Əsrlərin kəsişməsində rus poeziyası - Səlim Babullaoğlunun tərcüməsində

 

Maksim Amelin

(1970)

 

***

Əziz Katull! Söyüşək, mübahisə eləyək,

tündməcaz Falernoyla gəl oturaq diz-dizə;

bu dərdisə eybi yox, eləcə ötüşdürək

və boylanaq güzgüdən elə bir-birimizə.

 

Al tüstülət bu qəmi. Soruşma ki, kiməm mən?

Harda? Nə vaxt? Qırxmıram niyə axı bığımı?

Həm də səni güdürəm şüşənin arxasından? -

sən bir hiperboreyin - özü də qaşqabaqlı -

 

qonağısan unutma. Biz səninlə nə yuxu,

nə də ki müəmmayıq, istəsən çay dəmlərik

limon qabıqlarıyla, otlardan çoxlu-çoxlu,

hələ yarım piltə də biz şokolad yeyərik.

 

Yəqin bir on il keçib olmamısan Romada:

indi toqa dəb deyil, gülərlər xısın-xısın.

Hə, mənimçün beləydin - göygöz, yaxşı formada,

boy uzun, qamət şamşax, saçlar da ki, sarışın -

 

xəyalımda sən daim - dəftərlərin bəyazı

əbədidən həyata qaytarıb sətirləri

oyadıb qaralanda. - Əziz Katull, ən azı

gəl ittifaq bağlayaq, dəyişək ürəkləri.

 

***

Qınayıram özümü, bu suçumu mən indi

bütün ömrüm boyunca daşıyacam özümlə:

bir də geri dönməzsən o dünyanın sakini,

o yerlərə bilirsən, gedər-gəlməz deyirlər.

 

Cani-dildən yüz ildi sən xidmət eləmisən,

amma bir an içində parçalandın ortadan -

ey siyənək nimçəsi, ey gözümün nuru sən,

sonuncu yolçuluğa çıxan paraleloqram!

 

Qoymaram unudulsun, əziz adın heç zaman -

fərq eləməz ya bayram, ya da axşam yeməyi,

sən süfrənin əvəzsiz, şirin yeri olmusan,

kökəlməmisən, amma olubdu bər-bəzəyin.

 

Vətəndaş müharibəsi, daha əvvəl inqilab,

iki dünya savaşı, sovetlər, ağrı-acı,

doxsanlar, daha nələr, nəyə gətirmisən tab,

öz ömründə nələri görmüsən sən, ay bacı.

 

Bağışla ki, bağrına duz basmışam-sevirdim,

bir də ki kərə yağı, soğan, bıçaq gözləyən

hisə verilmiş balıq, bəzisi dilim-dilim,

nələr yaşamamısan axı mənim üzümdən.

 

O böyük qab dəstindən bircə sən yadigardın,

hər gün daha əzizdin, hər gün xatırladardın,

hər gün cingildəyərək duyurub əcdadları, -

necə oldu qoruya bilmədim, xırçıldadın.

 

Birdəfəlik qab əsri, onun oğluyam mən də,

amma ki bəyənmədim hər cürə zir-zibili;

nə çörəyə dəyişdim, nə də ki səni qəndə,

otuzlarda döymədim qapısını "torqsin"in.

 

Ailə yadigarı, "Kuznetsovsk"lu, əlvida!

- səni gələcək nəslə ötürməyəcəm daha,

bir ayrı cənnəti var, içimdən gəlir nida,

sabiqədəm şeylərin bolluğu var hardasa.

 

Maksim Zamşev

(1972)

 

***

İstefadakı polkovnik zər dişiylə bərq vurdu,

Keçmiş cərrah süfrəyə aşırtdı stəkanı.

İştahalı bir qonaq göbələklə bərk vurdu,

Rəfiqələr də coşub oynadılar "kankan"ı.

"Nacins burjuy" dedilər birinə arsız-arsız,

Səbəbkar unuduldu, xatırlayan yox onu.

Məşhur artist qaçılmaz iflasından xəbərsiz

Yan evdə halsız-halsız soyunurdu paltonu.

 

İstefadakı polkovnik Fransada bir kapraldı,

Cərrahla artist mahud satardılar Marseldə.

