Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər

 

 

"Rus poeziyasının Gümüş dövrü" - bu qanadlı ifadənin müəllifi qismində üç nəfərin adı hallanır: filosof Nikolay Berdyayev, tənqidçi Nikolay Otsub və şair Vladimir Mayakovski.

XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid edilən zəngin rus poeziyasının otuz illik dövrü (1890-1920) böyük bir ədəbi nəslin fəaliyyəti, eyni zamanda müxtəlif ədəbi cərəyanların meydana gəlməsi ilə əlamətdardır.

Bəzi tədqiqatçılar Gümüş dövrün başlanğıcını on il qabağa - 1880-ci ilə çəkirlər və bununla razılaşmaq mümkündür. Lakin dövrün sonu ilə bağlı fikirlər bir qədər mübahisəlidir. Belə ki, bəziləri həmin dövrün Rusiyada vətəndaş müharibəsinin başlanması ilə sona çatdığını söyləyyir, bəzi araşdırmaçılar isə onun Alesandr Blokun vəfat etdiyi, Nikolay Qumilyovun güllələndiyi ildə (hər iki hadisə 1921-ci ilin avqustuna təsadüf edir) bitdiyini iddia edirlər. Hətta Gümüş dövrün ömrünü Mayakovskinin intihar etdiyi 1930-cu ilə qədər uzatmağa çalışan opponentlər də var. Əsassız olmayan bütün bu fikirləri ümumiləşdirəndə isə ortaya belə bir mənzərə çıxır ki, rus poeziyasının Gümüş dövrü bir yanaşmada (1890-1920) otuz il, digər yanaşmada (1880-1930) əlli il - yarım əsr təşkil edir.

Əlbəttə, ədəbiyyat tarixi üçün otuz ya əlli ilin elə də ciddi fərqi yoxdur, amma ədəbiyyatın özü üçün məhz bu yarım əsrlik müddətdə ortaya çıxmış parlaq imzaların - akmeizm, futurizm, kubofuturizm, eqofuturizm, imajinizm kimi ədəbi cərəyanların yaradıcısı olan sənətkarların böyük önəmi var. Geniş siyahıdakı adlar isə, sadəcə, göz oxşayır: Boris Pasternak, Anna Axmatova, Marina Svetayeva, Andrey Belıy, Sergey Yesenin, Osip Mandelştam, Valeri Bryusov, İqor Severyanin, Vladimir Narbut, Konstantin Balmont, İnnokenti Annenski, Zinaida Gippius, Maksimilian Voloişin, Nikolay Qumilyov, Velimir Xlebnikov, Vera İnber, Mirra Loxvitskaya, Saşa Çyornıy, Mixail Kuzmin, Sergey Qorodetski, Vladislav Xodaseviç, Dmitri Merejkovski, Nikolay Aseyev, Ryurik İvnev, Nadejda Teffi, Demyan Bednı, İlya Selvinski, Daniil Xarms, Nikolay Klyuyev, Aleksandr Vvedenski, Anatoli Marienqof...

 

 

 

Osip Mandelştam

(1891-1938)

 

***

Gələn yüzillərin kamından yana,

Sabahkı say-seçmə nəsildən ötrü

Nə şöhrətə baxdım, nə də ad-sana,

Nə qədər işrətdən, kefdən yan ötdüm.

 

Qurdbasan əsrimiz sanıb qurd məni

Atılır çiynimə qərəzlə, kinlə.

Ondansa papaqtək götür dürt məni

Sibir çöllərinin isti kürkünə.

 

Nə qorxağı görüm, nə toz-torpağı,

nə də təkər altda

al qana bulaşmış sür-sümükləri;

Qoy işıldasınlar bütün gecəni

gözümün önündə kül rəng tülkülər.

 

Şamlarının ucu ulduza dəyən

Apar Yeniseyli gecəyə məni;

Apar ki, apar ki, qurd deyiləm mən...

Məni öz həmtayım öldürəsidi.

 

 

Maksimilian Voloşin

(1877-1932)

 

***

Köhnə məktubların, boyat sözlərin

Doymuram o yorğun hənirtisindən...

Solan çiçək ətri, gül ətri gəlir

Onların çarəsiz iniltisindən.

 

Bəzəkli hərflər, naxışlı xətlər

Qurumuş otların xışıltısıdır.

Tələsik yazılmış tanış sətirlər

Kədərli bir şeir pıçıltısıdır.

 

Yenə də qayıdar, duyular yenə

Solğun çiçəklərin xəfif varlığı;

Necə də doğmadır, yaxındır mənə

Onların bu yorğun füsunkarlığı...

 

 

Anna Axmatova

(1889-1966)

 

***

Niyə murdarlayıb içdiyim suyu,

yediyim çörəyə ağu qatdınız?

Niyə azadlığın gözünü oyub,

ağzına bir yekə daş tıxatdınız?

Əzabla can verən dostun-sirdaşın

acı qismətinə gülmədim deyə?

