutmağa çalışdı, bütün diqqətini işinə ayırdı, əvvəlki vərdişlərini bərpa edib, sarsıntılardan qurtulmağa qərar verdi. İlk vaxtlar bunu bacara bildi. Lakin günlər keçdikcə ürəyi sıxılmağa başladı. Gecələr gördüyü kabuslar onu narahat etdi, anlaşılmaz depressiya tutmaları, narahatlıqlar üstünə hücum çəkdi. Belə anlarda, nədənsə, ürəyi şiddətlə döyünür, nəfəsi kəsilirdi: "Məgər, köhnə qazax, təzə qazax deyilən bir şey var? Yaxşı, əgər varsa, onları bir-birindən fərqləndirən nədir? Əgər bugünkü qazax əcdadlarını, hətta ata-anasını belə danırsa, babalarının adət-ənənəsindən üz çevirirsə, gələcəkdə bizi nə gözləyir? Qərbin həyat tərzinə aludə olub, onların istədiyi kimi yaşamağa başlasaq, öz milli-mənəvi keyfiyyətlərimizi danmaqla axırımız necə olacaq? Doğrudanmı, illərin, əsrlərin sınağından çıxmış milli dəyərlərimiz artıq mənasını itirib, heç nəyə yaramır, doğrudanmı, hər yerdə ləyaqətsizlik, prinsipsizlik baş alıb gedir? Məgər, bununla barışmaq olar? Bu ki biabırçılıqdır!"

Belə fikirlər Saparqulun beynini yorur, ona uzun, saysız-hesabsız yuxusuz gecələr gətirirdi, elədə gözlərini yuma bilmir, sıxılır, narahatlıq keçirirdi, qarışıq düşüncələri özündən uzaqlaşdırmağa gücü çatmırdı. Görəsən, hələ nə qədər belə əzab dolu, qaramat, mənəvi narahatlıq içində keçən gecə yazılmışdı onun taleyinə...

Artıq Saparqul gecələr də, gündüzlər də özünə yer tapa bilmirdi. Üstəlik, bu hisslərdən qurtulmaq üçün nəsə, bir çıxış yolu görmürdü.

"Qoy, hər şey cəhənnəm olsun! Doğrudanmı, hər şeyə görə günahkar mənəm? Axı niyə mən də onlar kimi doğma torpağımda azad, qayğısız gəzə bilmirəm, niyə özümü təhqir olunmuş, artıq biri hesab edirəm?

Qarışıq fikirlərdən özünə yer tapmayan Saparqul qalxıb eyvana çıxdı.  

Amma ürək sarsıdan, narahat fikirlər yenə əvvəlki kimi ona hücum edirdi. "Ruha qurban verəndə - mal-heyvan kəsirlər, vicdan isə - ruhun qurbanıdır", - axı əsrlər boyu qazaxlar bu inanca əməl ediblər. Doğrudanmı, deyilənlərə itaətlə əməl etməyim, başıma yeritdikləri hər sözə kor-koranə inanmağım mənim günahımdır? Bəlkə, iffətli olmağı, namusumu qorumağı, ruhumu mələk kimi saf saxlamağı seçməkdə günah iş tutmuşam?

Sinəsi hansısa, anlaşılmaz, kobud qüvvənin təsirindən sıxıldı, nəfəsi daraldı, ürəyi şiddətli döyündü. Bulanıq, zəhər kimi acı fikirlər tufandan əvvəl səmanı bürüyən qara buludlara çevrilib gözlərinə pərdə çəkdi. Saparqul əvvəllər ona dəstək olan, onu ayaqda tutan gücün tükəndiyini anladı, özünü balaca, köməksiz, bəxbəxt, həyatdan küskün, ətraf aləmə marağını itirmiş, xoşbəxtlikdən büsbütün məhrum olmuş varlıq kimi hiss etdi.

Bu gərginliyə əsəbləri tab gətirmədi. Qəhər onu boğdu, içindən ürək parçalayan fəryaq qopdu, Saparqul sarsıntı içində:

"İlahi, - dedi, - sənin qarşında nə günahım var? Nəyə görə məni cəzalandırırsan? Niyə məni dalana dirəmisən? Çıxış yolu hardadır? Allahım, mənə rəhmin gəlsin, nə edəcəyimi söylə, mənə doğru yol göstər! Mən indi kiməm?.. Kimə lazımam?!" - özünü ələ ala bilməyən, hisslərini cilovlamağa çətinlik çəkən Saparqul hönkürüb ağlamağa başladı.

Hönkürtülərini kiminsə eşidəcəyindən narahat deyildi. Başını qaldırıb yuxarı baxdı, aylarla içinə dolan qəzəbi, sarsıntıları, ürəyindəki qədərsiz ağrıları, çiyinlərini əzən ağır yükü vulkan kimi püskürdü. Həyat öz quduz dişlərini amansızlıqla ona qıcamışdı.

Yaşamaq istəmirdi...

 

 

Tərcümə etdi: Qi Or EL

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!