Əvvəlcə Meyson Karrini tanıyaq
Amerikalı yazar və redaktordur. Pensilvaniya ştatının Hounsdeyl şəhərində doğulub. Eşvildəki Şimali Karolina Universitetindən məzun olduqdan sonra ən müxtəlif nəşriyyatlarda redaktor, icraçı redaktor və baş redaktor kimi fəaliyyət göstərib. "Slate" və "Metropolis" dərgilərində məqalələrlə çıxış edir. Kolumbiya Universitetinin naşirlik kursunda ixtisası üzrə təkmilləşmə təhsili alıb.
2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı kitabı indiyədək 17 dilə çevrilib və 100 min ədədlik tiraj tezliklə satılıb, tükənib. Haqqında The New Yorker, The Guardian, The Wall Street Journal və The Believer kimi nüfuzlu nəşrlərin müsbət rəy çap etdiyi bu kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub.
Kitabda keçmiş dövrlərdə yaşamış və müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın, filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub.
Mövzuya böyük oxucu marağını nəzərə alan Meyson Karri 2019-cu ildə "Məşhur qadınların iş rejimi" başlığı altında özünün ikinci kitabını oxucuların ixtiyarına verib. Bu kitabda o, 143 qadın yazarın, rəssamın, musiqiçinin və digər elm-sənət sahələrini təmsil edən qadınların yaradıcı fəaliyyətinin özəlliklərindən söz açıb.
Frans KAFKA
(1883-1924)
1908-ci ildə Kafka Praqadakı bir sığorta şirkətinə işə girdi və bu sayədə o dövrdə çoxlarının arzusunda olduğu "təknövbəli" işdə çalışmağa başladı. Yəni o, səhər saat səkkiz və ya doqquzdan gündüz saat ikiyə və ya üçə kimi ofisdə bulunacaqdı - yəni iş barədə bəxti gətirmişdi, çünki əvvəlki iş yerində o, uzun saatlar boyu çalışması hələ bir yana dursun, işdən sonra da ofisdə bir xeyli ləngiməli olurdu. Ancaq buna rəğmən də, Kafka daima gərgin şəraitdə yaşamağa adətkar idi, üstəlik, ailəsiylə darısqal mənzildə məskunlaşması onun yalnız gec saatlarda yazı-pozuya köklənməsinə imkan verirdi.
1912-ci ildə Kafka sevgilisi Felisiya Bauerə yazırdı: "Vaxtım hədsiz dar, gücüm yetərsiz, altına girdiyim iş isə xeyli ağırdır, evdə də səs-küydən qulaq tutulur: əgər qismətimdə normal və rahat bir həyat yoxdursa, deməli, mən hər cür fürsətdən imkan daxilində faydalanaraq çalışmağa məcburam".
Elə həmin məktubda o, öz iş rejimini belə təsvir etmişdi:
"Səhər saat səkkizdən ta ikiyə, ya da üçün yarısına qədər ofisdə oluram, üçün yarısından dördə kimi nahar fasiləmdir, nahardan sonra yer-yatağımı açıb, səkkizin yarısına qədər yatıram (əslində, hər hansı kabus-filan görmədiyim təqdirdə bu, yuxulamaq üçün sadəcə bir cəhddir: məsələn, bir səfər mən həftə ərzində yuxumda hər gün, həm də bezdirici dəqiqliklə qaradağlıların (Çernoqoriya sakinlərinin - A.Y.) milli geyimlərini ən xırda detallarına qədər görməyə sanki məhkum olmuşdum). Bunun ardınca açıq pəncərənin qarşısında, həm də çılpaq halda 10 dəqiqə boyu gimnastika edir, sonra ya təkbaşına, ya da Maks Brod və ya bir başqa dostumla gəzintiyə çıxıram. Bundan sonra ailəmizlə şam süfrəsinə yığışırıq (üç bacımdan biri artıq ərə gedib, digəri nişanlıdır, üçüncü bacımı isə mən digərlərindən daha çox sevirəm). Yeməkdən sonra masa arxasına keçib, gücüm, şövqüm yetənə, özümü bəxtəvər sanana qədər yazıram. Adətən gecə saat birə, ikiyə, üçə qədər davam edən bu iş bir dəfə hətta səhər altıyacan da sürmüşdü.
