Dünyanın ən eybəcər qadını - Nobel mükafatçısı Olqa Tokarçukun hekayəsi

Olqa Tokarçuk

(Polşa)

Polşada doğulub; o, Varşava Universitetinin psixologiya fakültəsini bitirib. Bir müddət psixoterapevt işləyəndən sonra yazıçılığa başlayıb. Hazırda Vrotslavda yaşayır. "Siyasi tənqid" adlı sol liberal jurnalın redaksiya heyətinin üzvüdür. Ona şöhrət gətirən "Uçuşlar" (2007) adlı romanı olub, Olqa məhz bu romana görə nüfuzlu "Buker" mükafatına layiq görülüb. 2018-ci ildə isə ona Ədəbiyyat üzrə "Nobel" mükafatı verilib. Tokarçuk polyak ədəbiyyatının ən yaxşı yazıçılarından biri hesab olunur, tənqidçilər və oxucular onun haqqında müsbət rəylər söyləyiblər: onun yazıçı zövqü yaxşıdır, savadı, dünyagörüşü, dərin fəlsəfi biliyi və hekayəçilik məharəti danılmazdır. O, filosof yazıçıdır, ezoterikanın bilicisi kimi tanınıb. Olqaya görə insan eyni yerdə batıb qalsa, daim Şərin hücumuyla qarşılaşar, lakin daimi yerdəyişmə ona azad və təhlükəsiz yaşamaq üçün motivasiya verə bilər. Aşağıda Olqanın bir hekayəsini Kamran Nəzirlinin tərcüməsində oxuculara təqdim edirik.

 

 

nyanın ən eybər qadı

 

Hekayə

 

O dünyanın ən eybəcər qadınıyla evlənmişdi. Vyanaya da məhz o qadının dalınca getmişdi. Heç bir niyyəti-filanı yox idi; lakin ağlına belə gətirməzdi ki, bu çirkin qadını özünə arvad edəcək. İlk dəfə qadını görən kimi şoka düşdü, gözünü ondan çəkə bilmədi. Qadının yekə başında şişlər vardı, qoturluydu. Xırda və daim nəmli gözləri qırışlı alnının altındakı dərin uçuqlarda yerləşmişdi, uzaqdan yarıq təsiri bağışlayırdılar. Elə bil burnu da bir neçə yerdən sınmışdı; burnunun ucunu isə çox qəribə tük basmışdı. İri əyri dodaqları aralı qalırdı, suluydu və onların arasından iti dişləri görünürdü. Bundan əlavə (sanki bütün bunlar kifayət deyilmiş kimi!) qadının sifətində nadir yumşaq tüklər əmələ gəlmişdi.

Qadın tamaşaçılara özünü göstərmək üçün səyyar sirkin karton dekorları dalından çıxdı və o da elə ilk dəfə qadını bu zaman gördü. Onun heyrət və təəccüb dolu nidaları tamaşaçıların başı üzərindən uçub manejə yayıldı. Qadın elə bil gülümsədi, lakin bu təbəssüm yalançı və darıxdırıcı kimi göründü. Qadın tərpənmirdi, hərəkətsiz halda durmuşdu, yəqin başa düşürdü ki, ona onlarla göz baxır; yəqin o hər bir xırda detalı acgözlüklə yadda saxlamaq istəyirdi ki, sonradan onları tanışlarına, qonşularına və ya uşaqlarına təsvir etsin, sonra da bütün bunları güzgüdə öz həqiqi əksiylə müqayisə edə bilsin. Və yəqin ki, daha sonra da rahat nəfəs alacaqdı. Qadın çox təmkinlə durmuşdu; o, elə bil başqalarından öz üstünlüyünü hiss edirdi, adamların başları üstündən yuxarıya, evlərin damlarına baxırdı.

Nəhayət, kimsə bu şok vəziyyətdən qurtulub sükutu pozdu və:

- Hə, bir söz de də! - qışqırdı.

Qadın səs gələn tərəfə baxdı, səs sahibini görməyə çalışdı, amma bu vaxt karton pərdə arxasından gombul bir aparıcı çıxıb Dünyanın Ən Eybəcər Qadınının əvəzinə cavab verdi:

- O danışmır.