Bu dərdli vətənə dönük çıxmadım,

dar gündə atmadım, getmədim deyə?

 

Neynək.

Bu dünyada şair olan kəs

cəlladsız, edamsız keçinə bilməz.

Alın yazımızdır - əlimizdə şam

zarımaq, ulamaq hər səhər-axşam.

 

Daniil Xarms

(1905-1942)

 

Daim şənlik, daim çirk

 

Çayın sərin suyu axır aşağı,

Dağın da kölgəsi düzlərə endi.

Sönür yavaş-yavaş göyün işığı,

quşlar yuxusunda uçuşur indi.

 

Bizim dalandarsa bığını burub,

bütün gün qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

Bitir gün də, ötür həftə də, ay da,

sonra illər keçib-gedir bir ucdan.

Və adamlar nizamlı bir sırayla

yoxa çıxır qəbirlərin içindən.

 

Bizim dalandarsa bığını burub,

illərdi qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

Soldu nuru göydə Ayın, Günəşin,

ulduzlar da dəyişdi öz şəklini.

Ağırlaşdı hərəkət bu gedişlə,

vaxt özü də ovxalandı qum kimi.

 

Bizim dalandarsa bığını burub,

yüz ildi qapının yanında durub

qaşıyır, qaşıyır çirkli əliylə

çirkli papaq altda çirkli peysəri.

Gəlir pəncərədən haray-həşirlə

tappıltı, cingilti, gülüş səsləri.

 

 

Marina Svetayeva

(1892-1941)

 

***

Gedirsən, mənim oxşarım,

Gedirsən, gözünü yerə dikərək.

Mən də yeriyəndə yerə baxardım!

Sən ey yoldan ötən, bir əylən görək!

 

Bir az gül-çiçək yığ, nəfəs dər bir an,

Bir azca dinclik ver ayaqlarına;

Bu qara torpaqda kimdi gör yatan,

Nə qədər yaşadı bax ki Marina.

 

Qəbir torpağıdır - tutur adamı,

Unut qəbrimi də qəbir kimi sən...

Mən də çox sevərdim sükut məqamı

Açılam ürəkdən, güləm ürəkdən!

 

Gün vardı, hər günüm yüz ilə təndi,

Qıvırcıq tellərim düzlə, dağla bir...

Mən də vardım, mən də yoldan ötəndim!

Sən ey yoldan ötən, ayaq saxla, dur!

 

Qopar bu yerlərin gül-çiçəyindən,

Nə qədər istəsən moruq dər, apar -

Dünyada qəbristan çiyələyindən

İrisi, dadlısı çətin tapılar.

 

Amma qəbrim üstdə məhzun dayanıb,

Başını köksünə əyməyin hədər.

Mənim xatirəmi yüngülcə anıb,

Elə yüngülcə də unutsan, yetər.

 

Şəfəqlər üzündə oynaşır sənin!

Çıxmısan elə bil qızıl küpündən...

- Səni titrətməsin qoy mənim səsim

Lap elə gəlsə də yerin dibindən.

 

 

Sergey Yesenin

(1895-1925)

 

Anama məktub

 

Canım-gözüm ana, salamatmısan?

Mən də salamatam. Salamlar sənə!

Qoy axsın axşamın sirli işığı,

O yastı daxmana süzülsün yenə.

 

Yazırlar, gizlicə dolub dərd-sərə

Yanırsan həsrətdən korun-korun sən;

Nimdaş sırıxlında gündə yüz kərə

Yoluna çıxırsan mən nankorun sən.

 

Şər vaxtı gözlərin dolur təlaşla,

Axşamın toranı durur qəsdinə;

Guya meyxanada, dava-dalaşda

Saplayır bıçağı kimsə köksümə.

 

Yox-yox, canım-gözüm! Xatircəm ol sən,

Acı xəyallarla üzmə özünü. 

O qədər də əyyaş deyiləm ki, mən

Səni görməyincə yumum gözümü.

 

Mən dəyişməmişəm heç bir tikə də,

Elə həminkiyəm - mehriban, həlim.

Tək bircə arzum var: bitsin bu kədər,

Yenə evimizə qayıdım, gəlim.

 

Gələrəm, bağımız baharsayağı

Ağappaq gül açıb çiçəkləyincə.

Amma oyatma ha məni sübh çağı

Oyatdığın kimi səkkiz il öncə.

 

Ölən arzuları təkrar oyatma,

Ölən ümidləri gətirmə dilə;

Çox... çox itirmişəm mən bu həyatda,

Başım az çəkməyib yaşıma görə.

 

Öyrətməzsən məni heç duaya da,

Dönmərəm keçmişə bir anlıq belə;

Sevincim, təsəllim sənsən dünyada,

Tək sənsən bir dünya aydınlıq mənə.

 

Di bəsdi bu qədər gizli darıxdın,

Yandın həsrətimdən korun-korun sən.

Əynində o köhnə, nimdaş sırıxlın

Az dayan yolunda mən nankorun sən.

 

Tərcümə: Mahir N.QARAYEV

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!