Di gəl anlat: özüyçün yuxuda generaldı

Pəncərə altda yatan kirli miskin səfil də.

 

***

Ləng yarpaq tökümüylə yekrəng küyün içindən,

Kaman üçüncü qatdan nə deyib səslənirdi?

Küçələri gəzirdi yöndəmsiz geyimində

Heç kimin duymadığı bənzərsiz şair indi...

 

Rastlaşırdı hər dəfə özündən razı gənclə -

Səfeh rəfiqəsiylə, dəli eşqi başında.

Çəməndə gizləyəntək şeirində güvənclə

Həkk eləyib onları saxlardı yaddaşında.

 

Trubnikdə o məşhur dükana baş çəkirdi,

Orda satıcı Lena oxuyurdu gözləri.

Maraqlı bir əhvalat doğulurdı, bitirdi,

Bəyaz, saf məktubların məlhəm cücərtiləri.

 

Heç bir əfv diləmirdi sarı xəzan yarpağı,

Ayaq altda xışıltı salıb gülümsəyirdi.

Qəm hərifi şairə belə az darıxmağı,

Bozluğu, uzunluğu ömrünün ar gəlirdi.

 

Oyuncaqdı tikanı bu qorxu oyuncağın,

Az əvvəl dillənirdi yalan avazla kaman.

Qaraqabaq Moskva Monomaxın papağı,

Noyabr havasında boşdu, ağırdı yaman.

 

***

Yaman üzücü şeydi - təzədən nağıl etmək.

Boş söhbətdi. Özü də kəsibdi qış qapını.

Az qalıb, ikicə gün, bəyaz pərdə enəcək

Tanış-bilişin üstə, ağacların, damların.

 

Yaman kədərli şeydi - toy olan qəsəbədə

Rastlaşasan o qızla - barmağında yad üzük.

Öz evini yıxasan saxta qürurla qəsdən,

Oymalı artırmada əlindən sürüşə yük.

 

Yaman təsirli şeydi - yanaqdakı qızartı,

Qürubdakı qırmızı - qəzəbdən və həyayla.

Əlüstü sahmanlanan otaqdakı beş-altı

Unudulmuş əşyaya bir yer də tapılmaya.

 

Oleq Dozmorov

(1974)

 

***

Doğma dilim, nolar məndən kənar dur,

tez uzaqlaş, yaxın durma, naçaram.

İndi sənin alovun çox qorxudur,

indi sənin alovuna düçaram.

 

Ölüxana sobasında elə bil

meyit qalxır uzandığı yerindən:

Atəşlərə büründükcə o dil-dil

"Nolub?" deyə nəğmə çıxır dilindən.

 

***

Göyüzü bulanıq, şıdırğı yağış.

Əzizdir canına nur hopmuş hava.

Çətiri canına bürkünü yığmış

küskün küknarlarla, fikirli şamlar.

 

Əgər üzülərsə yerdən ayağım,

qalxaramsa göyə asta, şar kimi,

o vaxtı göylərə sovqatım, payım

bumbuz qüssə olar yerdə qar kimi.

 

***

Yenə yağıb, təzələnib nübar qar,

papaq kimi dümağ olub kolluqlar,

bir də göydən gecə enən yük ki var

bənzərsizdi, əcayibdi, füsünkar.

 

Qışdımı? Yox! Hələ qış qabağıdır.

Təbiət də gör necə yaxşılanıb.

Səndəki bu nəyin qaşqabağıdır,

yenə qəlbin hüznlə adaxlanıb.

 

***

Darıxıram! Darıxıram! Külək, bir də yarpaqlar...

Gözlərimdən yuxu qaçıb... Necə darıxmayasan?

Yağış da ki yağmaq bilmir niyəsə bu aralar,

gecələri yaradıblar gərək hökmən yatasan.

 

Qeyb olublar, axı niyə görünsünlər gecələr,

göy üzündə buludların işi çox nagahandı.

Nə soruşsaq, asan deyil, ah bu vecsiz necələr,

biz adamıq, biz susuruq, halımız nigaranlıq.

