Fransisko de Kevedonun şeirləri - Tərcümə

 

Fransisko de Kevedo

(İspaniya)

      

Fransisko Qomes de Kevedo 1580-ci ildə Madriddə, kübar kastiliyalı ailəsində doğulub. Uşaqlıq illəri valideynlərinin xidmət etdiyi Kral sarayında keçib. Əvvəlcə, yezuit İmperiya məktəbinin müdavimi olub, 1596-1600-cü illərdə Valyadoliddə universitet təhsili alıb. Tələbə ikən müstəqil şəkildə fəlsəfənin əsaslarını, ərəb, ivrit, fransız və italyan dillərini öyrənib. Lope de Veqa və Servanteslə dostluq edib.

1611-ci ildə dueldə iştirak ucbatından doğma vətəni tərk etmək məcburiyyətində qalıb. Bir müddət Neapol vitse-krallığının naziri kimi diplomatik əməliyyatlarda, İtaliya yürüşlərində bilavasitə iştirak edən Kevedo Saraya yalnız kral III Filipin ölümündən sonra - 1621-ci ildə qayıda bilib. 1632-ci ildən yüksək dövlət xadimi kimi kral IV Filipin katibi olub. Lakin Krala və onun sevimli əyanlarına yazdığı kəskin satirik şeirlərinə, pamfletlərinə görə, 1639-cu ildə həbs olunub və dörd il ağır məhbəs həyatı yaşayıb. Həbsxanadan çıxandan az sonra, 1645-ci ilin sentyabrında vəfat edib.

Luis de Qonqora ilə birlikdə (hərçənd qonqorizmin qatı əleyhdarı olub) Qızıl dövr ispan poeziyasının ən parlaq siması sayılan Kevedonun şeirləri Pedro de Espinosanın "Məşhur şairlər gülüstanı" antologiyasına, hələ 1605-ci ildə təqdim olunsa da, bu şeirlər yalnız şairin ölümündən sonra nəşr edilib.

 

 

Satirik şeirlər

 

Boyunbağısından qızıl ölüm fiquru asılmış qarıya

 

Sizi hər gördüyümdə, vallah, başım fırlanır,

Mat qalıram hərlənən bu çarxın içində mən:

Gah zəncirin ucundan kaftar ölüm sallanır,

Gah siz sallanırsınız kaftarın zəncirindən.

 

Mənə verin siz, onu! Nədən bir qoca kaftar

Asılsın bir qarının zəncirinin ucundan?!

Məndə qalsa - mən onu yedirdərəm o ki var,

Sizdə qalsa - o kaftar gəbərəcək acından.

 

Özümə epitafiya

 

İspan qadınlarının qulaqlarından iraq

 

Uzanmışam altında ağır daş plitənin -

Sən ey yoldan adlayan, yavaş keç bu küçədən;

Ayaqlayıb keçərsən, basıb əzərsən məni,

Çalış, bir az o yandan, aralıdan keçəsən.

 

Onsuz da, sinədaşım çox ağırdır, lap ağır -

Təkrar üstümə salma sən də ağırlığını;

Təkcə bizim quşbeyin arvadların tapdağı

O qədər yüngüldür ki, hiss etmərəm ağrını.

 

Axır ki fayda gördüm mən ağlın azlığından -

Bax, bu yelbeyinlərin yüngülməcazlığından.

 

Günahkara epitafiya

 

Əcəb dadlıdır yəqin, tamahkar qurdlar üçün

Sənin ətlı yanbızın, yekə, yumşaq dalın da;

Amma çirkaba batmış murdar qəlbin içini

Didib-sökməkdən onlar ayrıca həzz alırlar.

 

Orfeyə epiqram

 

Öz Evridikasını görmək istəyən Orfey

Çəkinmədən enərkən ruhlar səltənətinə

Aid hirsləndi yaman qarşısında baş əyən

Bu sırtıq nəğməkarın ədəbsiz niyyətinə.

 

Orfey dərhal güc verib heyrətamiz səsinə,

Bir şərqi səsləndirdi öz qəmli lirasında;

Qonaq edib Aidi ecazkar nəğməsinə,

İşıq saldı könlünə qaranlıq kahasında.

