Şişman - Raymond Karverin hekayəsi

 

Rəfiqəm Ritagildə bir fincan qəhvə içib, siqaret tüstülətdiyim dəqiqələrdə bütün bunları ona nağıl edirəm.

Danışdıqlarım isə aşağıdakılardan ibarətdir:

Həmin çərşənbə günü heç bitib-tükənmək bilmirdi və budur, vaxt öldürdüyüm məkan tam qapanana yaxın Herb o şişman hərifi gətirib, məhz mənim qulluq elədiyim masanın arxasında oturdur.

Zahirən təmizkar, baxımlı görünsə də, üstəlik, yetərincə zövqlə geyinsə də, mən bütün həyatım boyu ondan daha şişman birisinə hələlik rast gəlməmişdim. Sahib olduğu hər şey öz iriliyi ilə seçilir. Yaddaşımda ən dərin iz buraxan isə onun məhz barmaqlarıydı. Qonşu masadakı cütlüyə tərəf yönəldiyim vaxt özümdən ixtiyarsız o barmaqlar diqqətimi özünə çəkdi. Digər insanlarınkı ilə müqayisədə bunlar üç qat uzun idilər - hə, həm hədsiz uzun, həm də qalın və toppuş. 

Nə isə... deməli, mənə tapşırılan digər masalara qulluq edirəm: onlardan birinin arxasında şıltaqlığıyla seçilən dörd nəfər iş adamı, digərində yenə dörd nəfərlik - üç kişi və bir xanımdan ibarət dəstə, üçüncüsündə isə dediyim o cütlük oturub. Leander bizim şişmanın qədəhinə su süzür, mən isə bilərəkdən ona yaxınlaşmır, seçimini etsin deyə, müştəriyə müəyyən zaman tanıyıram. Ən axırda ona üz tutub, deyirəm:

- Axşamınız xeyir. Hə, nə sifariş edəcəkdiniz?

(Rita, o hərif yekəpər, həm də hədsiz dərəcədə yekəpər biriydi!)

O da mənə qarşılıq verərək:

- Axşamınız xeyir. Sizi salamlayırıq, - dedi. - Hə, məncə, biz artıq öz sifarişimizi verməyə  hazırıq.   

Sən demə, bu hərifin danışıq tərzi belə, yəni əndirəbadi imiş. Üstəlik, az qala hər sözdən sonra adam hıqqıldanırdı. Sifarişini verdi:

- Başlanğıc üçün hər halda biz "Sezar" salatına üstünlük verəcəyik. Ardınca bir boşqab şorbanın yanında, zəhmət deyilsə, çörək və yağ dilimləri gətirərsiniz. Dana basdırmasına da biz "yox" demərik. Bir də xama ilə kartof soyutmasını da qeyd eləyin. Desertlə bağlı qərarımızı isə nisbətən gec verəcəyik. Dərin təşəkkürlər, - deyib, menyunu mənə qaytardı.

(İlahi, Rita, o nə barmaqlar idi elə?!)        

Mətbəxə qaçıb, sifarişi diktə etdiyim anlarda bizim Rudinin sifəti turşumuş qatığı xatırladır. Axı iş saatları boyu həmin ifadə onun sir-sifətindən heç əskik olmur.

Mətbəxdən çıxanda Marqo ilə rastlaşıram. Onun barəsində sənə danışmışdım da? Hə, Rudinin boynuna atılan o ləçəri nəzərdə tuturam. Marqo ağız-burnunu büzərək deyir: "Sənin o yekəpər tanışın nəçidir elə? Əcəb də şişmanmış ha!"   

Hər şey də məhz elə bundan sonra başlandı. Hə, şəxsən mənə elə gəlir ki, hər şey bunun ardınca baş alıb getdi.

"Sezar" salatını mən elə müştəri masasının böyründə dayanmaqla hazırlayıram, gonbul isə yağ yaxdığı çörək dilimlərini bir kənara düzməklə bərabər, mənim hər hərəkətimə göz qoyur, eyni vaxtda durmadan hıqqıldayır.