- Onda sən danış onun tarixçəsini, - həmin səs tələb elədi. Gombul aparıcı bir qədər öskürdü, sonra başladı danışmağa.

Sonralar oğlan tanınmış sirk impresariosu olanda qadınla birlikdə sirk furqonunda qızdırıcı dəmir peçin yanında çay içərdi. Ona elə gəlirdi ki, qadın pis deyil, axmaq da deyil, təbii ki, danışır, özü də ağıllı söhbətlər edir. Qadına sınayıcı maraqla baxır, təbiətin bu "şedevr" möcüzəsinə heyranlığını boğmaq üçün içiylə qeyri-ixtiyari savaşa çalışırdı. Qadın bunu anlamışdı, demişdi:

- Sən elə bilirdin mənim sözlərim də sifətim kimi çirkin və qəribə olacaq, hə?

O isə susmuşdu.

Ən Eybəcər Qadın russayağı qulpsuz parça samovardan çay süzüb qəndlə içərdi.

Oğlan tez bir zamanda anladı ki, qadın bir neçə dildə danışır, amma görünür, heç birini yaxşı bilmir, çünki söhbət zamanı tez-tez bir dildən o biri dilə keçirdi. Burda təəccüblü bir şey də yox idi: qadın hər cür əcaib tiplər olan sirkdə, beynəlxalq truppa arasında böyümüşdü, heç vaxt bir şəhərdə iki dəfə olmamışdı.

- Bilirəm nə düşünürsüz, - deyə qadın şişkin xırda heyvani gözlərini oğlana dikdi, bir anlıq susub əlavə elədi: - Anasını tanımayanın ana dili olmaz. Mən bir neçə dildə danışıram, lakin bu dillərin heç biri mənimki deyil.

Oğlan bilmədi nə cavab versin. Qadın qəflətən onu qıcıqlandırmışdı, səbəbini də bilmədi. Qadın ağıllı və hazırlıqlıydı, hətta işgüzar görünürdü, oğlan isə qadından tamam başqa şey gözləyirdi. Sonra o xudahafizləşdi, təəccüblü də olsa, qadın ona qadın kimi əl verdi, yəni xanımların jesti kimi əlini qabağa uzatdı. Çox gözəl əl idi; oğlan da əyildi, lakin dodaqlarını qadının əlinə toxundurmadı.

Oğlan çarpayıda uzanıb gözlərini rütubətli və havasız hotel otağının qaranlığına zilləmişdi, qadın barədə düşünürdü. Qaranlıq onun xəyallarına qanad verirdi, fikirləri, qarmaqarışıq düşüncələri onu rahat buraxmırdı: necə ola bilər axı bu? Belə bir qadın necə ola bilər ki?! Görəsən bunu içində necə hiss edərsən? Donuz gözlərinə bənzəyən o gözlər görəsən dünyanı necə görür? Görəsən o eybəcər burundan necə nəfəs alır? Qoxuları necə duyur? Yuyunanda öz bədəninə necə toxunur? Saçlarını necə darayır? Bütün bu ən xırda və adi hərəkətləri necə yerinə yetirir axı?

Lakin oğlanda Ən Eybəcər Qadına heç vaxt mərhəmət hissi oyanmamışdı; əgər qadına yazığı gəlsəydi, onu özünə arvad edəcəyini ağlına gətirməzdi.

Sonradan bəziləri bu tarixçədən danışacaqdılar, onu "bədbəxt sevgi tarixçəsi" kimi nəql edəcəkdilər: guya oğlan qadına bütün qəlbiylə bağlanmış, bu balaca eybəcər sifətli mələyi sevirmiş. Belə bir şey görünməyib heç vaxt! Onunla görüşdən sonrakı ilk gecədə oğlan heç cür təsəvvür edə bilmirdi: bu əcaib varlıqla necə yatağa girib sevişəcək? Onunla necə öpüşəcək? Paltarını necə soyunduracaq?