Sonra təkrar yuxarıda təsvir etdiyim şəkildə gimnastikaya başlayır, amma bu səfər özümü sən deyən də yormuram, əlbəttə. Ardınca yuyunub, yatağıma uzandığım zaman ürək nahiyəmdə və səyriyən qarın əzələlərimdə xəfif ağrılar hiss edirəm. Sonrakı müddətdə yuxulamaq cəhdlərim əsl müşkülə dönür, çünki iş-güc qayğıları ucbatından yuxu aləminə dalmam imkansız görünsə də, mən o müşkülü hər vəchlə asana çevirməyə çalışıram (Tanrı isə biz bəndələrin qarşısına hələ bir də röya görmədən uyumaq tələbini qoyub).
Bütün bunlarla yanaşı, həllinin imkansız olduğunu dəqiq bildiyin xüsuslarla bağlı da mən müəyyən təxminlər yürütməliyəm: məsələn, görəsən sabah Sizdən növbəti məktub gələcəkmi, əgər gələcəksə, onda saat neçədə? Bu səbəbdən də mənim gecə saatlarım əvvəlcə çalışma, sonra isə yuxusuzluq mərhələlərindən ibarət olmaqla, iki qismə ayrılır və indi bütün bunlar barədə əgər sizə söz açmağa başlasam, hər halda bu məktub heç vaxt bitməz".
Ceyms COYS
(1882-1941)
İrlandiyalı bu romançı bir dəfə özünü bu cür xarakterizə eləmişdi: "Mən nəcibliyə çox da can atmayan, gözlənilməz davranışlara və əyyaşlığa düşkün birisiyəm".
Gündəlik həyatında o, həqiqətən də nə özünə nəzarətə, nə də hər hansı rejimə riayət eləyən bir insan idi. Əlbəttə, bunun əksini etməyə məcbur qalmadığı məqamları çıxmaq şərtiylə. Yuxudan xeyli gec, haradasa günortaya yaxın oyanan Coys düşünürmüş ki, "beyninin tam işlək vəziyyətdə olduğu" həmin vaxtı o, yaradıcılığa və ya peşəkar fəaliyyətiylə bağlı hansısa işlərə sərf etməlidir, yəni sırf çörəkpulu xətrinə ingilis dili və fortepianoda ifaçılıq dərsləri verərmiş. Axşam saatlarını keçirdiyi kafe və ya restoranlarda çox vaxt o, ta səhərəcən qədim irland mahnıları oxuyarmış, çünki özünün tenor tembrli səsiylə haqlı olaraq fəxr edirmiş.
1910-cu ildə xanımı Nora, iki övladı və daha məsuliyyətli birisi olduğu üçün bu ailəni dəfələrlə maliyyə sıxıntılarından qurtaran kiçik qardaşı Stanislaus ilə Triyest şəhərində Coysun hansı şəraitdə yaşadığının detalları bizə bəllidir. Həmin vaxtlar "Dublinlilər" kitabı üçün bir naşir axtarışına çıxan yazar öz evində pianoda fərdi ifaçılıq dərsləri də verirmiş. Bioqrafı Riçard Ellman onun bir gününü belə təsvir edir:
"O, saat ona doğru, yəni qardaşı Stanislausun qəlyanaltı edib, evdən çıxmasından təxminən bir saat sonra yuxudan dururmuş. Yerindən qalxmağa ərindiyi və bacısı Eylinin təbiriylə desək, "hələ də öz fikir-xəyal aləminə kökləndiyi" üçün saat 11 tamama doğru bir fincan qəhvə və simitlərdən ibarət qəlyanaltısını xanımı Nora onun yatağına gətirirmiş. Bəzən polyak əslli dərzisi bu saatlarda ona baş çəkirmiş, çarpayısının kənarında əyləşərək, durmadan hüdüləyən bu kişini dinləyən Coysun vaxtaşırı başını tərpətməkdən başqa bir əlacı qalmazmış.