 

Boris Rıji

(1974-2001)

 

***

Yaddaş pozulan yerdən başlayır əski bir film,

əski bir musiqiylə yayılır çərən-pərən.

Parkda yağış dayanıb, söz aciz, necə deyim,

nə gözəl ətir saçır bu yaz günü yasəmən.

 

10 saylı tramvaya min, düş tağlı küçədə -

Stalin zamanından qalıb necə var elə.

Gəzdiriblər əl üstə, gəzmişəm tutub əldən,

burda yay kinosunda filmə baxmışam hələ.

 

Həmin hisslər barədə o film bəhs eləyirdi,

həmin o park barədə, qucaqdakı oğlandan.

Sonsuz keçmişin tutqun əksi bəs eləyirdi

gələcəyi vurmaqçün umudlu qanadından.

 

Xiffətdən ya sərxoşluq, ya sefehlik eləyib

şamlığın üzərindən qalxasan düz səmaya,

fələklərdən aşağı baxasan, heç bilməyib,

soruşasan bitibmi, bəlkə, olmayıb dava?!

 

Hər şey ağ-qara rəngdə - uşaqlar və analar,

qələbə ədasıyla sözlər, nasaz radio.

Necə uzandı ömür... gözyaşları, anılar,

təlaşlar xatırlansın, bir də hisslər...adı yox...

 

***

Şəhərcik ki, uydurdum, adamlarla doldurdum,

şəhərcik ki, göyündən asdım mən buludları,

batıb gedir, nədən ki, sakinləri qudurdu,

çünki hesab etdilər ömür yaman qısadır.

 

Ha çalışır ifaçı, yenə kəsilir nəğmə.

İşıqçı qaqaş söyür, fənər yanmır ki, yanmır.

Aynada göz görəsi solur o qız, gözəlçə.

şəhərcik batır, batır.

 

Bağışlayın cənablar, gözləmirdim, nə bilək,

gorbagor oldu hər şey, o ki qaldı özümə,

xəzanlı bağçadayam, əsir, fit çalır külək,

yarpaqlar da burulub toxunur kürəyimə.

 

***

Həmin oğlan olasan, bozumtul kepka başda,

uzun sözün qısası, öz-özünlə qalasan.

Gerçəklə xəyalların arasında çaş-başda -

uçsun sarı yarpaqlar, payıza boylanasan.

 

Oturacaq seçəsən gəzdiyin xiyabanda,

vurnuxub seçəsən sən həmin o bircəciyi.

O yeri seçəsən ki, dönəndə, qayıdanda

görüşəcək o yerdə keçmişlə gələcəyin.

 

Necə də çox sevirdim hüzünlüykən təsvirlər,

can üstə son baharın cizgisi qızılıydı.

Moruq parıltısıyla doluydu gölməçələr,

şeirlər də o vaxtlar yarıdan yazılırdı.

 

Çünki şeirin əvvəli səslənmişdi, olmuşdu,

amma əzbərə bir şey qoymamışdı yadigar...

Sanki navalçaları səs ilə doldurmuşdu,

amma yerə enməyib yağmamışdı yağışlar...

 

Oğlan varıydı amma, qoy danışım əvvəldən,

ovcuyla yanağını dirsəklənib tuturdu,

şeiri dəftərçəyə yazırdı o dinmədən,

sətirlər öz sonuna qatar-qatar uçurdu.

 

***

İyirmi idi bir zamanlar yaş onda,

cavanlığın vədi yaman çox idi.

Deməzdilər gözün üstə qaşın var,

ağılsızdım, amma bu sirr deyildi.

 

İstəyirdim şair olum mən ağa,

hərçənd, düzü, ürəyimcə deyildi,

pulum çatmaz bilirdim gül almağa,

gün-güzəran çətin olar, bilirdim.

 

Bax, beləcə oldum dağ mühəndisi,

diplomu da qıpqırmızı qazandım.

Bölüşmədim nə şeiri, nə hissi,

nə payızda veyilləndim, dolandım.

 

Mavi tüstü dolu bir restoranda

mavi kaman ustasını dinlədim,

pul da bitməz ha saysan o toranda,

çiyin çəkib paraları çinlədim.

 

Bundan sonra çətin bir şey alına,

şair kimi məndən yarımadılar.