O, sirkin ətrafında bir neçə həftə gəzib-dolaşandan sonra çıxıb getdi, lakin yenə qayıtdı. Sirkin direktoruyla tanış oldu, onun etibarını qazandı. Brnoda sirk üçün müqavilə təşkil elədi, onlarla birlikdə ora getdi və beləliklə, sirkin yaxın adamı oldu. Ona bilet satmağa icazə verdilər, sonra da o, həmin gombul aparıcını əvəz elədi, özü də yaxşı əvəz elədi, sirkin yöndəmsiz pərdəsi açılmamış tamaşaçıları qızışdıra bildi.

- Yumun gözlərinizi, - deyə oğlan qışqırırdı, - məxsusən qadınlara və uşaqlara aiddir, çünki onların gözləri belə eybəcər qadına baxıb tab gətirə bilməzlər! Təbiətin bu qəribə möcüzəsini görən adam rahat yata bilməz, onu dəhşət bürüyər. Və bəlkə o, Yaradana da şübhə ilə baxacaq...

Və belə anlarda o, bir qədər susurdu; cümlə yarımçıq kimi görünürdü, əslində isə sadəcə bilmirdi daha nə desin. Ona elə gəlirdi ki, "Yaradan" sözünün özü hər şeyi yoluna qoyur, hər şeyə lazımi işıq salır. Axı oğlan düşünürdü ki, başqalarının şübhə ilə baxdığı bu Yaradan əslində elə onun özünü seçib, ona çox nadir bir şans verib. Dünyanın Ən Eybəcər Qadınını! Ağılsız kişilər ən gözəl qadınlardan ötrü özlərini öldürüblər, duellərdə bir-birlərini güllələyiblər; bu sarsaqlar qadın şıltaqlıqlarından ötrü öz sərvətlərini belə dağıdıb israf ediblər. O isə tam əksinə - Ən Eybəcər Qadın əhliləşdirilmiş kədərli heyvan kimi onun qəlbinə girib. Bu qadın hamı kimi deyil. Bu qadın həm də ona qazanc imkanı verib. Əgər o, bu qadını özünə arvad eləsə, əlbəttə, kütlədən seçilərdi, başqalarında olmayan şey onda olardı.

Oğlan qadına çiçəklər alırdı; buketlər çox da gözəl deyildi, sadə və ucuz gül dəstələri kağız lentlərlə bağlanıb zərli folqaya bükülmüşdü. Oğlan qadına çit yaylıq alırdı, şokolad və kökə qutusu, işıldayan bant alırdı. Sonra yerindəcə donub sakitcə seyr edirdi; görürdü ki, qadın həmin bantı alnına sarıyır, açıq rəngli bant ona yaraşıq vermək əvəzinə adamı yalnız dəhşətə gətirirdi. Sonra görürdü ki, qadın şokolad qutusunu açıb içindəkiləri həddən artıq iri və yoğun diliylə yalayır, ağzının suyu dişləri arasından cod çənəsinə süzülür.

Oğlan onu gizlin-gizlin izləyirdi, ona kənardan baxmaq, onun hərəkətlərini seyr etmək xoşuna gəlirdi; səhərlər itirdi, gah çadırın dalında gizlənir, gah da furqonun dalına çəkilib baxırdı, ya da hardasa xəlvəti bir yerdə durub çəpərin arasındakı deşiklərdən saatlarla qadını izləyirdi. Qadın günəş şüaları altında durub qızınır, uzun müddət, amma asta-asta sanki məftun olmuş kimi seyrək saçlarını darayır, onları nazik hörüklərə ayırır, dərhal da açıb tökürdü, ya da elə bil nəsə toxuyurdu. Millər günəş şüası altında işıldayır, səs-küy dolu sirkin havasını dəlirdi. Qadın gah da çiyinləri açıq enli köynəkdə öz paltarlarını təknədə yuyurdu. Onun açıq rəngli xovlu yaylıqla örtülmüş çiyinləri və döşləri gözəl, samur xəzi kimi yumşaq idi.

Oğlanın izləmələri onun üçün çox vacib idi; çünki ikrah hissi günbəgün zəifləyirdi, günəş şəfəqlərində, qızmar havada çəmənlikdəki su kimi gözünün önündəcə əriyib gedirdi. O, getdikcə dözülməz uyğunsuzluğa alışırdı; bu uyğunsuzluq əndazəylə, bədbəxtliklə və ifratla təhrif edilmişdi. Hərdən ona elə gəlirdi ki, Ən Eybəcər Qadın elə adi bir qadındır.