Saat on birə yaxın yatağından qalxıb, təraş olduqdan sonra o, piano arxasına keçirmiş: həmin musiqi alətinin dəyərini müəyyən təqsitlər üzrə ödəyərkən əslində yazar özünü gözgörəsi riskə atıbmış. Vergi məmurunun evə hər gəlişiylə o, pianodakı ifalarına vaxtaşırı ara verməyə məcbur qalırmış. Coysa səslənən ev əhli məmurla necə davranacaqlarını soruşanda, çarəsizliyə qapılan yazar evin kandarını işğalçı ordu kəsdiribmiş kimi: "Əşşi, buraxın gəlsin görüm" deyərmiş.
Otağa girən məmur qəbzlərin ödənməsinin vacibliyini xatırlatdıqdan az sonra söhbət hiss olunmadan ya musiqi, ya da siyasət mövzuları müstəvisinə adlayırmış. Çağırılmamış qonağı birtəhər başından edən yazar təkrar piano önünə keçərmiş və ta Nora ona: "Deyəsən, dərs-filan yadından çıxıb ey sənin!", ya da: "Yenə kirli köynəyi əyninə taxıbsan?!" deyənə qədər öz ifasına əsla ara verməzmiş. Bu ikinci irada Coys adətən təmkinlə belə cavab verirmiş: "Onu heç soyunmayacağam da!"
Saat birdə ailə nahar süfrəsinin başında toplanırdı, dərslər isə 14.00-dan 19.00-a və ya daha gec saatlara qədər sürürdü. Dərs saatları ərzində Coys "Virginia" çeşidli uzun siqaralar çəkirdi, fasilələrdə isə qara qəhvə içməyə üstünlük tanıyırdı.
Nora ilə opera və ya teatra getməkdən ötrü həftədə iki kərə dərsləri erkən saatda yekunlaşdırırdı. Bazar günləri isə Yunan pravoslav kilsəsinə aid kilsədə dua mərasiminə qatılırdı.
Yuxarıdakı bütün bu açıqlamalar Coysun yazı prosesində boşluq yarandığı dönəm üçün keçərli idi. 1914-cü ildə o, "Uliss" romanını yazmağa girişəndən sonra isə tamamən bu mətnə köklənib, ancaq yenə də günün məhz ikinci yarısını yazı prosesinə ayırmağından, işdən sonra isə dostlarıyla gecədən keçənə qədər içki məclisi qurmağından qalmayıb. Bir az ab-havasını dəyişsin və yorucu iş saatlarından başı ayılsın deyə, dostlarıyla hər axşam içki içməyə onda daxili bir tələbat yaranıbmış. (Bir dəfə iki gün sürən yazı-pozudan sonra kağız üzərində vur-tut ikicə cümlə görən yaxınları Coysdan soruşublar ki, bəlkə, bu, ən uyğun sözün axtarışlarıyla-filan bağlıdır, hə? O isə deyibmiş: "Yox, canım, uyğun sözlər artıq tapılıb. İndi mən onların ahəngdar düzülüşünə nail olmaq istəyirəm".)
Ən nəhayət, 1921-ci ilin oktyabrında bu yeddi ilə sığan gərgin çalışma başa çatır. Həmin müddətdə yazar düz doqquz kərə xəstələnir, on doqquz dəfə isə Avstriyadan İsveçrəyə, İtaliyaya və Fransaya səfərlər eləyir. Yekun olaraq da yazırmış ki: "Mən "Uliss" üzərində ümumilikdə təxminən 20.000 saat çalışmışam".