Hə, cənablar nə sözünüz var buna?

Cənablar da içirlər, ağlayırlar.

 

Ağlayırlar içib, qucub qızları,

yenə içib sükuta daraşırlar.

Sərbəst isə açılır ağızları,

heca ilə yellənirlər, aşırlar.

 

Aleksandr Kuşner

(1936)

   

***

Xoşbəxtlikdi, üzürdüm mən Okada, Okada,

Kiçik çay gəmisində qaranlıq gecə, gecə.

Elə oxuyurdu ki, bülbüllər çay boyunca,

Elə bil nağıl idi, elə bil "min bir gecə".

 

Bilmirdim, ola bilər, bilmirdim, e bilmirdim,

Sanırdım uydurmadı, o vaxtacan sanırdım

Yalnız şair sözündə yalan vardır, dinmirdim -

Gerçəkdimı, ilahi, cəh-cəh xoru quşların?

 

Həmin o vaxta qədər... yəqin o vaxtdan sonra

Sarsılıb anladım mən, inandım birdəfəlik

Vardır o biri dünya, vardır bizdən kənarda,

Çoxlu aləmlər vardır, hərəsi min ölkəlik.

 

Arxasından duyurdum qırıq sözlər, səs-səda

Qumsala saçaq atmış qalın, sıx söyüdlüyün.

Qulağa çatmamışdan kəsilirdi yarıda

Şirin qadın gülüşü, batıq səs boğulurdu.

 

Qaranlıqtək boğuqdu yəni kişinin səsi,

Qadının gülüşməsi gündüzkündən sirliydi.

Mən də bu yer üzünün bir hiss mütəxəssisi

Bu dili mələklərdən daha yaxşı bilirdim.

 

Düzü, xatırlamıram neçənci ildi onda,

Kimi unutmaq idi bu səfərdə niyyətim?

Kiçik çay gəmisiydi - adı çıxıb yadımdan,

Bilmirəm ki, bəlkə də "Bəstəkar Skryabin"?

 

Hə, uzun oturacaq var idi göyərtədə,

Deyəsən sərnişinlər, unutmuşam lap düzü.

Yalnız bülbül cəh-cəhi, bülbül cəh-cəhi bir də,

Bir də dilsiz şimşəklər, gecənin aydın üzü.

 

Söhbət

 

- Necə yaşayırsınız? - zəng edib soruşurlar.

- Arvadım işə gedib. Oğlum da ki, baxçada.

Heç nə fikirləşmirəm. Gözləyirəm zəng olar.

Eləcə oturmuşam, bürünmüşəm xalata.

 

Bəs sizdə? Sodomdumu? Yenədəmi mərəkə?

- Bizdə də, - söyləyir o, - yaxşılıqdı əvvəla.

Ərim gedibdi. - Hara? - Bu dəfə üzü Şərqə.

Mən isə oturmuşam, bürünmüşəm dəsmala.

 

- Nədəndisə, evləri qızdırmırlar son vaxtı.

Qənaət eləyirlər yəqin bayramqabağı.

Elə bil qarğıyıblar bu ömürü, bu baxtı,

Çoxdandı üzüm gülmür, açılmır qaş-qabağım.

 

- Biz də eləyik, - deyir, - heç qırışıq açılmır.

Ya ömür elə buymuş, axıb gedir göz görə.

Ya da başqa səbəb var.

            Baş çəkərdim...alınmır...

Sonrası pis olacaq. - Buna görə öpürəm.

 

İqor Melamed

(1961-2014)

 

***

Zülmətdə alışırdı, yanırdı yenə bürclər,

ölüm dolu sükutdu, artıq gecəyarıydı,

yenə də titrədirdi ruhumu qorxunc güclər,

elə bil ki, İshaqın, Yəqubun zamanıydı.

 

Yenə də ləçəklənib açılırdı qızılgül,

o gözü nəm üfüqdə yenə göyqurşağıydı.

Eşq nədir, sevgi nədir - nə desələr, yalnız gül! -

Vespasion zamanı, çünki Neron çağıydı.