 

Hirsindən-hikkəsindən pörtüb-qızarmış Aid

Qaytardı arvadını Orfeyə bircə şərtlə.

Amma bu şəfqət deyil, ən ağır cəza idi -

Gizli bir hiylə vardı bu incə mərhəmətdə.

 

Daş qəlbi yumşalsa da, həzin səsdən, nəğmədən

Aid istəyirdi ki, bu işi tez bitirsin -

Qadını bəxşiş kimi Orfeyə versin, həm də,

Orfey öz bəxşişini həmişəlik itirsin.

 

Şairə epitafiya

 

"Burda yatan adamdan kimsə xeyir görməyib:

bir kəsə əl tutmayıb, bir kömək göstərməyib".

"İşverən imiş yəqin, ya da aradüzəldən".

"Yox, fərsizin biriydi, iş gəlmirdi əlindən".

"Çox güman ki, kübarmış... idalqodur kəsəsi".

"Yox ey, pulu kalandı, əclafın da yekəsi".

"Onda bəlkə cuhudmuş, bu azğın haramzada?"

"Yox, yüz hoqqadan çıxan quldurdu, yaramazdı".

"Belədirsə, ya dulmuş, ya Genuya bankiri".

"Nə bankir?! Axmaq idi, həm də naqqalın biri".

"Bax, indi aydın oldu: kabalyerodur demək!"

"Qoy, sənə bir sirr açım, söhbətə xitam verək:

Şair idi bu adam, başqa bir aləm idi,

Bu sifətlər hamısı, həm də, onda cəm idi".

 

Mənfəətpərəst hakimə

 

Boş şeydi səndən ötrü qanunlara güvənmək,

Çoxdandı ki, alverə çevirmisən sən onu;

Cəhənnəm olsun Jason, sənə qızıl gərəkdi -

Yalnız mənfəət kimi görürsən hər qanunu.

 

İlahi haqq-hüquqdan dəm vurub ötkəm-ötkəm

Fırladırsan onları, hansı üzə istəsən -

Sonra da qol qoyursan satın aldığın hökmə

Rüşvətə öyrətdiyin çirkin əllərinlə sən.

Nə yoxsulluq, nə aclıq - heç nə kar etməz sənə:

Əlmuzdunun xətrinə qanunun göbəyindən

Xəzinə çıxararsan, həqiqət əvəzinə.

 

Bir halda ki beləsən, seçim etmək pis olmaz:

Yu çirkli əllərini, Pilat kimi, ya da sən

İudatək özünü

yepyekə pul kisənin uzun qaytanından as.

 

Sevgi və Ölüm sonetləri

 

 

Qoy bitsin bu sevginin mənə açdığı savaş

 

Alov saçan, qan tökən qorxunc silahlarınla

Gör, haçandan amansız savaş açmısan mənə.

Tapdağa döndüm artıq, ayaqlarının altda,

Heyim yox, taqətim yox bir an nəfəs dərməyə.

 

Lap tutaq ki, yenildim, uduzdum bu savaşda,

Nə vəd edir bəs sənə, görən, o zəfər tacı?

Onsuz da, ac əsirtək mən əyilmiş bu başla 

Özgəsindən umduğum sədəqəyə möhtacam.

 

Sən ey zalım cəlladım! Ey daşürək mələyim!

Bir az boşalt boynuma keçirtdiyin kəndiri -

Nəfəs dərim qoy, bir az... boğuldum, yetər, artıq!

 

Sonra zülmünü artır, yenə daralt ilgəyi -

Axırda var gücünlə son zərbəni endirib,

Mənimlə bu savaşı biryolluq bitir artıq.

 

Gənc rahibəyə vurulmaq

 

Tanrıların qeyzinə, qəzəbinə tuş gələn

Tantalın rəvayəti hardan düşdü yadıma:

Saf suların içində yazıq suya təşnədir,

Şipşirin meyvələrin həsrət qalıb dadına.

 

Su içmək istəyəndə dərhal yoxa çıxır su,

Meyvə dolu budağa əli çatmır acanda;

Anbaan heydən salır aclıq, susuzluq onu -

Yüz illərdi, inləyir naz-nemətin içində...