Marsel PRUST
(1871-1922)
Özünün "Bütün ömrünü kitab yazmağa həsr eləmək - dəhşətli bir işdir" etirafını 1912-ci ildə qələmə alarkən Prust heç də səmimi deyilmiş, çünki 1908-ci ildən ta ömrünün sonuna qədər onun yeganə işi məhz yaddaş və zamana həsr olunan monumental bir əsər yaratmaq olmuşdu. Bu sayədə milyon yarım sözlə ifadə olunan, yeddi cildə sığan və "İtmiş zamanın axtarışında" adlanan o romanlar silsiləsi meydana çıxmışdı.
Bu işə tam mənada köklənə bilməkdən ötrü Prust 1910-cu ildə özünü cəmiyyət həyatından, həm də bilərəkdən (!) ayırmaq məqsədiylə qəti bir qərar qəbul etmişdi. Elə bu səbəbdən də Parisdə yaşadığı mənzilin yataq otağının divarlarını qalın palıd lövhələrlə üzlətdirmiş və həmin vaxtdan etibarən orada könüllü dustaq həyatı yaşamışdı.
Gündüzlər yatıb, gecələr işləyirmiş, özünü tamamən köklədiyi romanla bağlı hansısa detal və təəssüratlara dəqiqlik gətirmək məqsədiylə evdən isə bayıra çıxırmış. Günorta saat üç, ya da dörddə oyanan Prustun ilk işi tərkibinə əfyun (həşiş, opium - A.Y.) qatılmış "Louis Legras" tozunu yandırmaq olub, çünki xroniki astmadan əziyyət çəkən yazar məhz bu sayədə daha rahat nəfəs alırmış. Bəzən bir neçə çimdik toz da yetərliymiş, bəzən isə o tozu "tüstüyə çevirməyə" saatlarla vaxtı gedirmiş və nəticədə otaq qalın tüstü dalğalarına bürünürmüş.
Belə olunca, Prust uzun illərdən bəri öz xidmətində duran və dərin etimadını qazanan qulluqçusu Selestanı zəng çalmaqla, yanına çağırırmış. Az sonra əllərində qəhvə servizi tutan qadın otaqda peyda olurmuş. Yazar öz qəhvəsini illərdən bəri oturuşub, ayinləşən bir tərzdə içirmiş: Selestanın gətirdiyi gümüşü dəmlik cəmi iki fincan qara qəhvə tuturmuş, ağzı qapalı çini dolça qaynanmış südlə dolu olurmuş, onun böyründəki xüsusi nimçədə isə daima eyni çörəkçidən alınan kruassanlar düzülürmüş.
Onlar bircə kəlmə də kəsməzmişlər, qəhvəsinə südü özü qatsın deyə, qadın məcməyidə gətirdiklərini çarpayının yanındakı kiçicik masanın üstünə yerləşdirirmiş. Bunun ardınca mətbəxə dönən Selesta kruassan və qalan qəhvəyə qarışdırmaqdan ötrü daha bir dolça qaynanmış süd gətirməsiylə bağlı sahibindən artıq ikinci zəngi gözləyirmiş: bu səbəbdən də qadın sadalananları adətən elə əlinin altında hazır vəziyyətdə tuturmuş. Belə cüzi qidalanma ilə çox vaxt Prust bütöv bir günü yola verirmiş.
Yazarın qulluğunda durduğu illərdən bəhs edən xatirələrində Selesta bildirir: "Onun heç nə yemədiyini söyləsəm, heç nəyi şişirdib-eləmərəm. Yetkin bir insanın gün ərzində iki kruassan və iki fincan qəhvə ilə qarnını doyurması axı indiyəcən harada görünüb?! Bəzən kruassan sayı hələ birə də düşürdü!" (Selesta şübhələnirmiş ki, Prust ara-sıra şəhərə çıxarkən, əlbət, restoranda şam yeməyi yeyir və ən azından o ara özünə hər hansı korluq-filan vermir).