Özünü narahat hiss edəndə hamıya deyirdi ki, vacib iş dalınca gedir: kiminləsə vacib görüşü var (hər dəfə də naməlum bir ad çəkirdi, ya da tanınmış bir familiyanı dilinə gətirirdi), deyirdi ki, kiminləsə tanış olacaq, danışıqlar aparacaq. Sonra uzunboğaz çəkməsini silməyə başlayırdı, ən yaxşı köynəyini yuyub təmizləyəndən sonra hara gəldi çıxıb gedirdi. Heç vaxt uzağa getmirdi. Elə qonşuluqda bir yer tapıb dayanırdı, kiminləsə içirdi. Hətta belə vaxtlarda da qadının xəyalını başından çıxara bilmirdi, başlayırdı Ən Eybəcər Qadın barədə danışmağa; sanki bu qaçışlar zamanı da onsuz yaşaya bilmirdi.

Və qəribədi ki, qadın onun ən böyük xəzinəsi olmuşdu. Oğlan məhz bu qadına görə kiməsə şərab qonaqlığı verir, qadının sifətini təsvir edirdi; hətta ən gözəl cavan qadınlarla bir yastığa baş qoyanda da Eybəcər Qadından danışırdı. Bu anlarda həmin gözəlçələr oğlanı məcbur edirdilər ki, yalnız Eybəcər Qadından danışsın onlara.

Qayıdanda özüylə bərabər qadının eybəcər hala düşməsi barədə yeni tarixçələr gətirirdi; çünki bilirdi ki, dünyada mövcud olan hər şeyin öz tarixçəsi var, heç nə elə belə yaranmır. Bu əfsanələri əvvəlcə qadına öyrətmək istəyirdi; istəyirdi ki, qadın özü bunları söyləsin; lakin çox tezliklə əmin oldu ki, Ən Eybəcər Qadın danışa bilmir, danışanda da hamısını qarışdırır, axırda da başlayır ağlamağa. Buna görə də özü başladı tarixçəni danışmağa. Yan tərəfdə durub əliylə qadını göstərir, deyirdi:

- Baxın, qarşınızda duran bu bədbəxt varlığın zahiri görünüşü sizin məsum baxışlarınız üçün demək olar ki, dözülməzdi; onun anası Şvartsvaldın yaxınlığındakı kənddə yaşayırmış. Və günlərin birində yay vaxtı o qadın meşəyə giləmeyvə yığmağa gedirmiş, vəhşi bir çöl donuzu da onu izləyirmiş. Və birdən həmin çöl donuzu vəhşi bir ehtirasla qadının üstünə atılır, o bədbəxt qadını altına basır, ona sahiblənir.

Bu anlarda tamaşaçılardan dəhşətli bir uğultu qopurdu, boğuq nida və gurultu səsləri eşidilirdi; bəzi qadınlar inadla müqavimət göstərən ərlərinin əllərindən tutub dartır, çıxıb getməyə can atırdılar.

Eybəcər qadının tarixçəsiylə bağlı oğlanın bir neçə versiyası da vardı.

- Bu qadın Allahın unutduğu bir yerdən gəlib. O zalım və daş ürəkli adamların nəslindəndir, onlar xəstə və kasıb adamlara əl tutmurmuşlar, buna görə də Allah onların kəndini cəzalandırıb, bu eybəcərliyi də nəsildən nəslə ötürüb.

Ya da başqa bir versiya uydururdu:

- Baxın, yüngül əxlaqlı qadınların uşaqlarını belə bir aqibət gözləyir. Budur sifilisin nəticəsi! Budur dəhşətli xəstəliklərin nəticəsi! Belə şeylər öz qurbanlarını beşinci nəslə kimi süpürüb tullayır!

Oğlan özünü günahkar hiss etmirdi. Bu versiyalardan hər biri həqiqət ola bilərdi.

- Mən öz valideynlərimi tanımıram, - Ən Eybəcər Qadın təkrar edirdi, - Mən elə hər zaman belə olmuşam. Körpəlikdən sirkə düşmüşəm. İndi heç kim bunun necə baş verdiyini xatırlamır.