Nə isə əsəblərim necə tarım çəkilibsə, onun qarşısındakı suyla dolu stəkanı aşırıram. Dil-ağız etməli oluram:

- Üzr istəyirəm. Elə ki tələsdim, axırı həmişə bu cür bitir. Üzrümü qəbul edin. Üstünüz islanmadı ki? - soruşuram. - İndicə köməkçimi çağıraram, üstünüzü silər.

- Heç nə olmaz, - dediyi vaxt o, yenə nıqqıldanır. - Belə şeylərdən bizlər cırnayıb-eləmirik, siz he-e-ç narahat olmayın, - gülümsünərək, əlini havada yelləyir.

Deməli, mən Leanderin ardınca yollanıram, salatı boşqaba çəkməyə hazırlaşdığım anlarda isə gonbulun bayaqkı yaxmacların hamısının dalından dəydiyinin fərqinə varıram.

Bir qədər aradan sonra, yəni salatı bitirəndə, ona bir neçə dilim də çörək gətirirəm. Amma onun yeyib-bitirdiyi də kefin istəyən "Sezar"dır ha, yəni porsiya baxımından böyükdür.     

- Siz çox qayğıkeşsiniz, - deyir və əlavə edir. - Çörək də misilsizdir.

- Təşəkkürlər, - deyirəm.

Sözünün ardını gətirir:

- Səmimiyyətimizə inana bilərsiniz, o həqiqətən də ləzzətlidir. Bu cür ləziz çörək yemək bizə hələm-hələm nəsib olmur axı, - deyə etiraf eləyir.

Maraqlanıram:

- Siz burada yenisiniz deyəsən? Çünki indiyədək sizi bu məkanda heç görməmişəm.

(Rita hırıldayır: - Hə də, yoxsa elə birisini necə unudacaqdın?!)

- Denverdən, - deyir.  

Hər nə qədər maraqlı gəlsə belə, daha ona başqa suallar vermirəm. O şıltaq biznesmenlərin əyləşdiyi masaya - arzu etdikləri bir şey varmı-yoxmu deyə - yanaşmazdan öncə şişmana bildirirəm:

- Şorbanız da bir neçə dəqiqəyə hazır olacaq, ser.

Amma şorbanı qabağına qoyduğum vaxt nə görsəm, yaxşıdır? Çörək dilimlərini o, yenə yeyib-bitirmək üzrədir və indi də sonuncu tikəni ağzına qoyarkən hıqqıldanaraq deyir:

- Düzünü desəm, biz həmişə bu qədər yemirik ha. Siz bunu görməmişliyimizə-filana yozmayın.

Mən də malalamağa çalışıram:

- O nə sözdür?! Kişilərin yemək yeməsinə, həm də belə iştahayla yeməsinə tamaşa eləmək şəxsən mənim ürəyimcədir.

- Nə bilim, vallah, - deyir.

Ancaq "ürəyimcədir"i elə-belə deməmişdim və o mənim tərəfimdən səmimi bir etiraf sayılmalıydı.

Şişman yenə hıqqıldanır, salfetini səliqəyə saldıqdan sonra qaşığı əlinə alır.

Leander mənə pıçıldayır:

- Əcəb də "bozqarın"mış ha bu!

Cavabım ləngimir:

- Bunun günahı onda deyil. Odur ki, ağzını yum.

Özüm isə çörək və yağ dilimləriylə dolu daha bir qabı süfrəyə qoyub, soruşuram:

- Şorbanı bəyəndiniz?

- Təşəkkürlər. Ləzzətli idi, - deyir. - Çox ləzzətliydi, - deyib, əvvəlcə dodaqlarını, sonra isə çənəsinin tərini salfetlə silib, soruşur. - Sizcə necə, bu məkan bürkülüdür, yoxsa mənə elə gəlir?

Razılaşmalı oluram:

- Hə, bürkülüdür.

- Əgər elədirsə, onda yəqin pencəyi soyunmamız yerinə düşər.

- Əlbəttə ki, soyunun, - deyirəm. - İnsan özünə rahatlıq haqqı tanımalıdır, ya yox?!

- Orası elədir, - deyir, - həm də tamamilə doğrudur.      

Ancaq az sonra onun hələ də pencəyini çıxarmadığı nəzərimdən yayınmır.