 

Sənin bu pritçada gördüyün öncə nədir? -

Var-dövlətin insana verdiyi işgəncədir!

Mənsə, gənc rahibəyə bir sevgi gördüm bu dəm:

 

Saf suyun, bol nemətin böyründə dayansa da,

Aclıqdan üzülsə də, susuzluqdan yansa da -

O hərdən əl uzadır onlara... yalnız hərdən.

 

Əzab çəkməyə məhkum fasiləsiz və müddətsiz

 

Hələ başa çatmayıb qışın yazla davası:

Otlağa dolu düşür, meşəyə qar ələnir.

Amma inadkar aprel çalır öz havasını -

Yavaş-yavaş hər tərəf yaşıllığa bələnir.

 

Düzənliyə cumur çay, bənd-bərəni aşaraq,

O da aprel kimidir: sözəbaxmaz, inadkar;

daş-çınqılla doldurub ağzını çeşmə qoçaq,

Dəcəl, şıltaq küləklə xosunlaşır o ki var.

 

Yalnız sonuncu qarla başa çatır bu qovğa:

Ağ örtüyə bürünür zirvələr qışsayağı,

Badam da lovğalanır öz bahar duvağıyla...

 

Təkcə mənim qəlbimdə bir çiçək də açmadı,

Bir ot da göyərmədi, dolunun ucbatından,

Meşəm isə kül oldu, ildırımın odundan.

 

Qoy, görsünlər sevgiyə sonsuz sədaqətimi

 

Bu susqun iztiraba imkan verin, danışsın -

Gör, nə qədər lal qalıb ürəyimdə bu bədbaxt!

Qoy lap dəli olum mən, ağlım çıxsın başımdan:

Bir qazanda qaynamaz ağılla sevgi heç vaxt.

Gəmirdim daş qəfəsin dəmir barmaqlığını -

Zindan da azlıq edir, dar gəlir bu zillətə.

Gözümə tor çəkəndə məhbəsin qaranlığı

Sinə gərdim bu yolda yenə hər əziyyətə.

 

Mən heç zaman, heç nədə sevinc duymadım, haşa:

Mükafatsız yaşadım bir ömrü başdan-başa,

Ölüm də qəbulumdur, sorğu-sualsız, nə qəm!

 

Amma bu son sözümü çatdırın o zalıma,

Qoy bilsin, o daşürək, yanmasa da halıma:

Onu sevib yaşadım, sevərək də ölürəm.

 

Ətrafda hər şeyin

ölümü xatırlatdığından

söz açan sonet

 

Baxdım doğma vətənin miskin divarlarına:

Bir zamanlar necə də möhkəm dayanmışdılar!

Keçib-getmiş günlərin ağır tapdağı altda

Çoxdan uçub-dağılmış, xaraba qalmışdılar.

 

Çölə baxıb nə gördüm: günəş içir bayaqdan

qışın qar-sazağından xilas etdiyi çayı;

Dağlar arasındakı dar keçiddə nahaqdan

gözləyirdi sürülər günəşdən şəfəq payı.

 

Evə girib nə gördüm: ötüb-keçən günlərin

miskin kölgəsi qalıb hər küncdə, hər bucaqda;

Keçmişlə cəngə çıxan qılıncım da yenilib,

 

Çomağım da əyilib, təslim olmuşdu çoxdan.

Gözümə dəyən hər şey sanki mənə haçandı

burda meydan sulayan ölümdən söz açırdı.

 

Lal məhəbbət

 

Gözlər! Heç vaxt sevginin sirrini faş etməyin!

Susqun dildir qoruyan onu hər cür bəladan. 

Nə qədər kamildisə məhəbbəti ürəyin -

Bir o qədər dərindir ürəkdəki yara da.

 

Qadağaya baxmayıb gözdən yaş axsa, hərdən,

Dərhal qurudar onu əzab çəkən lal ürək.

Əzabkeşlik yanğısı imkan verməz ki bir dəm

Gözlər pozsun bu əhdi, acı yaşlar tökərək.

 

Çəkdiyiniz əzabın önündə baş əyərək,

Qoruyun qəlbinizdə onu göz bəbəyitək -

Təsadüfən, kiməsə, açmayın bu sirri siz.