Onların ilk birgə mövsümü başa çatanda sirk də həmişəki kimi ilin bu vaxtında tələsmədən qışı keçirtmək üçün Vyanaya qayıtdı; bu zaman oğlan qadına evlənmək təklifi elədi. Qadın qıpqırmızı qızardı, əsməyə başladı. Yavaşca "hə" dedi, sonra utana-utana başını oğlanın çiyninə qoydu. O, qadının ətrini duydu, yumşaq və sabun qoxusu gəlirdi ondan. Az sonra aralandı. Həyəcanla birgəyaşayış planları cızmağa başladı. Onlar gah orda, gah da burda olacaqdılar. Oğlan ora-bura var-gəl elədikcə qadın sakitcə durub kədərli baxışlarla onu süzürdü. Nəhayət, qadın onun əlindən tutub dedi: "istəyirəm hardasa uzaq bir yerdə yaşayaq, heç hara getməyək, heç kimlə ünsiyyətdə olmayaq". O, biş-düş edər, onların uşaqları, həyət-bacası olar...

- Dözə bilməzsən, - oğlan dedi. - Axı sən sirkdə böyümüsən, insan gözündən iraq olsan, ölərsən. İnsanlar sənə baxmalıdı, bu səninçün çox vacibdi, onlar səni görməlidir.

Qadın susdu.

Onlar Milad bayramı ərəfəsində kiçik bir kilsədə nişanlandılar. Dini ayini aparan keşiş az qala özündən gedəcəkdi, onun səsi titrədi. Yalnız kilsə adamlarını toya dəvət etmişdilər, oğlan demişdi ki, o da qadın kimi yetimdi, heç kimi yoxdur.

Artıq heç kim ayaq üstə dura bilmirdi, bütün butulkalar boşalmışdı. Yatağa girmək vaxtı çatmışdı. Qadın da kefliydi, oğlanın əlindən tutmuşdu. Bəy isə qonaqları dağılışmağa qoymadı, şərab dalınca adam göndərdi. İstəyirdi içib keflənsin, lakin keflənə bilmirdi. İçi çox narahat və həyəcanlıydı, əsirdi, sanki sim kimi dartılmışdı. Rahat deyildi, ayaqlarını bir-birinin üstünə belə aşıra bilmirdi. Yanaqları qızarmış halda dümdüz oturmuşdu, gözləri işıldayırdı.

- Əzizim, bəsdi, di gedək, - qadın bəyin qulağına pıçıldadı.

Oğlanı elə bil stula mıxlamışdılar, ona sanki gözəgörünməz sancaqlar batırmışdılar. Diqqətli müşahidəçi düşünə bilərdi ki, o çılpaq intim münasibətdən, cavan arvadıyla məcburi cinsi əlaqəyə girməkdən qorxur. Görəsən, doğrudanmı beləydi?

- Mənim üzümə toxun, - az sonra qaranlıqda qadın oğlandan xahiş elədi, lakin o bunu etmədi. Oğlan gəlinin üstünə elə formada çıxdı ki, yalnız qadının kölgəsini görə bildi, otağın qaranlığında sərhədsiz tutqun fiqurların ləkələri oynaşırdı. Sonra oğlan gözlərini yumdu (qadın bunu görə bilmədi), adəti üzrə başqa qadınlarla yataqda düşünüb-eləmədən necə rəftar edirdisə, bu qadınla da eynisini etdi və ona sahibləndi.