 

Qəm-qüssəylə dolursa, işdir dolub daşırsa,

bir körpə ürəyitək aciz, çarəsiz qəlbin

sıxılıb üzülürsə, olursa parça-parça -

bil ki, gəlib zamanı Daranın, Kserksin.

***

A.R.

 

Qoru, mənim sevincim, qara günlərə qədər

noyabr səhərinin şaxtalı dan yerini,

yenilmiş bayraqların ipəyində nəmi var,

xəstə yataqlarının laxtalı qan yerini,

 

buzlu üşütməsini sən ayrılıq dəminin,

qulaq ver son qatarın ləngərinə, səsinə.

Mənim dualarımı o xilas gəmisinin

nə qədər sel gəlməyib, götür göyərtəsinə,

 

götür, uğur gətirər tutub əlindən sənin -

qeybin prelüdüdü, dilsiz nəğmədir, inci,

sərin yelidir, gülüm, sirli bir yelçəkənin,

götür, karına gələr, götür, mənim sevincim.

 

İnna Lisnyanskaya

(1928-2014)

 

Vanna otağında

 

Səni mədh eləyirəm, köpüklənir sözlərim,

Dərin suyunda səni çimdirirəm eşqimin.

Saçım ağdı iyunda Ay tək, ey ağ şahinim,

Ölümdən heç danışma, danışma ki, eşidim.

 

Dənizlərin sultanı suları

            dələn kimi baxışın məni dəlir,

Nitqin külək kimidir,

            indi sənin nəfəsin iliyimə işləyir.

Dünyadan vecsiz gedir unudanlar əcəli,

Ölümü düşünmədən həyatı anlamaq da,

            əlbəttə, mümkün deyil.

 

Bu xarici şampunu yayıb gülüb deyirəm:

- Əziz qocam, suları daim yaşıl dənizim!

Xələtin asılıbdı sobanın əyrisinə,

Güzgüdə də buğ deyil, göz yaşımdır, əzizim.

 

Yafa qapısında

 

Mənəm, sənin Sulamifin,

            qoca şahım, Süleymanım.

Gücü gedib qollarının, amma iti baxışların,

Hər şey sənə agahdırsa, yaşıl dikə baxıb, canım,

Görmürsənmi, arasında üzüm yığan qarıların

Topuğacan qara paltar geyən mənəm, sənin yarın.

 

Soyundursan çaşarsan sən,

            qarnım qumsal - qırış-qırış,

Ayağımın söyüd kimi qıvraqlığı itib çoxdan.

Qədim xurma ağacının meyvəsi tək sinəm salxmış,

Cırcırama qanadıtək damarlarım çıxır altdan.

Hərdən Yafa qapısında dururam mən başı batmış.

 

Amma yaxın gəlmirəm ki,

            neyçün məyus edim şahı?

Kişi ruhu önəmlidir qadın üçün gözəlliktək.

Ağuşundan soyumuşam, qoy yenidən mən alışım.

Dəli şəhvət öz yerində, məni nəğmən hey çəkəcək.

Eşq dediyin bu nəğmədir, o doğubdur bu yarışı.

 

Eh, sözlər ki, pıçıldayıb varlığımı kül edirdin,

Saçlarımı bənzədirdin odlu Günəş qotazına.

Bir çoban da bəs edərdi adi şəhvət üçün yəqin -

Coşqu ilə qaynayar qan hər səbəblə azdan-çoxdan,

Amma uçmaz, uçmaz qəlbim

            dəymiş ərik tükü kimi.

 

Arı kimi dadırdım mən çiçək-çiçək sözlərini,

Doğrudanmı, sənə qədər bir kimsənin yazmadığı

Eşq nəğməsi, əziz şahım, sənin idi, sənindimi?

İndi nolub yenilmisən,

            buraxmısan sarayına qocalığı,

Qızıl bütə, yad inəyə tapınırsan yoxsa indi?

 

Sənin üçün səndən uzaq dua edib yalvarıram

Bütün gücüm, qəlbim ilə. Bu gecənin ortasında,

Elə indi gil boşqabda yeddi şamı yandırıram,

Kül sürtürəm birçəyimə, ağ saçıma topa-topa;

- Bütü sındır, şahı qoru! - qaftanıma əl atıram.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!