Masalarım artıq boşalıb, əvvəlcə digərləri, sonra isə o cütlük də durub, məkanı tərk edir. Restoran boşalır. Mən isə dana basdırmasını, kartof soyutmasını, yenə çörək və yağ dilimləriylə dolu boşqabları gətirib, bu şişmanın qarşısına düzürəm. Zalda tək qalıb o.

Kartofun üzərinə gen-bol xama yaxıram. Onun üstündən isə doğranmış soğan və bekon (duzlu və qaxaclanmış donuz əti - A.Y.) tikələri səpib, maraqlanıram:

- Başqa bir istəyiniz varmı?

O, hıqqıldanaraq deyir:

- Yox, hər şey əladır. Hər şey misilsizdir, təşəkkürlər, - deyərkən təkrar nıqqıldanır.    

- Nuş olsun, - deyirəm.

Qapağını qaldırdığım qəndqabının içinə baxıram. O, başını tərpədir və ta mən zalı tərk edənə qədər baxışlarını məndən çəkmir.

Heç bilmirəm ey, onda niyə elə davranırdım. Hə, deyə bilmirəm ki, niyə.

Harriyet soruşur:

- Hə, şişmanımız orada neyləyir? Lap axırda o, səni də çərlədib öldürəcək.

Tanıyırsan da o Harriyeti?!   

Şişmana deyirəm:

- Desert olaraq, biz sizə "Yaşıl fənərcik" adını verdiyimiz, üzərinə cürbəcür sirop gəzdirdiyimiz bir pudinq növünü təklif eləyə bilərik. Bundan əlavə, hələ çizkeykimiz, vanilli plombirimiz və ananaslı şərbətimiz də var.

Qayğıkeş bir görkəmlə hıqqıldanan müştərim soruşur:

- Təsadüfən biz bu məkanın bağlanmasını ləngitmirik ki?

- Yox, canım, - deyirəm. Əlbəttə ki, yox. Hələlik sizə bir fincan qəhvə gətirim, o vaxta qədər desert seçiminizi də edin.

Oturduğu stulda yüngülvarı qurcuxaraq deyir:

- Əgər səmimi etiraf edəcək olsaq, biz o "Fənərcik"dən də, vanilli plombirdən də heç imtina eləməzdik. Üzərinə şokolad siropu gəzdirilmək şərtiylə, əlbəttə. Axı bayaq da boynumuza aldıq ki, biz möh-h-kəm acmışıq.    

Desertin sırf müştərinin sifarişinə uyğun hazırlanmasına nəzarət məqsədiylə mətbəxə yollanıram. Rudi məni görcək dillənir:

- Harriyetin dediyinə görə, sən bayaqdan bəri oradakı sirk heyvanına bənzəyən hərifi bəsləməklə girincmişsən. Doğrudan o adam deyildiyi qədər şişmandır ki?

Cırnadığı üçün o, öz aşpaz papağını və xələtini çıxarır. İzaha keçməli oluram:

- Hə, Rudi, tutalım elə, müştərimiz şişmandır. Axı bunun məsələyə nə dəxli varmış?!

Cavab əvəzinə o, hırıldayaraq, rişxəndlə deyir:

- Məni qınamasalar, deyərdim ki, xanım qızımızda gonbullara rəğbət yaranıb.    

Tam da bu yerdə mətbəxə girən Coan xəbərdarlıq edir:

- Rudi, gözünü bu qızların üstündən heç çəkmirsən ha.

Rudi də dillənir:

- Qısqanmalıyam da. Əlimdən başqa nə gələr?!

"Fənərcik"i aparıb, şişmanın düz qarşısına, onun böyrünə isə üzərinə şokolad siropu gəzdirilmiş iri bir vanilli plombir porsiyasını qoyuram.

Təşəkkürünü dilə gətirir.

O ara: "Nuş olsun" - desəm də, içimdə anlaşılmaz bir narahatlıq hissi baş qaldırır.

O, yenə izaha gərək duyur:

- Desəm, bəlkə heç inanmayacaqsınız, amma bizlər həmişə bunca yemirik.     