 

Onsuz da əlçatmazdır vüsal, sevgidən ötrü,

Qoy, qorusun bu sirri sevən qəlbin xətrinə

lal diliniz, bir də ki qupquru kipriyiniz.

 

Aşiqin dincliyi yox

 

Dinclik, can rahatlığı hamının arzusudur,

Sığınmağa yer gərək, yuva gərəkdir ancaq:

Quşdan ötrü - havadır, balıqdan ötrü - sudur,

Salamandra üçün oddur bu sığınacaq.

 

Yalnız öləndə tapır öz dincliyini insan -

Qara torpaqlar altda unudur dərdini də;

Amansız əzablara məhkum kimi doğulan

tək mənəm ki, çəkirəm bunların dördünü də:

 

Gözlərim qan ağlayır axıtdığım şor sudan,

Dilimdən qopan ahlar dəlir-deşir havanı,

Ayağım yağır olub torpağı şumlamaqdan,

Ürəyim də, canım da daim od tutub yanır.

 

Aşiq öz giley-güzarını

dilə gətirməklə Lisidanı sonrakı peşmançılıqdan qorumağa çalışır

 

Çoxdandı, taleyimdən ölüm diləyirəm mən:

Həyat mənə, Lisida, ölümdən zordu deyə;

Heç vaxt sevilməsəm də, yenə peşman deyiləm

könül verdiyim üçün bu ümidsiz sevgiyə.

           

O incə nəzərini göydə tutdum, Sirena:

Baxışın işıqlanır qaraldıqca bu yarğan...

Çox nahaq bağladılar məni bu miskin dora -

Sən gəmini səsinlə qəzaya uğradanda.

                                   

Məhv olub gedərəm mən, ötən hər saat ancaq

Sənin də baharını saraldıb-solduracaq.

Günbəgün solub-gedən sonsuz gözəlliyindən

 

Axırda heç nə qalmaz yaddaşında kimsənin -

Daha kömək eləməz heç bir sevginin gücü

Keçmiş təravətini bir də qaytarsın sənin.

 

Lirik letrilya

 

Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə

adsız-sansız güllərin, çiçəklərin içində?

Sabah bir-bir dönəcək tikanlı iynələrə

bu gün sənin gur açmış incə ləçəklərin də.

 

Gözəllik havasıyla bu cür qürrələnməyin

nə mənası var axı?

Uzun çəkmir arası doğulmaqla ölməyin -

açılmaqla solmağın.

 

Elə o solduğun gün

həyatın rəngini də, ölümün cəngini də

Öz gözümüzlə görüb

heç bilmədik neyləyək: ağlayaq, yoxsa gülək?

 

Gözəllik tez tükənir -

uzağı, sübh çağından qüruba qədər çəkir;

Solur göz baxa-baxa -

sonra da yoxa çıxır, geri dönmür bir daha.

           

Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə

adsız-sansız güllərin, çiçəklərin içində?

Sabah bir-bir dönəcək tikanlı iynələrə

bu gün sənin gur açmış incə ləçəklərin də.

 

Di, bəsdi, çox öyünmə -

yığdı məni boğaza sənin müştəbehliyin;

Çox da sinənə döymə -

hamısından gözəlsən, amma qulaq as, deyim:

 

Heç macal da tapmadan

sökülən dan yerinin bələyindən çıxmağa,

Görərsən, göz açmadan

gecənin kəfəninə bürünmüsən sən daha.

 

Sənin bu şahlığının ömrü qısadır, qısa,

hər cür otdan-alaqdan;

Şahanə çiçəklərə yer yoxdu aramızda! -

sırğa elə qulaqda.

 

Ömrün gödəkdir, gödək -

adi gül də, çiçək də, sarmaşıq da, biyan da

başını yellədərək,

altdan-altdan qımışır, baxıb, gülür bayaqdan.

 

Nəyinlə öyünürsən, qızılgül, de, nəyinlə

adsız-sansız güllərin, çiçəklərin içində?

Sabah bir-bir dönəcək tikanlı iynələrə

bu gün sənin gur açmış incə ləçəklərin də.

 

 

 

Tərcümə: Mahir N.QARAYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!