Bu cür cüzi qidalanma və əsasən oturaq yaşam tərzi ucbatından Prustun canında həmişə bir üşütmə dolaşırmış, üşümə hissindən qurtulsun deyə, o, içi qaynar su ilə dolu "canisidən"ə və üst-üstə geyindiyi yun jaketlərə daim ehtiyac duyurmuş. Adına gələn qəzet və məktubları da Selesta gümüşü məcməyidə Prusta təqdim edirmiş. Kruassanı qəhvəsində isladan Prust elə qulluqçusunun yanındaca zərfləri birbəbir açır, bəzən isə məktublardan seçilmiş bölümləri uca səslə qadına da oxuyurmuş.
Sonra o, böyük diqqətlə bir neçə qəzetin mütaliəsinə girişirmiş, həm də bu zaman ədəbiyyat və incəsənət məsələləri qədər siyasət və maliyyə xəbərlərinə də maraq bəsləyirmiş. Əgər həmin axşam gəzintiyə çıxmağı planlayırmışsa, onda əvvəlcədən buna xüsusi hazırlıqlar görürmüş, yəni telefonla zəng edib, avtomobil sifariş verir və geyinib-keçinməyə başlayırmış.
Gəzintiyə çıxmayacağı təqdirdə isə qəzetləri oxuyub-bitirəndən sonra bir neçə saat fasiləsiz yazıb-pozurmuş. Ardınca Slestaya səslənirmiş ki, ya nə isə gətirsin, ya da eləcə onunla ordan-burdan danışsın. Əgər son günlərdə Prust şəhərdə olubmuşsa, ya da maraqlı birisiylə görüşübmüşsə, onda bu söhbətlər saatlarca uzanırmış və görünür, həmin vaxt Selesta ilə vurduğu şirin laqqırtılar Prustun az sonra qələmə alacağı növbəti mətnə bir növ hazırlıq mahiyyəti daşıyırmış - bu yolla o, söhbətlərindəki alt mənaları və incə məqamları özü üçün dəqiqləşdirirmiş.
Mətnlərini Prust yataqda, kürəyiüstə uzanıb, başının altına da bir cüt yastıq qoymaqla yazırmış. Dizlərinin üstündə duran dəftərə əli yetsin deyə, adətən dirsəklənməyə də məcbur qalırmış, işlədiyi otaq isə yaşıl örtüklü masa lampası hesabına zar-zor işıqlanırmış. Ona görə də sürəkli işlədiyi vaxt Prustun biləyi və gözləri ağrıyırmış.
Yorulub, diqqətini bir yerə toplamaqda acizlik çəkəndə o, kofein həbi içirmiş, yatmağa hazırlaşanda isə kofeinin təsirini sıfırlamaqdan ötrü barbituratlar əsasında hazırlanan veronal həbinə üstünlük verirmiş.
Dostu: "Siz eyni vaxtda həm qaz, həm də əyləc pedalına basmağa çalışırsınız, canım!" deyə ona xəbərdarlıq edəndə, Prust bu rişxəndi də qulaqardına vurubmuş. Amma bəlkə də, o, məhz bu cür iztirablara ciddi tələbat duyurmuş: axı onun nəzərində məşəqqətlər xüsusi dəyərə malik imiş və iztirabsız böyük sənət əsərlərinin yaranmayacağına Prust özünü birdəfəlik inandırıbmış.
Öz çoxcildlik epopeyasının sonuncu kitabında Prust belə yazır: "Yazarın yaradıcı fəaliyyətini hansısa quyudakı suyun hərəkətinə bənzətmək olar: iztirablar yazarın qəlbini nə qədər dərindən sarsıdırsa, o, bir elə yüksək zirvələrə can atır".
Tərcümə: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!