Növbəti mövsümdə onlar artıq müstəqil işə başladılar. O arvadına deyirdi ki, şəkil çəkdirsin, öz şəkillərini bütün dünyaya yaysın. Cavablar dərhal gəlirdi. Onların çoxsaylı çıxışları olurdu, hər yerə birinci dərəcəli sərnişinlər kimi səyahət edirdilər. Qadın hər yerdə başına üstündə boz qalın duvağı olan şlyapa qoyurdu, belə görkəmdə Romaya, Venetsiyaya, Yelisey meydanına gedirdi, oraları elə duvaqda seyr edirdi. Əri ona çoxlu don almışdı, arvadının korsetini də özü bağlayırdı. Onlar Avropa şəhərlərinin izdihamlı küçələrini gəzəndə adi cütlük kimi görünürdülər. Belə vaxtlarda da oğlan hərdən qaçıb aradan çıxırdı. Buna sadəcə adət eləmişdi, neyləyə bilərdi axı! Beləydi də, əbədi qaçqın! Bir də görürdün ki, canını qəflətən vahimə bürüdü, başlayırdı nevroz olmağa, durduğu yerdəcə tərləyirdi, nəfəsi çatmırdı. Belə hallarda bir ovuc pul və şlyapasını götürüb pilləkənlərlə aşağı cumurdu, limandakı fahişəxanalara gedirdi. Burada bütün bədəni anidən ləsəlir, sifəti sallanırdı, tükləri altında gizlənmiş dazlığı utanmaz-utanmaz üzə çıxırdı. Başlayırdı iştahla yeyib-içməyə, uşaq kimi nəsə anlaşılmaz sözlər danışır, donquldanırdı, sonra da hansısa ehtiraslı fahişəyə imkan verirdi ki, onun əllərini şapalaqlasın.

Arvadı onu ilk dəfə danlayanda o, bu eybəcər qadının qarnına zərbə vurdu; hətta belə anlarda da qadının sifətinə toxunmağa cürət eləmədi. O artıq nə sifilis, nə də meşədəki çöl donuzundan danışmırdı. Vyanadan tibb üzrə professordan məktub almışdı və bundan sonra arvadını camaata elmi dillə təqdim edirdi:

- Xanımlar və cənablar! Qarşınızda gördüyünüz varlıq təbiətin möcüzəsidi, mutantdı, təkamülün səhvidir, itmiş bir nəslin halqasıdı! Belə nüsxələr çox nadir hallarda meydana gəlir. Bu hal bura indicə meteoritin düşməsi ehtimalı qədər inanılmazdır. Bəxtiniz gətirib, siz mutasiyanın nəticəsini görmək fürsəti qazanırsız.

Təbii ki, onlar universitet professorunun yanında olmuşdular. Birlikdə müxtəlif pozalarda şəkil də çəkdirdilər: qadın oturdu, oğlan arxada ayaq üstə durmuş, əlini qadının çiyninə qoymuşdu.

Bir dəfə qadını başqa kabinetdə müayinə edən zaman professor oğlanla təklikdə qaldı, dedi:

- Maraqlıdı, görəsən bu mutasiya irsəndi? Siz heç uşaq barədə düşünmüsüz? Yoxlamısız bunu? Görəsən arvadınız, elə siz özünüz də buna necə baxarsız?

Professorla bu həssas söhbətdən az sonra qadın ərinə dedi ki, uşağa qalıb. O vaxtdan oğlanın içini təzadlı hisslər gəmirməyə başladı. O istəyirdi ki, arvadı ona özünə bənzəyən bir uşaq doğsun, o zaman onlar daha çox səyahətə gedər, daha çox dəvət alarlar. Hər bir halda, oğlan ömrünün axırına kimi dolana bilər, hətta qadının başına bir iş gəlsə belə, onun təminat sarıdan korluğu olmaz. Bəlkə, elə özü də şöhrətlənərdi? Lakin bunun ardınca başına dəhşətli fikirlər girirdi: birdən uşaq da eybəcər doğuldu, onda necə olacaq? Ən yaxşısı onu elə ana bətnindən çıxarıb tullamaqdı, belədə uşağı ananın zəhərli, əbədi lənətlənmiş qanından xilas etmək olardı. Yuxuda görmüşdü ki, qadının bətnindəki o özüdür, müəmmalı sevginin qurbanı olan oğludur! Və qadın uşağa öz bətnində əzab-əziyyət verir, uşaq orda getdikcə sifətini dəyişir. Ya da əksinə: yuxuda görürdü ki, elə o özü meşədəki həmin çöl donuzudur, bakirə qızı zorlayır. Belədə onu soyuq tər basırdı, ayılırdı, dua edirdi ki, qadın abort elətdirsin.