Deyirəm:

- Mən isə hər nə qədər yeyirəmsə, yeyim, əsla kökəlmirəm. Halbuki bir azca kökəlmək istərdim.

- Yo-o-xx, - deyir, - bizlər bunu diləmərik. Amma başqa çıxış yolumuz da yoxdur. Yoxdur və... vəssalam.

Bunun ardınca qaşığı əlinə alıb, yeməyə girişir.

Mənim siqaretlərimdən birini yandıran və oturduğu stulu masanın bir az da yaxınına çəkən Rita maraqla soruşur:

- Bəs sonra nə oldu? Get-gedə maraq məni bürüyür axı.

- Sonra heç nə olmadı. Məsələ elə bununla da bitdi. O, desertini yeyib, getdi, biz də - Rudi ilə mən - evə yollandıq.

Yorulub, əldən düşdüyü vaxtlarda adəti üzrə Rudi durmadan gərnəşir. O axşam hər dəfə o şişman müştərini xatırlayarkən elə hey: "Vay səni, bozqarın!" - deyir, sonra təkrar gözlərini qarşısındakı televizorun ekranına zilləyirdi.

Çaydanı sobanın üstünə qoyub, duş almağa gedirəm. Orada əlimi qarnımın üzərinə qoyub düşünürəm ki, birdən mənim də doğacağım uşaqlardan biri elə o hərif qədər şişman olar ha, onda neyləyərəm?!

Sonra dəm çaydanının üstünə qaynar su alıb, fincanları, şəkərqabını, yağı alınmış qaymaq qutusunu məcməyiyə qoyur, bütün bunları Rudinin yanına aparıram. Rudi isə bayaqdan bəri sırf bu barədə düşünürmüş kimi, deyir:

- Uşaq vaxtı mən də bir, yox, hətta iki şişman oğlan tanıyırdım - ikisi də əsl çoşqaya bənzəyirdi. İlahi, onların necə gonbul olduğunu kaş sən özün görəydin! İndi heç adlarını da xatırlamıram. Birini onsuz da "Şişman" deyə çağırırdıq, əsl adı tamam unudulub getmişdi. O, bizimlə qapıbir qonşu idi. Sonradan o ikincinin də ailəsi binamızda məskunlaşdı. Biz ona "Xaş" ayaması taxmışdıq. Müəllimləri çıxmaq şərtiylə, hamı onları məhz bu cür çağırırdı. Hayıf ki, məndə fotoları da qalmayıb.           

Ona nə cavab verəcəyimi bilmirəm, odur ki, çayımızı içirik və az sonra mən yatmağa gedirəm. Rudi də yerindən qalxıb, televizoru söndürür, giriş qapısını arxadan kilidləyir və əyin-başını soyunmağa başlayır.

Çarpayının lap kənarına qısılmaqla, qarnıüstə uzanıram. İşığı keçirib, yatağa girən kimi, yenə Rudinin canını ehtiras bürüyür. Mən isə kürəyiüstə çevrilməklə, nisbətən rahatlanmaqdan başqa heç nə diləmirəm. Qəfildən bir duyğu bütün varlığıma hakim kəsilir... O, üstümə qalxdığı an elə sanıram ki, mən də şişman birisiyəm. Hədsiz, hətta qorxunc dərəcədə şişman biri olduğum üçün Rudi mənə cılız və çəlimsiz görünməyə başlayır, hətta mən onunla təmasları da hiss etməkdə acizləşirəm...      

- Məzəli əhvalatdır, - desə də, fərqindəyəm ki, bütün bu danışdıqlarıma necə reaksiya vermək barədə elə Rita da karıxıb, qalıb.

Özümü belə bir cür, naqolay hiss edirəm. Ancaq rəfiqəmə nəyisə açıqlamağa da bir gərək duymuram. Onsuz da hər şeyi ona geninə-boluna anlatdım da.

Öz şana barmaqlarıyla saçlarını tumarlayan Rita isə oturub gözləyir.

Görəsən daha nə deməmi gözləyir belə?

İndi avqustdur.

Tezliklə yaşam tərzim dəyişəsidir. Buna heç şübhə ola bilməz.

 

Tərcümə: Azad Yaşar

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!