Qadının qarnı tamaşaçıları ruhlandırırdı. Onlar qadının eybəcərliyini daha rahat qarşılamağa başlamışdılar. Ona suallar yağdırırdılar; qadın utana-utana sakitcə və inamsız cavablar verirdi. Tanışları artıq uşağın oğlan və ya qız olacağı üstündə mərcə gəlirdilər. Qadın bütün bunları sakitcə qəbul edirdi.

Gecələr qadın düyməsiz uşaq köynəkləri tikirdi.

- Bilirsən, - qadın bir anlıq hərəkətsiz halda gözlərini hansısa uzaq bir əşyaya zilləyib ərinə deyirdi, - adamlar elə aciz olublar ki! Onlar çox yalqızdılar! Onlar mənim qarşımda oturub düz mənim sifətimə baxırlar, belədə onlara lap yazığım gəlir. Mənə elə gəlir ki, onlar tamam lazımsız və mənasız olublar! Həyat onlara bomboş görünür. Məncə, adamlar öz boşluqlarını doldurmaq üçün mütləq gərək nəyəsə doyunca baxmalıdılar. Hərdən mənə elə gəlir ki, onlar mənə həsəd aparırlar. Hər halda, hansısa qibtə hissiylə baxırlar mənə... Axı məndə nəsə var, hər halda nəsə qeyri-adilik var məndə. Onlarda... onlarda isə heç nə... fövqəl bir şey yoxdu... heç nə özlərinki deyil.

Oğlan bu sözləri eşidəndə ağzını büzdü.

Qadın gecə doğdu, rahat və sakitcə mürəxxəs oldu, lap heyvan kimi. Mamaça çağanın göbəyini kəsməyə gəldi. Oğlan ona bir topa kağız pul verdi, tapşırdı ki, bir az sussun, heç kimə bir söz deməsin. Sonra işıqları yandırdı ki, təzə doğulan çağanı görə bilsin. Ürəyi guppultu ilə döyünməyə başladı. Uşaq çox eybəcər idi, anasından da iyrənc və eybəcər görünürdü. Oğlan gözlərini yumdu, ürəyi bulandı, qusmağı gəldi. Handan-hana özünü ələ aldı, əmin oldu ki, qadının dediyi kimidi, körpə - qızdır.

O yenə zülmətə qərq olmuş şəhərə qaçdı; gah Vyanada oldu, gah da Berlində. Sulu qar yağırdı. Çəkmələri daş döşəməli küçələrdə kədərli-kədərli şappıldayırdı. İçini yenə təzadlı hisslər bürümüşdü: sevinc və kədər hissləri bütün varlığını gəmirirdi.

İçirdi, amma keflənə bilmirdi. Xəyallara dalırdı və qorxurdu. Bir neçə gündən sonra artıq reklam və səyahət planıyla qayıdırdı evə. Professora məktub yazdı. Fotoqraf dəvət elədi, o da əlləri əsə-əsə bir neçə şəkil çəkdi, ana və qızın dəhşətli eybəcərliyini fotoaparatın parlaq işığında lentə həkk elədi.

Qoy bir qış qurtarsın, yasəmənlər çiçək açsın, böyük şəhərlərin küçələri qurusun! Peterburq, Buxarest, Varşava və o biri şəhərlər... daha sonra Nyu York, Buenos-Ayres... Qoy bir səmanı mavilik bürüsün, səma nəhəng yelkən kimi yerin başı üstündə görünsün! Bütün dünya onun arvadı və qızının eybəcərliyinə heyrət edəcək, onların qarşısında diz çökəcəklər.

Təxminən elə həmin vaxtlar o ilk dəfə arvadını öpdü. Yox, yox, dodaqlarından yox, alnından öpdü. Qadın artıq ona tamam başqa gözlərlə baxırdı - bu, insan baxışlarıydı. Məhz elə bu anlar onun başında bir sual doğdu, o bu sualı arvadına verə bilmədi. "Sən kimsən? Kimsən sən? Axı sən kimsən?" səssizcə ürəyində, heç özü də bilmədən güzgünün qabağında üzünü qırxa-qırxa bu sualları içində başqalarına və özünə verdi. Ona elə gəldi ki, bir sirr açdı: ətrafdakı bütün insanlar maskalıdı! İnsan sifətləri maska altında gizlənib. Sanki bütün həyat Venesiya karnavalına bənzəyir! Hərdən sərxoş olanda (o ayıq başla belə səfeh-səfeh düşünə bilməzdi!) fantaziyasına qanad verir, sanki o maskaları çıxarırdı, maskalar yüngülcə çat verir və cırılır, açılırdı. Lakin nə görünürdü? Bilmirdi. Bütün bunlar ona əzab verirdi, elə əzab verirdi ki, o, arvadı və qızıyla bir evin içində çox vaxt keçirməyə belə dözmürdü. Qorxurdu ki, bir gün yolunu aza bilər, bu eybəcərliyi arvadının sifətindən soyub qopara bilər. Ya da barmaqlarıyla onun üzündə gizlənmiş yarıqları, yapışqanları tapa bilər, saçlarını eşələyə bilər. Gizlincə evdən çıxıb qaçırdı, gedib keflənirdi; sonra möhtəşəm səyahətlər barədə fikirləşirdi, afişalar düşünür, müqavilələr tərtib edirdi.

Lakin yazın əvvəlində "ispan qripi" epidemiyası yayıldı, ana-bala xəstələndi. Yan-yana uzandılar, qızdırma içində ağır-ağır nəfəs alırdılar. Hərdən qadın panik refleksə tabe olaraq uşağı özünə bərk-bərk sıxırdı. Sayıqlaya-sayıqlaya qızını əmizdirmək istəyirdi, lakin anlamırdı ki, körpənin əmməyə halı yoxdur. Uşaq ölür. Və qız öləndə oğlan ehtiyatla körpəni ananın böyründən götürdü, çarpayının bir küncünə qoydu. Siqaret çəkdi.

Həmin gecə Ən Eybəcər Qadın bir anlıq gözlərini açdı, sonra dəhşət içində inildədi. Oğlan dözə bilmədi, sanki gecənin, ya zülmətin, ya da qara uçurumun səsini eşidirdi; qulaqlarını tutdu, nəhayət, şlyapasını götürüb evdən qaçdı, uzağa getmədi. Səhərə kimi evin pəncərəsi önündə gəzdi, bu yolla da arvadına ölməkdə kömək elədi. Qadın onun gözlədiyindən də tez öldü.

O arvadı və qızının yataq otağına girib meyitlərə baxırdı; cənazələr qəflətən ona ağır, yöndəmsiz və maddi varlıq kimi göründülər. Heyrətə gəldi: hər iki meyit döşəyi əməlli-başlı əzib sıxırdı. Bu anlarda neyləmək lazım olduğunu bilmədi. Yalnız professora məlumat verə bildi, sonra başladı içməyə. Sübh alatoranlığı çarpayıda hərəkətsiz qalmış iki siluetin qırıq-qırıq xətlərini yavaş-yavaş yuyub aparırdı.

- Onları xilas edin, - deyə o meyitləri diqqətlə nəzərdən keçirən professora yalvarmağa başladı.

- Dəli olmusuz? Onlar axı ölüblər, - professor əsəbi-əsəbi dilləndi.

Sonra professor ona hansısa kağız uzatdı, oğlan sağ əliylə kağızı imzaladı, sol əliylə isə pulları götürdü.

Limandakı fahişəxanaya getməmişdən əvvəl o meyitləri universitet klinikasına aparmaqda professora kömək elədi. Bir müddətdən sonra klinikada xəlvəti meyitlərdən müqəvva düzəltdilər.

Müqəvvalar uzun müddət, demək olar ki, iyirmi il klinikanın soyuq zirzəmisində qaldılar; sonra onları yəhudi və slavyan kəllələrindən, ikibaşlı körpələrin, siam əkizlərinin bütün növlərindən ibarət olan kolleksiyalara qatdılar. Onları "Patoloji Muzey"in ehtiyat eksponatları arasında indi də görmək olar - şüşə gözlü ana və qızı donmuş vəziyyətdə əzəmətli bir pozada. İnsan nəslinin yeni budağının baş tutmayan başlanğıcı.

 

Tərcümə: Kamran NƏZİRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!